Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Qara simalı kəndli kişi İmam Kazimin (ə) nəyi idi?

 “Hər vaxt bir köməyə ehtiyacın olsa, mən sənə kömək edərəm”.
İmam Kazim (ə) kəndli və qara simalı bir kişinin yanından keçirdi. İmam (ə) ona salam verdi və bir müddət onunla söhbət etdi.
Ayrılarkən ona buyurdu: “Hər vaxt bir köməyə ehtiyacın olsa, mən sənə kömək edərəm”.
İmamın (ə) səhabələri dedilər: “Ey Peyğəmbərin övladı! Belə bir şəxsin yanında oturursan, ondan hacətləri və çətinlikləri barədə soruşursan? Halbuki, onun sənə daha çox ehtiyacı var (Yəni o, sənin yanına gəlməli və səndən xahiş etməlidir)”.
İmam (ə) onlara buyurdu: “O, Allahın bəndələrindən biridir və Quranın hökmünə əsasən, bizim qardaşımızdır ki, Allahın şəhərlərində yaşayır. Biz onunla bir atadan; Adəmdənik. İslam adlı bir dinimiz vardır. Ola bilər ki, dövran bizi ona möhtac edər. Bəs, onun qarşısında təkəbbürlü olmaqdansa, təvazökar olaq”.

Qaynaq: “Tuhəful-uqul”, İmam Kazimə (ə) aid olan bölmə.

İMAM KAZİM (Ə) VƏ ETİQADİ MƏSƏLƏLƏR

 Birinci hicri-qəməri əsrinin sonlarında baş qaldıran və ondan sonra İslam cəmiyyətində fikri ixtilaf və çəkişmələrdə mühüm rol oynayan islami təriqətlərdən biri də “mötəzilə” təriqəti idi. Bu təriqətin bariz xüsusiyyəti dini məsələləri əqli yolla şərh vermək idi. Vasil ibn Əta və Əmr ibn Əbid bu təriqətin qabaqcıllarından idilər. Dini məsələləri əqli yolla yozmaq və şərh etmək şiələrin qəbul etmədiyi bir məsələ deyildi, ancaq dini məsələləri ağlın şərhinə buraxmaq və bu barədə ifrata varmaq mənfi nəticələr doğura bilərdi. Əqlə söykənənlərin tövhid haqqında gündəmə gətirdikləri müxtəlif əqidələr bunun bariz nümunəsidir. Onlar bəzən zidd olan sifətləri Allaha nisbət verir, bəzən də, Quranın açıq-aydın Allaha nisbət verdiyi sifətləri Ondan xaric edirdilər. Onların bu hərəkətləri məsum imamlara istinad edən şiələr tərəfindən qəbul oluna bilməzdi. Xüsusilə, şiə təfəkküründə Rəsulullahın (s) hədislərinə diqqət yetirmək böyük əhəmiyyət kəsb edir. Bunlara rəğmən, imamlar İslam dininin haqq olmasını müdafiə edərkən əqli məsələlərdən də istifadə edirdilər. Onlar elə bu zəmində şagirdlər də tərbiyə edirdilər. Bu şagirdlərin əsas işi şiə məzhəbinin dini və əqidəvi məsələlərini əqli yolla müdafiə etmək idi.

“Mötəzilə” təriqətinin qarşısında duran “əhli-hədis” təriqəti isə bir çox saxta hədislərə istinad edir, tövhidlə bağlı bir çox şübhələr və çətinliklərlə qarşılaşırdılar.

Təbii ki, imam Kazimin (ə) bu məsələlərlə əlaqədar şiələrə göstərişləri onları yanlış fikirlərdən nicat verirdi. Bir rəvayətdə nəql olunur ki, o həzrətdən Allahın sifətləri barədə soruşdular. Həzrət cavabında buyurdu: “Quranda ifadə olunan sifətlərdən irəli keçməyin.”

Başqa bir rəvayətdə isə belə buyurmuşdur: “Allah o qədər uca və böyükdür ki, heç kim Onun sifətinin həqiqətini anlaya bilməz. O halda, Onu Özünü vəsf etdiyi kimi tanıyın və başqa şeylərdən əl çəkin.”

