Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Ruh oxşayan hədislər

İmam Sadiqdən (ə) doqquz nəsihət

Bir nəfər Imam Cəfər Sadiqdən (ə) xahiş etdi ki, ona nəsihət versin. İmam buyurdu: "Doqquz məsələyə əməl etməyi sənə tövsiyə edirəm."

Bunlar yalnız sənin üçün deyil, Allahın yolunda olmağı diləyən hər kəs üçün faydalıdır. Allahdan istəyim budur ki, sənə də bu göstərişlərə əməl etmək qüdrətini versin.
Tövsiyələrimdən üçü əxlaqı gözəlləşdirmək və nəfsi tərbiyə etmək barədə, üçü səbr və dözüm haqqında, qalan üçü isə elm və bilik mövzusundadır. Bu məsələlərdə diqqətli ol və bunlara qarşı saymazyanalıq etmə!

Əxlaqı gözəlləşdirmək və nəfsi islah etmək barədə olan göstərişlərim bunlardır:

Birincisi, ürəyin istəməyən qidanı yeməkdən çəkin; bu, insanda nadanlıq və kütbeyinlik yaradar.

Ikincisi, acmadığın zaman yeməkdən qətiyyətlə çəkin.

Üçüncüsü, həmişə halal qida ye və yeyən zaman Allahın adını çək ("bismillah" de).

Peyğəmbərin çox yeməyi məzəmmət edən bu kəlamını heç vaxt unutma: "Insanın doldurduğu heç bir qab onun üçün mədədən daha ziyanlı ola bilməz". Yediyin zaman mədəni üç hissəyə böl. Bir hissəni yemək üçün, bir hissəni içəcək üçün ayır, bir hissəni isə nəfəs almaq üçün boş saxla.

Səbr və dözümlə bağlı üç tövsiyəm bunlardır:

Birincisi, kimsə sənə: "Bircə kəlmə söyüş söysən, ondan min qat artığını sənə deyəcəyəm" söyləsə, sən cavabında de: "Əgər sən mənə on dəfə pis söz desən də, bircə kəlmə pis cavab verməyəcəyəm".

Ikincisi, kimsə səni söysə ona belə cavab ver: "Əgər mənim haqqımda dediklərin doğrudursa, Allahdan istəyim budur ki, məni bağışlasın və günahımdan keçsin. Əgər dediklərin yalandırsa, Allahdan diləyirəm ki, səni bağışlasın".

Üçüncüsü, hər kim sənə pis söz və söyüş vədəsi versə (yəni səni söyməklə qorxutsa), sən ona nəsihət və hörmət vədəsi ver (yəni onu doğru yola yönəldəcəyini və ona hörmət göstərəcəyini söylə)".

Nəhayət, elm və bilik haqqındakı üç göstərişim bunlardır:

Birincisi, bilmədiyni alimlərdən soruş. Amma bunu onlara əziyyət vermək və onları yoxlamaq məqsədi ilə etmə.

Ikincisi, heç bir işdə yalnız öz fikrinə əsaslanma (başqaları ilə məsləhət et), həmişə ehtiyata riayət et.

Üçüncüsü, bilmədiyin məsələ haqqında və ya haqsız yerə fətva verməkdən elə çəkin ki, sanki amansız şirdən qaçırsan. Camaatın xeyrindən və ziyanından ötrü özünü körpü etmə. (Yəni haqsız yerə kiminsə xeyir görüb, kiminsə ziyan çəkməsi üçün vasitə olma)".

Sonra Imam həmin adama buyurdu: "Mən sənə nəsihət edib borcumu verdim. Indi isə get, çünki mənim ibadət vaxtımdır. Mən öz vaxtımı boş keçirmək istəmirəm. Hidayətə tabe olanlara Allahın salamı və bərəkəti olsun

İMAM SADİQDƏN (Ə) QIZIL TÖVSİYƏLƏR

 

  Məsum rəhbərlərin zamanında yaşayıb elmi və mənəvi məqamından agah olanlar, bəzən onlarla görüşür, onların öyüd-nəsihərlərindən, tövsiyələrindən bəhrələnirdilər. Xoşbəxtlikdən, bu tövsiyələrdən bir qismi keçmiş din xadimləri, alimləri və təbliğçilərinin zəhmət və təlaşları sayəsində təlatümlü hadisələrdən saf və səhih çıxaraq bizim hədis mirasımızda gözə dəyməkdədir.

Biz bu məqalədə imam Sadiqin (ə) insani keyfiyyələrin kəsbində və Allahla rabitənin möhkəmlənməsində faydalı olan tövsiyələrindən beşini qeyd etməklə kifayətlənirik:

Birinci tövsiyə: Bir nəfər imam Sadiqin (ə) hüzuruna gəlib dedi: “Ey Peyğəmbərin övladı! Mənə nəsihət edin.” İmam (ə) buyurdu:

لَا یَفْقِدُكَ اللَّهُ حَیْثُ أَمَرَكَ وَ لَا یَرَاكَ حَیْثُ نَهَاكَ

“Allah səni əmr etdiyi yerdə qaib görməsin və nəhy etdiyi yerdə də hazır görməsin.” Başqa sözlə, bütün vacib buyurulan əməlləri yerinə yetir, haram olanları isə tərk et! (“Əs-sərair”, 3-cü cild, səh.650.)

İkinci tövsiyə: Əbu Bəsir nəql edir ki, imam Sadiqin (ə) şəhadəti münasibətilə başsağlığı vermək üçün o həzrətin həyat yoldaşı və imam Kazimin (ə) anası Ümmü-Həmidənin hüzuruna getmişdim. Gördüm ki, xanım ağlayır. Məni də ağlamaq tutdu. Sonra mənə dedi: “İmam Sadiq (ə) ömrünün son anlarında gözünü açıb buyurdu:

اجمَعوا لی كُلَّ مَن بَینی وَ بَینَهُ قَرابَةٌ

“Mənimlə qohumluq münasibəti olanların hamısını ətrafıma toplayın.”

Biz hamını çağırdıqdan sonra, İmam (ə) onlara baxıb buyurdu:

إنّ شفاعَتَنا لا تَنالُ مُستَخِفّاً بِالصَّلاة

“Həqiqətən, bizim şəfaətimiz namazı yüngül sayanlara yetməz.” (“Əl-məhasin”, 1-ci cild, səh.80; “Əmali”, Şeyx Səduq, səh.572.)

“Lisanul-ərəb” adlı məşhur lüğət kitabında (9-cu cild, səh.80) bu hədisdə qeyd olunan “mustəxiffən” ifadəsi haqda belə yazılır: “İstəxəffə” sözü hörmətsizlik və etinasızlıq mənasını daşıyır və hədisdəki “mustəxiffən bis-səlat” ibarəsinin mənası da belədir: “Namaza hörmətsizlik edən və etinasız yanaşan.” Demək, namaza hörmətsizlik edənlər, ya namaz qılmayanlardır, ya da namazqılan olsalar da, onun qılınmasında ədəb qaydalarını gözləməyənlər, namazı vaxtlı-vaxtında qılmayan, namaza əhəmiyyətsiz yanaşan, namazı axır vaxtlarda qılan, birini qılıb digərini qəzaya verənlərdir.

Üçüncü tövsiyə: Süfyan Suri imam Sadiqin (ə) hüzurunda ikən, “Ey Peyğəmbərin (s) övladı mənə nəsihət edin!” – deyə ərz etdikdə, İmam (ə) buyurdu:

یا سُفیانُ، لَا مُرُوءَةَ لِكَذُوبٍ وَ لَا أَخَ لِمُلُوكٍ [لِمَلُولٍ‏] وَ لَا رَاحَةَ لِحَسُودٍ وَ لَا سُۆْدُدَ لِسَیِّئِ الْخُلُق‏

“Ey Süfyan! Yalançılarda mürüvvət və insaniyyət olmaz, zülmkar hakimlərdən dost olmaz, həsədaparan (paxıl) rahatlıq üzü görməz, bədəxlaq şərəf və hörmət sahibi olmaz.” (“Məcməul-bəhreyn”, 3-cü cild, səh.73.)

