Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Maraqlı

Həyatda ikən ölmüş şəxs

Həzrət Əmir-əl-möminin İmam Əli əlyhis-salam buyurub:
"Yalançı və ölü, bərabərdilər. Həqiqətən də yaşayanın (ölü ilə müqayisədə) məziyyəti budur ki, insan, yaşayan şəxsə etimad edə bilər, ölüyə isə etimad edə bilməz. Şəxsin sözünə etimad olmadığı zaman artıq o, şəxs, ölüdür."


اَلْكَذَّابُ وَ الْمَيِّتُ سِوَاءٌ لِأَنَّ‏ فَضِيلَةَ الْحَيِّ عَلَى الْمَيِّتِ الثِّقَةُ بِهِ فَإِذَا لَمْ يُوثَقُ بِكَلَامِهِ بَطَلَتْ حَيَاتُهُ.

İstifadə olunmuş ədəbiyyat:

Ğurərul-hikəm və Durərul-hikəm, səh: 220

Üsuli-Kafi, c. 2 səh: 338


Haram yeməyin təsirləri

Haram yeməyin iki növ təsiri var: dünya və axirət təsirləri.
a) Dünyəvi təsirlər
1. Duaların qəbul olunmaması
  Rəvayətlərdən məlum olur ki, haram yeyənin duaları qəbul olunmur. Qüdsi bir hədisdə deyilir: “Yalnız haram yeyənin duası mənim dərgahıma yetişməz.” Başqa bir hədisdə buyurulur: “Allah həzrət İsaya (ə) vəhy etdi ki, Bəni-İsrail zalımlarına de: “Bir halda ki, haram maldan istifadə edirsiniz, evlərinizdə büt var, məni çağırmayın. And içmişəm ki, məni çağıranın duasını qəbul edim. Haramxorların duasının qəbul etməyim onlara lənət və nifrindən ibarətdir.” İslam Peyğəmbəri (s) buyurur: “Bir tikə haram yeyənin duası 40 gün qəbul olunmaz.” Rəvayətdə deyilir: “Həzrət Musa (ə) ağlar halda əllərini səmaya açıb dua edən bir şəxs gördü. Allah tərəfindən Musaya vəhy olundu: “O nə qədər çalışsa da duası qəbul olunmaz. Çünki onun qarnında haram var...”
Bir şəxs həzrət Peyğəmbərin (s) yanına gəlib ərz etdi: “Dualarımın qəbul olmasını istəyirəm.” Əziz Peyğəmbərimiz (s) buyurdu: “Yediklərin pak olsun, qarnına haram qida daxil etmə.” Başqa bir hədisdə həzrət (s) buyurur: “Duasının qəbul olmasını istəyən şəxs qidasını, gəlir yolunu və qazancını pak etsin.”
2. Saleh əməllərin qəbul olunmaması
Təqva saleh əməllərin qəbulu üçün şərtdir. Haramxor insan ilahi təqvanı ayaq altına aldığından onun saleh əməlləri qəbul olunmur. Çoxsaylı rəvayətlərdə bəyan olunur ki, haramxorun namazı, həcci, sədəqəsi qəbul deyil. İslam Peyğəmbəri (s) bu barədə buyurur: “Haram yeyib ibadət etmək çınqıl daş üstə ev tikmək kimidir.” Başqa bir rəvayətdə həzrət Peyğəmbər (s) digər səmavi kitablardan belə nəql edir: “Haram yeyib xeyir iş görmək xəlbirlə su daşımaq kimidir.”
Bir rəvayətdə İslam peyğəmbəri (s) buyurur: “Bir tikə haram yeyənin 40 gecə namazı qəbul olmaz. Bədəninin haramdan yaranan yeri oda daha çox layiqdir. Çünki bir tikədən də ət yaranır.” Həzrət Peyğəmbər (s) haram tikənin həccə təsirini elə şəkildə bəyan edir ki, insan lərzəyə gəlir. Həzrət (s) buyurur: “Hər kəs haram malla həccə getsə və “ləbbəykə Allahummə ləbbəykə” deyərək Allahı eşitdiyini bildirsə, Allah ona buyurar: “La ləbbəykə və la sədəykə”, yəni bu həcc sənin özünün olsun!”
İslamda sədəqə ən üstün əməllərdən sayılır. Amma şərt budur ki, insan halal maldan sədəqə versin. Haram maldan sədəqə verən insan haqqında Peyğəmbər (s) buyurur: “Bir şəxs haram qazanc əldə etsə Allah onun sədəqəsini qəbul etməz, qul azad etməyin, həcc və ümrəsinin savabını verməz. Allah gördüyü işlər həddində ona günah yazar. Ölümündən sonra ondan qalan şeylər oda doğru hərəkətində azuqəsi olar.”