O həzrətin özü də Allahın sifətlərini saymaq istədiyi zaman Quran ayələrinin məzmunlarından istifadə edirdi. İmam ayə və rəvayətlərin zahirinə söykənərək insani və maddi sifətləri Allaha isnad etmək istəyən hədis əhlinin qarşısında dayanır, Allahın hər növ oxşar və maddi sifətlərdən pak və münəzzəh olduğunu bildirirdi. İmama deyiləndə ki, bir qrup insan “Allah dünyadakı səmaya nazil olar!” – əqidəsinə inanır, İmam belə buyurdu: “Şübhəsiz, Allah (səmaya) nazil olmaz və buna ehtiyacı da yoxdur. Çünki uzaq da, yaxın da Onun dərgahında bərabərdir.” (“Kafi”, c.1, s. 102, 105, 125.)

İMAM KAZİMİN (Ə) HƏDİS ƏHLİ QARŞISINDA MÖVQEYİ

İmam Əlinin (ə) imaməti barədə açıq-aşkar dəlil və göstərişlərin kənara qoyulması və onlara diqqətsizlik İslam ümməti arasında qarşıya çıxan sonrakı ixtilafların başlanğıcı oldu. İmamət məqamına ləyaqəti olmayanlar siyasi hakimiyyətə öhdəçilik etməklə bərabər, dini təfsir və fiqhi bəyan etməyi də ələ aldılar. Baxmayaraq ki, elmi qüdrətə, savada malik deyildilər və bir sıra düşüncələri izah etdilər ki, təbii olaraq, müəyyən çətinliklər yaratdı. Bu zəmində zahirən ilk elmi ixtilaf Peyğəmbərin (ə) mirası və zəkat ödəməyə müxalif olanlarla döyüşmək idi. Sonralar xəlifələrin xilafəti dövründə bu kimi ixtilaflar daha çox önə çıxdı. Həmin vaxtlarda bəzən etiqadi məsələlər ortaya çıxır və onlara xəlifələr tərəfindən cavablar verilirdi. Müxtəlif səbəblər üzündən, bu cavabları qəbul etməyənlər başqa bir yol seçir və cahillər də çaşqın halda qalırdılar. Bu vəziyyət, tədricən, İslam cəmiyyətində bir sıra ixtilaflar yaratdı.

Hədislərin yazılmasına və nəqlinə qoyulan qadağa yəhudi mədəniyyətinin müsəlmanlar arasına nüfuzuna səbəb oldu. Onlarda dünyaya bağlılıq və məhəbbət artdı. Qəddar Əməvilər hakimiyyətinin təməllərini möhkəmləndirmək üçün din yanlış təfsir olundu. Ən əsası “zikr əhlinin” elmi, dini və siyasi səhnələrdən uzaqlaşdırılması ixtilafları daha da genişləndirirdi. Çox keçmədi ki, hər bir qrup öz əqidəsinin əhatə dairəsini başqalarının etiqadlarından ayırdı. Şiə imamları elə əvvəldən öz düşüncələrini ümumxalqa, bəzən də şiələrə bəyan edir, onları özlərini satmış alim və ravilərdən uzaqlaşdırmağa çalışırdılar. İmam Əlinin (ə) beşillik hakimiyyəti dövründə Əhli-beytin fikirlərini ümumi şəkildə İraq əhalisinə çatdırmaq üçün şərait yarandı. Amma bu dövr sona çatdıqdan sonra Əməvilərə bağlı ravilər və alimlər yenidən dirçəldilər və camaatı hakim dairələrlə əməkdaşlığa çağırdılar.

Birinci əsrin sonunda və ikinci əsrin əvvəllərində şiələrdən başqa bir neçə təriqət fəal idi ki, xəvaric, mürciə, cəhmiyyə və mötəzilə onların ən məşhurlarındandır. Bunlardan hər birinin xüsusi sahələrdə öz əqidələri vardı və onları yaymağa çalışırdılar. Demək olar ki, bu təriqətlərin heç biri ilə hakimiyyət uyğunlaşmırdı. Hökumət Xorasanda cəhmiyyə və mürciə ilə vuruşurdu. Eləcə də, İranın cənubundakı uzaq məntəqələrdə xəvaricə qarşı qızğın döyüşlər gedirdi. Mötəzilənin isə məhdud yerlərdən başqa, elə də qüdrəti yox idi. Bu arada Əməvilər və onların yaratdıqları Osmani təriqəti qarşısında mövqe tutan şiənin vəziyyəti də məlum idi.

