Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İmam Həsən Əskəri (ə) 232-ci hicri-qəməri ilinin Rəbius-sani ayının 8-ci (yaxud 10-cu günü) dünyaya gəlmiş, 260-cı ilin Rəbiul-əvvəl ayının 8-də, 28 yaşında ikən şəhadətə yetmişdir. Atası imam Əliyyən-Nəqi (ə), anası isə Hüdeysdir. (Tarixi mənbələrdə o həzrətin anasının adı Hadisə, Susən, Suleyl və Cəddə kimi də qeyd edilmişdir.)

“Əskəri” ləqəbi həm imam Həsən Əskərinin (ə), həm də atası imam Əliyyən-Nəqinin (ə) ləqəbidir. Hər iki imam Samirra şəhərinin “Əskər” adlı məhəlləsində – Abbasi xəlifələrinin ordu düşərgəsində səgərlər tərəfindən nəzarətdə saxlanıldığı üçün Əskəri (Əsgəri) adlandırılmışdır. (Qeyd etmək lazımdır ki, Abbasilər hakimiyyəti imam Əliyyən-nəqinin (ə) elmi, mədəni və siyasi fəaliyyətlərini nəzarətdə saxlamaq üçün, o həzrəti 236-cı hicri-qəməri ilində ailəsi, o cümlədən, oğlu imam Həsən Əskəri (ə) ilə birgə Samirranın “Əskər” məhəlləsinə gətirirlər.)

29 il ömür sürən imam Həsən Əskərinin (ə) həyatını üç qismə bölmək olar:

1. 13 il Mədinədə;

2. İmamətindən öncə 10 il Samirrada;

3. Təqribən, 6 il imamət dövrü (Samirrada).

Omam Həsən Əskəri (ə) altı illik imamət dövrünün üç ilini zindanda keçirir. O həzrət və atası imam Əliyyən-Nəqinin (ə) imamət dövrləri Abbasilər hakimiyyətinin qəddarlıq dönəminə təsadüf etdiyindən, imam Əliyyən-Nəqi (ə) qırx bir, imam Həsən Əskəri (ə) isə iyirmi səkkiz yaşında şəhadətə yetirilirlər.

Abbasilər hakimiyyətinin amansız təqiblərinə baxmayaraq, imam Həsən Əskəri (ə) bir sıra siyasi-ictimai və elmi fəaliyyətlər göstərir. O həzrətin fəaliyyətlərini aşağıdakı şəkildə xülasə etmək olar:

1.–İslam dininin müdafiəsi uğrunda göstərdiyi elmi fəaliyyətlər, müxaliflərin şübhə və iradlarını rədd etmək və əsl İslam ideyasını camaata çatdırmaq;

2.–Nümayəndələr təyin etmək, qasid və məktublar vasitəsilə uzaq yerlərin şiələri ilə əlaqə saxlamaq;

3.–Abbasilər hakimiyyətinin son dərəcə nəzarətinə baxmayaraq, gizli siyasi fəaliyyət;

4.–Şiələri, xüsusən də, yaxın dostlarını maliyyə cəhətdən təmin etmək;

5.–Mühüm şiə ünsürlərini çətinliklər qarşısında siyasi baxımdan gücləndirmək;

6.–İmaməti inkar edənləri cəlb etmək və şiələri arxayınlaşdırmaq üçün qeybi məlumatlardan istifadə etmək;

7.–Şiələri öz oğlu on ikinci imamın qeybə çəkilməsi dövrünə hazırlamaq.

İmam Həsən Əskərinin (ə) cəmiyyətdə nüfuz və hörmətinin günbəgün artdığından nigaran olan Abbasi xəlifəsi Mötəmid zindanın, təzyiq və işgəncələrin mənfi nəticə verdiyini gördükdə, o həzrəti gizli şəkildə zəhərləyir. O həzrət zəhərləndikdən bir neçə gün sonra, 260-cı h.q. ilinin Rəbiul-əvvəl ayının 8-də şəhadətə yetir. Abbasi xəlifəsi və onun məmurları çox çalışırlar ki, İmamın (ə) vəfatını təbii qələmə versinlər. Amma həqiqət şiələrə aydın olur, o həzrətin şəhadət xəbəri Samirra əhalisinə çatır və Samirra şəhəri matəmə qərq olur. Bütün bazarlar bağlanır və hamı İmamın (ə) dəfn mərasimində iştirak edir... (“İkmalud-din”, c. 1, s. 43; “Məsum imamların həyatı”, “İmam Həsən Əskərinin (ə) həyatı” bölümü, Ustad Mehdi Pişvayi; “Məsum imamların siyasi-ictimai tarixi”, “İmam Həsən Əskərinin (ə) həyatı” bölümü, Ustad Rəsul Cəfəryan.)