Ağzına qoyduğun haram bir tikə
Əlbət ki, ruhuna salası ləkə.
Əlinlə əkdiyin bu şər toxumu
Şəksiz, savabların qırar çoxunu
İbadətlərini alar əlindən,
Din evinə dolar ağrı, qüssə, qəm.
Çeşidli süfrəyə uzadanda əl
Yaxşı düşün, sonra qalma məəttəl.

3. Daşqəlblilik
İslam elmlərində və təcrübi elmlərdə sübuta yetirilmişdir ki, insanın qəbul etdiyi qida təkcə onun bədəninə yox, həm də ruhuna təsir göstərir. Zəhərli qida insan orqanizminə mənfi təsir göstərdiyi kimi haram tikə də insan ruhunu puça çıxarır. Bütün niyyətlər insan qəlbindən qaynaqlanır. Qəlb insanın komandanlıq mərkəzidir. Pak qəlb xeyir işlərə, çirkin qəlb isə haram işlərə sövq edir.
Kərbəlada imam Hüseyn (ə) İbn Səd qoşununa üz tutaraq buyurur: “Qarınlarınız haramla dolub, qəlbləriniz möhürlənib. Vay olsun sizə, yoxsa insafınız kəsilib, eşitmək gücünüz yoxdur?!”
4. Tövbənin qəbul olmaması
Haram malın mənfi təsirlərindən biri də tövbənin qəbul olunmamasıdır. “Nəhcül-bəlağə”də nəql olunur ki, bir şəxs həzrət Əlinin (ə) hüzurunda diqqət yetirmədən “əstəğfirullah” söylədi. Həzrət (ə) buyurdu: “Anan əzanda otursun, bilirsənmi istiğfar nədir? İstiğfarın altı şərti var...” Həzrət Əli (ə) istiğfarın (tövbənin) beşinci şərtini belə bəyan edir: “(Beşinci şərt budur ki,) haramdan yaranmış ətini nigarançılığınla əridəsən. Belə ki, onun yerinə təzə ət gələ.” (Nəhcül-bəlağə, h.417.)
5. İlahi tövfiqdən (yardımdan) məhrum olmaq
Böyük şəxsiyyətlərdən birinin dilindən belə nəql olunur: Qəribə bir haldaydım. Gecə namazından, namazı əvvəl vaxtda qılmaqdan, ümumiyyətlə, ibadət ləzzətindən məhrum olmuşdum. Düşünürdüm ki, axı nə üçün? Nə qədər ağlayırdımsa, nalə çəkirdimsə təsiri olmurdu. Nəhayət, yuxuda mənə deyildi: “Haram xurma yeyən kəs ibadətdən ləzzət almaz.” Yuxudan oyandım. Yadıma düşdü ki, dükandan xurma alanda xurmaların arasında biri yetişməmişdi. Mən dükan sahibindən icazəsiz həmin xurmanı dəyişdim.”
6. Digər günahlara sövq olmaq
Mehdi Abbasi xilafəti dövrünün tanınmış qazisi Şərik ibn Abdullah haqqında yazırlar ki, bu şəxs öncə təqvalı bir fəqih olmuşdur. Mehdi Abbasi onu həbs etdirib, sonradan azad olmaq üçün üç yoldan birini seçməyi təklif etmişdir: ya qazilik mənsəbi, ya xəlifə övladlarının tərbiyəsi, ya da xəlifənin təamlarından dadmaq. Şərik xəlifənin son təklifini seçmiş və o biri təklifləri münasib saymamışdı. Xəlifə öz aşbazına göstəriş verir ki, çeşidli təamlar hazırlasın. Xəlifənin süfrəsindən təam dadan fəqih sonradan dəyişmiş, həm qaziliyi, həm də xəlifə övladlarının tərbiyəsini öhdəsinə götürmüşdü.