Camaatın bir dəstəsi öz başçılarına itaət edərək İbn Şəhab Zühəri, ondan öncə Ürvət ibn Zübeyr və ondan da əvvəl Əbu Hüreyrə və Səmurət ibn Cündəb kimi şəxslərin yaydıqları məzhəbin ardınca düşmüşdülər. Onlar camaatı “hədis” yolu ilə aldatmaq fikrində idilər. Hədis Rəsulullahın (s) sözləri, kəlamları idi. Amma Peyğəmbərdən (s) sonra hədis yazılmasına qadağa qoyulduğu üçün, saxta hədislər düzəltmək çox asan olmuşdu. Baxmayaraq ki, əhli-sünnə başçıları Peyğəmbərdən (s) nəql olunan hədislərin sayının bir neçə yüzdən çox olmadığını açıq-aydın söyləyirdilər, amma ikinci əsrin ortalarından sonra Peyğəmbərin (s) hədisləri neçə minə və bir müddətdən sonra neçə yüz minə çatdı. Bu saxta hədislər həm fiqh, həm də teoloji məsələlərlə bağlı idi. Hədisləri saxtalaşdırmaqdan əlavə, onları təhrif etmək də dini təhrif etmək üçün başqa bir yol idi.

Bu saxta hədislər camaatın həyatında dini hökm kimi yer tutaraq formalaşdı. Ona tabe olanlar “sünni” adlandırıldı və müxaliflər “bidət əhli” adı ilə səhnədən çıxdılar. Bu minvalla, “hədis əhli” formalaşdı. Başlanğıcda bu hədislərə əsaslananlar, başqalarını din və məzhəbdən çıxmış kimi tanıdanların təriqətinin adı Osmani təriqəti idi. Cahiz bu təriqəti himayə və təsdiq etmək üçün “Əl-Osmaniyyə” adlı kitab yazdı.

Şiə imamları bu hədislərin, başqa sözlə, “hədis əhli”nin qarşısında dayanmağa çalışırdılar. Onlar münasib zamanlarda bu saxta hədislərə cavab verir, bəzi “mütəşabih” (oxşar) ayə və hədislərin təfsirində adi insanların anladıqları yanlış düşüncələri düzəltməyə çalışırdılar.

Belə fəaliyyətləri bütün imamların həyatı boyunca müşahidə etmək mümkündür. O həzrətlərin fiqhi və etiqadi mövqelərindən istifadə edərək uyğun nəticələrə yetişmək olar. Burada imam Kazimin (ə) təfəkkür tərzi ilə bağlı tutduğu bu mövqelərdən iki nümunəsinə işarə etməklə kifayətlənirik:

1. Hədis əhlinin daha çox nəql etdiyi və əsaslandığı məsələ “Allahın dünya səmasına enməsi” hədisi idi. Əbu Hüreyrə Rəsulullahın (s) belə buyurduğunu nəql edir: “Allah-Taala hər gün gecənin axırıncı üçdə-bir hissəsində dünyanın səmasına enir və belə səslənir: Kimdir məni çağıran ki, onun duasını qəbul edim? Kimdir məndən bir şey istəyən ki, ona istədiyini verim? Kimdir bağışlanmaq diləyən ki, onu bağışlayım?”

Bu hədisin zahirini olduğu kimi qəbul etmək “təşbeh” əqidəsinə inanmaq və Allahın bir məkandan başqa məkana keçməsini qəbul etmək deməkdir. “Əhli-hədis” bu sayaq əqidəvi düşüncələri açıq-aşkar söyləyir və bu barədə başqa hədislərə də istinad edirdilər. ”Əhli-hədis”in fəaliyyətlərinin səmərəsi olan Əhməd ibn Hənbəlin əqidəsi belə idi: “Allahın ərşi və onu çiyinlərində daşıyanlar var. O, Öz ərşində oturub ki, onun həddi-hüdudu yoxdur. Allah hərəkət edir, danışır, baxır, görür, gülür... Hər axşam dünya səmasına enir. Allah bəndələrinin qəlbləri onun iki barmağının arasındadır və Adəmi Öz əlləri ilə Özünə bənzər surətdə yaratdı.” O, Allah-Taalanın oturduğu yer barədə belə deyir: “Allahın əyləşdiyi yerlə onun kənarında oturan Rəsulullahın (s) yeri arasında dörd barmaq məsafə var.”

