Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

İmam Sadiq ələyhis-salamdan bir nəsihət

 


 İmam Sadiqin (ə) nəsihətlərindən

 Bu məqama çatmaq üçün Allahıtanıma, Ona iman elə bir səviyyədə olmalıdır ki, insan Allahın razılığını hər şeydən üstün tutsun. Bu məqama çatmaq üçün elə bu dünyadaca hazırlıq görülməlidir. Dünya məhəbbəti, nəfs istəkləri bizi bu məqsəddən uzaqlaşdıra bilər. Bu məqamı arzulayan insan ömrün hər dəqiqəsini qiymətli bilib məqsədi yolunda çalışmalıdır. Çoxları hər şeyə hazır olsa da ali məqama çatmağın yolunu tapa bilmir.
  İmam Sadiq (ə) Allahla yaxınlıq məqamına çatmaq istəyənlərə yol göstərir: «Cəlal sahibi olan Allahınla yaxınlıq istəyirsənsə xəlq olunmuşlar arasında Allaha ən yaxın olmağa çalış, heyvani alçaq məqamdan uzaqlaş, möminlər arasında yüksəlib elə bir məqama çat ki, bu məqam yaranmışlar üçün son yüksəklik olsun. Dünyanı sənin nəzərində xar edəcək bir iş gör».
  Həzrətin buyuruğundan məlum olur ki, təkamül yolunda insan üçün ən böyük maneə dünyadır. Dünyaya məşğul qəlb hara, Allah eşqi hara? Dünya bər-bəzəyinə könül verdikcə kamillikdən uzaqlaşan insan üçün Allahla yaxınlıq əlçatmazdır.

Ali-Məhəmmədə məhəbbət və düşmənlik haqqında 11 hədis

 Hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölsə, tövbəkar kimi dünyadan gedər.
Həzrət Peyğəmbər (s) buyurur: Bilin!

1. Hər kəs Məhəmməd (s) və Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd budur ki, bu məhəbbət özünü əməldə və haqqa itaətdə də göstərsin).
Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə, bağışlanmış halda dünyadan gedər.
3. Hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölsə, tövbəkar kimi dünyadan gedər.
4. Hər kəs Ali- Məhəmməd (ə) məhəbbəti ilə ölsə, kamil imanlı mömin kimi dünyadan gedər.
5. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə, ölüm mələkləri, Nəkir və Münkər ona cənnət müjdəsi verər.
6. Hər kəs Ali-Məhəmməd məhəbbəti ilə dünyadan getsə, Allah onun qəbrinə behiştdən bir qapı açar.
7. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə dünyadan getsə, qəbri rəhmət mələklərinin ziyarətgahına çevrilər.
8. Hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə, sünnədən və cəmaatdan (yəni, İslam ümmətindən) ayrılmamış halda dünyadan getmiş hesab olunar.
9. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə, Qiyamət günü alnına belə yazılar: “Allahın rəhmətindən naümiddir”.
10. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda ölsə, kafir olaraq dünyadan gedib.
11. Hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz.

İmam Sadiq (ə) qulamını hansı sirdən agah etdi?

 

Həzrət İmam Sadiqin (ə) bir qulamı var idi. Onun işi bu idi ki, həzrət namazı qılıb qurtarana qədər onun atını saxlasın və namazdan sonra həzrəti ata mindirərək evinə gətirsin. Bir gün qulam məsciddə oturmuşdu. Xorasan əhalisindən olan bir nəfər onun yanına dedi: -İstəyirsənmi İmam Sadiqdən (ə) xahiş edəsən məni sənin yerinə qəbul etsin və mən onun qulamı olum, sənin yerinə xidmət edim. Bunun əvəzində də mən bütün sərvətimi sənə verirəm. Mənim çoxlu sərvətim var. Onların hamsı sənin olsun. Yerini mənimlə dəyişirsənmi?

