Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

İlahi Hidayət Çırağının Doqquzuncu Nuru İmam Cavad (ə)-ın şəhadəti günüdür

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Zil Hiccə ayının sonuncu günü hüzünlə dolu günlərdən biri olaraq yaddaşlarda əbədi həkk olub. Bu gün və onun gecəsi Bəşər və Cin tafalarının doqquzuncu İmamı, İmam Məhəmməd Təqi, əl-Cəvadın (əleyhis səlam) şəhadət günüdür.

Biz ABNA olaraq bu hüznlə əlaqədar ilk öncə Zamanın Sahibi, İmam Məhdi (Allah onun zühurunu tezləşdirsin) həzrətlərinə, o həzrətin haqq naibi İmam Xamenei cənablarına və ümümbəşəriyyətə dərin təsliyyət ərz edirik.

İmam Məhəmməd Təqinin (ə) həyatı barədə qısa məlumat
Doqquzuncu İmamın adı Məhəmməd (əleyhis səlam), künyəsi Əbu Cəfər(əleyhis səlam), ləqəbi Təqi və Cavad (əleyhis səlam) olmuş, hicrətin yüz doxsan beşinci ilində miladi tarix ilə 811-ci ildə Mədinə şəhərində dünyaya göz açmışdır. Atası İmam Rza (əleyhis səlam) Peyğəmbərin (səlləllahu əleyhi və alih) həyat yoldaşı olmuş Mariya Qibtiyyənin nəslindən hesab olunan Səbikə (əleyha salam) xanım ilə ailə həyatı quraraq ondan təkcə bir övlad İmam Cavadı (əleyhis səlam) dünyaya gətirmişdir. Həzrəti İmam Rza (əleyis səlam) Səbikə (əleyha salam) xanımı “Xəzaran” adlandırardı. Səbikə (əleyha salam) xanım daim əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durmuş və öz dövrünün qadınlarının ən üstünü hesab olunurdu. Belə ki, İmam Riza (əleyhis səlam) o xanımı pak,nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi.
İmam Cavadın (əleyhis səlam) atası İmam Riza (əleyhis səlam) Şəhid olduqda o həzərətin təxminən səkkiz yaşı olmuş, miladi tarix ilə 818 –ci ildə İmamət məqamına nail olaraq, iyirmi beş yaşında ikən miladi tarixi ilə 835-ci ildə Şəhadətə yetişmiş və Bağdadın Qüreyş qəbristanlığında babası İmam Kazimin (əleyhis səlam) məzarının yanında İraqın indiki Kazimeyn şəhərində dəfn olunmuşdur.

İmam Cavadın (ə) elmi məktəbi
Bildiyimiz kimi İmamların həyatındakı ən əsas cəhətlərdən biri onların mədəni-maarif sahəsinə diqqət etmələri olmuşdur. İmamların hər biri öz dövründə mədəniyyət sahəsində fəaliyyət göstərmiş və şagirdlər yetişdirərək onlar vasitəsilə öz elmlərini cəmiyyət arasında yaymışlar. Ancaq onların (İmamların) dövründə siyasi-ictimai şərait heç də yeknəsəq olmamışdır. Məsələn, İmam Baqir (əleyhis səlam) və İmam Sadiqin (əleyhis səlam) dövründə şərait çox yaxşı olmuş, buna görə də, İmam Sadiqin (əleyhis səlam) şagirdlərinin sayı dörd minə çatmışdı. İmam Cavaddan (əleyhis səlam) başlayaraq İmam Əskərinin (əleyhis səlam) dövrünə qədər isə siyasi təzyiqlər və onların fəaliyyətinin hökumət tərəfindən nəzarət altına alınmasına görə bu İmamların fəaliyyəti çox məhdud olmuş, buna görə də, onların şagirdlərinin sayı İmam Sadiqin (əleyhis səlam) şagirdlərinin sayı ilə müqayisədə həddən artıq az olmuşdur. Deməli,"İmam Cavadın (əleyhis səlam) yüz on nəfərə yaxın şagirdi olmuş və o Həzrətdən cəmi iki yüz əlli hədis rəvayət edilmişdir" deyildikdə heç də təəccüblənməməliyik. Çünki o Həzrət bir tərəfdən ciddi nəzarət altında olmuş, digər tərəfdən də, tez bir vaxtda şəhid olmuş və bütün tarixçilərin dediyinə görə cəmi iyirmi beş il ömür sürmüşdür. Eyni zamanda nəzərə almaq lazımdır ki, İmam Cavadın (əleyhis səlam) bu azsaylı şagirdlərinin arasında Əli ibn Məhziyar, Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti, Zəkəriyya ibn Adəm,Məhəmməd ibn İsmayıl ibn Bəzi, Hüseyn ibn Sənd Əhvazi, Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi kimi elm və fiqh sahəsində sayılıb-seçilən,özünəməxsus mövqeyi olan şəxslər də olmuşdur. Bunlardan bəziləri çoxlu əsərlər də yazmışlar. Başqa bir məsələ isə budur ki, İmam Cavaddan (əleyhis səlam) hədis söyləyən şəxslər təkcə şiələr olmamış, eləcə də sünni məzhəbinin alim və hədisçiləri də bir sıra İslami maarif və həqiqətləri o Həzrətdən rəvayət etmişlər. Misal üçün qeyd etmək olar ki, Xətib Bağdadi o Həzrətdən çoxlu hədis rəvayət etmişdir. Həmçinin, Hafiz Əbdüləziz ibn Əxzər Cənabəzi "Məalimül-itrətit-tahir" adlı kitabında, eləcə də, Əbu Bəkr Əhməd ibn Sabit,Əbu İshaq Sələbi və Məhəmməd ibn Mindət ibn Mehrbaz kimi müəlliflər öz tarix və təfsir kitablarında İmam Cavaddan (əleyhis səlam) çoxlu hədislər rəvayət etmişlər.

Alimlərin nəzərində İmam Cavad əleyhissəlamın şəxsiyyəti
İmam Cavad əleyhissəlamın söhbətləri elmi mübahisələri böyük elmi və fiqhi müşkülatları həll etməsi İslam alimlərini istər şiə olsun istərsə də sünni, heyran qoymuş onlar İmam əleyhissəlamın şəxsiyyətinin bu cür əzəməti qarşısında öz təəccüblərini gizlədə bilməmiş və onların hər biri o Həzrəti bir vasitə ilə tərifləmişdir. Nümunə üçün Səbt ibn Əl-Cuzinin dediyini qeyd etmək olar: “O elm təqva zahidlik və səxavətdə atasının tutduğu yolu gedirdi (Təzkirətül-xəvass, səh.359).”
İbn Həcər Heytəmi yazır: “O, yaşının az olmasına baxmayaraq, elm bilik və helm baxımından bütün alimlərdən üstün olduğu üçün Məmun öz qızını ona ərə vermək istəyirdi (Əs-səvaiqül-mühriqə, səh.205).”
Şəbəlnəci deyir: “Məmun daima onun vurğunu olmuşdur. Çünki yaşının az olmasına baxmayaraq, öz fəzilət elm və ağıl-kamalı ilə əzəmətini sübuta yetirmişdi (Nurul-əbsar, səh.161).”
Şiə məzhəbinin böyük ustadı Şeyx Müfid və həmçinin, Fəttah Nişaburi İmam Cavad əleyhissəlamı bu cür yad etmişlər: “Məmun onun vurğunu olmuşdu. Çünki o görürdü ki, o Həzrət yaşının azlığına baxmayaraq elm hikmət ədəb və əqli kamillik baxımından elə yüksək mərtəbəyə yetişmişdir ki o dövrün böyük elmi şəxsiyyətlərinin heç biri o mərtəbəyə yetişməmişdi (Əl-İrşad, səh.319).”
Əli əleyhissəlamın ailəsinin düşmənlərindən olan mötəzilə Cahiz Osmani İmam Cavad əleyhissəlamı camaatın sevimli şəxsləri olan on nəfərin sırasına daxil edərək onların barəsində demişdir: “Onlar alim zahid ibadətlə məşğul olan şücaətli səxavətli və pak insanlar olmuşlar. Onlardan bəziləri xəlifə bəziləri də xəlifəliyə namizəd olmuşlar. Bu on nəfər biri digərinin oğlu olmuşdur. Onlar aşağıdakılardır: Həsən ibn Əli (İmam Həsən Əsgəri (əleyhissəlam)) Əli ibn Məhəmməd (İmam Əliyyən Nəqi (əleyhissəlam)) Məhəmməd ibn Əli (İmam Cavad (əleyhissəlam)) Əli ibn Musa (İmam Riza (əleyhissəlam)) Musa ibn Cəfər (İmam Kazim (əleyhissəlam)) Cəfər ibn Məhəmməd (İmam Sadiq (əleyhissəlam)) Məhəmməd ibn Əli (İmam Baqir (əleyhissəlam)) Əli ibn Hüseyn (İmam Səccad (əleyhissəlam)) Hüseyn ibn Əli (İmam Hüseyn (əleyhissəlam)) və Əli ibn Əbutalib (Həzrət Əli (əleyhissəlam)). Ərəb və əcəm (qeyri-ərəb) nəsillərinin heç biri bu cür şərafətə malik olmamışdır (İmam Cavad əleyhissəlamın siyasi həyatına bir baxış, səh.106).”

İmam Cavadın (əleyhis səlam) şəhadəti
Hicrətin iki yüz on səkkizinci ilində Məmun vəfat edir. Ondan sonra qardaşı Mötəsim xəlifə olur. O, İmam Cavadı (əleyhis səlam) öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (əleyhis səlam) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: "Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavadın (əleyhis səlam) verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki, müsəlmanların yarısı onu əsl xəlifə, səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur."
Qəlbində İmam Cavada (əleyhis səlam) qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmamı (əleyhis səlam) öldürmək fikrinə düşdü. Nəhayət, o, öz çirkin məqsədini həyata keçirib İmam Cavadı (əleyhis səlam) vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (əleyhis səlam) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.

İmam Əliyyən Nəqi(ə.s) haqqında

 

Bu gün Əhli-beyt (ə) davamçılarının onuncu İmamı - İmam Əliyyən-Nəqinin (ə) mövlud günüdür. İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur.
Atası İmam Cavad (ə),
Anası isə hörmətli Səmanə xanım olmuşdur.
Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” də deyirdilər.

İmam Hadi (ə) 220-ci hicri ilində atasının şəhadətindən sonra imamlıq məqamına çatdı. O, hələ uşaq olmasına baxmayaraq, bütün şiələrin diqqətini özünə cəlb etmişdi. Belə ki, Abbasi xəlifələri ondan çox çəkinir və onu müxtəlif yerlərə sürgünə göndərirdilər. O Həzrətin (ə) İmamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin iki yüz əlli dördüncü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur.

Çətin dövr

İmamların öz mübarizələrinə, eləcə də zülmkar hökmdarlara qarşı müxalifətlərinə davam etmələri İslam və şiəlik tarixinin ən parlaq səhifələrindən sayılır. Onların zülmü ilə barışmamaları və yoxsulların tərəfini saxlamaları zülmkarları qəzəbləndirirdi.Həzrət Hadi (ə) həyatı boyu yeddi Abbasi xəlifəsini görmüşdü. Lakin o Həzrətin yaşadığı ən ağır dövr Mütəvəkkilin xəlifə olduğu dövrdür. Çünki Mütəvəkkil çirkin, imansız və şöhrətpərəst bir adam idi. Zahirdə özünü dindar göstərsə də, bu oyun yalnız siyasi hədəflərini həyata keçirməkdən ötrü idi. Mütəvəkkil hicrətin iki yüz otuz altıncı ilində əmr verdi ki, şəhidlər ağası İmam Hüseynin (ə) məqbərəsi və onun ətrafında olan binalar (tikililər) sökülərək, əkin sahəsinə çevrilsin. Eyni zamanda o Həzrətin ziyarətinin qarşısını almaq məqsədilə yaxınlıqda gözətçilər saxlanılsın.