Şiələr də davamlı şəkildə imamlardan bu hədislər barədə sorğu-sual edirdilər. “Allahın dünya səmasına enməsi” hədisi barədə imam Kazim (ə) və imam Rzadan(ə) sual olunmuşdur. Yəqub ibn Cəfər Cəfəri deyir: “İmam Kazimin (ə) yanında Allahın dünya səmasına enəcəyini güman edənlər barədə söz açıldı. İmam buyurdu: “Allah-Taala enməz və enməyə də ehtiyacı yoxdur. Onun dərgahında yaxın və uzaq eynidir. Nə yaxın ondan uzaqdır, nə də uzaq ona yaxındır. Onun heç bir şeyə ehtiyacı yoxdur, amma hamının ona ehtiyacı var. O, nemət və fəzilət sahibidir. Ondan başqa Allah yoxdur. O, qüdrətli və hikmətlidir. Amma Allahı “dünyanın səmasına enəcək” deyə vəsf edənlər yanılırlar. Allah barədə bu sözləri deyənlər Onda nöqsan olduğuna inanırlar. Hər bir hərəkət edənə hərəkət verən lazımdır. Hərəkət verən olmadan hərəkət etmək mümkün deyildir. Belə olan surətdə, Allaha hərəkət verən kimdir? Allah barədə belə güman edənlər həlak olacaqlar. Allahı hərəkət etmək, yerini deyişmək, enmək, durmaq və oturmaq kimi məhdudlaşdıran sifətlərlə vəsf etməkdən çəkinin. O, bu sayaq vəsflər və gümanlardan daha uca, daha böyükdür...”

Bu rəvayətdə Allahın dünya səmasına enməsi inkar olunmuş və çox dəqiq ibarələrlə “təşbeh” (Allahın bənzədilməsi) məsələsi Əhli-beyt məktəbində rədd olunmuşdur.

2. “Hədis əhli”nin zahirinə söykəndikləri məsələlərdən biri “ər-rəhmanu ələl ərşis-təva”(Rəhman Allah (varlıq aləminin səltənət və hökmranlıq) taxtın(ın) üzərində qərar tutmuşdur.) – ayəsi idi. Onlar digər ayələri nəzərə almadıqları, dəlil və əqldən istifadə etmədikləri üçün, – uzun illər mötəzilə ilə ziddiyyətlərinin səbəbi də elə bu idi – ancaq ayə və hədislərin zahirinə istinad edirdilər. İmam Kazimdən (ə) bu ayənin izahı haqda soruşulduqda, belə cavab verdi: “Ayədə məqsəd Allah-Taalanın bütün kiçik və böyük işlərə əhatəsinin olmasıdır.”

Bütün məhdudiyyətlərə baxmayaraq, imamların və onların səhabələrinin səyləri nəticəsində Əhli-beyt əqidələri yayıldı və şiə təfəkkürünün təməlləri quruldu. Düzgün və təhrifdən uzaq İslam Əhli-beyt (ə) vasitəsilə qorundu və yaşadı.

İmam Musayi-Kazim (ə)-ın şəhadəti

 

İmam Kazim əleyhissəlamın həyatı barədə qısa məlumat
O Həzrətin adı Musa, ləqəbi Kazim, anası Həmidə adlı çox fəzilətli bir qadın, atası isə altıncı İmam Həzrət Sadiq (əleyhissəlam) olmuşdur. İmam Kazim (əleyhissəlam) hicrətin yüz iyirmi səkkizinci ilində (Mədinənin yaxın kəndlərindən biri olan) Əbva adlı bir yerd dünyaya gəlmiş, hicrətin yüz səksən üçüncü (başqa bir versiyaya görə isə yüz səksən altıncı) ilində şəhid olmuşdur.