İMAM HƏSƏN ƏSKƏRİNİN (Ə) ƏXLAQİ TÖVSİYƏLƏRİ

 İslam aləmi imamət və vilayət günəşinin 11-ci ulduzu imam Həsən Əskərinin (ə) matəmini yaşayır. Elə bir imam ki, gənc ikən, yəni 28 yaşında şəhadətə yetdi. Elə bir imam ki, gözəl və ibrətamiz kəlamları ilə hamıya hidayət və haqq yolunu göstərdi. O həzrət öz tərəfdarlarına daim tövsiyə edirdi ki, gözəl əxlaqla bəzənsin, insanlarla gözəl rəftar etsin, onları haqqa, doğru yola dəvət etsinlər. Biz burada o həzrətin əxlaqi tövsiyələrindən üç nümunəyə xüsusi olaraq toxunacaq və sonda o həzrətdən nəql olunan ümumi bir tövsiyəni də tərcüməsi ilə yanaşı qeyd edəcəyik:

1. Gözəl əxlaq: İnsan ictimai varlıq olduğundan, ətrafına bir sıra insanlar toplayıb onlarla rabitə qurmaq və onların yanında sevimli olmaq istəyir. Odur ki, insan bu fitri ehtiyacını təmin etmək üçün, gözəl əxlaqla bəzənməlidir. Həqiqətdə, qəlbləri fəth və cəzb etməyin yolu məhz gözəl əxlaqa sahib olmaqdır. Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 159-cu ayəsində Peyğəmbəri-Əkrəmə (s) xitabən buyurur:

لَوْ كُنْتَ فَظًّا غَليظَ الْقَلْبِ‏ لاَنْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَ اسْتَغْفِرْ لَهُمْ؛

“...(Ya Rəsulum!) Əgər qaba, sərtürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə!...”

İnsanlar arasında etimad və ünsiyyətin yaranmasına səbəb olan mülayim rəftar, xoş danışıq, təbəssüm və imkan qədər maddi yardım gözəl əxlaqın nümunələrindəndir. İmam Həsən Əskəri (ə) daim şiələri və tərəfdarlarına bu əxlaqi fəzilətə sahib olmağı tövsiyə edər və buyurardı:

قُولُوا لِلنّاسِ حُسْناً، مُؤْمِنُهُمْ وَ مُخالِفُهُمْ، مَّا الْمُؤْمِنُونَ فَيَبْسِطُ لَهُمْ وَجْهَهُ، وَ مَّا الْمُخالِفُونَ فَيُكَلِّمُهُمْ بِالْمُداراةِ لاِجْتِذابِهِمْ إلَى الاْ يِمانِ

“İnsanlarla – istər dost olsun, istər müxalif, gözəl danışın və gözəl rəftar edin. Möminləri bir vəzifə olaraq həmişə gülərüzlə qarşılayın, müxalifləri də mülayim və gözəl danışıqla imana (İslam və islami hökmlərə) cəzb edin.” (“Biharul-ənvar”, 10-cu cild, səh.369.)

2. Yaxşı və mömin dostları qoruyub-saxlamaq: İnsan başqaları ilə rabitə qurduqda, ya insani dəyərlərə, ya da alçaq xüsusiyyətlərə yönəlir. Əgər onun rabitə qurduğu insan mömindirsə, onun gözəl xüsusiyyətlərini, yox, əgər alçaq və şər insandırsa, onun çirkin xüsusiyyətlərini mənimsəyə bilər. İmam Həsən Əskəri (ə) bu məsələyə xüsusi əhəmiyyətlə yanaşır və şiələrinə tövsiyə edir ki, yaxşı dostlarını qorumaqda ciddilik göstərsin, onlardan layiqincə bəhrələnsinlər. O həzrət bir hədisdə belə buyurur:

اللِّحاقُ بِمَنْ تَرْجُو خَيْرٌ مِنَ المُقامِ مَعَ مَنْ لا تَأْمَّنُ شَرَّهُ

“Xeyirxahlığına ümid bəslədiyin bir şəxslə dostluq əlaqəsi qurmaq şərindən amanda qalmayacağın şəxslə birgə olmağından daha xeyirlidir.” (“Biharul-ənvar”, 71-ci cild, səh.198.)

O həzrət başqa bir hədisdə də belə buyurur:

خَيْرُ إخْوانِكَ مَنْ نَسَبَ ذَنْبَكَ إلَيْهِ

“Sənin xəta və səhvlərini öz öhdəsinə götürən və özünü müqəssir bilən kəs sənin ən yaxşı qardaşın və dostundur.” (“Biharul-ənvar”, 71-ci cild, səh.188.)

3. Gizlində nəsihət etmək: İnsan xəta və günahdan uzaq qalmaq üçün öyüd-nəsihətə, moizəyə möhtacdır. Loğman Həkim öz oğluna nəsihət edərkən buyurur:

يا بُنَىَّ ... عَلَيكَ بِالمَوعِظَةِ فَاعمَل بِها فَإنَّها عِندَ العاقِلِ أَحلى مِنَ العَسَلِ الشَّهدِ

“Oğlum! Nəsihəti qəbul və ona əməl et ki, nəsihət ağıllı insanın nəzərində xalis baldan da şirindir.” (“İrşadul-qulub”, Şeyx Həsən Deyləmi, 1-ci cild, səh.73.)

Əlbəttə, xəlvətdə deyilən nəsihət daha təsirli, daha faydalıdır. Çünki başqalarının hüzurunda deyilən nəsihətamiz söz insanın ictimai şəxsiyyətini alçaldır, xarlığına şərait yaradır. İmam Həsən Əskəri (ə) insanların ictimai şəxsiyyəti və mövqeyinin qorunması ilə əlaqədar şərif bir hədisdə buyurur:

مَنْ وَعَظَ خاهُ سِرّاً فَقَدْ زانَهُ، وَمَنْ وَعَظَهُ عَلانِيَةً فَقَدْ شانَهُ

“Hər kim öz (din) qardaşına xəlvətdə nəsihət edərsə, həqiqətən, onu bəzəmiş, aşkarda nəsihət edərsə, həqiqətən, xar etmiş, alçaltmışdır.” (“Biharul-ənvar”, 71-ci cild, səh.166.)

İmam Həsən Əskəri (ə) bir hədisdə öz şiələrinə nəsihət edərkən buyurur:

أُوصيكُمْ بِتَقْوَى اللّهِ وَ الْوَرَعِ فى دينِكُمْ وَالاِْجْتَهادِ لِلّهِ وَ صِدْقِ الْحَديثِ وَ أَداءِ الأَمانَةِ إِلى مَنِ ائْتَمَنَكُمْ مِنْ بَرٍّ أَوْ فاجِر وَ طُولُ السُّجُودِ وَ حُسْنِ الْجَوارِ. فَبِهذا جاءَ مُحَمَّدٌ(صلى الله عليه وآله وسلم) صَلُّوا فى عَشائِرِهِمْ وَ اشْهَدُوا جَنائِزَهُمْ وَ عُودُوا مَرْضاهُمْ وَ أَدُّوا حُقُوقَهُمْ، فَإِنَّ الرَّجُلَ مِنْكُمْ إِذا وَرَعَ فى دينِهِ وَ صَدَقَ فى حَديثِهِ وَ أَدَّى الاَْمانَةَ وَ حَسَّنَ خُلْقَهُ مَعَ النّاسِ قيلَ: هذا شيعِىٌ فَيَسُرُّنى ذلِكَ.

“Sizə tövsiyə edirəm ki, Allahdan qorxun, dininizdə təqvalı olun, Allaha xatir çalışın, doğru danışın, sizi əmanətdar bilənə qarşı əmanətdar olun – istər yaxşı insan olsun, istərsə də pis, səcdələrinizi uzadın və qonşularınızla yaxşı davranın ki, həzrət Muhəmməd (s) elə buna görə göndərilmişdir. Camaatla birgə namaz qılın, onların dəfn mərasimlərində iştirak edin, xəstələrinə baş çəkin, hüquqularını ödəyin. Çünki sizdən hər hansı biriniz dinində təqvalı, sözündə doğru və (əməlində) əmanətdar olub, camaatla gözəl rəftar edərsə, deyəcəklər ki, şiə belə olar! Bu işlər bizi sevindirir.”

إِتَّقُوا اللّهَ وَ كُونُوا زَيْنًا وَ لا تَكُونُوا شَيْنًا، جُرُّوا إِلَيْنا كُلَّ مَوَدَّة وَ ادْفَعُوا عَنّا كُلَّ قَبيح، فَإِنَّهُ ما قيلَ فينا مِنْ حَسَن فَنَحْنُ أَهْلُهُ وَ ما قيلَ فينا مِنْ سُوء فَما نَحْنُ كَذلِكَ

“Təqvalı olun, Allahdan qorxun, zinət olun, alçaqlığa səbəb olmayın, bütün sevgiləri bizə tərəf yönəldin, bütün çirkinlikləri isə bizdən uzaqlaşdırın. Çünki biz, haqqımızda deyinlən yaxşı sözlərə layiqik, haqqımızda deyilən pis sözlərdən isə uzağıq.”