İmam Hüseynin (ə) qəbrini heç bir müsəlman sökməyə hazır olmadığı üçün bu işi əsli yəhudi olan Dizəc adlı bir şəxs yerinə yetirir. Mütəvəkkil İmam Hüseynin (ə) qəbrinin ziyarət edilməsini qadağan edərək bildirir ki, əgər bir nəfər ora ziyarətə gedərsə, mütləq cəzalandırılacaq. O qorxurdu ki, İmam Hüseynin (ə) məqbərəsi hökumət əleyhinə bir qərargaha çevrilib, o Həzrətin şəhadəti xilafətin zülmlərinə qarşı yönəldilmiş qiyamlara ilham bağışlasın. Ancaq o Həzrətin şiə və dostları, onu sevənlər bir an olsun belə, o müqəddəs qəbrin ziyarətindən qalmır və min bir müsibətə, əzab-əziyyətə qatlaşaraq, yenə oranı ziyarət etməyə gedirdilər. Mütəvəkkilin ölümündən sonra Əhli-beyt (ə) yolunun davamçıları əl-ələ verib İmam Hüseynin (ə) məqbərəsini yenidən bərpa etdilər.

İmam Hüseynin (ə) məqbərəsinin sökülməsi müsəlmanları bərk qəzəbləndirdi. Bağdad əhalisi bütün küçələrə, divarlara, məscidlərə Mütəvəkkilin əleyhinə şüarlar yazmağa, mübariz şairlər isə onun əleyhinə şeirlər yazaraq onu tənqid etməyə başlayırlar.

İmam Hadi (ə) kəraməti

Bir gün yaltaq adamlardan biri Mütəvəkkilə belə dedi: «Siz nə üçün məmurlarınıza İmam Hadiyə (ə) hörmət etmələrini və o içəri girəndə pərdələri qaldırmaları və qapıları açmalarını əmr edirsiniz? Bu işlər sizin şərəfinizi alçaldır. Qoy İmam (ə) da başqa adamlar kimi gəlib getsin ki, xalqın gözündə nüfuzdan düşsün. Mütəvəkkil onun istəyini qəbul edib, məmurlarına əmr etdi ki, İmam (ə) gələndə pərdələri qaldırmayıb, qapıları açmasınlar.
Bir gün məmurlardan birisi qaça-qaça Mütəvəkkilin yanına gəlib dedi: «İmam (ə) gəlir, lakin hər qapıya çatanda qapılar öz-özünə açılır və pərdələr qalxırlar. Bu vəziyyət artıq hamının diqqətini cəlb edib, əgər belə davam etsə, İmamın (ə) dəyəri və üstünlüyü hamıya bəlli olacaq, nəticədə isə sənin hökumətin təhlükəyə düşəcək».
Mütəvəkkil dərhal məmurlarına əmr etdi ki, İmamla (ə) əvvəllər olduğu kimi davranaraq, o Həzrətə daha artıq hörmət etsinlər.

Haqq yolunda şəhadət

Bir gün Mütəvəkkil uşaqlarının müəllimi olan ibn Sikkitdən «Mənim uşaqlarımı çox sevirsən, yoxsa Peyğəmbərin iki oğlu Həsən və Hüseyni?» - deyə soruşdu.

O, dərhal və cəsarətlə belə cavab verdi: «Həzrət Əlinin (ə) qulu olan Qənbəri də səndən və sənin uşaqlarından daha artıq sevirəm!»
Bu zaman Mütəvəkkil yerində qovrularaq ilan kimi dərhal əmr etdi ki, bu böyük şəxsiyyətin dilini boxazından çıxarsınlar və beləliklə onu 58 yaşında ikən şəhid etdilər.