7. Bərəkətsizlik
Haram tikə malın bərəkətini aparır. İmam Sadiq (ə) buyurur: “Qeyri-şəri yolla mal əldə edən insana tikili, su və torpaq hakim olar. (Var-dövlət onu məhv edər)” Yəni bu şəxs var-dövlətini suya-torpağa sərf edər və heç bir fayda götürməz. Sanki torpağa əmr olunub ki, onun var-dövlətini udsun.
Digər bir rəvayətdə imam Sadiq (ə) buyurur: “Çox haram yemək insanı ruzidən məhrum edər.” Həzrət Əli (ə) buyurur: “Çox olar ki, bir tikə insanı çox tikədən məhrum edər.”
b) Axirət təsirləri
Müxtəlif rəvayətlərdə haram yeyənə müxtəlif axirət əzabları vəd olunur. Onlardan bəzilərini nəzərdən keçirək:
1. Haramxorun daxilində od qalanması
İslam Peyğəmbəri (s) buyurur: “İnsanın oğurladığı şey qiyamət günü oddan olan boyunbağı ilə boynundan asılar. İnsan haram yesə qəbirdən qaldırıldığı vaxt daxilində od alovlanar. Bu od şölələrindən hamını qorxudan səs ucalar. Nəhayət, Allah bəndələr arasında hökm verər.”
2. Behiştə girişə qadağa
Əziz İslam Peyğəmbəri (s) buyurur: “Kəb ibn Əcrə, haramdan yaranmış ət heç vaxt behiştə daxil olmaz.” Digər bir rəvayətdə həzrət (s) buyurur: “Əti napak olan kəs heç vəchlə behiştə daxil olmaz. (Napak ətin nə olması barədə soruşulduqda həzrət (s) buyurur.) Elə bir ət ki, haramdan cücərmiş (yə’ni, yaranmış) olsun.”
3. Cəhənnəm oduna yaxınlaşmaq. İslam Peyğəmbəri (s) haramxor insanın ətini oda layiq bilir: “Əti haramdan cücərmiş kəsə od daha çox layiqdir.”
4. Hesab zamanı pərişanlıq
Həzrət Peyğəmbər (s) haram yeməyi hesab zamanı qəm-qüssə səbəbi kimi təqdim edir: “Dörd şeyə sevinən insan dörd şeyə qəmlənər... Haram mal yeməkdən xoşhal olan insan hesab zamanı qəm-qüssəyə qərq olar.”
5. Sirat körpüsünün atəşin itləri ilə üzləşmə
Həzrət Peyğəmbər (s) buyurur: “Sirat körpüsündə atəşin itlər var. Boynunda haram bir dirhəm olan kəsin iki ayağından bu itlər yapışar. Belə ki, bu şəxs bir addım ata bilməz. Nəhayət, savab əməllərindən həmin dirhəmin sahibinə olan borcunu qaytarar. Əgər qaytara bilməsə, ağır günah yükü onu oda çəkər.”

Qəlbi qüvvətləndirmək yolları

  İnsan sağlamlıq durumu, maliyyə vəziyyətinin münasib olmasına baxmayaraq rahatlıq, asayiş hiss etmək üçün güclü qəlbə malik olmalıdır. İslam qəlb aramlığına çatmaq üçün qısa bir düstur verir: Allah zikri ilə qəlblərinizi möhkəmləndirin.
Təbii ki, bu məqsədə çatmaq istəyən insan üçün suallar qarşıya çıxır. Hansı yollarla, necə qəlbi gücləndirmək olar? Qəlb aramlığı insanın itkisidir. İnsan əksər fəaliyyətlərində özü də bilmədən qəlb aramlığı üçün çalışır. İnsanı nigarançılıqlardan, təşvişlərdən, həyəcanlardan qurtara biləcək yeganə düzgün addım Allah zikridir. Bəndənin bütün ehtiyaclarını aradan qaldırmağa qadir olan mehriban Allaha sığınmaqla insan həyəcanlardan xilas olur. Allah zikri məqamına çatmış fərdin qəlbini heç bir hadisə silkələyə bilmir.
  İnsan Allah zikrinin zərurətini o zaman dərk edir ki, Allahın güc və qüdrətinə inansın. Əgər Allahın peyğəmbərlərə verdiyi vədi necə yerinə yetirdiyini nəzərdən keçirsək, şahid olarıq ki, yeganə etibarlı sığınacaq Allahın qüdrətidir. İnsan öz yanında qüdrətli varlıq görəndə və bu varlıq ona dost olanda bütün həyəcanlar təbii şəkildə uzaqlaşır. Demək, insan inanmalıdır ki, ən əlçatmaz nöqtədə, ən ağır vəziyyətə düşdüyü zaman Allah onu xilas edə bilər. Belə bir inam yoxsa Allah zikri də zahiridir və insan qəlbinə təsir etmir.
  Hər bir müsəlman üçün Qurani-kərim dünya və axirət kitabıdır. Rəd surəsinin 27, 28-ci ayələrində oxuyuruq: “Kafir olanlar: “Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?” – deyirlər. (Ya Rəsulum!) De: “Allah istədiyini (haqq yoldan) sapdırır. Tövbə edən (Allahın itaətinə qayıdan) şəxsi isə Öz hidayətinə (Özünün doğru yolu olan islam dininə) qovuşdurur; O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”
  Ayələrdə nəzərdə tutulan aramlıq, adətən xalqı narahat edən maddi amillərlə əlaqəli aramlıqdır. Amma etiqadlı insanları məsuliyyətləri də nigaran edir. Bu nigarançılıq insana kömək edir ki, Allah və cəmiyyət qarşısında vəzifələrini yerinə yetirsin. Bu nigarançılıq həyəcandan çox təqvaya, ilahi xofa aid edilə bilər. Allah zikri dedikdə təkcə Allahın adını dilə gətirmək nəzərdə tutulmur. Ayədə nəzərdə tutulan insanın bütün vücudu ilə özünü Allahın əzəməti qarşısında görməsidir. Əgər insan bütün gördüklərinin sahibi olaraq Allahı tanısa qəm-qüssədən qurtular. Allahın övliyalarını dünya və axirətdə qorxudan, qəmləndirən bir şey olmaz. Bütün nemətlər Allahdandır. Çətinliklər isə Allah tərəfindən göndərilmir. Allah öz lütfünü dayandırdıqda yaranır. Allah tərəfindən şər nazil olmur. Şəri yaradan insan özüdür və qorxu da şərdən yaranır. Allah qorxusu yeganə qorxudur ki, insanı tərbiyə edir, onu kamilləşdirir. Hətta Allah qorxusu insana başqa güclər qarşısında cəsarət verir. Allahdan qorxan insan başqa gücdən qorxmur.
  İnsan Allahı yada salanda ilk növbədə günahlarını xatırlayır və təəssüf edir. Allahı yada salmağın, Allah zikrinin ikinci təsiri yaranış məqsədinə diqqətdir. İnsanın yaranışında Allah zikri bir məqsəd olaraq nəzərdə tutulur. Zikrə məşğul insan məqsədə çatmış kimidir və həyəcanlardan uzaqdır. Ənfal surəsinin 2-ci ayəsində oxuyuruq: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.” Ayələrdən çıxarılan ümumi nəticə budur ki, insan Allahın hədsiz nemətlərini yada salanda aramlıq tapır, eyni zamanda ilahi cəzaları düşünərək qorxur. Allahın vədləri qətidir. Qəlb aramlığı üçün Allah vədlərinin düzgünlüyündən təsirli dərman yoxdur. Qeyd etdik ki, faydalı olan Allah xofudur. Bu xof məsuliyyətlərin dərkindən, bəzən də Allahın əzəməti qarşısında kiçiklikdən yaranır. Allah vəd edir ki, Onun dostları üçün qorxu yoxdur, onlar qəmlənməzlər.
  Qəlb aramlığına dini təlimlərdə o qədər əhəmiyyət verilib ki, bu məqsədə çatmaq üçün bütün mümkün yollar açıqlanıb. “Vəliyy” sözünün cəm forması olan “övliya” sözü iki şey arasında vasitənin olmaması və daimi yaxınlıq mənasını bildirir. Beləcə bir şey başqa bir şeyə yaxın olduqda (məkan, zaman, məqam baxımından) ona vəliyy deyilir. Demək, Allah övliyaları o şəxslərdir ki, onlarla Allah arasında fasilə, uzaqlıq yoxdur. Onlar Allaha o qədər yaxındırlar ki, zərrəcə şübhə qəlblərinə yol tapmır. Aydın olur ki, nə üçün Allah övliyaları Allahdan başqasından qorxmayıb, dünya işləri onları qəmləndirməyib. Övliyaların dünya həyatına heç bir bağlılıqları olmayıb. Başqaları keçmiş və gələcəklə bağlı narahat olsa da, övliyalar aram olub. Qəm və qorxu dünyapərəstlikdən gələn hisslərdir. İnsan Allaha yaxınlaşanda hiss edir ki, qəm-qüssəsi azalır, qorxu-həyəcanları aradan qalxır. Əgər hər şeyin sahibi Allahsa və Allah qüdrət sahibidirsə insan nə üçün qorxmalıdır?! Allah övliyalarını qorxudan və həyəcanlandıran yalnız Allah razılığından məhrumluq hiss ola bilər.

Müqəddəs Ərdəbilinin yuxusu

  Əhməd ibni Muhəmməd Ərdəbili – Müqəddəs Ərdəbili adı ilə məşhur olan 10-cu hicri əsrinin ən böyük alimlərindəndir. Ərdəbili, o böyük alimdir ki, “Məalim” kitabının müəlifi ondan elm öyrənmiş və hədis nəql etmək üçün icazə istəmişdir.

  Əllamə Məclisi onun haqqında buyurur: “Nəfsinin, təqvasının, zahidliyinin müqəddəsliyində son həddə çatmışdı. Görkəmli alimlər və dahi şəxsiyyətlər arasında onun kimisinin sorağını almamışdım”.

  O, çox təvazökar bir insan idi və şagirlərinin arasında özünü çox kiçik tutardı. Onlara çox ehtiram göstərərdi. Təlim və tədrisdəki ixlası dillər əzbəri idi.
Bu böyük alim bir gecə yuxuda Həzrət Peyğəmbəri (s) görür ki, Həzrət Musa (ə) da orada əyləşmişdi. Həzrət Musa (ə) Peyğəmbərə (s) sual verir ki, bu kişi kimdir? Peyğəmbər (s) buyurur: Özündən soruş.

  Həzrət Musa (ə) Müqəddəs Ərdəbilidən soruşur: “Sən kimsən?”. Alim cavab verir: “Mən Əhmədəm, Muhəmmədin oğlu, Ərdəbil əhlindənəm. Filan küçədə və filan evdə yaşayıram”.

  Həzrət Musa (ə) təəccüb edir və deyir: “Mən sənin ancaq adını soruşdum və bu dediklərin nə üçündür?”. Alim cavabında deyir: “Aləmlərin Allahı sizə sual verəndə ki, sənin əlində olan şey nədir, bəs niyə bu qədər ətraflı cavab verdiniz?”. “Ey Musa, sağ əlindəki nədir?” Dedi: “Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var”. (“Taha” 17-18).

Həzrət Musa (ə) Peyğəmbərə (s) deyir: “Düz deyirsən ki, mənim ümmətimin alimləri Bəni İsrayilin peyğəmbərləri kimidir”.

Övliyalar ölüm ayağında

Kim ölümü çox yada saldısa, dünyaya əsir olmadı

Ölüm kafir və zalımlar üçün cəhənnəmə, mömin və təqvalılar üçün behiştə bir qapıdır. Peyğəmbər (s) və məsum imamların, eləcə də onların həqiqi ardıcıllarının ölümdən sonrakı həyata etiqadı elə bir həddə olub ki, daim ölüm intizarında olublar.
İlahi peyğəmbərlər, imamlar, övliyalar və rəbbani alimlərin ölüm ayağında yaşadığı hislər onların ölümdən sonrakı həyata əminliyindən danışır. Ölüm qorxusunu candan çıxarmaq üçün ən düzgün yol axirət həyatına inamı gücləndirməkdir. Əbədi həyata inananların ölüm astanasındakı durumları ibrətamizdir.

İslam peyğəmbəri (s) ölüm yatağında idi. Həzrət ömrünün son dəqiqələrini yaşayırdı. Qəfildən qapı döyüldü. Xanım Fatimə (s.ə) qapı arxasındakı şəxsin kimliyini soruşdu. Səs eşidildi ki, mən bir qəribəm, Allah rəsulunun görüşünə gəlmişəm. Xanım Fatimə (s) buyurdu: “Allah səni bağışlasın, geri qayıt. Allahın rəsulu xəstədir.” Həmin şəxs getdi, bir müddət sonra yenidən qayıtdı, növbəti dəfə Peyğəmbərlə (s) görüş üçün icazə istədi. Bu zaman Peyğəmbər (s) xanım Fatiməyə (s.ə) buyurdu: “Fatiməcan! Bilirsənmi o qərib kimdir? O izdihamı dağıdan, ləzzətləri unutduran kəsdir. O ölüm mələyidir. And olsun Allaha, məndən başqasının ruhunu almaq üçün icazə almayıb və almayacaq. Allah yanında məqamıma xatir icazə istəyir. İcazə ver, otağa daxil olsun.” Həzrət Fatimə (s.ə) buyurdu: “Allah sənə mərhəmət buyursun. Otağa daxil ol.” Əzrail nəsim kimi aramcasına otağa daxil oldu. Peyğəmbər (s) əhlini salamladı və həzrət Peyğəmbərin (s) ruhunu ərşi-əlaya qaldırdı.
Həzrət Peyğəmbərin (s) rehlətindən sonra onun vəsi və canişini Əmirəlmöminin (ə) həzrətin fərağında belə bir şer oxudu: “Ölüm nə ata, nə də oğuldan keçmir; Ölümü hamıya daddırana qədər bu iş davam edir; Ölüm hətta Peyğəmbəri (s) ümmət üçün saxlamadı; Ondan qabaq birini saxlasaydı, onu da saxlayardı; Biz yayınmayan ölüm oxlarının hədəfindəyik; Bu ox bu gün də olmasa sabah sorağımıza gələcək...”