Qulam dedi:- Ağamdan bunu xahiş edərəm.
Sonra həzrətin xidmətinə gəlib dedi: - Sizə qurban olum, uzun müddətdir ki, xidmətinizdəyəm. Əgər mənə bir xeyir gəlmək istəsə, siz mənə mane olmaq istəyərsinizmi? İmam (ə) buyurdu: - Mən o xeyri sənə verərəm, istər özümdən olsun, istərsə də başqasından. Buna mane olmaram. Qulam, xorasanlı kişinin ona dediklərini həzrətə (ə) danışdı. İmam (ə) buyurdu: - Əgər sən daha bizim xidmətimizdə qalmaq istəmirsənsə və xorasanlı kişinin bu işə meyli varsa, mən onu xidmətçi götürməyə və səni azad etməyə razıyam. Qulam dönüb getmək istəyəndə, İmam (ə) ona buyurdu: - Uzun müddət bizə xidmət etdiyin üçün sənə bir nəsihət etmək istəyirəm. Bundan sonra getmək, ya qalmaq öz ixtiyarındadır. O nəsihət budur: - Elə ki, Qiyamət günü olar, Allahın Rəsulu (s) yapışar Allahın nurundan, Əmir əl-möminin (ə) yapışar Allahın Rəsulundan (s), digər imamlar (s) yapşarlar Əmirəlmöminindən (ə), bizim şiələrimiz də yapışarlar bizdən. Sonra şiələrimiz də biz daxil olduğumuz yerə daxil olarlar.

Qulam bunu eşitdikdən sonra dedi: - Sizin yanınızdan heç yerə getmirəm və sizin xidmətinizdə qalıram. Dünya müqabilidə axirəti seçirəm. Sonra çölə çıxıb xorasanlı kişinin yanına qayıdıb, imam Sadiqin (ə) ona nəsihəti haqqında danışdı və sərvətə xatir İmama (ə) xidmət etməkdən əl götürməyəcəyini bildirdi. Qulam xorasanlı kişini İmamın (ə) yanına apardı. İmam (ə) min əşrəfi qulama hədiyyə etdi.

İmam Cəfəri Sadiq (ə)-ın göstərişi

Ünvan Bəsri 94 yaşlı qoca bir kişi idi. O deyir: «Mən elm öyrənmək üçün Malik ibni Ənəsin yanına gedib-gəlirdim"...

Cə'fər ibni Məhəmməd (ə) bizim şəhərə gəldikdə onun hüzuruna getdim. Çünki o Həzrətin (ə) də elmindən istifadə etmək istəyirdim. Bir gün mənə buyurdu: " Mən diqqət və nəzarət altında olan bir adamam. Bundan əlavə, hər bir gecə - gündüzün hər bir saatlarında xüsusi zikrlərim vardır. Sən mənim zikrlərimin qarşısını alma, elm kəsb etmək üçün əvvəldə olduğu kimi Malik ibni Ənəsin yanına get."

Mən bu sözdən qəmgin oldum və onun yanından çıxıb getdim. Ürəyimdə dedim: "Əgər imam (ə) məndən bir xeyir görsəydi məni görüşdən məhrum etməzdi." Sonra Peyğəmbər (s.ə.v.v) məscidinə gedib o həzrətə salam verdim. Sonrakı gün də Peyğəmbərin (s.ə.v.v) rövzəsinə gedib iki rək'ət namaz qıldım və dua edərək dedim: "Ya Allahu, ya Allah, in tu"tifu ələyyə qəlbə Cə"fərin və tərzuqəni min ilmihi əhtədi bihi ila siratikəl-mustəqim!" (Ey Allah, ey Allah! Sən Cə'fərin qəlbinə məhəbbət sal və onun elmindən məni Sənin düz yoluna istiqamətləndirəcək qədər bəhrələndir!) Sonra yenə də qəm-qüssə içində evə qayıtdım, amma Malik ibni Ənəsin yanına getmədim. Çünki Cə'fər ibni Məhəmmədə (ə) məhəbbət mənim qəlbimdə özünə yer açmışdı. Bir müddət guşənişinlik etdim. Vacib namazımı qılmaqdan başqa sair işlər üçün evdən çıxmırdım. Nəhayət səbrim tükəndi. Bir gün imamın (ə) qapısına getdim və daxil olmaq üçün icazə istədim. Xidmətçi gəlib dedi:

"Nə işin var?"

Dedim:-Mən imamın hüzuruna gedib salam vermək istəyirəm.

Dedi:-Ağa mehrabda namaz qılır.

Sonra evə girdi. Mən də qapının ağzında oturdum. Çox keçmədi ki, xidmətçi qayıdıb dedi:-Mənzilə buyurun.

Mən evə daxil oldum və Həzrətə (ə) salam verdim. Salamımı aldı və buyurdu:-Əyləş, Allah səni bağışladı.

O Həzrətin (ə) hüzurunda oturdum. Mübarək başını aşağı saldı. Bir qədər sükutdan sonra qaldırıb buyurdu:-Künyən nədir?

Ərz etdim:-Əba Əbdillah.

Buyurdu:-Allah səni bu künyədə sabit saxlasın və səni müvəffəq etsin. Nə istəyirsən?

Ürəyimdə dedim: «Əgər bu görüşdə bu xeyir-duadan başqa bir fayda olmasa, elə bu da mənim üçün dəyərli olacaqdır.» Sonra ərz etdim:

Allahdan istəmişəm ki, sənin qəlbini mənə qarşı mehriban etsin, sənin elmindən məni bəhrələndirsin. Ümidvaram ki, Mütəal Allah duamı qəbul etsin.

Həzrət buyurdu:-Ey Əba Əbdillah! (Həqiqi) Elm təəllüm (öyrənməklə) vasitəsilə hasil olmur. Əksinə, elm bir nurdur ki, Allah hidayət etmək istədiyi bəndənin qəlbinə salır. Əgər elm istəyirsənsə, əvvəlcə qəlbində bəndəliyin həqiqətini yarat və elmi əməl vasitəsilə istə, Allahdan dərk etməyi istə ki, sənə başa salsın.

Dedim:-Ey Şərif!

Buyurdu:-Mənə "Əba Əbdillah" de.

Dedim:-Ey Əba Əbdillah! Bəndəçiliyin həqiqəti nədir?

Buyurdu:-Bəndəçiliyin həqiqəti üç şeydədir.

Birincisi budur ki, bəndə özünü Allahın ona əta etdiyi şeylərin sahibi və maliki bilməsin, əksinə, malı Allahın malı bilsin. Çünki bəndələr heç bir şeyə sahib olmazlar. (Əlində olanları) Allahın buyurduğu yollarda sərf etsin.

İkincisi budur ki, özünü işlərin idarə olunmasında bacarıqsız görəsən.

Üçüncüsü budur ki, özünü Allahın əmr və nəhylərini yerinə yetirməyə məşğul edəsən. Deməli, əgər bəndə özünü mal-dövlətin maliki bilməzsə, mal-dövlətin Allah yolunda sərf edilməsi ona asan olacaqdır. Əgər işlərin idarə olunmasını – tədbiri Allaha həvalə edərsə, dünya müsibətlərinə dözmək onun üçün asan olacaqdır. Əgər Allahın əmr və nəhylərini əməl etməyə məşğul olarsa, dəyərli vaxtlarını yersiz öyünmək və mübahisə etmək kimi yollarda zay etməyəcəkdir. Əgər Allah bir bəndəni bu üç şeylə əzizləsə, dünya, şeytan və məxluqat ona çox dəyərsiz və asan görünəcəkdir. Belə olan halda o, mal-dövlətini artırıb bunun vasitəsilə fəxr edib öyünmək üçün çalışmaz. Camaatın nəzərində izzət və üstünlük sayılan (məcazi) şeyləri istəməz. Dəyərli vaxtlarını batil və əbəs şeylərlə keçirməz. Bu, təqvanın ilk dərəcəsidir ki, Allah-təala Qur'ani-Kərimdə buyurur: " O axirət evidir ki, onu yer üzündə fitnə - fəsad və üstünlük istəməyənlər üçün qərar verərik. Xeyirli aqibət müttəqilər üçündür."

Ərz etdim:-Ey Əba Əbdillah! Mənə əməli göstərişlər ver.

Buyurdu:-Sənə doqquz şeyi vəsiyyət edirəm. Bu, haqq yolunu keçmək qərarına gələn bütün insanlar üçün mənim göstərişim və vəsiyyətimdir. Allahdan istəyirəm ki, bunlara əməl etməkdən ötrü səni müvəffəq etsin. Göstərişlərin üçü nəfsinin razılığı barəsində, üçü helm (həlimlik) və səbr barəsində, üçü isə əməl barəsindədir. Sən bunları əzbərlə və heç vaxt bunları yerinə yetirməkdə səhlənkarlıq etmə.

Ünvan Bəsri deyir: «Bütün nəzər diqqətimi Həzrətin (ə) sözlərinə yönəltdim.» O, buyurdu:

Riyazətlə (nəfslə) əlaqədar tövsiyə etdiyim şeylər bunlardır:

1.Ehtiyatlı ol, iştahan olmayan şeyi yeməyəsən. Çünki bu, axmaqlığa və nadanlığa səbəb olur.

2.Acımamış yemə.

3.Halal yeməklərdən ye və yeməkdən əvvəl "Bismillah" de.

Sonra Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) buyurduğu aşağıdakı hədisi nəql etdi: " İnsan qarnından da şər qab doldurmur. Əgər yeməyə ehtiyacı varsa, qarnının üçdə birini yemək üçün, üçdə birini su üçün və üçdə birini də nəfəs almaq üçün saxlamalıdır."

Helm barəsində tövsiyə edilən işlər aşağıdakılardır:

1.Hər kəs sənə "mənə dediyin hər bir sözün əvəzində sənə on qat cavab verəcəyəm. - desə sən cavabında de: "Əgər sən mənə on kəlmə pis söz desən də cavabında məndən hətta bir kəlmə də eşitməyəcəksən!"

2.Hər kəs sənə nalayiq sözlər desə cavabında de: "Əgər düz deyirsənsə Allah məni bağışlasın, yox, əgər yalan deyirsənsə Allah səni bağışlasın!"

3.Hər kəs səni söyüşlə təhdid edərsə sən ona nəsihət və dua və'dəsi ver.

Elm barəsində tövsiyə olunan şeylər aşağıdakılardır:

1.Bilmədiyin hər bir şeyi alimlərdən soruş. Amma ehtiyatlı ol ki, sənin sualların onları sınaqdan keçirmək və onlara əziyyət vermək məqsədi daşımasın.

2.Şəxsi rə'yinə əməl etməkdən ciddi şəkildə uzaq ol və bacardığın qədər ehtiyatı əldən vermə.

3.Yırtıcı şirdən qaçdığın kimi, şəxsi rə'y əsasında (şər'i dəlili olmadan) fətva verməkdən çəkin. Öz boynunu, camaatın keçməsi üçün körpü qərar vermə.

Sonra buyurdu:

Mənim yanımdan qalx, ey Əba Əbdillah! Sənə kifayət qədər nəsihət etdim, mənim zikrlərimə mane olma. Çünki mən öz nəfsimə dəyər verirəm. Salam olsun hidayətə tabe olanlara!

İMAM SADİQİN (Ə) GÖZƏL ƏXLAQINDAN NÜMUNƏLƏR

 Yüksək əxlaq sahibi olan imam Sadiq (ə) Allah-Taalanın ayələrindən biridir. O həzrət öz gözəl əxlaqı ilə digər peyğəmbərlərdən fərqlənən babası Rəsuli-Əkrəmin (s) əxlaqına sahib idi. Onun gözəl əxlaq və ədəbi ilə əlaqədar bəzi nümunələrə diqqət yetirək:

1. İmam Sadiqin (ə) təvazökarlığı

Təvazökarlıq imam Sadiqin (ə) ən bariz əxlaqı idi. Təkəbbürlə mübarizəsi o həzrətin təvazökarlığına canlı bir sübutdur. O Həzrət (ə) bir kişiyə “Sənin qəbilənin ağası kimdir?” – deyə soruşduqda, o: “Mənəm!” deyə cavab verdi. İmam (ə) buyurdu: “Əgər sən onların ağası olsaydın “mənəm” deməzdin.” (“Ət-təbəqatul-kubra”,1-ci cild, səh. 32.)

