Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Həzrət Fatimə (s.ə)

Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

Həzrət Fatimeyi-Zəhra peyğəmbərin yeganə övladıdır ki ondan sonra sağ qaldı və onun nəslinin davamçısı oldu. Bu Allahın təqdiri idi ki imamlar anası məhz o olsun. Əhlibeytin qadını, həzrət Əlinin həyat yoldaşı haqda çoxlu sayda kəramətlər nəql edilib ki onlardan birini sünni alimlərin dilindən nəql edirik.

Əhli-sünnə mənbələrində var ki, Peyğəmbər ona “Ümmü Əbiha” atasının anası deyərdi və müşriklərin min növ əzab əziyyətindən sonra kiçik qızı Fatimeyi Zəhraya baxar, Allaha güvənərək təsəlli tapardı.

Tanınmış sünni alimi İbni Həcər Əsqəlani (773-852 h.q) Lisanul-Mizanda belə nəql edir:

“Peyğəmbərin zövcəsi Meymünə deyir ki o həzrət mənə biraz buğda verib, Fatimə bint Məhəmmədin yanına göndərdi ki onu üyüdüb, un edək. Daha sonra yenidən məni həzrət Fatimənin yanına göndərdi ki gedib unu alım. Çatanda gördüm həzrət Fatimə ayaq üstə durub, amma əl dəyirmanı öz-özünə fırlanır. Qayıdıb bu məsələni Peyğəmbərə dedim və o buyurdu: Allah öz kənizinin (azyaşlı olduğuna görə fiziki baxımdan) zəif olduğunu bilir və buna görə əl dəyirmanına fırlanmağa əmr edir”
(Lisanul-Mizan, İbni Həcər Əsqəlani, cild-5, səh-64)

Sünni alimi Məhəmməd ibni Cureyr Təbəri də Dəlailul-İmamə əsərinin 139-cu səhifəsində bu hədisi nəql edib

Nə üçün Fatimə adlanıb?

«Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar» təbiri Zəhranın şəfaət məqamına işarədir

Bunun səbəbi müxtəlif cür izah edilib. İmam Sadiqə (ə) görə, xalq onu tanımaqda aciz olduğu üçün Fatimə adlanıb.
İmam Əli (ə) həzrət Peyğəmbərdən nəql edir ki, Fatimənin belə adlanmasının səbəbi onun və övladlarının təkallahçı olması, mənə nazil olana iman gətirməsinə görə oddan amanda qalmasıdır.
Yenə o həzrətdən nəql olunur: «Qızım ona görə Fatimə adlanıb ki, Allah onu və onu sevənləri atəşdən ayırıb».
İmam Sadiqdən (ə) nəql olunur ki, bunun bir səbəbi onun şərdən ayrılmasıdır. «Zəhra sevənlər müvəhhid olsalar, Cəhənnəm əzabından amandadırlar» təbiri Zəhranın şəfaət məqamına işarədir. Bu şəfaət ona şərait yaradanlara şamildir.


Nə üçün «Tahirə» adlanıb?

İmam Baqirdən (ə) rəvayət olunub ki, Fatiməni Tahirə də adlandırıblar. Çünki o, bütün nöqsan və çirkinliklərdən uzaq idi. Fatimə (ə) heç zaman heyz və nifas qanı görməmişdi.

Nə üçün «Mühəddəsə» adlanıb?

Fatimə Mühəddəsə də adlanmışdır. Çünki mələklər Məryəmə (s) nazil olduqları kimi Fatiməyə də nazil olub, onunla danışmışlar.

Nə üçün «Bətul» adlanıb?

Fatimə (ə) oxşarsız olduğu üçün «Bətul» da adlandırılıb. Bu onun mübarək və məna dolu adlarındandır.
Münasibdir ki, şiələr qızlara Zəhranın (ə) adlarını qoysunlar,  Zəhranın adlarını daşıyan qızlarla kobudluq etməsinlər, onları sıxıntıya salmasınlar. Bu Fatimə ilə eyni adda olmağın bərəkəti sayıla bilər.