İmam Kazim əleyhissəlamın müasiri olmuş xəlifələr
Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) şəhid olduqdan sonra İmam Kazim əleyhissəlamın İmamlıq dövrü başlamışdır. O Həzrət İmam olduğu bu otuz beş (ya da otuz səkkiz) il ərzində aşağıda adları çəkilmiş xəlifələr onun müasiri olmuşdur:
Mənsur Dəvaniqi (137-158 h.q);
Məhəmməd − Məhdi adı ilə tanınmış (158-169);
Musa − Hadi adı ilə tanınmış (169-170);
Harun Ər-Rəşid (170-193).
İmam Sadiq (əleyhissəlam) şəhid olan zaman Mənsur Dəvaniqi öz hakimiyyətinin kulminasiya mərhələsini yaşayırdı. Mənsur elə bir şəxsiyyət idi ki, öz hakimiyyət dayaqlarını möhkəmləndirməkdən ötrü saysız-hesabsız insanları qətlə yetirirdi. O, bu işdə təkcə şiələri deyil, eləcə də, onunla müxalif olan sünni məzhəbinin fəqih və digər böyük şəxsiyyətlərinə ağır əzablar verirdi. Belə ki, Əbu Hənifəni (Abdullahın oğlu və İraqda Abbasilər qiyamının müxaliflərinin başçısı olan) İbrahimi himayə edərək onun (Mənsurun) əleyhinə fətva verdiyinə görə şallaq vurduraraq həbs etdirmişdi.
İmam Kazim (əleyhissəlam) atasının vəfatından sonra iyirmi yaşında İslam hökumətinin (bütün xilafət ərazisinin) xəlifəsi sayılan belə bir zalım hakimlə üzləşmişdi. Mənsur (Mədinə hakimi olan) Məhəmməd ibn Süleymandan İmam Sadiq əleyhissəlamın şəhadət xəbərini eşitdikdən sonra ona bir məktub yazıb bildirdi ki, əgər Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) öz yerinə bir nəfər canişin təyib edibsə, onu çağırtdır və boynunu vur! Çox çəkmədi ki, Mədinə hakimi Bağdada (Mənsura) aşağıdakı məzmunda bir məktub yazdı: “Cəfər ibn Məhəmməd rəsmi şəkildə yazmış vəsiyyətnaməsində beş nəfəri öz canişini təyin etmişdir. O beş nəfər bunlardır:
Dövrün xəlifəsi – Mənsur Dəvaniqi;
(Mədinə hakimi və məktubu yazanın özü) Məhəmməd ibn Süleyman;
Abdullah ibn Cəfər ibn Məhəmməd (İmam Kazim əleyhissəlamın böyük qardaşı);
Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam));
Həmidə (İmam Sadiq əleyhissəlamın həyat yoldaşı);”
Mədinə hakimi bunları yazdıqdan sonra qeyd etmişdi ki, bunlardan hansını çağırıb boynunu vurdurum?
Vəziyyətin belə alınacağını gümanına belə gətirməyən Mənsur həddən artıq bərk qəzəblənib qışqırır ki, bunları öldürmək olmaz!
İmam Sadiq əleyhissəlamın bu vəsiyyətnaməsi tamamilə siyasi bir hərəkət idi. Çünki İmam Sadiq (əleyhissəlam) özündən sonrakı İmamı və öz canişinini qabaqcadan şiələrə tanıtdırmış, lakin Mənsurun bu cür təhlükəli planlarından xəbərdar olduğu üçün yeddinci İmamın canını qorumaq məqsədilə vəsiyyətini bu şəkildə yazmışdı.

Cəfəri məktəbinin hamisi
O dövrün vəziyyətinə nəzər saldıqda məlum olur ki, Mənsur hökumətinin əvvəlcədən üzərində nəzarəti olan hər hansı bir qəti iş və proqramı həyata keçirmək məsləhət olmamışdır. Buna görə də, İmam Kazim (əleyhissəlam) atasının tutduğu elmi yolu davam etdirərək böyük elm ocağı (lakin İmam Sadiq əleyhissəlamın təşkil etdiyi elm ocağından kiçik) yaradıb tanınmış elmli və fəzilətli şəxsiyyətləri yetişdirməyə başlayır.
Seyyid ibn Tavus yazır: “İmam Kazim əleyhissəlamın xüsusi dostlarından böyük bir qismi və həmçinin, Bəni-Haşim qəbiləsinin böyük şəxsiyyətləri o Həzrətin ətrafına yığışaraq onun dürəfşan kəlamlarını, suallara verdiyi cavabları və irəli çıxan məsələlər haqqında verdiyi hökmləri qeyd edirdilər.”
Seyyid Əmir Əli yazır: “Hicrətin yüz qırx səkkizinci ilində İmam Sadiq (əleyhissəlam) Mədinə şəhərində vəfat etdi. Ancaq xoşbəxtlikdən onun təşkil etdiyi elm ocağı bağlanmadı, əksinə o Həzrətin canişini – oğlu İmam Kazim əleyhissəlamın rəhbərliyi sahəsində bu elm ağacı öz parlaqlığını daha da qorudu.”
Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)) öz dövrünün bütün alimlərini heyrətə gətirməklə yanaşı, həm də əxlaqi dəyərlər və ali insani sifətlər baxımından da ad çıxarmışdı. Belə ki, o Həzrətin iftixar dolu həyatı ilə tanışlığı olan alimlərin hamısı onun əxlaqı qarşısında baş əyirlər.
Sünni məzhəbinin görkəmli hədisçisi və alimi ibn Həcər Heytəmi yazır: “Museyi-Kazim (əleyhissəlam) atasının elm və biliyini irs aparmış, atasının fəzilət və kamalına malik olmuşdur. O, (cahil və nadan insanlarla) fövqəladə güzəşt və səbrlə davrandığına görə Kazim ləqəbini almış, onun dövründə heç kim İlahi maarif və bilik baxımından ona çatmamışdır.”