Həzrət Süleymanın ölüm məqamı çatan zaman o səhabələrinə buyurdu: “Allah mənə kimsəyə vermədiyi bir mülk verdi. Küləyi, insanları, cinləri, heyvanları, quşları hökmümə tabe etdi. Mənə quşların dilini öyrətdi, bütün nemətlərdən əta buyurdu. Sarayın banına çıxıb, məmləkətimə baxmaq istəyirəm. Arxamca kimsə gəlməsin.” Əsasını əlinə alıb, qəsrinin ən yüksək nöqtəsinə qalxdı. Göz işlədikcə məmləkətə nəzər saldı. Allahın ona verdiklərindən ürəyi açıldı. Birdən yanında xoş simalı gənc gördü. Dedi ki, səni buraya kim buraxıb? Həzrət Süleyman tək qalmaq istəyirdi. Gənc dedi: “Bu qəsrin sahibi olan Allah mənə icazə verib.” Süleyman buyurdu: “Qəsrin Rəbbinin haqqı var. Sən kimsən?” Gənc dedi ki, o ölüm mələyidir. Süleyman onun gəlişinin səbəbini soruşdu. Ölüm mələyi dedi ki, sənin ruhunu almağa gəlmişəm. Süleyman dedi: “Sənə əmr olunan işi yerinə yetir. Bu gün istədim qəlbim açılsın. Allah isə mənim sevincimi Öz görüşündə qərar vermək istədi.” Ölüm mələyi həzrət Süleymanın ruhunu aldı. Qarışqalar Allahın əmri ilə Süleymanın əsasını yeməyə başladılar. Yalnız yerə yıxıldığı zaman ətrafdakılar həzrət Süleymanın dünyadan getdiyini başa düşdülər.

Allah-Taala həzrət İbrahimin ruhunu almaq istədiyi zaman ölüm mələyini onun sorağına göndərdi. Ölüm mələyi İbrahimin görüşünə gəlib, salam verdi. İbrahim dedi: “Salam olsun sənə, ey ölüm mələyi. Məni Allahıma doğru dəvət etməyə gəlmisən, yoxsa ölüm xəbəri gətirmisən?” Əzrail dedi: “Gəlmişəm ki, səni öz razılığınla Rəbbinə doğru aparım. İbrahim sual verdi: “Dostun öz əziz dostunu öldürdüyünü görmüsənmi?” Əzrail İbrahimin bu sözlərini Allaha çatdırdı. Allah buyurdu: “İbrahimə de ki, mehriban aşiqin məşuqla görüşdən qaçdığını görübmü?” İbrahim bu sözləri Əzraildən eşidib dedi: “Həqiqətən də həbib məhbubu ilə görüş iştiyaqındadır.”

Həzrət İdris daim oruc olardı, dünyaya heç bir bağlılığı yox idi. Onun ibadətləri mələkləri təəccübləndirirdi. Nəhayət, bir gün ölüm mələyi İdrisi görmək üçün Allahdan icazə istədi. Ölüm mələyi insan simasında İdrisin görüşünə gəldi. İdris onu süfrəyə dəvət etdi. Mələyin süfrəyə əyləşmədiyini görüb, onun kim olduğunu soruşdu. Əzrail ölüm mələyi olduğunu bildirdi və dedi ki, İdrisin ziyarətinə gəlib. İdris Əzraildən onun ruhunu almasını istədi. Əzrail dedi ki, bu yalnız Allahın əmri ilə mümkündür. Bu zaman Allah ölüm mələyinə əmr etdi ki, İdrisin ruhunu alsın. Əzrail İdrisin ruhunu aldı və Allah həmin an onu yenidən həyata qaytardı. Əzrail soruşdu ki, ölümü necə gördün? İdris ölümün çox ağır və dəhşətli olduğunu dedi. Ölüm mələyi sual verdi: “Bəs nə üçün ölmək istədin?” İdris dedi: “Ölümün çətinliyini dadıb, ona hazırlaşmaq istədim.”