Üzücü Fatimə qüssəsi

Fatimə cismimin yarısıdır... Fatimə gözümün nurudur... Fatimə mənim qəlbimdir"

Fatimə (s) dünyanın üstün qadını, Peyğəmbərin (s) girami qızı, Əlinin (ə) mehriban həyat yoldaşı, övladlarına məhəbbətli bir ana, hamı üçün fəzilət nümunəsidir.
Fatimə şəxsiyyətinin siması Peyğəmbər (s) kəlamlarında necə də gözəl əks olunur:

Fatimə cismimin yarısıdır... Fatimə gözümün nurudur... Fatimə mənim qəlbimdir... Fatimə mənə ən məhbub və ən əzizdir!..
Fatimə dünyanın ən üstün qadınıdır! Mən behiştin qoxusunu Fatimədən alıram! Fatimənin razılığı mənim razılığım, Fatimənin incikliyi mənim incikliyimdir!


İnsan Fatimə məqamını arışdırıb, onun ilahi simasına Peyğəmbər (s) kəlamlarında tamaşa etdikdə inana bilmir ki, namərdlər ona zülm üçün ittifaqa girsinlər.
Axı kim inana bilər ki, Peyğəmbər (s) sevgisi ilə dolu bir sinə dərd-qəmdə qərq olar, Peyğəmbərin (s) öpdüyü əllər zərbələrə məruz qalar, Həzrətin (s) öpdüyü çöhrə nifaq silləsindən göyərər?!
Zəhra (s) məzlumiyyətini necə dinləmək olar?!
Necə şahid olmaq mümkündür ki, dünyanın ən üstün qadını Peyğəmbərin (s) yeganə yadigarı qəm dolu sinə, yaralı qollar, göyərmiş çöhrə, yaş dolu gözlərlə iki divar arasında fəryadla qabırğaları sınmış, Möhsinin şəhadətə yetmiş halda, şücaətli ərinin məzlumiyyətinə baxa-baxa şəhadət yatağında mələkut aləminə köçməsini gözləsin?!
Necə də acıdır ki, mücahid bir ər, adı Bədr, Ühüd, Xəndək, Xeybər qaranlıqlarını işıqlandırmış, hər zaman qalib, zülfüqarı ilahi qəzəblə zülmətpərəstləri müjdələmiş bir şəxs məzlum, əli-əlüstə səbr edən halda Fatimənin məzlumanə şəhadətini müşahidə etsin.
Bəli, yeri var ki, əli Fatimənin ölümü haqqında desin: Əlinin qəmi həmişəlik, yuxusu yuxusuzluq oldu. («Nəhcül-bəlağə».)
Necə olur ki, əli Fatiməni gecəykən hazırlayıb, torpağa tapşırmalı olur?!
Necə olur ki, Fatiməyə (s) qüsl vermək üçün körpələr gecəykən su daşımalı olur?!
Necə olur ki, Fatimənin (s) məzarı Peyğəmbər (s) Kovsəri imamlar əmanəti, peyğəmbər aramgahının pak ağacı məxfi qalır?!
Zəhra məzlumiyyəti, dünyanın əzəmətli xanımının müsibətli şəhadəti belə olduğu üçün də heç zaman unudulmaz – Cəmadiüs-sani ayının üçüncü günü!
Budur ki, Fatimə (s) məzlumiyyətinin qüssəsi Xeybər fatehi Əlinin (ə) qəddini əydi!

 

Fatimə (s) mehrabda

Fatimə (s) sadəcə quru, ruhsuz ibadət etmirdi. O, bir alim kimi idi. İbadəti yüksək mənalı və xalis idi
İbadət mehrabından Zəhraya (s) elə kamilliklər nəsib oldu ki, onları nəzərə almaqla onun gecələr oyaq qalması nümunə olmalıdır.
Fatimənin (s) iman və ibadəti haqqında müxtəlif rəvayətlər nəql olunub. «Bihar» da deyilir: Fatimə xalqın ən çox ibadət edəni idi. Çox vaxt gecəni sübhədək oyaq qalar, namaz qılardı. İmam Həsəndən (ə) nəql olunub ki, anamı sübhədək namaz halında gördüm. Başqaları üçün dua edərdi. Soruşdum ki, özün üçün niyə dua etmirsən? Buyurdu ki, əvvəl qonşulardır.
O xanım mehrabda o qədər dayanar, namaz qılardı ki, mübarək ayaqları şişərdi.

