Cümə12132019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Əhli-beyt (ə) və Qədir-Xum

 

  Şiə məzhəbinin təməli iki hədis üzərində qurulmuşdur. Birincisi, “Səqələyn” hədisidir (1) və Peyğəmbər (s) 90 gündən az olmayaraq həmin hədisi dörd məkanda camaata bəyan etmişdir. İkincisi, Qədir-Xum hədisidir. İkinci hədisin birinci hədisin təkmilləşdiricisi olduğunu söyləmək olar. Allah Rəsulunun (s) Quran və itrət, həmçinin, Əmirəl-möminin Əlinin (ə) imamlıq və canişinlik məsələsinə təkidi Peyğəmbərin (s) özündən sonra İslam ümmətinin onunla qarşılaşacağı bir çaxnaşmadan narahat olduğunu nişan verir. Qədir-Xum hədisinə əhəmiyyət vermək həqiqətdə İslam Peyğəmbərinin (s) risalətinə əhəmiyyət vermək deməkdir. Biz əlinizdəki yazıda Qədir-Xum hadisəsini, onun həqiqətlərindən həqiqətən də xəbərdar olan kəslərin, yəni Allahın Rəsulu (s) və məsum imamların (ə) dilindən araşdıracağıq.


Allahın Rəsulu (s) və Qədir-Xum

Şeyx Səduq “Əmali” kitabında İmam Baqirdən (ə) və o da Allahın Rəsulundan (s) belə nəql edir: “Günlərin birində Allahın Rəsulu (s) Əmirəl-möminin Əliyə (ə) buyurdu:


یَا أَیُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَیْکَ مِن رَّبِّکَ

“Ey Əli! Allah-taala “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (insanlara) çatdır!” (“Maidə” surəsi, ayə 67) ayəsi sənin vilayətin haqqında mənə nazil etmişdir. Əgər mənə nazil ediləni çatdırmasam, əməlim batil olar. Kim sənin vilayətində olmadan Allaha qovuşsa, əməlləri batildir. Ey Əli! Mən Allahın sözlərindən başqa, digər bir şeyi demirəm.” (2)


İmam Əli (ə) və Qədir-Xum

Suləym ibn Qeys Hilali Əmirəl-möminin Əlinin (ə) Əbu Bəkrlə beyətinə işarə edərək belə deyir:
“Həzrət Əli (ə) camaata buyurdu: “Ey müsəlmanlar” Ənsar və mühacirlər! Allah Rəsulunun (s) Qədir-Xumda filan-filan dediyini eşitməmisinizmi?” Sonra həmin gündə Allah Rəsulunun (s) buyurduğu bütün şeyləri onların yadına saldı. Hamı onun sözlərini təsdiqlədi. Bu haqda Əmirəl-mömininin (ə) dəlillərinə işarə etmək olar. O cümlədən, həzrət Əli (ə) Əbu Bəkrə buyurdu: “Peyğəmbərin (s) Qədir-Xumda söylədiyi hədisinə əsasən, mən sənin və bütün müsəlmanların mövlasıyam (rəhbəriyəm), yoxsa sən?” Əbu Bəkr dedi: “Siz.”” (3)
Əbu Tufeyl də belə yazır: “Şura günündə evdə idim və həzrət Əlinin (ə) belə dediyini eşitdim: “Sizin aranızda məndən başqa elə bir kəs varmı ki, Qədir-Xum günündə Allahın Rəsulu (s) onun barəsində belə buyurmuş olsun:
 مَنْ کُنْتُ مَوْلاهُ فَهذا عَلِیٌّ مَوْلاهُ اَللَّهُمَّ وَالِ مَنْ والاهُ وَ عادِ مَنْ عاداهُ  
“Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. İlahi, onun sevəni sev və ona düşmən olanla düşmən ol!”
Hamısı dedi ki, xeyr!” (4)
Xanım Zəhra (s) və Qədir-Xum
İbn Uqdə “əl-Vilayət” adlı məşhur kitabında Məhəmməd ibn Useyddən belə rəvayət etmişdir: “Xanım Fatimeyi-Zəhradan (ə) soruşdular: “Peyğəmbər (s) vəfatından qabaq Əmirəl-möminin Əlinin (ə) imaməti haqda bir şey söyləmişdirmi?” Xanım Zəhra (ə) cavab verdi:


 واعجبا انسیتم یوم غدیر خم؟

“Təəccüblüdür! Qədir-Xum hadisəsini unutmusunuzmu?”” (5)
Fatimə bint Rza (ə) Fatimə bint Kazimdən (ə) və o da Fatimə bint Sadiqdən (ə) belə nəql etmişdir: “Fatimeyi-Zəhranın (s) qızı Ümmü Gülsüm Peyğəmbərin (s) Qədir-Xum günü belə buyurduğunu nəql etmişdir:


مَنْ کُنْتُ مَوْلاهُ فَعَلِیٌّ مَوْلاهُ

“Mən kimim mövlasıyamsa, bu Əli də onun mövlasıdır.”” (6)


İmam Həsən (ə) və Qədir-Xum

İmam Cəfər Sadiqdən (ə) belə rəvayət olunmuşdur: “İmam Həsən (ə) Müaviyə ilə sülh bağlamaq istədikdə, ona buyurdu: “Müsəlman ümməti Peyğəmbərin (s) atama belə buyurduğunu eşitmişdir:


 اِنَّهُ مِنّیِ بِمَنْزَلَةِ هاروُنِ مِنْ مُوسى

“Həqiqətən, onun mənə nisbəti Harunun (ə) Musaya (ə) nisbəti kimidir!” Həmçinin, Peyğəmbərin (s) Qədir-Xumda onu imam kimi tanıtdırdığını görmüşlər.”” (7)


İmam Hüseyn (ə) və Qədir-Xum

Suləym ibn Qeys yazır: “İmam Hüseyn (ə) Müaviyənin ölümündən qabaq Allahın evini ziyarət etdi. Sonra Bəni-Haşimi bir yerə toplayaraq buyurdu: “Peyğəmbərin (s) Qədir-Xumda Əlini (ə) imam təyin etdiyini bilirsinizmi?”
Hamı dedi: “Bəli! ””


İmam Zeynəl-abidin (ə) və Qədir-Xum


Məşhur tarixçi İbn İshaq yazır: “Əli ibn Hüseynə (ə) dedim:


مَنْ کُنْتُ مَوْلاهُ فَهذا عَلِیٌّ مَوْلاهُ nə deməkdir?
Həzrət buyurdu:


 اخبرهم انه الامام بعده

“Onlara xəbər verdi ki, özündən sonra imam odur (həzrət Əlidir (ə)).”” (8)


İmam Məhəmməd Baqir və Qədir-Xum


Əban ibn Təğləb deyir: “İmam Baqirdən (ə) Peyğəmbərin (s)
 مَنْ کُنْتُ مَوْلاهُ فَهذا عَلِیٌّ مَوْلاهُ deyə buyurması haqda soruşdum.
Həzrət buyurdu: “Ey Əba Səid! Peyğəmbər (s) buyurdu ki, Əmirəl-möminin (ə) camaat arasında mənim canişinim olacaq.”” (9)


İmam Cəfər Sadiq (ə) və Qədir-Xum


Zeyd Şəhham deyir: “İmam Sadiqin (ə) yanında idim. Mötəzili olan bir şəxs həzrətdən sünnə barəsində soruşdu. İmam cavabında buyurdu: “Adəm övladının ehtiyaclı olduğu hər bir şey (onun hökmü) Allah və Peyğəmbərin (s) sünnəsində vardır və sünnə olmasaydı, Allah-taala əsla bəndələrinə onunla dəlil gətirməzdi.”” (10) Həmin şəxs soruşdu: “Allah-taala hansı şeylərlə bizə dəlil gətirir (höccəti tamamlayır)?”
İmam Sadiq (ə) buyurdu:


اَلْیَوْمَ اکْمَلُتَ لَکُمْ دِینَکُمْ وَ اَتْمَمْتُ عَلَیْکُمَ نِعْمَتیِ وَ رَضِیتُ لَکُمُ الْاِسْلامَ دِیناً

  “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün (əbədi) din olaraq İslamı qəbul etdim.” ayəsi vasitəsi ilə vilayəti tamamladı. Əgər sünnə və vacibatlar kamil olmasaydı, Allah onunla höccəti tamamlamazdı.” (11)


İmam Museyi-Kazim (ə) və Qədir-Xum


Əbdürrəhman ibn Həccac İmam Musa ibn Cəfərdən (ə) Qədir-Xum məscidində (12) namaz qılmaq barədə soruşdu. Həzrət cavabında buyurdu:


 صل فیه فان فیه فضلا و قد کان ابی یامر بذلک

“Orada namaz qıl. Həqiqətən, orada namaz qılmağın həddən artıq fəziləti var və atam ona əmr edərdi.”