أَكْثِرُوا ذِكْرَ اللّهِ وَ ذِكْرَ الْمَوْتِ وَ تِلاوَةَ الْقُرانِ وَ الصَّلاةَ عَلَى النَّبِىِّ(صلى الله عليه وآله وسلم)فَإِنَّ الصَّلاةَ عَلى رَسُولِ اللّهِ عَشْرُ حَسَنات، إِحْفَظُواما وَصَّيْتُكُمْ بِهِ وَ أَسْتَوْدِعُكُمُ اللّهَ وَ أَقْرَأُ عَلَيْكُمْ السَّلامَ.

“Allahı və ölümü çox yad edin, Quranı çox oxuyun və Peyğəmbərə (s) çox salavat göndərin. Həqiqətən, Peyğəmbərə (s) salavat göndərməyin on savabı var. Tövsiyələrimi qoruyun (unutmayın). Sizi Allaha tapşırır və sizə salam göndərirəm!” (“Biharul-ənvar”, 75-ci cild, səh. 372, bölüm 29.)

İmam Həsən Əskəridən (ə) hədislər


İmam Həsən Əsgərinin (ə) nəzərində Qeyb məsələsi

İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra mühüm məsələ qeyb məsələsi olmuşdur. Onun həyata keçməsi Məsumlardan (ə) gələn hədislərdə və eləcə də Əhli-təsənnün mənbələrində nəql edilmişdir. İmam Həsən (ə) də çalışırdı ki, insanları bu məsələdən agah etsin və övladının İlahi məqamını onların yadına salsın.

Bu məsələ adi insanlar tərəfindən çətin qəbul olunurdu. Ancaq İmam (ə) yavaş-yavaş qeyb fikirini onların zehninə daxil etmişdi. İnsanlara başa salırdı ki, bu həqiqəti qəbul etməlidirlər.

İmamın (ə) dostları və tərəfdaşları məktub vasitəsilə onunla əlaqə saxlayardılar. İmam Zaman (ə.f.) ağa haqqında ondan soruşardılar və lazımi cavabı da alırdılar. İnsanlar İmama (ə) hansısa məbləği göndərmək istəyəndə yağ satan bir mömin olan Osman ibni Səidə müraciət edərdilər və o da həmin pulu yağ tuluqlarında gizlədir və İmama (ə) çatdırardı.

İmam Həsən Əsgərinin (ə) dövründə Abbasi xəlifələri qeyb məsələsindən çox narahat olur və tax-taclarının təhlükəyə düşdüyünə görə yuxuları ərşə çəkilərdi.

Mötəmid Abbasi İmamı (ə) kəskin nəzarət altına alır və yaxınları ilə görüşməsinə belə icazə vermirdi. Tək rabitə yolu məktub idi. İmamın (ə) xəstə olmağı xəbəri Mötəmidin qulağına çatır və əmr edir ki, evini nəzarət altında saxlasınlar.

İmamın (ə) şəhadətindən sonra da ətraflı şəkildə evini axtarırlar. Evin altını üstünə çevirirlər. Ondan sonra İmamın (ə) övladı olub-olmamasını dəqiqləşdirmək üçün həyat yoldaşlarını müayinə edirlər.

Abbasi xəlifəsi Peyğəmbərin (s) dəfələrlə xəbər verdiyi zühur mövzusundan çox narahat idi. Çünki o, zülmə və cəhalətə qalib gələcək və ədaləti bərqərar edəcəkdi. Onlar Peyğəmbərin (s) nəslini öldürərək, bu zühurun qarşısını almaq istəyirdilər. İmam Əsgəri (ə) yazdığı məktubda bu mövzuya işarə etmişdi: “Elə bilirlər ki, məni öldürməklə nəslimi kəsəcəklər. Halbuki Allah onların istəklərini inkar etmişdir. Sonra Allah məni dünyadan aparmamışdan qabaq canişinimi və İmamı nişan verdi. O, görünüş və əxlaq baxımından Peyğəmbərə (s) ən çox bənzəyən insandır. Allah onu qeyb dövründə qoruyacaqdır. Sonra onu zahir edəcəkdir və o, da zülm baş alıb getmiş dünyada ədaləti və bərabərliyi bərqərar edəcəkdir”.

İmam Həsən Əsgərinin (ə) nəzərində Əhli-Beyt (ə) davamçılarının xüsusiyyətləri belədir: “Bizim davamçılarımız nicat tapmış və pak firqələrdir ki, dinimizi mühafizə edənlərdir. Onlar zülmkarlar qarşısında bizim qalxanlarımızdır. Tezliklə həyat bulağı (bəşərin müjdəçisi) zühurundan əvvəl onlara parlayacaqdır”.