Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Həmd və Səna

Əsmaül-hüsna (Ən Gözəl Adlar):

Əllah, Əl-Vahid, Əl- Əhəd, Əs-Səməd, Əl- Əvvəl, Əl-Axir, Əs-Səmi`, Əl-Bəsir, Əl-Qədir, Əl-Qadir, Əl-Əli, Əl-Ə`la, Əl-Baqi, Əl-Bədii, Əl-Bari, Əl-Əkrəm, Əz- Zahir, Əl-Batin, Əl-Həyy, Əl-Həkim, Əl- Əlim, Əl-Həlim, Əl-Həfiz, Əl-Həqq, Əl-Həsib, Əl-Həmid, Əl-Həfi, Ər-Rəbb, Ər-Rəhman, Ər-Rəhim, Əz-Zari,Ər-Raziq, Ər-Rəqib, Ər-Rəuf, Ər-Rai, Əs-Səlam, Əl-Mömin, Əl-Muhəymin, Əl-Əziz, Əl-Cəbbar, Əl-Mütəkəbbir, Əs-Səyyid, Əs-Subbuh, Əş-Şəhid, Əs-Sadiq, Əs-Sane`, Əz-Tahir, Əl-Ədl, Əl-Əfv, Əl-Ğəfur, Əl-Ğəni,Əl-Ğiyas, Əl-Fatir, Əl-Fərd, Əl-Faith, Əl-Faliq, Əl-Qədim, Əl- Malik, Əl-Quddus, Əl-Qəvi, Əl-Qərib, Əl-Qəyyum, Əl-Qabiz, Əl-Basit, Əl-Qaziyəl-hacat, Əl- Məcid, Əl- Mövla, Əl-Mənnan, Əl-Muhit, Əl-Əmin, Əl-Muğis, Əl-Müsəvvir,Əl-Kərim, Əl-Kəbir, Əl-Kafi, Kaşifüz-zurr, Əl-Vitr, Ən-Nur, Əl-Vəhhab, Əl-Nasir, Əl-Vase`,Əl-Vədud, Əl-Hadi, Əl-Vafi, Əl-Vəkil, Əl-Varis, Əl-Birr, Əl- Bais, Əl-Təvvab, Əl-Cəlil, Əl- Cəvad,Əl-Xəbir, Əl-Xaliq, Əl-Xəyrun-nasirin, Əd-Dəyyan, Əş-Şəkur, Əl-Əzim, Əl-lətif, Əş-şafi.


Allahın təkliyi barədə sadə izah

   Əmirəl-möminin (ə) oğlu İmam Həsənə (ə) yazdığı tərbiyəvi bir məktub vardır ki, burada Allahın vahidliyin sübut edir və bizlərə bir çox şeyləri öyrədir.

  Bu məktuba biz də nəzər salaq: “Oğlum, bil ki, əgər Allah üçün şərik olsaydı, həmin ilahların peyğəmbərləri də mütləq gələrdilər və deyərdilər ki, biz də həmin ilah tərəfindən gəlmişik. Sən də həmin ilahın səltənətinin, padşahlığının və hökumətinin əlamətlərini görərdin. Ancaq Allahdan savayı başqa ilahın nə səltənətin əsərləri var, nə də Allahdan qeyrisinin hökumətinin əsərləri. (Əgər olsaydı) Sən də onun işlərini, onun xüsusiyyət və sifətlərini bilərdin.

Ancaq Allah təkdir, Allah vahiddir və necə ki, Özü, Özünü təsvir etmişdir. Heç kəs hakimiyyətdə ona maneəçilik törədə bilməz.

 Heç bir zaman məhv olmaz, gələcəkdə də məhv olmayacaqdır. O, hər bir əşyadan qabaqdır və bütün əşyaların axırıdır. Baxmayaraq ki, eyni halda axırdır, həm də əvvəldir. O, ondan da böyükdür ki, Öz rübubiyyətini qəlblər və baxışlar əhatəsində isbat etsin”.

 Bəli, əziz İmamın (ə) bu nurani məktubunda Allahın vahid olmasının bürhani dəlilllərlə təsdiqinin şahidi oluruq. Allah təkdir və vahiddir və heç kəs ona şərik deyildir. Əgər Allahın şəriki olsaydı, mütləq həmin ikinci ilah da öz elçilərini insanlara tərəf göndərərdi ki, belə bir hadisə baş verməmişdir. Allah – axır və əvvəldir. Eyni zamanda, həm axırdır və həm də əvvəldir. Bu sadə bürhan – hər bir insanın başa düşəcəyi gözəl və dəqiq bürhanlardandır.

Münacat

Bağışlayan və mehriban Allahın adı ilə!

- İlahi, mən “yalnız sağlam qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlər) başqa, mal-dövlət və övladın heç kimə fayda vermədiyi gün» – Səndən aman diləyirəm!

- İlahi, mən «zalımların əllərini çeynəyərək «Kaş ki, Peyğəmbərə qoşulub doğru yol tutardım!» deyən gün» – Səndən aman diləyirəm!

- İlahi, mən «günahkarların simalarından tanınacağı, alınları və ayaqlarından tutulub yaxalanacağı gün» – Səndən aman diləyirəm!

- İlahi, mən «atanın oğluna, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi və Allahın vədinin (qiyamətin) hökmən olacağı gün» – Səndən aman diləyirəm!

- İlahi, mən «zalımlara üzrxahlıqları heç bir fayda verməyəcəyi, onların lənətləcəyi və axirət yurdunun pis əzabına düçar olacağı gün» – Səndən aman diləyirəm!

- İlahi, mən «heç kəs başqasının karına gələ bilməyəcəyi və hökmün ancaq Allaha məxsus olacağı gün» – Səndən aman diləyirəm!

- İlahi, mən «hər kəsin öz qardaşından, anasından, atasından, zövcəsindən və oğullarından qaçacağı və hərənin öz hayında olacağı gün» – Səndən aman diləyirəm!

- İlahi, mən «əzabın şiddətindən günahkar bəndənin öz oğullarını, zövcəsini və qardaşını, ona sığınacaq verən qohum əqrəbasını və yer üzündə olanların hamısını fəda etməyə razı olub, (Allahın əzabından) qurtulmaq istədiyi və xeyr (bunun mümkün olmadığı), artıq (cəhənnəmin) alovlandığı, başların dərisini sıyırıb ayırdığı gün» – Səndən aman diləyirəm!

- Ey mənim mövlam və vəlim! Sənsən ağa, mən isə qul, bəs, qula ağadan başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən sahib, mən isə nökər, bəs, nökərə sahibdən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən izzətli, mən isə zəlil, bəs, zəlilə izzətlidən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən xaliq, mən isə məxluq, bəs, məxluqa xaliqdən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən əzəmətli, mən isə aciz, bəs, acizə əzəmətlidən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən qüdrətli, mən isə zəif, bəs, zəifə qüdrətlidən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən varlı, mən isə yoxsul, bəs, yoxsula varlıdan başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən əliaçıq, mən isə əlaçan, bəs, əlaçana əliaçıqdan başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən diri, mən isə ölü, bəs, ölüyə diridən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən əbədi, mən isə fani, bəs, faniyə əbədidən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən daimi, mən isə məhv olan, bəs, məhv olana daimidən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən ruzi verən, mən isə ruzi uman, bəs, ruzi umana ruzi verəndən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən səxavətli, mən isə əsirgəyən, bəs, əsirgəyənə səxavətlidən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən dada yetən, mən isə dara düşən, bəs, dara düşənə dada yetəndən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən böyük, mən isə kiçik, bəs, kiçiyə böyükdən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən hidayətçi, mən isə çaşqın, bəs, çaşqına hidayətçidən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən mərhəmətli, mən isə sığınan, bəs, sığınana mərhəmətlidən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən soltan, mən isə bəlalı, bəs, bəlalıya soltandan başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən bələdçi, mən isə sərgərdan, bəs, sərgərdana bələdçidən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən bağışlayan, mən isə günahkar, bəs, günahkara bağışlayandan başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən qalib, mən isə məğlub, bəs, məğluba qalibdən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən rəbb, mən isə bəndə, bəs, bəndəyə rəbbdən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Sənsən möhtəşəm, mən isə zəlil, bəs, zəlilə möhtəşəmdən başqa kim rəhm edər?!

- Ey mənim mövlam və vəlim! Rəhmətinlə mənə mərhəmət et, bəxşiş, kərəm və fəzlinlə mənə güzəştə get.

- Ey bəxşiş, ehsan, nemət və bərəkət sahibi, Sənə öz rəhmətini and verirəm, ey rəhmlilərin ən rəhmlisi!

Tövhidin üç əsası

Tövhid ərəb dilindəki v-h-d kökündən meydana gəlmiş bir məfhumdur. Mənası “tək və bir olmaq”, yəni daha geniş mənada-bir şeyin tək və bir olduğunu qəbul etmək deməkdir. Termin mənasında isə tövhid qulun ibadətləri əsnasında, ibadətlərini yalnızca Allaha etməsi və ona ortaq qoşmamasıdır.
Qurani-Kərimdə bir çox peyğəmbər qövmünə xitabında belə demişdir: “Ey qövmüm! Allaha ibadət edin, sizin üçün Ondan başqa ilah yoxdur. (əl-Əraf 7/59)

Hər bir peyğəmbərin dəvəti və davası bu uca həqiqətlə başlayıb onunla da bitər. Bir birindən ayrı zaman və məkanlarda yaşayan peyğəmbərlərin hamısının tövhid nöqtəsində birləşmələri, bizə göstərir ki, bu onların özlərinə aid fikir və düşüncə olmayıb Rəblərindən aldığı bir əmrdir. Peyğəmbər gətirdiyi və bəşəriyyətə təqdim ettiyi “tövhid əqidəsi” ilə Allahdan başqa ilah olmadığını Allah Təalanın hər yöndən -Əhəd- yəni bir olduğunu şərik və ortağı olmadığını açıq və qəti bir dillə elan etdi. Bütün insanları hər şeydən öncə Allahı birləməyə, Onun Zatında və Sifətində bir və bənzərsiz olduğuna, yəni mütləq tövhidə dəvət etdi. Allahın ibadətə layiq tək Məbud olduğunu yalnız Ona ibadət edilməsi lazım olduğunu insanlara anlatmışdır.

Qurani-Kərimdə belə buyurulub: “Hamınızın İlahı (ortağı və bənzəri olmayan) bir tək Allahdır. Ondan başqa ilah yoxdur. Rəhman və Rəhimdir”. (əl-Bəqərə 2/163)

Allah Təalanı birləmənin üç rüknü vardır:
Bunlardan birincisinə “Tövhidi Ubudiyyət” deyilir ki bu Allahın Uca Zatı və Müqəddəs sifətləri yönündən bir olduğunu, nə Zatında nə də Sifətində ortağı və bənzəri olmadığını ifadə etməkdir.
İkincisinə “Tövhid-i Mabudiyyət” deyilir ki bu Uca Allahın ibadətə layiq Tək Məbud olduğuna, ondan başqa qulluq və ibadət ediləcək bir varlıq olmadığına inanmaq və bu həqiqəti iradəli olaraq edilən ibadətlərlə feli olaraq göstərməkdir. Bu baxımdan “Tövhid-i Əməli” adı verilən bu Tövhid Allahı əməli olaraq birləməyi, yəni bir tək Allaha ixlas və sevgi ilə ibadət etməyi, yalnız Ona istiqamətlənərək, yalnız Ondan kömək istəməyi və Ona ibadətdə heç bir şeyi şərik qoşmamağı ifadə edir.

Qurani-Kərimdə belə buyurulur: “Ey insanlar siz də sizdən öncəkilər də yaradan Rəbbinizə ibadət edin. Ta ki təqva sahibi olasınız”. (əl Bəqərə 2/21)
“Allaha ibadət edin; Ona heç bir şeyi şərik qoşmayın” (ən Nisa 4/36)

Üçüncüsü “Tövhid-i Uluhiyyət dediyimiz; Allahın Zatında və Sifətində bir olmasının təbii nəticəsi olan “Tövhidi Xaliqiyyət”dir. Yəni Uca Allahın kainatın və hər şeyin yeganə Xaliqi, tək yaradıcısı olduğuna inanmaqdır. Buna “təkvin və inşa” da, yəni “yaratmada vəhdəniyyət” adı da verilir. Allahın yerlərin, göylərin və hər şeyin yaradıcısı olduğuna dəlalət edən bir çox ayələri vardır. Qurani-Kərimdə belə buyurulur: “De ki: Əgər onların dedikləri kimi Allah ilə bərabər ilahlar olsaydı, (o zaman) onlar arşın sahibinə gedən bir yol axtararlardı. O, onların dediklərindən çox uzaq, çox böyük bir yüksəkliklə yüksəkdir”. (əl İsra 17/42-43)
Rəbbim bütün müsəlmanlara daima tövhid əqidəsi üzərində yaşamağı və daima onunla əməl etməyi nəsib etsin. Amin!

ALLAHA İMAN

De ki: O, bir tək Allahdır.
Allah, mütləq varlıq və bütün varlıqların var olmasının səbəbidir.
Nə doğmuş, nə doğulmuş, nə ata, nə də oğul olmuşdur.
Heç bir şey Ona tay və bərabər deyil." [112:1-4]

Allaha iman, imanın ilk şərtidir. Digər bütün şərtlər, bu şərtə bağlıdır. Zatən Allaha iman etmədən axirətə və nübüvvətə imandan söz belə gedə bilməz. Məhz bunun üçün, Allaha imanın bütün tələblərini bir cümlədə birləşdirən kəlməyi-tövhid, imanın şüarıdır.

"Həqiqi möminlər yalnız Allaha və Rəsuluna iman edənlər, ondan sonra da şübhənin səmtinə uğramayanlar və Allah yolunda mallarıyla, canlarıyla cihad edənlərdir: məhz onlar, sadiq olanlardırlar." [49:15]

Sadəcə Allaha inanmaq kifayət deyil. Allaha layiqi ilə inanmaq lazımdır. Sadəcə Allaha inanmaq kifayət olsaydı, müşriklərə müşrik deyil, mömin deyilməli idi. Allaha iman, Allaha yaraşan bir iman olmalıdır. Bu imanın inkar olunmaz şərti, Allaha aid bir xüsusiyyəti Ondan başqa heç kimə yaraşdırmamaqdır. Bu şəxs istər peyğəmbər, istər vəli, istərsə əziz olsun. Çünki yalnızca Allah, Allahdır. Onun tayı və bənzəri yoxdur. Heç bir şey Onun kimi ola bilməz. Heç bir şey Ona tay və bərabər ola bilməz. Heç bir şey Ona ortaq ola bilməz. Heç bir ağıl Onu zatıyla tanıya bilməz, heç bir idrak Onu zatıyla qavraya bilməz. O, ancaq sifətləriylə tanınar və qavranar.

Ağılın işləmə forması bəllidir: gördüklərindən görmədiyini, bildiklərindən bilmədiyini çıxartmaq. Bu əməliyyatı, bəzən bütündən parçaya enərək [deduksiya [1], bəzən parçadan bütünə çıxaraq [induksiya[2], bəzən də parçadan parçaya intiqal edərək [müqayisə] həyata keçirər. Yəni ağıl, mütləq bütünlə parça arasındakı əlaqənin hər hansısa birini gördüyü üçün qurar. Allah zatıyla mütləq və üstündür. Onun zatı üçün bütün-parça faktından söz belə gedə bilməz. Belə bir fakt, immanent [3] və yaradılmış varlıqların xüsusiyyətidir. Məhdud olan ağıl, hüdudsuz olanın zatını ehtiva edə bilməz. Ağıl ehtiva edə bilmədiyini,- başqa bir sözlə çərçivəyə sala bilmədiyini,-qavraya bilməz. Qavraması üçün mütləq hüdudlandırması vacibdir. Nəyin ki, hüdudu var o, Allah ola bilməz. Buna görə də "ağılına nə gəlirsə, o, Allah deyildir" deyiblər. Bu, Onun mütləqliyini və üstünlüyünü ifadə edir.
Yaxşı, hüdudsuz olanı qavramağın bir yolu varmı?

Əlbəttə, vardır: İman.
Allah kəlməsinin mənşəyi haqqında, dilçilər fərqli fikirlər irəli sürüblər. Bu tezislərin ümumi sayı 30-a yaxındır. Allah kəlməsinin törədildiyi fikirində olanlar, bu adın ilahın müəyyənlik bildirən “əl” [ال ] artiklı ilə gələn forması olduğunu irəli sürürlər.
Əl-İlah ilə, mütləq ilah nəzərdə tutulur. Əl-İlah, sonralar Allah olaraq tələffüz edilmiş, dillərdə özünə beləcə yer etmişdir. Bu adın törədildiyi kök hərflər “ə-l-h”dir. Ələhə, "məbud hesab etdi, qulluğunu Ona təsis etdi, ibadət etdi" mənasına gəlir. Ancaq bu qulluğun əsası sevgi olmalıdır ki, sözün kökünə nisbəti dəqiq ola bilsin. Sevgi, bu sözlə eyni kökdən olan bütün sözlərin ortaq mənasıdır.

Bütün adlar, Allah adına yönəlikdir. Allah isminin özünə yönəlik tək bir söz var: Huvə, yəni "O".
Eynilə, "Qul huvəllahu əhad"də olduğu kimi. "O" əvəzliyi, bütün məna və kəlmələri aşan Zatı İlahinin mütləq varlığını təmsil edər.
O, Odur. O, özü olandır. O, özündən başqasına bənzəməyəndir. Onu, haqqıyla ancaq O bilər. Onu, haqqıyla ancaq O tərifləyər. Onu, haqqıyla ancaq O tanıyar. Onu haqqıyla ancaq O sevər. Onun haqqı O olmaqdır. O olmaq, əl-Haqq olmaqdır. O olmaq, mütləq həqiqət olmaqdır.
Ondan başqasının haqqı, Ona qul olmaqdır. Ondan başqasının haqqı, məxluq olmaqdır. Ondan başqasının haqqı, Ona boyun əyməkdir. Ondan başqasının haqqı, O, "ol" deyincə olmaq, "olma" deyincə olmamaqdır. Ondan başqasının haqqı, Ona rəğmən heç bir haqqının olmadığını qavramaq, Onun sayəsində var olduğunu bilməkdir. Ondan başqasının haqqı, Ona qeydsiz-şərtsiz təslim olmaqdır.

Huvənin əsli hu/hə’dir. Huvənin vavı [و] artıqdır. Bunun isbatı vavın ikil və cəm formada düşməsidir. [4] Bəziləri hu [ه] əvəzliyinin hərfi olan həni, Allah ismini törədildiyi kök olaraq görürlər. Buna görə hə hərfinə bir milk lamı əlavə olunmuş ləhu olmuşdur. Başına təzim üçün bir əl artıklı əlavə edilmiş, ləfzi cəlal olan Allah olmuşdur. [İtkan II, 158]

Allah ismi əlif ilə başlayır, hə ilə bitər.
Yəni, dildə başlayar, ciyərdə bitər.

Quranda 2697 dəfə istifadə edilən Allah ismi, istifadəsinin çoxluğuna görə şanına yaraşan bir yer tutmuşdur. [5] Allaha aid istifadə edilən açıq və gizli əvəzliklər bura daxil deyil. Əgər bu siyahıya Allaha aid istifadə edilən açıq və gizli əvəzlikləri də daxil etsək, say 6000-ni keçər. Quranın məqsədi kəlmə ilə inşadan çox, mənəvi bir inşadır. Buna görə müxətibinin Allah təsəvvürünü inşa etməyi qarşısına məqsəd qoyar.

Məkkə cəmiyyətinin əksəriyyəti Allah inancına sahib idi. Onları, göyləri və yeri Allahın yaratdığına, yağışı Allahın yağdırdığına, günəşi və ayı Allahın çıxarıb batırdığına inanırdılar [29:61, 63; 31:25; 39:38].
Onları müşrik edən inkarları deyil, Allah təsəvvürlərindəki yanlışlıqları idi. Allaha inanırdılar, lakin inandıqları Allahın "uzaq" olduğunu düşünürdülər. Bu düşüncə, onları Ona yaxınlaşdıracaq vasitə axtarışına sövq etdi. Məhz bu axtarış nəticəsində mələklər və cinlər kimi gözlə görünməyən varlıqların, Allah qatında onların lehinə vasitəçilik edəcəyi düşüncəsinə inandılar. Onları Allahın qızları və ya hərəmi olaraq təsəvvür edirdilər. Bütlərini düzəltdikləri mələkləri məmnun edərlərsə, mələklər də Allah qatında onlara arxa çıxacaq, bir şəkildə Allahı razı edəcəkdilər.
Quranın dönə-dönə tənqid etdiyi Cahiliyyə insanının şəfaət anlayışı bu idi [39:3; 10:18]. Allah təsəvvüründəki bu yanılma, bütçülüyü gətirdi. Bütlərə, Allaha yaxın olduğuna inandıqları mələklərin yer üzündəki simvolu olaraq tapınırdılar. Üç böyük büt olan Lat, Menat və Uzzaya buna görə qadın adları qoymuşdular. [53:19-22]. Cahiliyyə cəmiyyəti, bütlərə ibadət etməklərini belə açıqlayırdı:
"Bizi Allaha yaxınlaşdırsınlar deyə..." [39:3]

Bu, onlardakı azmanın təməlində, uzaq Allah inancının yatdığının açıq bir dəlili idi. Buna görə Quran inkarçı müxətiblərin əqidəvi azmasını şirk olaraq adlandırdı. Bu anlayış, Allahı inkar etməyi deyil, Ona ortaq qoşmağı ifadə edirdi. Ənbiya surəsinin 22-ci ayəsi kimi bəzi ayələrdə edilən müqayisə, Allahın varlığını isbat məqsədini deyil, şirk məqsədini daşıyırdı. Müşriklərin bütlərə tanrılıq yaraşdırması, Quran tərəfindən belə vurğulanır:
"Sizin Ondan başqa tapındığınız hər şey, yalnız və yalnız sizin və atalarınızın verdiyi adlardan ibarətdir. Allah bunlar haqqında heç bir dəlil endirməmişdir. [Yaradılanların mövqeləri haqqındakı] son mühakimə, yalnız Allaha aiddir: O sizə, Ondan başqasına əsla qulluq etməməyinizi əmr etmişdir: Məhz bu, doğru olan yeganə dindir; lakin insanların çoxu bundan xəbərsizdir." [12:40]


[1] fəls. Düşünmə prosesində ümumidən xüsusiyə getmə
[2] fəls. Xüsusi mülahizələrdən ümumi nəticə çıxarmaq üsulu;
[3]fəls. bir şeyin və ya hadisənin öz təbiətinə xas olan; daxili
[4] Ərəb dilində başqa dillərdə olamayan ikinci şəxsin cəm forması deyilən bir forma var.
[5] M. Fuad Abdulbaqi, əl-Mucəmu’l-Mufəhrəs

İbadət, İtaət və Əməllərdə Tövhid

 

Allahın adı ilə başlayan yarı yolda qalmaz, haqq yoldan azmaz və bir günü digər günü ilə eyni olub yerində saymaz. Tövhid təklik mənasında, Ərəb dilində olan vahid kəlməsinin İslam qaynaqlarında bir təcəssümüdür. İnsan həyatının yaradılış qayəsi olaraq şükür, zikir və ibadət həyatını sadəcə Rəbbinə məxsus qılaraq ona ibadət etməsi, hər şeydə onu təkləməsidir. İnsan nəfs, iradə sahibi olaraq hər zaman unutqan məxluq olduğu üçün həyatında edilən yaxşılıqları, haqqı keçən haqq sahiblərini unuda bildiyi kimi, onu yaradan, heç nədən var edən, can, mal, mülk, övlad və saymaqla bitməyən nemətlər verən Aləmlərin Rəbbini də unuda bilir. Bəlkə də bu yönü ilə heç bir məxluqa verilməyən özəllikdir unutqanlıq.

Doğrudur unutmaq kədər, hüzün və ümidsizlik anlarından daha nikbin əhval-rühiyyə əldə edə bilmək üçün bir mənada gözəllikdir. Lakin hər gözəllik də yersiz olarkən bir afət olduğu kimi, insanın ibadət, itaətində də Rəbbini unutması dini dillə ifadə etmiş olsaq ən böyük cinayətdir. Bu cinayət Rəbbinə şərik qoşaraq, varlığını bir əmanət olaraq ona verən hər azüqə və rahatlığını təmin edən Yaradanına qarşı olan ən böyük cinayətdir. Təbii dünya hüquq çərçivəsində cinayətlər sadəcə mənfəət və təyin olunmuş ölçülərə görə qəbul olunandır, amma kimlik və insan şəxsiyyəti ilk növbədə özünə Kim yaratdı? Nə üçün yaratdı? Nə vaxta kimi can əmanətini verdi? Sadəcə bu dünya üçün mü bu hayatı nəsib etdi? və bənzər sualları verərək, özünü haqq hesaba çəkərək başlamalıdır. Başlamasa nə dəyişər, görünən yönü ilə heç nə deyə biləcəyimiz qədər heç nə. Ama unutmayaq ki, həyatda həqiqətən görünməyən varlıqlar, ilahi rəhmətlər və ya dəyişən qanunlar, kəşflər görünənlərdən daha çoxdur.

Hz.Əlinin də buyurduğu kimi “Bu dünyada hesaba çəkilməyənlər, Axirətdə hesaba çəkilər”. Fərqində olmadan bizə verilən nemətlər də o ölçüdədir. Bu dünyada savabımızın, xeyir əməllərimizin çoxluğu ilə bəzən nemət yoxluğumuz imtahanımıza, bəzən də nemət bolluğumuz dünyadaki mükafatımıza qarşılıq gəlir. Bu ölçüdə edə biləcəyim dua Rəbbim varlıq və darlıq neməti ilə bizləri sınağa çəkməsin...

Qul olaraq bizi qulluqdan azad edən yaganə qulluq gərəyi ilə sadəcə Rəbbimizə qulluq etməkdir Tövhid. Onu hər şeydə təkləmək, bütün sıxıntı, dərd və hüzünlə ancaq ona dua etmək, nemətinin yoxluğunda, əlacsız qalarkən, mal-mülklə sınağa çəkilərkən sadəcə ona təvəkkül etmək, həyatımızı ən gözəl şəkildə ölçü və nizam verən Yaradanımız olaraq hər şeydə ancaq ona itaət, əməllərimizi niyyətimizə görə xalis ancaq onun razılığını qazanmaq üçün edə bilmək varlığımızın ən böyük qazancıdır.

Orta yaşımızla 60-70 yaşlıq bir ömrümüzün ən uzağı 1, 2 saata ifadə edə biləcək qədər qısa olan bu ömrümüzü ən bərəkətli və məhsuldar bir yaşam tərzi ilə doldurmaq istəyiriksə, bunu ancaq Tövhid ruhuyla paklamaq, onunla bəzəmək və onun üzərinə qurmalıyıq. Peyğəmbərimizin (sallalahu aleyhi və səlləm) ifadə etdiyi kimi “Haram loxma üzərinə edilən ibadət, qum üzərinə tikilən bir bina” kimidir hədisi şərifi ilə, örnək həyatımızı Tövhid inancı üzərinə qurmağımız darlıqda da bolluğu, əlacsızlıqda nicatı və ümidsizlikdə də rahatı bizə nəsib edər.

Qəlbimizə, nəfsimizə diğər düşüncə və meyllər təmayül etməmiş onu sadəcə Allah rızası ilə, ona xas ibadət, itaət ilə dolduraq. Bu, yaşayaraq dinimizi, kimliyimizi və örnək şəxsiyyətlərimizi insanlara ifadə edə biləcəyəmiz ən gözəl metod, üslub və canlı həyat örnəyidir. Rəbbim hər birimizi həyat əmanətinin haqqını verən, ibadət, itaət və əməllərdə sadəcə onu təkləyən və Tövhid şüurunun fərqində olan bəndələrindən etsin.