İmam Rza (ə) və Qədir-Xum


Məhəmməd ibn Əbi Nəsr Bəzənti yazır: “İmam Rzanın (ə) hüzurunda idim. Məclis camaatla dolu idi və bir-birləri ilə Qədir-Xum haqqında danışırdı. Camaatın bəzisi həmin hadisəni inkar etdi. İmam buyurdu: “Atam öz atasından nəql etmişdir ki, Qədir-Xum hadisəsi yer əhlindən daha çox səma əhli arasında məşhurdur.” Sonra buyurdu: “Ey Əbu Nəsr! Harada olursan ol, həmin gün Əmirəl-mömininin (ə) yanında ol! Həqiqətən, Allah-taala həmin gündə mömin kişi və qadınların altmış illik günahlarını bağışlayar və Ramazan ayında cəhənnəm odundan azad etdiyi kəslərin iki bərabəri qədərini oddan azad edər.” Sonra Həzrət (ə) buyurdu:


 وَاللهِ لَوُعَرَفَ النّاسْ فَضْلَ هذَا الْیَوْمِ بِحَقِیقَةٍ لِصافَحَتْهُمُ الْمَلائِکَةُ کُلَّ یَوْمَ عَشْرَ مراتٍ

“Şübhəsiz, camaat bu günün dəyərini bilsəydi, mələklər hər gün on dəfə onlarla həmsöhbət olardı.”” (13)


İmam Cavad (ə) və Qədir-Xum


İbn Əbi Umeyr Əbu Cəfəris-Sanidən (İmam Cavad) (ə) یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ أَوْفُواْ بِالْعُقُود (“Maidə” surəsi, ayə 10) ayəsi barədə belə nəql edir: “Allahın Rəsulu (s) on məkanda xilafət məsələsinə işarə etmişdir. Sonra یَا أَیُّهَا الَّذِینَ آمَنُواْ أوْفوُاْ بِالْعُقُودِayəsi nazil oldu.” (14)
Bu rəvayətin izahında deməliyik ki, sözügedən ayə “Maidə” surəsinin əvvəlindədir. Bu surə Allah Rəsuluna (s) nazil edilən sonuncu surədir. Bu surədə Qədir-Xum hadisəsinə işarə edən “təbliğ” və “ikmal” ayələri yerləşir.


İmam Hadi (ə) ) və Qədir-Xum

Şeyx Müfid “İrşad” kitabında Əmirəl-mömininin (ə) ziyarətini İmam Həsən Əskəridən (ə) və o da atasından nəql edərək belə buyurduğunu yazır: “İmam Cavad (ə) Qədir-Xum bayramında həzrət Əlini (ə) (qəbrini) ziyarət etdi və belə buyurdu:


اَشْهَدُ اَنَّکَ الْمَخْصُوصُ بِمَدْحَةِ اللهِ الْمُخْلِصِ لِطاعَةِ اللهِ...؛

“Şəhadət verirəm ki, Allahın mədhi sənə məxsusdur və sən ona xaliscəsinə itaət etmisən!”
Sonra buyurdu: Hikmətli Allah belə buyurmuşdur:


«...یَا أَیُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَیْکَ مِن رَّبِّکَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ.»

“Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (insanlara) tam çatdır. Əgər (bunu) etməsən, Onun (Allahın) risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirməmiş sayılarsan. Allah səni insanların şərindən qoruyacaq.”
Sonra sözlərinə davam etdi: “Allahın Rəsulu (s) üzünü camaata tutub onlardan soruşdu: “Mənim öhdəmdə olanları sizə təbliğ etdimmi?”
Hamısı dedi: “Bəli!”
Sonra buyurdu: “İlahi! Şahid ol!” Sonra buyurdu: “Mən möminlərə nisbətdə onların özlərindən daha üstün deyiləmmi?”
Dedilər: “Bəli!”
Sonra həzrət Əlinin (ə) əlindən tutub buyurdu: “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır.”” (15)


İmam Həsən Əskəri (ə) ) və Qədir-Xum


Həsən ibn Zərif İmam Həsən Əskəriyə (ə) məktub yazdı və ondan soruşdu:
«مَنْ کُنْتُ مَوْلاهُ فَهذا عَلِیٌّ مَوْلاهُ» nə deməkdir?
Həzrət cavabında yazdı:


اراد بذلک ان جعله علما یعرف به حزب الله عند الفرقة

“Allah-taala ixtilaflar zamanı Allah qoşununun tanınması üçün bu cümlənin bir nişanə və bayraq olmasını iradə etmişdir.”
İshaq ibn İsmail Neyşaburi də belə yazır: “Həzrət Həsən ibn Əli (ə) İbrahimə belə bir məktub yazmışdı: “Allah-taala öz minnət və rəhməti ilə vacib əməlləri sizə təyin etmişdir. Bu işi ehtiyaclı olması səbəbi ilə yerinə yetirməmişdir, əksinə onun rəhməti sizə şamil olmuşdur. Ondan başqa, heç bir (həqiqi) məbud yoxdur! O, pakları pak olmayanlardan ayırd etmək və sizi sınamaq üçün belə etmişdir ki, onun rəhmətinə doğru irəliləyəsiniz və sizin cənnətdəki evləriniz müəyyənləşsin.””
  Həmin səbbədən, həcc, ümrə, namaz qılmaq, zəkat ödəmək, oruc və vilayəti sizin öhdənizə qoymuş və yolunun üstündə bir qapı yerləşdirmişdir ki, onun sayəsində digər vacib qapıları açasınız. Nəticədə, öz yolunu tapmaq üçün bir açar müəyyənləşdirmişdir. Əgər Məhəmməd (s) və onun övladlarından olan canişinlər olmasaydı, siz heyvanlar kimi çaşbaş qalar və vacib əməllərdən heç birini öyrənməzdiniz. Məgər qapıdan başqa bir yolla hansısa bir məkana daxil olmaq olarmı? Beləliklə, Allah-taala Peyğəmbər (s) vasitəsi ilə öz övliyasını təyin etməklə sizə olan nemətini tamamladı və buyurdu:


«اَلْیَوْمَ اَکْمَلْتُ لَکُمْ دِینَکُمْ وَ اَتْمَمْتُ عَلَیْکُمْ نِعْمَتِی وَ رَضِیتُ لَکُمُ الْاِسْلَامَ دِینا؛

“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün (əbədi) din olaraq İslamı seçdim.” (16)
Sonra öz vəlisi (rəhbəri) ilə bağlı sizin boynunuza haqq qoymuş və sizə onun haqqını ödəməyi əmr etmişdir ki, qadınlarınız, övlad və yeyib-içməli şeyləriniz onun sayəsində sizə halal olsun. Onun vasitəsi ilə sizə mal-dövlət və bərəkəti tanıtdırsın və sizlərdən itaət edənləri qeyb sayəsində tanıtdırsın. (17)

İmam Zaman (əc.f) və Qədir-Xum


“Nüdbə” duasında İmam Sadiqdən belə nəql edilmişdir:
«فَلَمَّا انْقَضْتْ اَیَّامُهُ اَقامَ وَلِیَّهُ عَلِیِّ بْنِ اَبی طَالِبَ صَلَواتُکَ عَلَیْهِمَا وَ آلِهِمَا هادِیاً اِذْ کَانَ هُوَ الْمُنْذِرُ وَ لِکُلِّ قَوْمٍ هادٍ فَقالَ وَ الْمَلَاءُ أَمَامَهْ مَنْ کُنْتُ مَوْلَاهُ فَعَلِیٌّ مَوْلاهُ...».

İstifadə edilən ədəbiyyat: 
1. “Səqələyn” hədisi əhli-sünnənin əksər mənbələrində qeyd edilmişdir. Biz onların bir qisminə işarə edirik: Şeybani, “əs-Sunən”, səh. 337, 629, hədis 1551; Tirmizi, “Səhih”, c. 5, səh. 663; Beyhəqi, “əs-Sunənul-kubra”, c. 10, səh. 114; Hakim Neyşaburi, “əl-Mustədrək”, c. 3, səh. 110; Əhməd ibn Hənbəl, “Fəzailus-səhabə”, c. 1, səh. 171 və c. 2, səh. 588; Əbi Davud, “Sünən”, c. 2, səh. 185; İbn Səd, “ət-Təbəqatul-kubra”, c. 2, səh. 194; Müslim, “Səhih”, c. 4, səh. 1873.
2. Şeyx Səduq, “Əmali”, səh. 400, məclis 74.
3. “Xisal”, c. 30, səh. 505, “Ərbəin” bölməsi.
4. “Əmali”, c. 1, səh. 342.
5. Hürr Amili, “İsbatul-hudat”, c. 2, səh. 112, hədis 473; İbn Şəhr Aşub, “Mənaqib”, c. 3, səh. 25-26.
6. Hürr Amili, “İsbatul-hudat”, c. 2, səh. 112; “İhqaul-həqq”, c. 16, səh. 282.
7. “Əmali”, c. 1, səh. 171.
8. “Məanil-əxbar”, səh. 65; “Biharul-ənvar”, c. 37, səh. 223.
9. “Məanil-əxbar”, səh. 66.
10. “Burhan” təfsiri, c. 1, səh. 446.
11. Bu məscidin əhəmiyyəti barədə məlumat üçün müraciət edin: “Miqatul-həcc” jurnalı, №12.
12. “Usuli-Kafi”, c. 4, səh. 566.
13. Şeyx Tusi, “Təhzibul-əhkam”, c. 6, səh. 24, hədis 52; İbn Şəhr Aşub, “Mənaqib”, c. 3, səh. 41.
14. “Qumi” təfsiri, c. 1, səh. 160.
15. “Biharul-ənvar”, c. 100, səh. 363.
16. “Biharul-ənvar”, c. 37, səh. 223.
17. “İləluş-şəraye”, c. 1, səh. 249, bölmə 182, hədis 66.

http://www.sibtayn.com/az

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə