Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Uşaq bölümü

Uşağı namaza necə həvəsləndirək?

  Uşaqlar təqlidçilik xasiyyəti ilə məşhurdur. Onların bir çox rəftarları təqlid əsasındadır. Uşaqların təqlidlə öyrəndiyi yaxşı işlərdən biri namazdır. Bilməliyik ki, uşaqlar namaz qılanda savab qazanır, onlarda ibadətə rəğbət yaranır, namaz xarakterlərinə hopur, yetkinləşəndə asanlıqla namaz qılırlar. Amma büluğ həddindən qabaq namaz qılmayan uşaqlar büluğ həddinə çatanda namazda çətinlik çəkirlər. Əgər övladlarımızın diqqət və həvəslə namaz qılmasını istəyiriksə, onlara uşaq yaşlarından namaz öyrətməliyik. Uşaqlıq dövrü öyrətmək, həvəs yaratmaq üçün ən yaxşı dövrdür.
İbadət və namaza zəminə yaratmaq üçün müqəddiməyə ehtiyac var. Həzrət Peyğəmbər (s) buyurur: “Uşaq dünyaya gələndə sağ qulağına azan, sol qulağına iqamə oxuyun.” Bu iş müstəhəb olsa da uşağı gələcəyə hazırlayır. İmam Səccad (ə) buyurur: “Uşaq üç yaşına çatanda ona “la ilahə illəllah” dedirdin. Bir neçə ay sonra Peyğəmbərin adını desin. Dörd yaşa çatanda Peyğəmbərə salam göndərsin. Bütün bunlar müqəddimə rolu oynayır. Bu işlər uşağı büluğ həddi üçün ibadətə hazırlayır.”
  Uşaqlar əksər işləri təqlidlə öyrənir. Uşaq yaşda İslami tərbiyə çox təsirlidir. Həzrət Əli (ə) buyurur: “Uşaq və yeniyetmənin qəlbi münbit orpaq kimidir. Bu torpağa atılan toxum cücərir.” Həzrət Əli (ə) oğlu İmam Həsənə (ə) buyurur: “Qəlbin daşlaşmamış, firkin yayınmamış sənin tərbiyənə başladım.”
Bəli, uşaq və yeniyetmənin qəlb və düşüncəsi təsir altına düşməmiş onun dini tərbiyəsi ilə məşğul olmaq lazımdır. Təcrübədə sübuta yetib ki, uşaq və yeniyetmələr daha çox müşahidə yolu ilə, ətrafdakı insanlardan öyrənirlər. Əgər valideyn namaz qılırsa uşaq valideyni təqlid edib namaz qılmağa çalışır. Namz təqva səbəbidir, insanı günahdan qoruyur.
Valideyn və müəllimin vəzifələrindən biri də təbliğatdır. Dünyada mahiyyətcə bütpərəstlikdən başqa bir şey olmayan əqidələrin təbliği güclüdür. İnsanları aldadaraq Allahın haqq yolundan uzaqlaşdırırlar. Hazırda internetdə uşaq və yeniyetmələri İslamdan uzalqaşdıran cərəyanlar təbliğ olunur.
Belə məqamlarda valideyn və tərbiyəçilərin məsuliyyəti böyükdür. Onlar məntiqi və xoş bəyanla uşaq və yeniyetmələri namaz və ibadətə dəvət edə bilərlər. Quranda Peyğəmbərə əmr olunur ki, Rəbbindən sənə nazil olanı təbliğ et, əgər bu işi görməsən peyğəmbərlik vəzifəni yerinə yetirməmisən. Demək, İslam təbliğin təsirli olduğunu qəbul edir və bizi bu işə çağırır.
  Uşaqları namaza sövq etməyin bir yolu da təşviqdir. İbadəti uşaq üçün cazibədar etmək lazımdır. Uşağı namaza məcbur etmək olmaz. Nə uşaq, nə böyük, heç bir insan məcburiyyəti sevmir. Uşağı ibadətə məcbur etməyin nəticəsi onda ibadətə nifrət yaranması, ibadət həvəsinin aradan qalxması, ibadətdə süstlük və pərişanlıqdır.
  Biz diqqətli olmayıq ki, uşağı daha çox nə maraqlandırır? Bir uşağa gəzməyə, digəri hansısa xörəyə və ya oyuna maraq göstərə bilər. Bu maraqlardan istifadə edə bilərik. Onların istəyini həyata keçirsək onlar da bizim istəyimizə müsbət cavab verər. İbadətdən sonra uşağı onların marağına uyğun mükafatlandırsaq müsbət nəticə əldə edərik.
  Əgər insan namaz qılsa Allah yer və göyün bərəkətini ona nazil edər. Çünki namaz qurtuluş, müvəffəqiyyət rəmzidir.
Bəzən uşaqların (hətta biz böyüklərin) namazın vaxtını unutması mümkündür. Onlar oyuna o qədər aludə olurlar ki, hər şeyi yaddan çıxarırlar. Namazın yada salınmasında valideyn və məktəbi rolu böyükdür. Uşaqlara xoş dillə, kobudluğa yol vermədən namazın vaxtını xatırlatmaq lazımdır.
Namaza rəğbətləndirən digər amil onu asanlaşdırmaqdır. Namazı kamil şəkildə yerinə yetirmək uşaq üçün çətindir. İmam Sadiq (ə) buyurur: “Ramazanda büluğ həddinə çatmamış uşaqları sübh iftar üçün oyadın, sizinli birlikdə yesinlər və oruc tutsunlar. Amma zorla oruc tutdurmayın, qoyun istədikləri vaxt oruclarını açsınlar. Məcburiyyət uşaqlarda ibadətə ikrah yaradır, onları həvəsdən salır.”
  Rəvayətlərdə deyilir ki, uşaqlar namaz üçün dəstəmaz almaq istəyəndə soyuq havada onlar üçün ilıq su verin və canəmazlarını sərin. Namazın vacib olmayan hissələrini ixtisara salmaqla namazı yüngülləşdirmək olar. Uşağın yaşı artdıqca namaz da kamilləşər.
Namaz həm ruh, həm də cismə faydalıdır. İbadət insanın ruhunu da, cismini də bulaşıqlıqdan, çirkabdan qoruyur. Bu gün bəşəriyyəti hədələyən xəstəliklər insanların günaha batması nəticəsində yaranıb.
  Məşhur fransalı fizioloq Karl deyir ki, xəstənin dua üçün Allaha üz tutması həkimi sevindirməlidir. Xəstənin bu ruhiyyəsi dərmanların təsirini gücləndirir. Çünki dua edən insanın ruhu aramdır və aram ruhiyyə müalicədə əvəzsizdir. Allahdan uzaq insanlarda əsəbilik, stress güclü olur və bu hal müalicəni təsirdən salır. Cəmiyyət namazı, cümə namazı ruha aramlıq gətirmək baxımından çox təsirlidir.
  Bütün deyilənlərə rəğmən İslam namaza böyük əhəmiyyət verir, onu dinin sütunu adlandırır. Allah namaz qılan uşaqlara savab verir, onlara diqqətini artırır. Namazın müsbət təsirləri dünya və axirətdə öz təsirini göstərir. Namaz sayəsində dünyada günahdan uzaq olan insan axirətdə ilahi mükafatlarla müjdələnir.

 

Yeniyetmələr üçün

Allahın varlığı aydın bir həqiqətdir
  Hər bir hadisə və yaranmışın qurub-yaradana ehtiyaclı olduğu aydın bir həqiqətdir. Bir hadisə baş verən kimi hamı onun səbəbini axtarır. Hətta az yaşlı körpə bir insan dünyasını dəyişəndə gözlərini dolandırıb onu izləyir. İstənilən birimiz rəqəmsal bir qurğu və ya kompyuter gördükdə əmin oluruq ki, bütün bunların mahir bir yaradıcısı var. Əgər bir şəxs kompyuterin öz-özünə, təsadüfən yarandığını bildirsə, dərhal düşünürük ki, həmin şəxsin ağlı yoxdur. İnsan gözəl bir tablo gördükdə dərhal onun yaradıcısı ilə maraqlanır, bu işin hansı rəssamın fırçasından yarandığını soruşur.
  Əgər yaşadığımız dünyada hər şeyin bir yaradanı varsa, əzəmətli varlıq aləmi də yaradıcısız ola bilməz. Kim inanar ki, zirvələri buludları yarıb keçmiş dağlar, əzəmətli dənizlər və okeanlar, say-hesabsız ulduzlar və nəhayətsiz kəhkəşanlar, insanı heyrətə gətirən atmosfer qatları, növbənöv bitkilər, həşəratlar, dördayaqlılar, sürünənlər və quşlar, nəhayət insanın özü təsadüfən, xaliqsiz ərsəyə gəlmişdir? Əşya və mövcudların insanı heyran qoyan zərif nöqtələri, onlar arasındakı qarşılıqlı rabitlər qüdrətli bir yaradanın varlığına növbəti dəlildir.
  İnsanın yaranışına nəzər salın! Körpə dünyaya gələnədək onun anasının sinəsində süd olmur. Amma körpə dünyaya gələn kimi onun rahatlıqla qidalanması üçün ananın sinəsində süd yaranır. Körpə elə bir həddə çatır ki, ana südü onun orqanizminin ehtiyaclarını təmin etmir. Həmin vaxt körpənin dişləri çıxır və bu dişlər dəyirman tək müxtəlif qidaları üyüdür. Bir müddət sonra həmin körpəyə deyilsə ki, sən və sənin yaşadığın dünya təsadüfi yaranıb, deyilənləri qəbul edərmi? Axı o öz gözləri ilə müşahidə edib ki, qışda bir qar adam düzəltməkdən ötəri neçə uşaq bir yerə toplanır, hərə bir iş görür. Axı o necə inanar ki, qar adamı bir neçə nəfər çalışıb düzəldirsə, hərəkət edən şüurlu insan yaradıcısız olsun? Bəli, haraya baxsaq varlıq aləmindəki əşya və mövcudların istənilən birini diqqətlə nəzərdən keçirsək, hikmət və qüdrət sahibi olan Allahın əsərlərini müşahidə edərik.

Səhraya baxıram yad edir səni,
Dəniz də oxuyur həmin nəğməni.
Baxdığım dağlar da, düzənliklər də
Təkrar-təkrar söylər həmin kəlməni.

(Baba Tahir, şerlər divanı, dübeytlərin birinci hissəsi )


Allaha iman fitri tələbdir
  Tarix boyu bütün cəmiyyətlərdə Allaha etiqad mövcud olmuşdur. Qeyd olunduğu kimi, yaradanın varlığına iman insanlar üçün aydın bir həqiqətdir. Düşüncə sahibi olan hər bir şəxsin ağlı bu həqiqəti təsdiqləyir. İstənilən bir şəxs dünyanın istənilən bir guşəsində istənilən bir vaxt uzaqdan tüstü görərsə orada od olduğunu təsdiqləyər. Yerdə ayaq izləri gördükdə hamı qəbul edir ki, buradan kimsə ötüb keçib. Bəli, gördüyümüz əsərlər yaradıcıdan danışır. Əslində Allaha etiqad fitri, zati, insanın içindən qaynaqlanan bir həqiqətdir. İstənilən bir şəxsin vicdan və fitrəti zülmün pisliyini, ədalətin yaxşılığını təsdiqlədiyi kimi varlıq aləminin yaradıcısını da qəbul edir. Bəli, qədim dövrlərdən insanlar Allahın varlığına inanmışlar. Hər bir fərd öz Rəbbini soraqlayır. Əslində bütpərəstlik özü də Allahın varlığına etiqaddan danışır. Sadəcə bütpərəstlər varlıq aləminin yaradıcısını tanımaqda səhvə yol vermişlər. Bir çox bütpərəstlər bütləri yaradan kimi yox, şəfaətçi, Allahla öz aralarında vasitə kimi qəbul etmişlər. Bu həqiqəti Quran da təsdiqləyir. (Surə 10, “Yunus”, ayə 18).

Uşaqların namaz qılmağa həvəsləndirilməsi üçün bir neçə yol vardır

Uşaqların namaz qılmağa həvəsləndirilməsi üçün bir neçə yol vardır:

1. Valideynin evdə namaza böyük əhəmiyyət verməsi,namazı əvvəl vaxtda qılmaq,pakizə paltarla namaz qılmaq və s.

2. O zaman ki,uşaq elə yaşa çatsa ki,başqalarının namaz qılmağına mane olmaz,onu məscidə aparın.

3. Namazın faydalarını və təsirini uşaqlarınıza danışın.Məsələn,deyə bilərsiniz ki,namaz Allahın məhəbbət və dostluğunu insana bəxş edir.Ruha rahatlıq verir.Çünki,namazla Allahı yada salırsan və Allahı yada salmaq ürəkləri aram edər.