Fatimənin (s) ibadətinin həqiqəti

Fatimə (s) sadəcə quru, ruhsuz ibadət etmirdi. O, bir alim kimi idi. İbadəti yüksək mənalı və xalis idi. Belə ibadət ruhun təkamülünə bais olur. Qurani-kərim xalis ibadəti tərif edir. «Möminun» surəsində buyurulur: «O kəslər ki, namazlarında müti olub, boyun əyərlər». İlahi hüzurda xalisliklə, qəlbin iştirakı ilə müşayət olunan ibadət tərifə layiqdir. Demək, ibadətin ruhu, keyfiyyəti əhəmiyyət daşıyır. Zəhra (s) mehrabda dayananda təlatümdə olar, ilahi qorxu vücudunu bürüyər, göz yaşlarında qərq olardı. («Bihar» cild 43.)

İxlas və isar

Zəhranın (s) övladları Həsən və Hüseyn (ə) xəstələndilər. Həzrət Peyğəmbər (s) Fatimənin (s) evində idi. Həzrət buyurdu ki, əgər onların şəfası üçün nəzr etsəniz, münasibdir.
Əli (ə) və Fatimə (s) nəzr etdilər ki, övladları sağalanda üç gün oruc tutsunlar. Allah-təala onlara şəfa əta etdi. Nəzrə görə oruc tutmalı idilər. Həsən, Hüseyn və xidmətçi Fizzə də onlara qoşuldular. Birinci gün başa çatdı. İftar üçün Fatimə (s) beş çörək hazırlamışdı. İftar zamanı bir miskin qapını döyüb kömək istədi. Əvvəlcə Əli (ə), sonra Fatimə (s), daha sonra Həsən, Hüseyn (ə) və Fizzə öz çörək paylarını miskinə verdilər. Səhəri gün nəzrə görə oruc tutdular. Yenə iftar vaxtı bir yetim qapını döydü və yardım istədi. Əvvəlki günü əhvalatı yenə də təkrar oldu, beş çörəyin beşini də yetimə verdilər və su ilə oruclarını açdılar. Üçüncü günün orucunu tutdular! İftar vaxtı bir əsir gəlib, kömək istədi. Yenə öz çörəklərini əsirə verdilər. Beləcə peyğəmbər ailəsi öz orucunu ac qarın, solğun çöhrəylə başa vurdu!
(İsar – öz ehtiyacın olan bir şeyi başqa ehtiyaclıya verməkdir).
Allah-təala vəhy ailəsinin xalisliyini, isarını tərifləmiş, onların şəninə Quranda ayələr nazil etmişdir, onları başqalarına nümunə seçmişdir. İnsanlar bu ailəyə, «Ürvətül-vüsqaya» (qırılmaz ipə) bağlanmaqla zülmət quyularından azadlığa çıxmalıdırlar. «Dəhr» surəsində buyurulur: «Onlar özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə və əsirə yedizdirdilər».
Onlar öz peymanlarına vəd edər, qiyamət gününün şərindən və əzabından qorxar, isar göstərərlər. Onların əməllərinin dəyəri xalislikdir. Quranda buyurulur: «Biz sizi ancaq Allah rizasından ötrü yedizdirdik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik». («Dəhr» surəsi, ayə 9.) «Həşr» surəsindən bir ayə: «Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin xəsisliyindən qorunan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır!» Bunlar Zəhra isarı, ixlası və ibadətinin nümunləridir. Bu bütün vücudu Allah eşqi ilə dolu olan Zəhradır. Peyğəmbər (s) onun haqqında buyurur: «Fatimənin bütün vücudu, onun qəlb imanı yəqinliklə doludur». («Bihar» cild 43.) Fatimənin iman və qorxu məqamından onun mərifəti də işıqlanır. Çünki ilahi məqama dərin mərifət olmadan iman və qorxu müyəssər deyil. «Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar.» («Fatir» surəsi, ayə 28.)
Burada bir məsələnin də yada salınması münasib görülür ki, bəzi alimlərin buyuruqlarına əsasən Əhli-beyt məqamından bir dərəcəsinə xadimə Fizzə kimi nail olmaq olar. Eyni halda bəzi dərəcələr yalnız Əhli-betyə məxsusdur və adi adamlar o məqama müvəffəq ola bilməzlər.