Odun içində qala bilən İmam

İmam Musa Kazım (ə) 128-ci hicri-qəməri ilində Əbvada, Məkkə ilə Mədinə arasında olan məntəqədə dünyaya gəlmiş, 183-ci hicri-qəməri ilinin Rəcəb ayının 25-də 55 yaşında Bağdadda şəhid edilmişdir. 35 il imamətlik etmişdir. Həzrətin (ə) künyəsi Əbu İbrahim, Əbul-Həsən, Əbu Əli idi, Kazim adı ilə məşhur idi.
İmam (ə) həyatı boyunca çox sayda möcüzələr və kəramətlər göstərmişdir ki, onlardan ən məşhur olanlarını təqdim edirik.

Əli ibni Yəqtin nəql edir: “Harun bir sehirbazı çağırır ki, onun vasitəsilə İmam Kazımı (ə) məclisdə xəcalətli etsin. Süfrə açılır və həmin sehrbaz çörəyə əfsun oxuyur. İmam Kazım (ə) süfrədə əlini çörəyə atır və çörək göyə qalxır və onu tutmağı bacarmır. Hamı bu səhnəni görüb gülür, Harun xüsusi ləzzət alır. İmam (ə) başını pərdənin üzərində çəkilmiş şir şəklinə çevirir və buyurur: “Ey Allahın şiri! Allahın düşmənini tut!”. Həmin şəkil böyüyür və sehrbazı udur. Harunla dostları bu səhnəni görüb özlərindən gedirlər. Bu mənzərəni gördükləri üçün ağılları başlarından uçur. Huşa gələn zaman Harun, Həzrətə (ə) deyir: “Sənin üzərində olan haqqıma görə əmr et həmin şəkil udduğu adamı geri qaytarsın”. İmam (ə) buyurur: “Əgər Musanın (ə) əsası udduğunu qaytarsaydı, o da həmin kişini qaytarardı”.

Zəkəriyyə ibn Adəm nəql edir: “İmam Rza (ə) buyurub: “Atam o insanlardan idi ki, beşikdə dil açmışdır””.

Yəqub Sərac nəql edir: “İmam Sadiqin (ə) yanına getmişdim və gördüm ki, İmam Kazımın (ə) beşiyinin kənarında dayanıb bir müddət ona öz sirlərini dedi. Mən əyləşib gözlədim və İmam (ə) sirlərini söyməkdən ayrıldı. Həzrətə (ə) hörmət əlamət olaraq yerimdən qalxdım. Mənə buyurdu: “Mövlanın yanına gəl və ona salam ver”. Mən yaxınlaşıb salam verdim və beşikdə olan körpə mənim salamımın cavabını fəsih şəkildə verdi. Buyurdu: “Elə indi evinə get və dünən qızına qoyduğun adı dəyişdir, çünki o adı Allah sevmir”. Bəli, mənim qızım var idi və adını Həmira qoymuşdum. İmam Sadiq (ə) buyurdu: “Oğlumun əmrini yerinə yetir ki, nicat ondadır”.

İmam Kazımın (ə) qardaşı Abdullah Əftəh nəql edir: “İmamət mövzusunda İmam Kazımla (ə) mübahisə edirdik. İmam (ə) atəş yandırdı və saatlarla onun ortasında əyləşdi, insanlarla bu halda söhbət etdi. Sonra ayağa qalxdı və mənə buyurdu: “Əgər sən imamsansa, belə et””.

İbrahim ibn Səyid nəql edir: “İmam Kazımın (ə) zindandakı hücrəsinə bir neçə vəhşi heyvan saldılar ki, Həzrəti (ə) parçalasın. Bu vəhşi heyvanlar İmamın (ə) yanında müti və itaətkar oldular, Həzrəti (ə) imam adlandırdılar və Harunun şərindən Allaha pənah apardılar. Bu xəbər Haruna çatan kimi, İmamı (ə) azad etdi. Dedi: “Qorxuram ki, məni, insanları və ətrafımda olanları özünə məftun etsin”.

İmam Musa Kazımın(ə) şəhadəti

İmam Musa Kazımın (ə) şəhadəti münasibətilə Əhli-Beyt (ə) cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumu və “Zeynəb” (s.ə) Qadınlar Birliyi əziz müsəlmanlara və oxucularımıza başsağlığı verir.