4. Uşaqlara mömin namazqılanları nümunə göstərmək olar,Quran qariləri və hafizləri kimi

5. Uşağın arzuladıqları şeyləri həyata keçirtmək,uşağı bir növ həvəsləndirmək.

6. Uşaqların namaz qılan yaşıdları ilə dost olması.

7.Uşaqları tərbiyə edən zaman valideyn gərək onlarla dost olsun,onlarla məhəbbətlə rəftar etsin.Elə etmək lazımdır ki,onlar valideynlərini və evdə olanları onun xeyrini istəyən insanlar kimi qəbul etsinlər və o zaman ki,onlara deyiləcək ki,namaz qıl,bu zaman yaxşı işə dəvət olunduqlarını qəbul etsinlər.

Uşaqlarımızı namaz qılmağa necə həvəsləndirək? - ARAŞDIRMA

Namaz qılmaq - İlahi bir vacibatdır və hər bir mömin valideyn övladının namaz qılmasını istəyər. Bəs bunun üçün nə edək?

1. Uşaqları Mehriban Allahla elə uşaq dilində tanış edək. Allah sevgisi haqqında onlara danışaq. Bizə verdiyi saysız-hesabsız nemətlərinin adını çəkək. Deyək ki, namaz bizim təşəkkür etməyimizin bir yoludur.

2. Valideyn övladı üçün nümunə olmalı və namazı vaxtında yerinə yetirməlidir. Dini təlimləri ən gözəl şəkildə yerinə yetirməlidir. Valideynin namaz qılması və Qurana əhəmiyyət verməsi övladına müsbət təsir qoyar. Onları namaza və Qurana həvəsləndirər.

3. Övladlarınızı dini məclislərə və Quran oxunan yerlərə aparın. Cümə namazlarında onlarla bir yerdə iştirak edin. Bu mərasimlərdən xoş xatirəsi olsun.

4. Heç bir əqidə və dəyəri övladınız ona meyl etmədən ona yükləməyin. Övladlarınıza dini göstərişlərə əməl etməkdə azadlıq verin. Ondan boyun qaçırması üçün şərait yaratmayın.

5. Dini göstərişləri yaxşı olar ki, hekayə və dastan vasitəsilə övladınıza başa salasınız. Bu hekayələr onun yatan fitrətini oyadar.

6. Övladınıza 3 yaşından sonra təlim verməyə çalışın. Ancaq onu yormayın. Ondan çox şey gözləməyin. Ağır vəzifələr qoyaraq övladınızın əqidəsinə zərbə vura bilərsiniz.

7. Əgər övladınız ibadət edirsə, onu tərifləyin. Məsələn, qızlarınız üçün canamaz və hicab alın. Onlara namaz qılmağa görə Allahın ona verəcəyi savablar haqqında danışın. Ona deyin ki, Allah ondan razıdır.

8. Övladınızın sübh namazı qılması üçün şərait yaradın.

9. Dini göstərişlərə əməl etməyin heç də çətin olmadığını ona təlqin edin. Müstəhəbləri ilk əvvəl kənara qoyun. Əgər sübh namazına dura bilmirsə, bir qədər gec də durub qıla bilər. Vaxt keçdikcə vaxtında durmağa adət etdirin.

Peyğəmbərlər haqqında

  Allah bizə verdiyi bütün nemətlərin əvəzində yalnız tələb edir ki, Onun qoyduğu qanunlara əməl edək. Bu qanunların hamısı insanların xeyrinədir. Onların bəzilərinin xeyrini başa düşürük, bəzilərini isə dərk etməyə hələ çətinlik çəkirik. Allah elə mərhəmətlidir ki, insanın ziyanına olan, yaxud insanın yerinə yetirə bilmədiyi işləri ona vacib buyurmur.

  Uca Allah öz qanunlarını peyğəmbərlərin vasitəsi ilə insanlara bildirib. Peyğəmbərlər Allahla insanların arasında vasitəçilərdir. Allah “vəhy” adlanan üsulla onlara öz qanunlarını öyrədir. Peyğəmbərlərə vəhy bəzən yuxuda, bəzən isə ayıqlıqda gəlib. Bəzən təbiətdəki hər hansı cisim (məsələn, od) Allahın əmri ilə dilə gəlib peyğəmbərlə danışıb. Bəzən isə Cəbrayıl adlı mələk peyğəmbərlə görüşüb, Allahın vəhyini ona çatdırıb. Peyğəmbər Allahdan aldığı vəhyi olduğu kimi insanlara çatdırır və dinin qanunlarını onlara öyrədir. Elə “peyğəmbər” sözünün mənası da “xəbər gətirən şəxs” deməkdir.

  Peyğəmbərlərin hamısı müəyyən xüsusiyyətlərə malik olublar. Hər şeydən əvvəl, onlar günahsız idilər (buna dini kitablarda “məsum” deyilir). Peyğəmbərlər həm dini fəaliyyətlərində, həm də şəxsi həyatlarında zərrə qədər günah etməmişlər. Onların bütün davranışları insanlar üçün nümunə idi.

  Peyğəmbərlər Allahın vəhyinə son dərəcə əmanətdar olmuşlar. Onlar vəhyi olduğu kimi, heç bir dəyişikliksiz insanlara çatdırmışlar.

Peyğəmbərlərin hamısı ağıllı və zəkalı olmuş, bütün elmləri hamıdan artıq bilmişlər. İnsanlar bütün çətin məsələləri peyğəmbərlərin köməyi ilə həll etmişlər.

  Peyğəmbərlər Allah tərəfindən göndərildiklərini sübut etmək üçün möcüzələr göstərirdilər. Möcüzə elə bir əməldir ki, onu peyğəmbərdən savayı heç kim yerinə yetirməyə qadir deyil. Allah peyğəmbərlərə elə güc vermişdi ki, insanların tələb etdiyi bütün çətin və qeyri-adi möcüzələri göstərə bilirdilər.

  Hər peyğəmbərin möcüzəsi öz zəmanəsinə uyğun idi. Bir ölkədə hansı elm və sənət daha çox inkişaf edirdisə, Allah o ölkəyə göndərdiyi peyğəmbərə həmin elmə aid möcüzə göstərmək qüdrəti verirdi. Məsələn, Həzrət Musanın zamanında Misirdə sehrbazlıq dəbdə idi. Ona görə də Allah Həzrət Musaya möcüzəvi çomaq verdi. Musa istədiyi an çomağı ilana çevirirdi, çomağı qayaya vuranda daşın içindən su çıxırdı. Musa bu möcüzəsi ilə bütün Misir sehr-bazlarını məğlub etdi.

  İsa peyğəmbərin dövründə tibb elmi inkişaf etmişdi. Həzrət İsa ölüləri diriltməklə, korlara şəfa verməklə bütün həkimləri aciz qoydu. Həzrət Məhəmməd peyğəmbərin dövründə isə ərəblər ədəbiyyata və şeirə yüksək qiymət verirdilər.

  Allah peyğəmbərimizə Qurani-kərimi nazil etdi. Qur-an öz məzmununa görə insanın yaratdığı bütün əsərlərdən yüksəkdə durur. Ərəbistanın adlı-sanlı şairləri Həzrət Məhəmmədlə bəhsə girirdilər. Onlar Qurana tay olan kitab yazmaq istəsələr də, həmişə məğlub olurdular. Qurani-kərim bu gün də tayı-bərabəri olmayan bir kitab sayılır.

  Rəvayətlərə görə, tarixdə 124 min nəfər peyğəmbər olub. Quranda buyurulur ki, Allah hər bir xalqa peyğəmbər göndərib. Amma bütün peyğəmbərlərin adı və həyatı haqqında məlumat bizə gəlib-çatmayıb. Onların yalnız az bir hissəsi haqqında müqəddəs kitablarda məlumat verilib. Quranda elə peyğəmbərlər haqqında məlumat verilib ki, onların başına gələn hadisələrdən insanlar daha çox ibrət götürə bilərlər.

Qurani-kərimdə 25 peyğəmbərin adı çəkilir:

  Həzrət Adəm, İdris, Nuh, Hud, Saleh, İbrahim, Lut, İshaq, İsmayıl, Yəqub, Yusif, Əyyub, Şüeyb, Musa, Harun, Davud, Süleyman, İlyas, Əlyəsə, Zülkifl, Yunis, Zəkəriyya, Yəhya, İsa və Məhəmməd (hamısına Allahın salamı olsun). Quranda adı çəkilən daha üç nəfərin peyğəmbər olub-olmaması şübhəlidir: Zülqərneyn, Üzeyir və Loğman.

 

az.islam.az saytından əxz olunub