2. İmam Sadiqin (ə) səxavəti

İmam Sadiq (ə) insanların ən səxavətlisi idi və var-dövlətini yoxsullara paylayardı. O həzrətin səxavətinə dair nəql olunan hədislər olduqca çoxdur. Biz isə burada onlardan bir neçə nümunə qeyd etməklə kifayətlənirik:

1. Bir gün Əşcə Sulləmi imam Sadiqin (ə) hüzuruna getmişdi. İmam (ə) xəstələnmişdi. İmam (ə) onu görcək buyurdu: “Nə üçün gəlmisən?”

O, bir şeir oxuyaraq dedi:

ألبَسكَ اللهُ منه عافيةً

في نومك المعتري و في أرقك

يُخرِجُ من جسمك السَّقامَ

كما أخرجَ ذُلَّ السُّؤالِ من عُنُقِكَ

“Allah hər bir halında sənə afiyət və şəfa libası geyindirsin. Sənin cismindən bu xəstəliyi çıxarsın. Necə ki, sənin boynundan diləmək zillətini götürmüşdür.”

O, ikinci beytin sonuncu sətrində öz ehtiyacına işarə edirdi. Bu da onun bəyanının zərifliyi və lətafətini göstərirdi.

İmam Sadiq (ə) onun ehtiyacını başa düşüb öz qulamına buyurdu: “Səndə nə qədər pul qalıb?”

Qulam dedi: “Dörd yüz.”

İmam (ə) əmr etdi ki, pulu ona versin. (“Əl-əmali” Şeyx Tusi”, 1-ci cild, səh. 287.)

2. O həzrətin (ə) Mədinə yaxınlığında çoxlu xurma ağacı olan “Ziyad zirvəsi” adlanan bir ərazisi var idi. İmam (ə) əmr edərdi ki, xurma yetişəndə adamların bağa daxil olub xurma yeməsi üçün bir qapı açsınlar. O Həzrət (ə) qocalıq və xəstəlik üzündən bağa gələ bilməyən qonşulara xurma verilməsini əmr edərdi. Qalan xurmaları Mədinəyə aparıb çoxunu yoxsullara, zəiflərə və ehtiyacı olanlara verilməsini tapşırardı. Həmin bağın gəliri dörd min dinar olardı. Onun da üç minini paylayar və qalan min dinarı isə özünə götürərdi.” (“Əl-imam Cəfər əs-Sadiq (ə)”, səh. 47.)

Həqiqətən, kərəm və səxavət o həzrətin zati səciyyələrindən idi. O həzrət var-dövlətə yoxsulları yedizdirmək və geyindirmək vasitəsi kimi baxır və bunu başqa cür dəyərləndirmirdi.

3. İmam Sadiqin (ə) gizli verdiyi sədəqələr

Gizli və gecə ikən sədəqə vermək və Əhli-beyt imamlarının (ə) üsullarından biri idi. Çünki bu işdə heç bir dünya məqsədi güdülmür və yalnız Allah-Taalaya görə görülən əməl sayılır. Məsum imamların (ə) hər biri yoxsullara kömək etsələr də, onlar imamları tanımazdılar.

İmam Sadiq (ə) də Mədinə yoxsullarına yardım edər, amma onlar İmamı (ə) tanımazdılar. O həzrət (ə) əbədiyyətə qovuşduqdan sonra yoxsulların yardımı kəsildikdə, yoxsullar başa düşərdilər ki, onlara yardım edən imam Sadiq (ə) imiş. (“Əl-imam Cəfər əs-Sadiq (ə)”, səh. 47.)

İsmayıl ibn Cabir imam Cəfər Sadiqin (ə) gizli yardımları haqda belə nəql etmişdir: “İmam Sadiq (ə) bir kisədə əlli dinar pul mənə verib buyurdu: “Bu pulu Bəni-Haşimdən olan fılankəsə ver və mənim tərəfimdən verildiyini demə.” Mən pulu həmin şəxsə verəndə soruşdu ki, bu pulu kim göndərib?

Dedim: “Bunu sənə verən şəxs istəmir ki, onu tanıyasan.”

Həmin şəxs dedi: “O şəxs hər dəfə mənə bu qədər pul göndərir, lakin Cəfər Sadiq varlı ola-ola, bir dirhəm də mənə vermir.” (“Məcmueyi-Vərram”,2-ci cild, səh. 82.)