Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

İmam Həsən (ə) Müaviyyə (lən) ilə niyə sülh müqaviləsi bağladı?

  İmam Həsənin (ə) Müaviyyə (lən) ilə sülh müqaviləsi bağlamasına bəzi müsəlmanlar etiraz edir, bu əməli İmama (ə) yaraşdırmırdılar. Halbuki, əgər Peyğəmbərin (s) hökumətinə nəzər salsaq, görərik ki, bir çox zamanlarda o Həzrət (s) də kafirlərlə müqavilə bağlamağa üstünlük vermiş və bunu müsəlmanların xeyirinə hesab etmişdir. Bu müqavilələrdən biri də

Hudeybiyyədə bağlanan müqavilə idi. Bu müqaviləyə görə müsəlmanlar həmin il həcdən geri qayıtdılar və gələn il həcc üçün yenidən gəldilər.

  Bu müqavilə bağlanan zaman da bəzi müsəlman etiraz etmiş və onunla razılaşmamışdı. Bu zaman Peyğəmbər (s) onlara buyurmuşdu: “Mən Allahın bəndəsi və peyğəmbəriyəm. Heç bir zaman Onun əmrindən çıxmıram və bilirəm ki, mənim ziyanıma olmayacaqdır”.

  Elə belə də oldu, bir qədər keçəndən sonra bu sülhnamənin müsəlmanlar üçün nə qədər xeyirli olması aşkar oldu. Çünki bu müddət ərzində müşriklər İslam dini ilə tanış oldular və ona meyil etdilər. Hətta onların əksər hissəsi İslam dinini qəbul etdi.

  Həmçinin o zaman ki, İmam Həsən (ə) Müaviyyə (lən) ilə sülh müqaviləsi bağlayır, o Həzrətə (ə) etiraz etməyə cürət edənlər də tapılır. Əbu Səyid Əqisə nəql edir: “Həzrət İmam Həsənə (ə) dedim: “Niyə Müaviyyə ilə sülh bağladınız, halbuki haqq sizinlə idi, Müaviyyə yolunu azmış və zalımdır?”.

İmam (ə) buyurur: “Məgər mən atamdan sonra İmam deyiləmmi?”. Deyir: “Bəli”.

 Buyurur: “Məgər Peyğəmbər (s) mənim və qardaşımın barəsində buyurmayıbdır ki, Həsən (ə) və Hüseyn (ə) İmamdırlar, istər qiyam etsinlər, istərsə də etməsinlər?”. Deyir: “Bəli”.

Buyurur: “Ona görə də mən İmamam, istər qiyam edim, istərsə də etməyim”.

Sonra qiyam etməməyinin səbəbini açıqlayır və buyurur: “O səbəblə Müaviyyə ilə sülh bağladım ki, Allahın Peyğəmbəri (s) Zəmrədə, Əşcəhdə, Məkkə əhli ilə Hudeybiyyədə sülh bağlamışdı. Bu fərqlə ki, onlar kafir idilər, Müaviyyə və tərəfdaşları isə kafir hökmündədirlər.

Ey Əbu Səyid! Əgər mən Allah tərəfindən İmamamsa, mənim rəyimi yüngül hesab etməyinin mənası yoxdur. Baxmayaraq ki, onun həqiqəti səndən gizli olsa belə. Mənimlə sənin misalın – Xızrla Musanın misalı kimidir. Xızr elə işlər görürdü ki, Musa onların xeyirini bilmirdi və qəzəblənirdi. O zaman ki, Xızr onu agah edirdi, sakitləşirdi. Mən də sizin qəzəbinizə səbəb olmuşam, ona görə ki, mənim işimin xeyirindən agah deyilsiniz. Ancaq bu qədər bil ki, əgər Müaviyyə ilə sülh bağlamasaydım, yer üzündə Əhli-Beyt (ə) davamçısı qalmazdı””.

 

Hədislərdə xəsisliyin gözəl izahı

  İmam Həsən (ə) xəsislik və tamahkarlığı bir cümlədə belə izah edir.
  Həşr surəsinin 9-cu ayəsində buyurulur: “Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!”

Ayəyə əsasən, xilas olanlar yalnız xəsisliyinə qalib gələnlərdir.

İmam Həsən (ə) xəsisliyi iki cümlədə belə izah edir: "Xəsislik əlində olanı özünə şərəf, əlindən çıxanı isə tələf olmuş hesab etməkdir” (Vəsailuş-şiə,16/539).

  Quran ayələrinə görə müsəlman əlindən çıxana heyifsənməməlidir, əlinə gələn bir nemətə görə də sevinməməlidir. Bu həm təvəkkülün, Allahın müqəddəratına razı olmağın həm də xəsisliyin olmamasının göstəricisidir. Əgər bir müsəlman əlində olanı özünə şərəf bilirsə deməli bu mülk onu dünyaya bağlayar. Allah bu mülklə onu imtahana çəkdiyi halda, o əlində olan bu mülkə görə və onun əldə qalmasına görə günahlara da mürtəkib ola bilər. Mütəal Allah buyurur ki, Allah yolunda verdikləriniz “Baqiyatus-Salihat”dır və yalnız onlar insan üçün qalıcıdır. Belə olan halda insan Allah yolunda əlindən çıxanlara, digər məkanlara sərf olunmuşlara tələf olunmuş baxarsa, xəsis kimi qələmə verilər.

İmam Həsən-Müctəbanın(ə) şəhadət günü

Həsən-Müctəbanın(ə) şəhadət günü

İmam Həsən-müctəba buyurur:

«Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı, heç vaxt hökuməti Müaviyəyə təhvil verməzdim. Çünki hökumət Bəni–Üməyyəyə haramdır...»

Hicrətin üçüncü ilində Mədinədə əziz Peyğəmbərimizin ilk nəvəsi, gözünün nuru Həzrət İmam Həsən (ə) dünyaya gəlib. Həzrət Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) mübarək evliliyinin ilk meyvəsi olan İmam Həsən (ə) elm, təqva, zahidlik və ibadətlə yanaşı eyni zamanda öz dövrünün səxavətli şəxsi,məzlumların köməkçisi miskinlərə kömək edən bir şəxs kimi də tanınmışdır.

İmam Həsən (ə) bərəkətli həyatı boyu daima insanların hidayəti və onlara yol göstərməkdə çalışırdı. Ümumi insanlarla, hətta düşmənlərilə elə gözəl rəftar edirdi ki, hamını özünə cəlb edirdi.Tarixi mənbələrdə qeyd olunur ki, İmam Həsən Müctəba (ə) ömründə iki dəfə bütün mal-dövlətini, üç dəfə isə mal-dövlətinin tən yarısını Allah yolunda xərcləmişdir.

İmam Həsən (ə) atasının şəhadətindən sonra Allahın əmri və atasının vəsiyyəti əsasında imamət məqamına nail oldu. O zahirdə də xilafət məqamında idi (bu məqam 6 ay müddətində davam etdi) və o müsəlmanların işlərini idarə edirdi. Bu müddətdə Əli (ə) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikən Müaviyə (əvvəlcə üçüncü xəlifənin intiqamını almaq bəhanəsilə, sonra isə aşkar xilafət iddiası ilə) müharibəyə başlayıb imam Həsən (ə)-ın xilafət mərkəzi olan İraqa qoşun yeritdi. Tərəflər arasında müharibə başlandı.

Xilafət bir dövlət sistemi olaraq Peyğəmbər (s) tərəfindən təsis edilmişdi. Hələ hicrətdən sonra Mədinədə siyasi rəhbərliyi öz əlinə götürən Allahın Rəsulu (s) Məkkənin fəthindən və ərəblərin çoxunun müsəlman olduqdan sonra faktiki olaraq bütün ərəb qəbilələrini vahid İslam dövlətinə birləşdirdi. Ilahi təlimə görə peyğəmbərləri seçən Allah, onların vəsilərini, xələflərini də seçməlidir. Beləliklə də, Rəsuli-Əkrəm (s) dəfələrlə öz vəsiləri olaraq Əhli-Beyt (ə) imamlarını təyin etməsinə baxmayaraq, Həzrətin vəfatından sonra xəlifələrin şura ilə seçilməsi ənənəsi qoyuldu. İslam dövlətinin qorunması və daxildən parçalanmaması üçün ilk imam Həzrət Əli (ə) şura ilə seçilən Əbu Bəkrin, daha sonra isə Əbu Bəkrin vəsiyyəti ilə təyin olunan Ömərin və nəhayət Ömərin təyin etdiyi altı nəfərlik şura ilə seçilən Osman xəlifə kürsüsünə əyləşdi.

Hələ Peyğəmbərin (s) sağlığında Məkkənin fəthi zamanı canının və malının qorunması üçün zahirən iman gətirmiş Bəni Üməyyə (Əməvilər) İslam dövlətinin idarəçiliyini öz əllərinə keçirmək istəyirdilər. Xəlifə Ömərin dövründə  Əməvilərin başçısı Əbu Süfyanın oğlu Muaviyə Şama (indiki Suriya, Fələstin, Livan və İordaniya) vali təyin olundu. Şam əhli Peyğəmbər (s) dövrünü görmədiyindən, İslamı Ömərin dövründə və Muaviyənin valiliyi altında qəbul etdiyindən, Əməvilər bu ərazidə İslamı özlərinə uyğun təbliğ edərək öz gələcək hakimiyyəti üçün baza yaradırdılar.

Osmanın xəlifə təyin olunmasından sonra ana tərəfdən Muaviyəyə qohum olan xəlifə Əməvilərin dövlətin mərkəzi strukturlarına çıxışını təmin etdi. Hətta Peyğəmbərin Mədinədən qovduğu, Əbu Bəkr və Ömərin də Mədinəyə buraxmadığı münafiq Həkəm (Osmanın dayısı) üçüncü xəlifənin dövründə nəinki Mədinəyə gəldi, hətta xəlifənin müşaviri oldu. Osmanın ölümü ilə nəhayət ki, hakimiyyətə keçəcəklərinə ümid edən Bəni Üməyyənin planlarını Mədinə qiyamı puş etdi.  Osmanın xərc-mərcliyinə etiraz edən Mədinə əhli qiyam edərək Osmanı qətlə yetirdilər və Həzrət Əliyə (ə) xəlifə kimi beyət etdilər. Həmin andan Əməvilər hərb yolu ilə hakimiyyətə gəlməyi qərara aldılar. Əməvilərə müqavimət göstərib vətəndaş müharibəsinə son qoymaq üçün Həzrət Əli (ə) paytaxtı Şama yaxın olan Kufəyə (İraq) köçürtdü.

İmam Həsənin xilafətə gəlməsi

Həzrət Əli (ə) xilafətə gəldikdən sonra İlk növbədə yeni ərazilərin işğalı dayandırıldı, yerlərdə təyin olunan valilər yeniləri ilə əvəz olundu, qəbilə və milli mənsubiyyətə əsaslanan bütün ayrıseçkiliklər aradan qaldırıldı. Artıq istər ərəb, istər qeyri ərəb (əcəm), istər səhabə istər qeyri-səhabə, istər İslamı ilk qəbul edənlər istər sonra iman gətirənlər eyni statusda oldular. Bu isə keçmiş xəlifələrin dövründə imtiyaz sahiblərini narahat edirdi. Elə bu səbəbdən də Peyğəmbər xanımı Aişə, səhabələr Təlhə və Zübeyr Bəsrədə Həzrət Əliyə (ə) qarşı qoşun yığdılar. Nəticədə baş verən Cəməl döyüşü baş verdi və imtiyazlarının itirldiyindən narazı qüvvələri yerinə otuzdurmaq mümkün oldu. Ancaq Əməvilərin təhlükəsi hələ də yatmırdı. Nəhayət, Siffeyn adlı bir məntəqədə Həzrət Əli (ə) ilə Muaviyənin qoşunu 2 il müharibə etdilər və müharibə heç bir nəticə vermədi, yalnız “xəvaric” (xaricilər, dindən xaric olanlar) firqəsi yarandı. Bu firqə həm Əhli-beytə (ə), həm Əməvilərə müxalif mövqe tutdular. Xəvaricin qiyamını yatırtmaq üçün Həzrət Əli (ə) Nəhrəvanda onlarla müharibə etdi və bu təhlükəni aradan qaldırdı. Sağ qalmış xəvariclərdən biri Həzrət Əliyə (ə) namaz vaxtı məsciddə hücum edərək Həzrəti şəhadətə yetirdi. Peyğəmbərin (s) vəsiyyətinə əsasən Həzrət Əli (ə) özündən sonra xəlifə olaraq İmam Həsəni (ə) təyin etdi.

İmam Həsənin (ə) xilafəti

Həzrət Əli (ə) İmam Həsənə (ə) ağır durumda olan bir miras qoydu – daxildən və xaricdən parçalanmaq təhlükəsində olan bir dövlət. Beləki, imtiyazlardan məhrum olmuş səhabə və qəbilə başçıları, hakimiyyətə keçmək istəyən Muaviyə, qatı dindar qiyafəsində olan ifratçı “xəvaric” (müasir dillə desək “radikallar” və ya “terrorçular”) daxildə təhlükə təşkil edirdilər. Xilafətin daxili problemlərindən istifadə edərək İslam dövlətinə hücum etmək istəyən Bizans İmperiyası isə xarici təhlükə idi. Həmin zamanlar Bizans artıq ordu təşkil eədib müsəlmanlara hücum etməyə hazırlaşırdı. Bunun müqabilində İmam Həsənə (ə) Yəmən, Hicaz, İraq və Şam da müharibələrdən yorulmuş və vuruşmaq istəməyən bir ordu miras qalmışdı. Paytaxt Kufənin əhli vahid mövqedə deyildi. Yuxarıda qeyd olunan müxtəlif ictimai təməyyüllərin nümayəndələri Kufədə yaşayırdılar. Onların bəziləri Əməvilərin tərəfdarı, bəziləri xəvaric, bəziləri laqeyd və az bir hissəsi Əhli-Beytə (ə) sadiq insanlar idi.
Hakimiyyət arzusu gözlərini tutmuş Muaviyə ölkənin taleyini təhlükə altına qoyaraq İmam Həsənə (ə) qarşı ordu çəkdi. İmam (ə) Kufə camaatını Şam ordusuna qarşı vuruşmağa dəvət edəndə onlar İmamın (ə) dəvətini çox gec qəbul etdilər. Müaviyənin ordusunun Kufəyə tərəf hərəkət etməsi xəbəri İmam Həsənə (ə) yetişdikdə, İmam camaatı məscidə yığdı. Xütbəyə başlayıb Müaviyənin ordusunun səfərbər olmasını camaata çatdırdıqdan sonra camaatı Allah yolunda cihada və batilin tərəfdarlarına qarşı vuruşmağa dəvət etdi. İmam (ə) bildirdi ki, səbirli olmaq, fədakarlıq etmək və çətinliklərə dözmək lazımdır. İmam (ə) camaatı döyüşə dəvət etdiyi xütbəni qurtardıqdan sonra hamı sükut etdi.

Muaviyə ilə sülh

Nəhayət İmam Həsənin (ə) yaxın səhabələrindən bir neçəsi camaatı səfərbər etmək məqsədilə çıxışlar etdi. Bundan sonra İmam Həsən (ə) kiçik bir ordu ilə Kufədən çıxaraq şəhərin yaxınlığında Nüxeylə adlı bir yerdə düşərgə saldı. İmamın (ə) ordusu təzə qüvvələrin gəlib onlara birləşməsi məqsədilə on gün Nüxeylədə qaldı. Nəhayət, dörd min nəfər İmamın (ə) başına toplaşdı. Buna görə də, İmam (ə) məcbur olub güclü ordu toplamaq məqsədilə Kufəyə qayıtdı. Təşkil olunan ordu müxtəlif əqidəli insanlardan ibarət idi. Oradu arasında vəhdət olmadığında onunla heç bir döyüş aparmaq da mümkün deyildi. İmamın öz çıxışı buna bariz nümunədir:

“Bizi Şam əhlinə qarşı (Müaviyənin ordusuna qarşı) mübarizədən heç bir şəkk-şübhə saxlaya bilməz. Biz bundan qabaq da sizin dözümünüz və daxili anlayışınızla Şam əhlinə qarşı mübarizə etmişik. Ancaq bu gün kin-küdurət nəticəsində vəhdət və qarşılıqlı anlaşma sizdən uzaqlaşmış, öz müqavimətinizi itirmiş və indi də giley-güzar edirsiniz. Siffeyn döyüşünə gedəndə dininizin mənfəətini dünya mənfəətinizə üstün tutdunuz, lakin indi isə dünyanızı dininizdən üstün tutursunuz. Biz indi də keçmişdə olduğumuz kimiyik, ancaq siz bizə qarşı keçmişdə olduğunuz kimi vəfadar deyilsiniz. Sizlərdən bəziləri Siffeyn döyüşündə, bəziləri də Nəhrəvan döyüşündə öz qohum-əqrəbasını, yaxınlarını itirmişdir. Birinci dəstə öz ölülərinə ağlayır, ikinci dəstə isə ölülərinin qan bahasını istəyir. Qalanları da bizim əmrlərimizdən boyun qaçırırlar. Müaviyə bizə insafdan uzaq, bizim izzət və böyük məqsədimizin əksinə olan bir təklif etmişdir. İndi əgər Allah yolunda ölməyə hazırsınızsa, deyin, onda mübarizəyə qalxaq və onun bu təklifinə qılıncla cavab verək. Yox, əgər sağ qalmaq istəyirsinizsə, deyin, onda bu təklifi qəbul edib sizin razılığınızı təmin edək.” İmamın (ə) sözləri bu yerə çatanda hamı bir ağızdan: “Biz yaşamaq istəyirik, biz sağ qalmaq istəyirik!”– deyə qışqırdı.

Həmin dövrdə Kufənin adlı-sanlı qəbilələrinin başçılarından bir neçəsi Müaviyəyə məktub yazıb bildirdilər ki, onlar onun hökumətini himayə edirlər. Onlar məktubla Müaviyəni məxficə İraqa tərəf hərəkət etməyə dəvət edərək söz verdilər ki, Müaviyə İraqa yaxınlaşan kimi ya İmam Həsəni (ə) tutub ona verəcək, ya da ona sui-qəsd edəcəklər. Müaviyə həmin məktubları olduğu kimi İmam Həsənə (ə) göndərib soruşdu ki, bu cür insanlara arxalanıb döyüşə necə hazır ola bilər.

İmam (ə) Muaviyəyə qarşı topladığı ordu Muaviyənin hiylələri nəticəsində dağıldı. Beləki, İmamın (ə) qoşun başçılarından biri Muaviyədən pul alaraq səkkiz min nəfərlə Muaviyənin tərəfinə keçdi. Cəsusların yaydığı şayələr nəticəsində İmamın (ə) öz əsgərləri ona hücum etdilər. Tək qalmış İmam Həsən (ə) Muaviyənin sülh təklifini qəbul etməyə məcbur oldu.  Həzrət buyururdu: “Əgər Allah düşmənlərinə qarşı mübarizə etmək üçün silahdaşlarım olsaydı, heç vaxt hökuməti Müaviyəyə təhvil verməzdim. Çünki hökumət Bəni–Üməyyəyə haramdır...”

Sülh müqaviləsinin bəzi müddəaları

Müaviyədən sonra hökumət Həsən ibn Əlinin (ə) ixtiyarına keçməlidir. Əgər onun (İmam Həsənin (ə)) başına bir iş gələrsə, Hüseyn ibn Əli (ə) hökumət başına gələcək. Həmçinin, Müaviyənin özündən sonra canişin təyin etməyə haqqı yoxdur. Əmirəlmöminin Əliyə (ə) namaz qılarkən hörmətsizlik edib onu söyməyin, lənətlənməyin qarşısı alınsın və o Həzrət yaxşılıqla yad edilsin. (Çünki Muaviyə Şamda Həzrət Əliyə (ə) minbərlərdən lənət oxutdururdu). Müaviyə bütün əhaliyə, istər Şam, istər İraq, istərsə də Hicaz əhalisinə hər hansı millətdən olursa olsun, bir daha təqib etməməsi və əzab-əziyyət verməməsi barədə zəmanət verməlidir. Əlinin (ə) şiələrinin canı, malı və pulunun hörməti qorunmalıdır. Onlar əsla axtarışa məruz qalmamalı və onlara zərrə qədər də narahatçılıq yetişməməlidir. Hər kəsin haqqı onun özünə çatmalıdır. Əlinin (ə) şiələrindəki beytül-mal onların özlərində qalmalıdır. Həmçinin, Həsən ibn Əli (ə) və qardaşı Hüseyn ibn Əli (ə) və eləcə də, Peyğəmbərin (s) ailəsindən olan hər hansı bir şəxs üçün Müaviyə tərəfindən heç bir xətər icad olmamalı, heç bir yerdə onlar üçün qorxu hissi yaranmamalıdır.

Müqavilənin sonunda Müaviyə maddələrin hamısına əməl edəcəyinə söz verərək Allahı bu işdə şahid tutdu və bütün Şam əyan-əşrafı buna şəhadət verdilər.

Ancaq Muaviyə Kufə məscidində çıxış edərək, nəinki sülhün maddələrinə əməl edəcəyi haqqında söhbət etmədi, hətta tənə və təhqirlə dedi: «Mən sizinlə namaz qılıb həcc yerinə yetirmək, zəkat ödəmək üçün vuruşmadım. Mən bilirəm ki, onsuz da siz bunları yerinə yetirirsiniz. Mən sizinlə ona görə vuruşdum ki, sizi özümə tabe edib hökuməti ələ keçirəm.»

Hadisədən sonra İmam Həsən Kufəni tərk edib Mədinəyə qayıdır. İmam Həsən (ə) on il davam edən imamətinin bütün dövrünü son dərəcə çətin vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşadı. Onun hətta öz evində belə təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində Müaviyənin təhriki və öz həyat yoldaşının əli ilə zəhərləndirilərək şəhid edildi və mübarək nəşinin babası  Həzrəti Məhəmməd(s) peyğəmbərin yaynda dəfn edilməsinin qarşısı fitnə nəticəsində alındı. İxtilafları dərinləşdirməmək üçün İmam Hüseyn (ə) qardaşını Mədinənin Bəqi qəbirstanlığında dəfn edir.

İmam Həsənin(ə) mübarək məzarı Mədinənənin Bəqi qəbiristanlığında İmam Zeyunulabidin(ə),İmam Muhəmməd Baqir(ə)və İmam Cəfər Sadiq(ə)lə yanaşı yerləşir.Əfsuslar olsun ki,bu gün o həzrəti yalnız kənardan ziyarət etmək mümkündür.Keçən əsrin əvvəllərinə qədər peyğəmbərin bir çox yaxın səhabəsi və ailəsi dəfn olunmuş  Bəqi qəbiristanlığındakı mövcud olmuş qəbirüstü türbələr və kitabələr dağıdılaraq tanınmaz hala salınmış sonrakı illərsə imamlar dəfn olunan əraziyə kənardan sədd çəkilərək ziyarətçilərə maneələr yaradılmışdır.

4 yaşlı uşaq öz kamil durumu ilə böyükləri heyrətə gətirdi – İmam Həsən Əsgərinin (ə) uşaqlıq dövrü

Ustad Ənsarianın “Əql kilidi gənci səadət” kitabında oxuyuruq: “Qoca bir kişi nəql edir: “Bir gün Mədinəyə getmişdim. O zaman ki, şəhərə daxil oldum, gördüm ki, bir neçə uşaq bir yerə toplaşıb, odla oynayırlar. Dörd yaşlı bir uşaq isə kənarda əyləşib fikrə gedibdir.
Dili danışmırdı, ancaq bütün bədəni, gözləri, ürək zərbələri aqil insanlarla söhbət edirdi. Necə ki, xəstə insan öz siması ilə həkimlə söhbət edər. O, bir söz söz deməmiş, həkim bu xəstəyə deyər: “Siz gecə yatmamısınız””.
Bəli, insanın siması daxilindən xəbər verər. Bu uşağın da siması daxilindəki burulğanlardan xəbər verirdi. Boynunda olan məsuliyyətin yükünü gözlərindən oxumaq olurdu.
Qoca nəql edir: “Qabağa getdim və maraq üzündən uşaqdan soruşdum: “Niyə sən də başqa uşaqlarla oynamırsan?”. O, mənə nəzər saldı və dedi: “Mənim icazəm yoxdur ki, ədəbsiz insanlara cavab verəm”. Təəccüb edib dedim: “Sən məndən hansı ədəbsizliyə görmüsən ki?”. Dedi: “Məgər ədəbin şərti bu deyildirmi ki, kiminləsə danışan zaman ilk salam verməlisən?”.
Gördüm ki, o, haqlıdır. Ona görə dedim: “Düzdür, mən səhv etmişəm”. Sonra salam verib dedim: “İndi deyə bilərsənmi ki, niyə başqa uşaqlarla oynamırsan?”.
Dedi: “Çünki bu ömrü mənə oynamaq üçün inayət etməyiblər. “Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?”. (“Muminun” 115).
“(Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə!”. (“Zumər” 56)”.
Uşaq davam etdi: “Uşaqların yandırdığı bu atəş mənə cəhənnəm atəşini yada saldı və öz batinimdə ondan Allaha pənah apardım ki, siz gəlib çıxdınız və məni bu haldan çıxartdığınız”. Dedim: “Deyə bilərsənmi ki, sənin evin haradadır?”.
Dedi: “Elə bu evdir ki, qarşısında əyləşmişəm”.
Onun adını və atasının adını soruşdum, dedi: “Adım Həsəndir, atamın adı Əlidir. Mən Həsən ibn Əliyəm (ə)”””. (Erfan)
Bəli, bu İmam Həsən ibni Əli (ə) idi. Hələ uşaqlıq dövründən püxtələşmiş ağıla və bəsirətə malik olmuş və insanları hələ kiçik yaşlarından tərbiyə etmişdir. Həzrətin (ə) nurlu ağlı və bəsirətli ürəyi elə bir nemət idi ki, aqil insanları hələ kiçik yaşlarından özünə tərəf cəlb edir və məftun edirdi.
Mövludun mübarək, ey Həsən ibn Əli (ə)!

Həzrət İmam Həsəndən (ə) hikmətli sözlər

.“Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”

2.“Fisq- fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”

3.“Yaxşılıq odur ki, əvvəldə hey bu gün- sabaha salınmasın və sonradan da minnət qoyulmasın.”

4.“Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.”

5.“Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.”

6.“Tövbə və bağışlanma yolu olduğu halda ümidsizliyə qapılan şəxsə təəccüb edirəm.”

7.“Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.”

8.“Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”

9.“Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”

10.“Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”

11.“İbrətlərdən nəsihət alın və keçmişdəkilərin başlarına gələnlərdən ibrətlənin.”

12.“Dünya və axirət ağıl və düşüncə ilə əldə edilər.”

13.“Xoş xasiyyət qədər başqa heç bir şey həyatı şirin etmir.”

Hədislər Nəhcul fəsahə, Ğurərul hikəm, Rovzətul-bihar kitablarından götürülüb.