Həzrət Musanın ömrü sona çatanda Əzrail onun görüşünə gəlib dedi: “Salam olsun sənə ey Musa!” Musa Əzrailin salamını alıb, onun kim olduğunu soruşdu. Əzrail ölüm mələyi olduğunu dedi. Musa onun nə üçün gəldiyini soruşdu. Əzrail onun ruhunu almaq üçün gəldiyini söylədi. Musa soruşdu ki, ruhumu hansı əzamdan çıxaracaqsan? Əzrail cavab verdi ki, ağzından. Musa dedi: “Mən bu ağızla Allahla söhbət etmişəm. Nə üçün ağzımdan?” Əzrail dedi: “Əllərindən çıxararam.” Musa dedi: “Mən bu əllərlə Tövratı götürmüşəm.” Əzrail dedi ki, gözlərindən çıxararam. Musa dedi: “Mənim bu gözlərim Allahın rəhmətinə dikilib.” Bu dəfə Əzrail Musanın ruhunu ayaqlarından çıxaracağını dedi. Musa dedi: “Mən bu ayaqlarla Tur dağına minacat üçün getmişəm.” Əzrail dedi ki, onda canını qulaqlarından çıxararam. Musa dedi: “Mən Allahın sözlərini bu qulaqlarla eşitmişəm.” Allahdan hökm gəldi ki, ey Əzrail Musa nə vaxt istəsə, o vaxt onun canını alarsan. Bir gün Musa bir şəxsin qəbir qazdığını gördü. Ona kömək təklif etdi. Kişi Musanın təklifini qəbul etdi. Qəbir qazılıb qurtarandan sonra Musa qəbirə uzandı ki, onun düzgün ölçüdə qazıldığına əmin olsun. Həmin an Allah onun gözündən pərdəni qaldırdı və Musa özünü behiştdə gördü. Allahdan istədi ki, onun ruhunu alsın. Əzrail Musanın ruhunu alıb həmin qəbri torpaqladı. Əslində qəbir qazan kişi Əzrail özü idi.

Həzrət Peyğəmbər (s) və məsum imamlar həddində ölüm və axirət barədə aydın təsəvvürlü şəxs olmayıb. Onların buyuruqları ölüm, məad, axirət həyatı ilə tanışlıqda ən münasib mənbə sayıla bilər.

Həzrət Peyğəmbər (s) buyurur:
Ölümdən qaçmaq mümkün deyil. O hər kəsə öz azuqəsini qaytarır. Axirət istəyənlərə asayiş və rahatlıq, dünya istəyənlərə bədbəxtçilik və peşmançılıq gətirir.
Möminin dünyadan gedişi uşağın qaranlıq ana bətnindən işığa çıxması kimidir.
Ölüm mömin üçün ətirli çiçəyi qoxlamaq kimidir. İnsan ölümlə ya rahatlaşır, ya da rahatlığını əldən çıxarır. Mömin bəndə Allahın rəhmətinə qovuşmaqla dünya çətinliklərindən xilas olur, günahkar bəndə öləndə dünya və dünyadakılar onun əlindən xilas olur.
Ən böyük zöhd ölümü yada salmaq, ən böyük ibadət düşünməkdir. Vücudundan ölüm fikri əskik olmayan insan öz qəbrini cənnət bağına döndərib.
Dünyanızı qurun və axirət üçün elə çalışın ki, sanki sabah öləcəksiniz.
Kim sabahı öz ömründən sayırsa ölümü anlamayıb.
İstəklərini azalt ki, yoxsulluq asan olsun. Günahlarını azaltsan, ölüm asanlaşar.