یا سُفیانُ، ثِقْ بِاللَّهِ تَكُنْ مُۆْمِناً وَ ارْضَ بِمَا قَسَمَ اللَّهُ لَكَ تَكُنْ غَنِیّاً وَ أَحْسِنْ مُجَاوَرَةَ مَنْ جَاوَرْتَهُ تَكُنْ مُسْلِماً وَ لَا تَصْحَبِ الْفَاجِرَ فَیُعْلِمَكَ مِنْ فُجُورِهِ وَ شَاوِرْ فِی أَمْرِكَ الَّذِینَ یَخْشَوْنَ اللَّهَ عَزَّ وَ جَل‏.

“Ey Süfyan! Möminlər zümrəsində olmaq üçün Allaha etimad et. Ehtiyacsızlığı duymaq üçün Allahın sənin üçün təyin etdiyi ruziyə razı ol. Müsəlman olmq üçün qonşularınla yaxşı davran. Günah əhli ilə oturub-durma, yoxsa, öz günahı haqda sənə məlumat verəcək (və nəticədə səni günah işlərə rəğbətləndirəcək). Öz işlərində Allahdan qorxanlarla (halal-harama riayət edənlərlə) məsləhətləş.” (“Əl-xisal”, 1-ci cild, səh.169.)

Dördüncü tövsiyə: Yəhya və İshaq nəql edirlər ki, imam Sadiq (ə) həmişə bizə iki xüsusiyyəti tövsiyə edər və buyurardı:

عَلَیْكُمْ بِصِدْقِ الْحَدِیثِ وَ أَدَاءِ الْأَمَانَةِ إِلَى الْبَرِّ وَ الْفَاجِرِ، فَإِنَّهُمَا مِفْتَاحُ الرِّزْقِ.

“Sizə düz danışmağı və əmanətdarlığı tövsiyə edirəm, (qarşı tərəfiniz) istər yaxşı insan olsun, istərsə də günahkar! Şübhəsiz, bu iki əməl ruzi açarıdır.” (“Əl-əmali”, Şüyx Tusi, səh.676.)

Beşinci tövsiyə: Bir nəfər imam Sadiqdən (ə) ona nəsihət etməsini istədikdə, İmam (ə) buyurdu:

أعِدَّ جِهازَكَ وَ قَدِّم زادَكَ لِطولِ سَفَرِكَ وَ كُن وَصِیَّ نَفسِكَ وَ لا تَأمَن غَیرَكَ أن یَبعَثَ إلَیكَ بِما یُصلِحُكَ

“Səfər ehtiyatını hazırla, uzun səfər üçün ehtiyac duyduğunu öncədən göndər, öz işlərini özün yerinə yetir, başqalarına bel bağlama ki, haçansa gəlib sənin ehtiyac duyduğun xeyir işləri sənin əvəzində yerinə yetirəcək.” (“Əl-əmali”, Şüyx Tusi, səh.355.)

“Həqqullah” (Allahın haqqı) və və “həqqun-nas”ın (camaatın haqqı) ödənilməsi zamanı və məkanı bilinməyən axirət səfəri üçün ən mühüm işlərdir. Bu səfərin ehtiyatı təqvadır ki, axirət aləmində ondan layiqincə bəhrələnmək üçün məhz bu dünyada kəsb olunur. Həmçinin bu kimi işlərdə başqalarına bel bağlamaq da faydasızdır, çünki heç kim insanın özünə özü qədər ürək yandıra bilməz.

Peyğəmbərin (s) kəlamında mömin, kafir, qəlb və Quran

 Quran onları dərinliklərə aparar, onlara yol göstərər...
Rəsuli-əkrəm (s) buyurmuşdur:

Mömin sınmır
Möminnin hekayəti küləyin yolu üstündə duran sünbülə bənzəyir. Gah yıxılır, gah durur (Mömin dövranın fitnələri nəticəsində titrəyib büdrəyir, lakin sınmır; yenidən hərəkət edir).