İMAM KAZİMİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ.

Yeddinci imam olan Museyi-Kazım (ə) hicrətin 128-ci ilində (miladi 745) dünyaya gəlmişdir və 183-cü (miladi 799) ilində şəhid edilmişdir. Altıncı imam Həzrət Cəfər Sadiqin (ə) oğlu olan İmam Museyi-Kazim (ə), həyatı boyunca çox ağır zülmlər görüb. İmam Musa Kazım (ə) Əhli-beytin (ə) nurlu yolunu qoruyur, bütün zülmlərə, yanlışlıqlara, sapmalara qarşı layiqincə mübarizə aparırdı. O Həzrət (ə), digər İmamlar (ə) kimi gecələri bir-bir kasıbların, köməyə möhtacların evlərini ziyarət edər, onlara lazım olan köməyi edərdi. Eynilə ataları kimi bunları özünü tanıtmadan, qürurlanmadan edərdi.

Əməvi səltənəti yıxılıb, yerinə Abbasilər keçdiyi zaman, çoxsaylı Əhli-beyt (ə) tərəfdarları təqiblərini bitdiyini ehtimal etdilər. Amma qısa bir müddət keçmədən, Abbasilər də Əməvilərin yolunu davam etdirdilər, hətta yeni zülmlərə əl atdılar. Abbasi idarəçilərinin qorxusu, xalqın Əhli-beyt (ə) övladlarını rəhbərlikdə görmək istəyindən irəli gəlirdi. Çünki Abbasilər Əhli-beyt (ə) adından istifadə edərək, Əməviləri devirmişdilər. Abbasilər öz iqtidarlarına görə, başda Əbu Müslim Xorasani olmaqla, Əhli-beyt (ə) davamçılarına borclu idilər. Çünki Əməvi səltənətini yıxan, ona ən əhəmiyyətli zərbəni vuran - böyük Əhli-beyt (ə) öndərlərindən olan Əbu Müslim Xorasani olmuşdur. Amma Abbasilər başda Əbu Müslim olmaqla bir çox Əhli-beyt (ə) davamçılarını vəhşicəsinə qətlə yetirməkdən belə, çəkinmədilər.

Fəxx hadisəsi
“Peyğəmbər xəlifələri” kimi özlərini tanıtdıran Abbasilərin özbaşınalığı və İslam dininə zidd hərəkətləri müsəlmanlar arasında narazılığa səbəb olmuşdu. Xüsusən Həzrət Peyğəmbərin (s) nəsli olan Bəni-Haşim bu məsələdə olduqca həssas idi. İmam Həsənin (ə) nəslindən olan Hüseyn ibn Əli, İmam Museyi-Kazimın (ə) əmri ilə Mədinədə xəlifə Hadinin hakimiyyətinə qarşı qiyam etmək məqsədilə ordu topladı. Mədinə valisinin Bəni-Haşimə qarşı etdiyi təzyiqlər Hüseyni qiyamı sürətləndirməyə vadar etdi. Hüseynin planına əsasən, həcc mövsümündə o, öz qoşunu ilə Məkkəyə doğru getməli və xilafətn müxtəlif bölgələrində olan müsəlmanları xəlifəyə qarşı qiyama çağırmalı idi. Hüseynin Məkkəyə tərəf hərəkət etdiyindən xəbər tutan xəlifə, onların üstünə qoşun göndərir. İki qoşun Fəxx adlı bir yerdə qarşılaşır və qızğın döyüşdən sonra Hüseynin ordusu məğlub olur. Sağ qalan əsgərləri əsir götürüb, qətlə yetirirlər və onların başlarını xəlifənin hüzuruna göndərirlər. İmam Təqi (ə) daha sonra bu hadisə barəsində söyləyəcək: “Kərbəla facisəindən sonra bizim üçün heç bir faciə Fəxx faciəsi kimi dəhşətli olmayıb”.

İmam Kazimin (ə) Fəxx faciəsi ilə əlaqəli olduğunu bilən xəlifə Hadi, o Həzrəti (ə) ölümlə hədələdi. Ancaq çox keçmədi ki, cəmi 1 il hakimiyyət edən xəlifə öldü. Ondan sonra hakimiyyətə gələn Harun Ər-Rəşid, əziz İmamı (ə) sürgün etdirərək, həbsə atdırdı.