Xanım Zəhranın (s) üzücü son xəbərdarlığı

Fədək xütbəsinə bir baxış

Siz güman edirsiniz ki, mənə atamdan irs catmır, yoxsa mənimlə atam arasında bir rabitə mövcud deyil? Allahın sizin haqqınızda ayəsi var, mənim atam istisna olunub?! Ey ibn Əbu Qəhafə, Fədəkin cilovunu əlinə al, qiyamət günü cavab verərsən. Allah gözəl hakimdir!

...Xanım Zəhra (s) Allaha həmd-sənadan, əqidə üsulunun bəyanından, bəzi hökmləri sadaladıqdan sonra insanların öhdəsindəki ilahi əmanəti yada saldı. Sonra səqifə hadisəsini, xilafətin qəsb olunmasını, İslamın həqiqi yoldan büdrəməsini tənqidi şəkildə ortaya qoydu. Fədək mövzusuna qayıdıb Fədəyi qəsb edənləri rüsvay edəcək ayələr oxudu. Sonda Ənsara üz tutaraq onlara son xəbərdarlıq etdi:

Ey alicənab insanlar, ey dinin və şəriətin güclü qolları! Siz İslamı mühafizə edərdiniz. Bəs necə oldu ki, mənim haqqıma münasibətdə sizdə süstlük göründü? Mənə zülm olunanda yuxuyamı getdiniz? Atam Peyğəmbər (s) buyurmamışdımı ki, bir şəxsə hörməti onun övladlarına hörmətlə qoruyarlar? Nə tez dəyişdiniz, nə tez burnunuz ovuldu! (Xanım Fatimə (s) bu sözləri kinayə ilə deyirdi. İşarə edirdi ki, ya yolunuzu azmısınız, ya da müdafiə gücünüz yuxdur.) Mənim sizdən istədiyim işə gücünüz var, gücünüzü itirməmisiniz. Deyirsiniz ki, Peyğəmbər (s) öldü, hər şey sona çatdı. Bəli, Peyğəmbərin (s) rehləti böyük müsibət idi. Həzrətin (s) vəfatı ilə ağır süstlük, böyük parçalanmalar yarandı. Bağlılıqlar pozuldu. Peyğəmbərin dünyasını dəyişməsi ilə torpağa zülmət çokdü, günəş və ay qaranlığa çəkildi. Arzular ümidsizliyə döndü. Dağların qəddi əyildi, Peyğəmbər (s) hərimi dağıldı. Peyğəmbər (s) dünyasını dəyişən zaman ona qarşı hörmətsizlik edildi. (Xanım Fatimə (s) ölüm yatağında Peyğəmbərin (s) kağız-qələm istəməsinə məhəl qoyulmamasına və Peyğəmbərin (s) cənazəsi ortada ikən onun qızının qapısına od vurulmasına işarə edirdi.) And olsun Allaha! Bu hadisələrə oxşayan müsibət olmayıb. Bu faciə Allahın kitabında, özü də uca səslə sizə bildirilib. Quran sizə xəbər verib ki, ilahi peyğəmbərlərin başına necə müsibətlər gəlib. Onların ölümü ilahi təqdirdir, İslam Peyğəmbərinin (s) də ölümünün qarşısını almaq olmazdı. Allah buyurur ki, Məhəmməd (s) Allahın rəsuludur, ondan qabaq da peyğəmbərlər olub. Bu peyğəmbərlər dünyasını dəyişəndə, qətlə yetiriləndə siz cahiliyyətə qayıtmalısınız?! Bilin ki, sizin cahiliyyətə qayıdışınız Allaha zərbə vurmaz. Allah möhkəm dayanan və şükür edənləri mükafatlandırar.