İmamın elmi məqamı

Həzrət Hadinin (ə) elmi nübüvvət məktəbindən qaynaqlandığı üçün elm nuru mübarək ürəyinə saçılaraq, onu yaradılış sirrindən xəbərdar edirdi. Bir gün Rum padşahı Abbasi xəlifələrindən birinə belə bir məktub yazdı: «İncildə oxuduğumuza görə səmavi bir surə vardır ki, hər kəs onu oxuyub əməl etsə, Allah onu cəhənnəmə atmayacaqdır. Bizə həmin surənin hansı surə olduğunu yazın. Çünki biz onu İncildə tapa bilmədik».
Abbasi xəlifəsi bütün alimləri toplayaraq, bu barədə onlardan soruşdu, lakin heç biri cavab verə bilmədi. Xəlifə İmam Hadini (ə) də dəvət edərək, həmin məsələni ondanda da soruşdu. İmam (ə) belə buyurdu: «O, hər bir müsəlmanın gecə-gündüz neçə dəfə namaz üstə oxuduğu “Həmd” surəsidir». Həzrət (ə) daha sonra bir sıra əlavə izahat da verərək, bütün alimləri heyrətdə qoydu. İmamın (ə) verdiyi cavabı Rum padşahına göndərdilər. O da məktubu oxuyaraq sevindi və müsəlmanlığı qəbul etdi.

15 zil-hiccə - İmam Əliyyən Nəqinin (ə) mövlududur

İmam Əliyyən-Nəqinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də Mədinə yaxınlığındakı Sərya adlı məntəqədə dünyaya gəlmişdir. Atası imam Mühəmməd Cavad (ə), anasının adını isə Səmanə və yaxud Süsən qeyd etmişlər. (“Əl-irşad”, Şeyx Müfid, s. 327)

İMAM HADİNİN (Ə) MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR

İmam Əliyyən-Nəqi (ə) imam olduğu müddətdə aşağıda adları çəkilən Abbasi xəlifələrinin müasiri olmuşdur: Məmunun qardaşı Mötəsim (218–227 h.q); Mötəsimin oğlu Vasiq (227–232 h.q); Vasiqin qardaşı Mütəvəkkil (232–247 h.q); Mütəvəkkilin oğlu Müntəsir (altı ay); Müntəsirin əmisi oğlu Müstəin (247–251 h.q); Mütəvəkkilin digər oğlu Mötəzz (251–255 h.q).

İMAM HADİNİN (Ə) İMAMƏTİ

İmam Əliyyən-Nəqi (ə) 220-ci hicri ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamət məqamına çatmışdır Şiələr imamın həddi-büluğa çatmamışdan öncə imamətə çatması məsələsini imam Cavadın (ə) üzərində təcrübə və həll etdiklərindən imam Əliyyən-Nəqinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Şeyx Müfid və Növbəxtinin qeydlərinə görə, imam Cavadın (ə) şiələrindən bir neçəsindən başqa, hamısı imam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etdilər. İmam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etməyən az bir qrup isə, yalnız qısa bir müddət “Musa Mübərqə” adı ilə məşhur olan və Qum şəhərində dəfn edilən Musa ibn Məhəmmədin (vəfat tarixi: 296-cı h.q. ili) imamətinə inandılar. Amma bir müddət keçdikdən sonra onun imamətindən üz çevirib imam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etdilər. Səd ibn Abdullah onların imam Əliyyən-Nəqiyə (ə) üz tutmasına səbəb kimi, Musanın özünün onlardan yorulması və onları öz ətrafından qovmasını göstərmişdir. (“Əl-məqalatu vəl-firəq”, s. 99.)

O həzrət otuz iki il imamət etmiş, qırx bir il və bir neçə ay həyat sürmüş, hicrətin 254-cü ilinin Rəcəb ayında, iyirmi il doqquz ay Samirra şəhərində yaşadıqdan sonra Abbasi xəlifəsi Mötəzzin vasitəsilə şəhadətə yemiş və öz evində də torpağa tapşırılmışdır.