Həzrət Əli (ə) buyurur:
Ölüm fürsətləri əldən çıxarmaqdır. O qapını döyənə qədər azuqənizi hazırlayın.
Dünyadan köçmək qəfil olur, buna görə də tez hazırlaşın.
Ölüm axirətə açılan qapıdır. Ölüm fəna evini tərk edib, əbədiyyət evinə köçməkdir.
Ölüm fikri dünyanı insanın gözündə kiçildər.
Özünüzü behişt nemətlərinə həvəsləndirin ki, ölümü sevə biləsiniz.
Təəccüb edirəm o kəsə ki, hər gün ömrünün azaldığını görə-görə ölümə hazırlaşmır.
Əgər ölümü satın almaq olsaydı, varlılar onu alıb həmişə dünyada qalardılar.
Ölümə əminliklə baxan onu yanında gördü.
Axirət qazancı olmayandan böyük ziyankar yoxdu.
Axirət azuqəsi paklıq və təqvadır.
Sorğu-sual, hesab günü üçün çalışın.
Axirətə əmin olan dünyaya tamah salmır. Dünya üçün elə çalış ki, sanki həmişə dünyada qalacaqsan. Axirət üçün elə çalış ki, sanki sabah öləcəksən.
Həqiqətən, sən axirət üçün yaradılmısan. Beləsə, axirət üçün çalış. Dünya üçün yaradılmadığından ondan uzaq dayan.
Axirət sizin üçün əbədilikdir. Bu əbədi yeriniz üçün hazırlaşın.
Əbədi axirət sarayı doğruçular və salehlərin yeridir.
Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) deyir: “Övladım! Ölüm haqqında çox düşün. Ölümdən sonranı gözün qarşısında canlandır və hazırlaş. Elə olmasın ki, qəfildən sorağına gəlsin. Axirət barədə çox düşün. Onun neməti də, əzabı da yadında olsun. Bu fikir sənin qəlbini dünyadan döndərər və dünya gözündə əhəmiyyətsiz olar.
Dünya davamsız yalan, sönükən işıqdır. Dünya çəkilməkdə olan kölgə, yıxılmaqda olan sütundur.
Zaman bədənləri təravətdən salar, həvəsləri gücləndirər, ölümü yaxınlaşdırar, arzuları uzaqlaşdırar. İnsan əldə etdiyindən yorular, əldə edə bilmədiklərinə görə əzab çəkər.
Hər nəfəs ölümə doğru bir addımdır.
Dünya və axirət bir-birinə düşməndir, iki ayrı yoldur. Dünyanı sevən axirətə düşmən oldu.
Dünya və axirət şərq və qərb kimidir. Bunların arasında hərəkət edən birinə yaxınlaşanda o birindən uzaqlaşar.
Allahın bir mələyi var, hər gün belə nida çəkər: “Ölüm üçün doğun, dağıtmaq üçün toplayın, viran qoymaq üçün qurun!”
İnsanın dünya məqsədi ölüm oxlarının hədəfindədir. Bəlalar və müsibətlər onun məhvinə tələsər. Hər qurtum suda və hər loğma təamda nəfəsin kəsilməsi qorxusu var.
Biz insanlar ölümün yoldaşlarıyıq, canlarımız qəfil ölümün hədəfindədir. Əbədiliyətə necə ümid edək ki, ötən gecə və gündüz viranlıq və dağıntı ilə yadda qalıb.
Dünya acılığının sonu axirət şirinliyidir. Dünya şirinliyinin sonu axirət acılığıdır.

İmam Həsən (ə) buyurur:
Möminlər üçün ən böyük sevinc ölümdür. Mömin insan əzab-əziyyət məskənindən nemət dolu əbədi məskənə köçür. Kafirlər üçün ən böyük fəlakət də ölümdür.

İmam Səccad (ə) buyurur:
İnsan üçün 3 ağır an var: Ölüm mələyini gördüyü an, qəbirdən qalxdığı an, Rəbbinin hüzurunda dayandığı an.
Mömin üçün ölüm çirkli libası çıxarıb, zəncirlərini qoparıb atmaq kimidir. Əvəzində iftixarlı və ətirli libaslar geyinir, rahat miniklərlə əmin-aman mənzillərə yola düşür. Kafir üçün ölüm iftixarlı libasları çıxarıb çirkli libas geymək, rahat mənzildən əzab-əziyyət ağuşuna köçməkdir.
Üstün ölüm odur ki, insan günahlarına tövbə etsin və xeyir əməl içində Allahın görüşünə getsin.

İmam Sadiq (ə) buyurur:
Kim asan can vermək istəyirsə, ata-anasına, yaxınlarına yaxşılıq etsin. Bu işləri görsə həyatında nadanlıqdan əziyyət çəkməz, çətinliklə ölməz.
Ey insanlar! Dünyanı abad edib, axirəti viran qoyduğunuzdan abadlıqdan xarabalığa getmək istəmirsiniz.
Ölüm nə vaxt səni yaxalayacağı məlum olmayan bir dəhşətdir. Nə üçün o gəlib çatmamış hazırlaşmayasan?!
Ölümü çox yada sal. Kim ölümü çox yada saldısa, dünyaya əsir olmadı.
Ölümü xatırlamaq nəfs istəklərini öldürər, insanı qəflət halından çıxarar, insan qəlbində ilahi vədlər güclənər, tamah nazilər, azğın istəklər haldan düşər, dünya insanın gözündə kiçilər.
Ölüm mömin üçün ən xoş ətir kimidir. Bu ətirlə bütün əzab-zəiyyətlərə son qoyular. Kafir üçün ölüm ilahi və əqrəbin çalması kimi, hətta daha ağrılıdır.
Dünya neməti sağlamlıq və asayişdir. Bunların ən kamili axirətdədir. İnsan behiştə daxil olana qədər çatdığı nemətlər kamilləşməyib.

İmam Kazim (ə) buyurur:
Ölüm bir süzgəcdir. O möminlərin günahlarını, kafirlərin yaxşı işlərini ayırıb saxlayar. Ölüm mömin üçün son ağrı, kafir üçün son asayişdir.