Ey Qilə övladları! (Ovs və Xəzrəc Qilə adlı qadının övladları idilər) Siz məni gördüyünüz, səsimi eşitdiyiniz, bir yerdə olduğumuz zaman atamın irsindən məhrum edilim?! Siz hamınız bu məsələdən xəbərdarsınız. (Xanım Fatimə (s) yada salır ki, Peyğəmbərin (s) vəfatından sonra Əli (ə) ilə birlikdə bu insanları vəzifələrinin icrasına dəvət edib.) Sizin gücünüz, silahınız, sipəriniz var. Nə qədər çağırıramsa cavab vermirsiniz. Fəryadım sizə çatır, amma susursunuz. Siz öz cəngavərliyiniz və xeyir işlərinizlə tanınmısınız. Bu sifətlərinizə görə xeyirli sayılaraq biz Əhli-beyt (ə) üçün seçilmisiniz. Siz Peyğəmbər (s) və Allahın dininin müdafiəsi yolunda ərəb başçıları ilə vuruşdunuz, çətinliklərə dözdünüz, düşüncəsiz qövmlərlə mübarizə apardınız. Biz və siz belə olmuşuq. Biz əmr edərdik, siz yerinə yetirərdiniz. Bizim vasitəmizlə İslam hərəkət edər, dövrün bərəkəti cərəyanda olardı. Şirkin burunu ovuldu, şirk zəlil edildi. Yalan və fırıldaq tüğyanı, küfr alovu yatırıldı. Fitnə dalğaları sakitləşdi, ilahi hökumət quruldu.

Bütün bunlardan sonra sizə nə olub? Siz haqqı bəyan edəndən sonra onu gizlədiniz. Addım atandan sonra geriyə qayıtdınız, iman gətirəndən sonra müşrik oldunuz. Vay o qövmün halına ki, əhd-peyman bağlayandan sonra onu pozdu. Qərar çıxardılar ki, Peyğəmbəri (s) Mədinədən uzaqlaşdırsınlar. Sizə qarşı onlar fitnəkarlığa başladı. Onlardan qorxursunuz? Əgər möminsinizsə, Allahdan qorxmağınız daha yaxşıdır. (Yəhudilər Peyğəmbəri (s) mədinədən çıxarmaq istəyirdilər. İndiki vəziyyətdə isə

Peyğəmbərin (s) canişinini, əslində Peyğəmbərin (s) özünü səhnədən çıxarırdılar.

Görürəm ki, siz rahatçılıq, xoş yaşamağa aludə olmusunuz. Siz İslam hökümətini idarə etməyə gücü çatan, İslam ölçüləri və qanunlarını bilən, Allah tərəfindən seçilən bir şəxsi səhnədən kənarlaşdırdınız. Siz rahatçılığı seçdiniz. Asayiş və rahatlığa çəkildiniz. Öz seçdiyiniz bir şeyi kənara atdınız. Sanki yediyiniz ləziz xörəyi qusub qaytardınız. (Həqiqəti qəbul etmişdiniz amma çətinliyə dözməyən cisiminiz ona tab gətirməyib geri qaytardı.) Siz və bütün yer üzündə olanlar kafir olsa Allah hamınızdan ehtiyacsızdır.

Mən bildiyim sözləri dedim. Bilirdim ki, sözüm sizə təsir etməyəcək. Rahat yaşayış sorağındasınız, vəfasızlığı libas kimi geyinmisiniz, qəlbləriniz ona bürünüb. Bu sözləri ruhumun təlatümünə görə dedim. Qəlbim yanırdı. Qəm-qüssə sinəmi parçalayırdı. Dedim ki, xəbərdarlığı başa çatdırım. Onu götürün (xilafət və Fədək) möhkəm bağlayın, bilin ki, bu miniyin beli yara, ayağı axsaqdır. Onun rüsvayçılığı əbədilikdir. Allahın qəzəbi daim onun üzərindədir. Bu minik sizi qəlbləri əhatə edən ilahi alova çatdıracaq. Bilin ki, işiniz Allahın nəzərindədir. Zalımlar tezliklə aqibətlərini anlayacaqlar. Mən sizin Peyğəmbərin (s) qızıyam. Peyğəmbər sizə xəbərdarlıq üçün əzablardan keçdi. Siz istədiyinizi edin, biz də vəzifəmizi yerinə yetirəcəyik. Siz gözləyin, biz də gözləyirik.

Mətn Ayətullah Müctəba Tehraninin dərslərindən götürülüb.