Xoşagəlməz gün olurmu? – İmam Hadidən (ə) mübarək aydınlatma

 

Bəzən insan zehninə belə bir fikir gəlir ki, görəsən həqiqətən bəzi zamanlar və məkanlar insan həyatına təsir qoyur? Məgər pis və şər olmağı zaman və günlərə nisbət vermək olarmı? İmam Hadi (ə) bu sualın cavabını belə vermişdir.

Həsən ibni Məsud nəql edir: “Həzrət Əbulhəsən Hadinin (ə) xidmətinə getmişdim. Həmin gün mənim üçün bir neçə xoşagəlməz və acı hadisə baş vermişdi. Barmağım yaralanmışdı, atlı ilə toqquşduğuma görə çiynim zədə görmüşdü, gözlənilməz bir davada paltarlarım cırılmışdı. Bu narahatlıqlarıma görə Həzrətin (ə) yanında dedim: “Mənim üçün necə də xəcalətli bir gün idi. Allah bu günün şərini məndən saxlasın”.

İmam (ə) mənə buyurdu: “Ey Həsən! Bu (nə sözdür ki, deyirsən) halbuki, sən bizimləsən. Günahlarını günahsızların boynuna atırsan. (Günün nə günahı vardır ki?)”.

Həsən ibni Məsud dedi: “İmamın sözlərini eşidən kimi özümə gəldim və səhvimi başa düşdüm”. Dedim: “Ağacan! Mən səhv etmişəm və Allahdan bağışlanma istəyirəm”.
İmam (ə) buyurdu: Ey Həsən! Günlərin nə günahı vardır ki, siz nə zaman xatalarınıza və yanlış əməllərinizə görə cəzalanırsınız, günlərə qarşı bədbin olursunuz və günlər üçün pis sözlər deyirsiniz?”.

Həsən dedi: “Ey Allahın Rəsulunun oğlu! Həmişəlik tövbə edirəm və bir daha rəftarlarımı günə nisbət verməyəcəyəm”.
İmam (ə) buyurdu: “Ey Həsən! Yəqin ki, Allah Təala mükafat verəcək və əvəz verəcəkdir”.

İMAM HADİNİN (Ə) DUA, MÜNACAT VƏ ZİYARƏTƏ BAĞLILIĞI

Şiə çox zəngin dua, münacat və ziyarət mədəniyyətinə malikdir ki, islami təriqətlərin heç birində bu qədər dua, münacat və ziyarət yoxdur. Elə bu da şiə mədəniyyəti və cəmiyyətində dini ixlas və nəfsin saflaşması və paklanmasını gücləndirən şiəliyin mənəvi çöhrəsinin əlamətidir.

Şiə imamları arasında duanın çox önəmli və uca yeri vardır. Onlardan bəziləri dua haqqında çox təkid etmiş və bu barədə qiymətli bir irs qoymuşlar. İmam Hadi (ə) öz proqramında dua və ziyarətə çox əhəmiyyət vermiş, şiələri tərbiyə etməkdə, şiə mədəniyyət və təlimləri ilə tanış etməkdə dua və ziyarət qəliblərindən geniş surətdə istifadə etmişdir. Bu dualarda Allahla raz-niyaz etməklə yanaşı, bəzi siyasi-ictimai məsələlərə də müxtəlif şəkillərdə işarə olunmuşdur. Elə bu işarələr şiənin siyasi həyatında çox təsirli olmuş və nizamlı olaraq bəzi xüsusi məfhumları onların cəmiyyətinə təlqin etmişdi. İndi bu dualarda bəhs edilən bəzi məsələlərə işarə edirik:

1. Camaatla Əhli-beyt (ə) arasında rabitə yaratmaq: Mühəmməd (s) və Ali-Mühəmmədə (ə) tez-tez salavat göndərməyin kənarında ümmət və Ali-Mühəmməd (ə) arasında möhkəm və qırılmaz bağlılıq yaratmağa xüsusi təkid edilmişdir. Nümunə olaraq, bu duanın bir hissəsinə diqqət yetirin: “İlahi, Mühəmmədə (s) və Əhli-beytinə salam və salavat göndər, mənimlə onlar arasında olan əlaqəni dünya və axirətdə kəsmə və mənim əməllərimi onların hörmətinə xatir qəbul et!” (“Misbahul-mutəhəccid”, s.239.)