İmam Musa Kazım (ə) zindanda
İmam Kazim (ə) ömründə iki dəfə Mədinədən sürgün olunub. Birinci dəfə xəlifə Mehdinin dövründə, ikinci dəfə isə Harunun dönəmində.
Harun öz hakimiyyəti dövründə hesab edirdi ki, İmam Museyi-Kazim (ə) böyük var-dövlətə sahib olub, öz ətrafına müxalif qüvvələri toplayacaq. Əhalinin böyük hissəsinin öz xüms və zakatlarını İmama (ə) verdiklərini xəlifə çox yaxşı bilirdi. Bu səbədən, Harun Mədinəyə səfəri zamanı İmam Kazimi (ə) həbs etmək qərarına gəlir. Mədinə valisinə tapşırıldı ki, İmam (ə) Bəsrəyə göndərilib, orada həbs olunsun. Bir il Bəsrə zindanında qaldığı müddətdə İmam Kazim (ə) Bəsrə valisini öz əxlaqı və mənəviyyatı ilə o qədər təsirləndirmişdi ki, vali xəlifənin İmamı (ə) öldürmək əmrinə qarşı çıxdı. Bundan sonra xəlifənin tapşırığı ilə İmam Kazimi (ə) Bağdada aparıb burada həbsdə saxladılar. Zindanın rəisi Bəsrə valisi kimi İmamın (ə) mənəviyyatının təsirinə düşərək, xəlifədən o Həzrətin (ə) başqa zindana köçürülməsini xahiş etdi. Zindanların dəyişilməsinin səbəbi bundan ibarət idi ki, Harun zindan qarovulçularından İmamı (ə) öldürmələrini tələb etdikdə, onların heç biri bu işi görməyə razı olmurdu. Üçüncü zindanın məsulu Sind (lən) İmamı (ə) zəhərləməyə razı oldu və hicri 183-cü ildə 55 yaşında İmam Musa ibn Cəfər Kazim (ə) şəhadətə çatdı.

Harun yalançı şahid gətirməklə çalışdı ki, İmamın (ə) zindanda öz əcəli ilə öldüyünü isbat etsin və bu hiylə ilə həm özünə bəraət qazandırsın, həm də İmamın (ə) tərəfdarlarının üsyanının qarşısını alsın. Lakin onun bu hiyləsi baş tutmadı və nəhayət, Harunun qohumlarından olan Süleymanın cəhdləri nəticəsində Bağdadda üsyan baş verdi ki, bu da İmamın (ə) mütəhhər mübarək bədəninin gizlincə dəfn edə bilməmələrinə, eləcə də Harunun özünün də əzadarlara qoşularaq dəfn mərasimində iştirak etmək məcburiyyətində qalmasına səbəb oldu. Nəhayət, İmam Musa Kazim (ə) xalqın matəm və əzası altında İraqda, Kazimeyndə torpağa tapşırıldı. O Həzrətin (ə) məzarı bu gün də müsəlmanların ziyarətgahıdır.

İmamın (ə) təbliğ nümunəsi

Bir gün İmam Museyi-Kazim (ə) bir küçədən keçəndə, bir evdən çal-çağır səsini eşitdi. Zadəganlardan sayılan ev sahibi özü üçün kef məclisi qurub, əylənməklə məşğul idi. Bu zaman evin qapısı açıldı və zibilləri bayıra atmaq üçün bir kəniz eşiyə çıxdı. Kənizin gözü İmama (ə) sataşan kimi, ona salam verdi. İmam (ə) ondan soruşdu: «Bu evin yiyəsi quldur, ya azad?»
Kəniz, "Azaddır", - dedi.
İmam (ə) buyurdu: «Azad olduğu bəllidir. Әgər bəndə olsaydı, Allahdan qorxub bu işləri görməzdi».
Kəniz evə qayıtdıqdan sonra ağası nə üçün gecikdiyini ondan soruşduqda, kəniz əhvalatı olduğu kimi onun üçün danışdı.
O kişi bir az duruxub, İmamın (ə) sözləri barədə düşündü. Birdən yerindən qalxıb ayaqyalın İmamın (ə) dalınca qaçdı. Özünü o Həzrətə (ə) yetirib, salam verdi və İmamın (ə) hüzurunda öz əməlindən peşman olduğunu söyləyib, tövbə etdi. O gündən sonra kef məclisini ibadətgaha çevirdi və həmin günün xatirəsini əbədi yaşatmaq üçün o gündən etibarən ayaqyalın gəzərdi. Buna görə də ona Büşri-hafi (ayaqyalın Büşr) deyirdilər.

Allah Təala bizləri İmam Museyi-Kazimin (ə) şəfaətindən binəsib etməsin!