Möminin dostluğu
Möminlər dostluq və mehribanlıqda bədənin üzvləri kimidirlər. Biri ağrıyan zaman o birilər də oyaq qalıb narahat olurlar.

Kafir
Kafirin halı düyünün sünbülünə bənzəyir; həmişə tərpənməz olaraq dik qalır, yerindən dartıb çıxarılanla qədər.

Qəlb
Qəlb, küləyin yolu üstündə olan yarpağa bənzəyir (nəfsani istəklər hər an onu o tərəfə-bu tərəfə çevirir.)

Quran
Quran bağlı dəvəyə bənzəyir, onu bağlasalar qalar, boş buraxsalar qaçar (Qurandan möhkəm yapışıb, onu öyrənsələr, dərinliklərinə varsalar, Quran onları dərinliklərə aparar, onlara yol göstərər, ancaq ona etinasız qalsalar, Quran onlardan uzaqlaşar).

Həzrət Rəsuli-Əkrəmdən (s) bənzərsiz hikmətli kəlamlar

 Dünyaya rəğbət qəm-qüssəni artırar, Naməhrəmə baxmaq iblisin zəhərli oxlarındandır
İnsanın yoldaşlığı və xoşxasiyyəti bəzi ticarətlərdən daha yaxşıdır. Cəsarətsiz tacir məhrumdur. Cəsarətli tacir fayda əldə edər. Xoş əxlaq bərəkət, pis əxlaq isə bədbəxtlik gətirər. Dünya rüsvayçılığı axirət rüsvayçılığından asandır.

Bəla zamanı səbr etmək daha dəyərlidir. Altmış və yetmiş yaş arası ölümün cövlan etdiyi vaxtdır. Fırıldaq və hiyləgərlik atəş içindədir. And içməyin nəticəsi ya yanlışlıqdır ya da peşmançılıq. Yalandan and içmək evləri boş qoyar.

Al-ver zamanı yalandan and içmək malın zay olmasına və qazancın bərəkətinin itməsinə səbəb olar. Faydası olamayan elm xərclənməyən xəzinə kimidir. Yemək yeyib şükr edən kəsin mükafatı oruc tutub səbr edənlə bərabərdir. Namaz hər bir pərhizkarın Allaha yaxınlaşma vasitəsidir. Bəndə ilə küfr arasında fasilə namazı tərk etməkdir.

Dünyaya rəğbət qəm-qüssəni artırar. Bekarçılıq qəlbin qəsavətinə səbəb olar. Alim və tələbə xeyirdə şərikdirlər. Əl zamindir ki, götürdüyü hər bir şeyi ötürsün. Övlad qadının qanuni ərinə məxsusdur, zinakarın payı isə daşdır. (Övladın zinadan olmadığı dəqiq məlum olsun, əks təqdirdə, ərə məxsus deyil.)

Görəsən hansı dərd paxıllıqdan böyükdür? Bəxşiş verdiyi şeyi geri alan şəxs, qusduğunu yeyən it kimidir. Yaşıllığa baxmaq gözün nurunu artırar. Qiyamət günü dəstəmazın təsirindən mənim ümmətimin əl-üzü nurani olar.

Naməhrəmə baxmaq iblisin zəhərli oxlarındandır. Qorxu və cürət iki qərizədir ki, Allah onları istədiyi qəlbə verər. Xəstəliyi, sədəqəni, müsibət və bəlanı gizlətmək gözəllik xəzinələrindəndir. (Lakin xəstəliyi gizlətməyin müalicəyə dəxli yoxdur.) İnsanın xoşbəxtliklərindən biri də budur ki, atasına oxşasın. (Yəni xoş əxlaq cəhətdən, çünki bu oxşarlıq halalzadə olmağın əlamətidir.) Xoşbəxtliklərdən biri də gözəl əxlaqdır.

Allahın iftixar etdiyi gənc

 “İki nemətin qədrini onu əldən verən şəxsdən başqa bir kimsə bilməz: cavanlığın və sağlamlığın”.
Əhli-Beytin (ə) gənclər barədə tövsiyələrindən

Gənc və 72 siddiqin savabı
Rəsuli-əkrəm (s): “Ey Əbazər! O cavan ki, Allaha xatir dünyadan və onun məşğuliyyətlərindən üz çevirərək cavanlığını Allaha itaət yolunda qocaldar, Allah ona 72 siddiqin mükafatını əta edər”. (Siddiq o kəsdir ki, çox düz danışar və dediklərini öz əməlləri ilə təsdiq edər).
“Mizanul-hikmə”, c. 5, səh. 9. “Biharul-ənvar”, c. 77, səh. 84.

Ey 20 yaşı olanlar! Ciddi cəhd edin
Rəsuli-əkrəm (s): “Allahın bir mələyi vardır ki, hər axşam yerə enər və səslənər: “Ey 20 yaşlılar! Çalışın və ciddi olun!”.
“Müstədrəkul-vəsail”, c. 2, səh. 353.

Allahın sevdiyi cavan
Rəsuli-əkrəm (s): “Mənim ümmətimin ən yaxşı cavanları, cavanlığını Allaha itaətdə keçirənlərdir.
“Mizanul-hikmə”, c. 5, səh. 9.

Ən yaxşı cavan və ən pis qoca
Rəsuli-əkrəm (s): “Sizin ən yaxşı cavanlarınız qocalar kimi ölçülüb-biçilmiş davrananlardır. Sizin ən pis qocalarınız isə cavanlarınız kimi rəftar edənlərdir”. “Muşkatul-ənvar”, səh. 180.

Cavanın ürəyi
İmam Əli (ə): “Həqiqətən, yeniyetmənin qəlbi xam (işlənməmiş) torpaq kimidir. Ora hər nə atılsa qəbul edər”.
“Tühəful-Uqul”, səh. 70.

İmam Əli (ə): Övladlarınızı sizin adət-ənənənizlə getməyə məcbur etməyin. Çünki onlar sizin zəmanənizdən ayrı bir zaman üçün yaradılmışdır.
“İbn Əbil-Hədid; Şərhi Nəhcül-bəlağə”, c.20, səh. 267.

İmam Əlinin (ə) gənclərə mühüm tövsiyəsi
İmam Əli (ə): “Ey cavanlar! Öz abır və şərəfinizi ədəblə, dininizi isə biliklə qoruyun”.
“Tarixi-Yəqubi”, c. 2, səh. 133.
Gənclərə qarşı diqqətli olun
İmam Sadiq (ə), Əhvələ xitab edərək buyurdu: “Bəsrəyə getdinmi?” Ərz etdi: “Bəli”. İmam (ə) buyurdu: “Xalqın bu işə (bizim vilayət və imamətimizə) sevgisini və onu qəbul etməyini necə gördün?” Ərz etdi: “Allaha and olsun azdırlar, müəyyən iş görüblər, amma azdır”. Həzrət (ə) buyurdu: “Gənclərə qarşı diqqətli olmağı sənə tövsiyə edirəm. Çünki onlar hər bir yaxşılığı qəbul etməkyə daha çox tələsirlər”.
“Qurbul-İsnad”, səh. 128, h. 450.

Gəncliyinizin qədrini bilin
İmam Əli (ə): “İki nemətin qədrini onu əldən verən şəxsdən başqa bir kimsə bilməz: cavanlığın və sağlamlığın”.
“Ğurərul-hikəm”, h. 5764.

Allahın iftixar etdiyi gənc
Rəsuli-əkrəm (s): “Allah-taala gənc abidin vücudu ilə mələklərin qarşısında iftixar edər və buyurar: “Baxın Mənim bu bəndəmə, Mənə xatir öz şəhvətindən əl çəkmişdir”.
“Kənzul-Ummal”, h. 43057.