2. Əhli-beytin (ə) uca məqamı və rəhbərliyinə təkid etmək: İmam Hadidən (ə) nəql edilən və əlimizə çatmış ziyarətnamələrdə Əhli-beytin üstünlüyü, onların İslam ümmətinin rəhbəri olduğuna tez-tez təkid edilmiş və Rəsulullahın (s) xüsusi mənada Əhli-beyti “rəhmət mədənləri”, “elm xəzinədarları”, “ümmətin qüdrətliləri”, “Allahın əmanətdarları”, “hidayət imamları”, “peyğəmbərlərin varisləri”, “dünya və axirət əhlinin höccətləri” və s. kimi təbirlərlə vəsf edilmişdir. (“Mən la yəhzuruhul-fəqih”, c.2, s.60) Həmin ziyarətamədə hidayət imamlarına xitab olunaraq belə deyilir: “Şəhadət verirəm ki, siz, hidayət edən,hidayət olmuş, məsum, fəzilətli, Allaha yaxın, təqvalı, sadiq, Allah tərəfindən seçilən vəOna itaət edən imamlarsınız.”

Burada imamların (ə) spesifik xüsusiyyət və fəzilətlərini qeyd etməklə yanaşı, imam Hadi (ə) şiələrə “imam” sözünə dəqiq şəkildə tərif vermiş və imamda zəruri xüsusiyyətləri bildirmişdir.

3. Əhli-beyt (ə) məktəbinə təkid etmək: “Dua” və “ziyarətnamə”lərin başqa bir hissəsində o həzrət şiələrə imamların uca məqamını öyrədir. Onlar barədə şəhadət verərkən deyir: “Allah yolunda lazım olduğu kimi cihad etdiniz, dəvətini elan, ilahi hökmləribəyan etdiniz və sərhədlərini canlandırdınız. Allahın hökmlərini yaydınız və ilahi adət-ənənələri qorudunuz. Quranın “təvil” və “tənzil”i, Allahın ayələri, nuru, açıq-aşkar dəlili sizin yanınızdadır və ixtilaflar sizinlə həll edilir.”

Beləliklə, imam Hadinin (ə) nəzərində ilahi maarif və təlimləri yalnız Peyğəmbərin (s) və onun Əhli-beytinin məktəbində axtarmaq lazımdır. Yalnız Əhli-beytin məktəbi və təlimlərinə itaət edənlər haqq yoldadırlar; “Sizdən üz çevirən dindən çıxar, sizə itaət edənlər isə düz yolda olarlar.” (“Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, səh.249.)

4. Zülm və sitəmlə mübarizə: Şiənin qəbul etdiyi ən aşkar məsələlərdən biri zülm və haqsızlıqla mübarizədir. İmam Hadidən (ə) nəql edilən dualarda bu mətləb tamamilə müşahidə olunur. Bu dualardan biri də “məzlumun duası”dır. (“Müsnədi imam Hadi (ə)”, Əzizullah Ətarudi, səh.189-190.) Bu duada zalım və qəddarların zülmünün aradan qaldırılması üçün Allahdan kömək istənilir və zülmün aradan qaldırılması Allahın öhdəsinə qoyulsa da, lakin onda məqsəd camaata tətbiq olunan zülm və haqsızlıqdan xəbərdar etməkdir. Zülmün aradan qaldırılmasında ən zəruri məsələ elə budur. Bu dua dövrün xəlifəsi Mütəvəkkilin imam Hadiyə (ə) rəva gördüyü zülm və xəyanətdən sonra o həzrətin dilində cari olmuş və siyasi məna daşıdığı gün kimi aydındır.