Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məhərrəm yazıları

CABİR İBN ABDULLAH ƏNSARİ – ƏRBƏİN YÜRÜŞÜNÜN BANİSİ

 Cabir ibn Abdullah Ənsari şəhidlər sərvəri imam Hüseynin (ə) pak türbəsini “Ərbəin” günü ziyarət edən ilk şəxsdir. O, Mədindən Kərbəlaya piyada gəlişi ilə özündən sonra “gözəl bir sünnə və adət”i – “Ərbəin yürüşü”nü yadigar qoydu və bu hadisədən 14 əsrə yaxın bir vaxt keçsə də, bu yürüş hər il daha da şövkət və əzəmətlə bərpa olunur.

Cabir ibn Abdullah Ənsari İslam Peyğəmbərinin (s) böyük səhabələrindən biridir. Onun atası Abdullah da o həzrətin səhabələrindən olmuş və “Ühüd” döyüşündə şəhadətə yetmişdir. Cabir hicrətdən öncə İslam dinini qəbul etmiş və “İkinci Əqəbə” peymanında iştirak edən səhabələrdəndir. O, Peyğəmbərin on doqquz “qəzvə”sində, həmçinin “Bədr” döyüşündə iştirak etmiş, o həzrətdən sonra “Siffeyn” döyüşündə də imam Əlinin (ə) kənarında düşmənlə döyüşmüşdür. (“Tarixi mədineyi-Dəmşq”, İbn Əsakir, 11-ci cild, səh.214.)

Əhli-sünnənin hədis qaynaqlarında Cabirdən 1540 hədis nəql olunmuşdur ki, bu da onun hədis sahəsində yüksək məqam və mənzilətini göstərir. O, “Məscidun-Nəbi”də (Peyğəmbər məscidi) fitva verir və Mədinə müsəlmanları ondan bəhrələnirdilər. (“Mən la yəhzuruhul-fəqih”, İbn Babəveyh, 1-ci cild, səh.232; “Siyəru əlamin-nubəla”, Zəhəbi, 4-cü cild, səh.194.)

Peyğəmbəri-Əkrəmin (s) möhtərəm sahəbəsi Cabir ibn Abdullah Ənsarinin “Ərbəin” günü (Kərbəla şəhidləri və imam Hüseynin (ə) şəhadətinin 40-cı günü) şagirdi Ətiyyə Ovfi ilə birlikdə Kərbəlaya gəlib imam Hüseyni (ə) ziyarət etməsi bir çox mənbələrdə qeyd edilmişdir. “Bəşarətul-Mustəfa”, “Əl-məlhuf”, “Məsirul-əhzan” və s. qaynaq kitablarda onun Kərbəlaya doğru hərəkətnin başlanğıc nöqtəsi haqda məlumat verilməsə də, onun imam Hüseynin (ə) türbəsini ziyarət etməsi şübhəsiz və qəti bir hadisə kimi göstərilir. (“Bəşarətul-Mustəfa”, İmadəddin Təbəri, səh.74-75.)

Əlbəttə, bəzi mötbər mənbələrdə onun Mədinə şəhərindən hərəkət edib “Ərbəin” günü Kərbəlaya çatması aşkar şəkildə qeyd olunur. (“Əl-misbah”, səh.489; “Misbahul-mütəhəccid”, 2-ci cild, səh.878; “Biharul-ənvar”, 98-ci cild, səh.334.)

Alimlərin qeydlərinə əsasən, bu gözəl sünnə – Ərbəin yürüşü ilk dəfə Cabir ibn Abdullah Ənsari tərəfindən icra olunmuş və ondan sonra da Əhli-beyt imamları onu təsdiq, təbliğ və nəşr etmişlər. (“Milazul-əxbar fi fəhmi təhzibil-əxbar”, Əllamə Məclisi, 9-cu cild, səh.301.)

SUAL: Amma burada belə bir sual irəli sürülür: “Nə üçün Cabir Kərbəla vaqiəsində iştirak etmədi?”

CAVAB: Əsas etibarilə Cabirin Kərbəla vaqiəsində iştirak etməməsi onun yaşlı, gücsüz və gözünün kor olması ilə əlaqələndirilir. Necə ki, onun Ərbəin günü imam Hüseynin (ə) türbəsini ziyarət etməsini nəql edən Ətiyyə Ovfinin rəvayətində də Cabirin “Ey Ətiyyə, əlimi qəbrin üstünə qoy!” – deməsi və Ətiyyədən kömək istəməsi onun gözlərinin görməməsini bildirir. Sözsüz, əgər onun döyüş gücü olsaydı, bu vaqiədə iştirak edərdi. Onun yaşlı olması və gözlərinin görməməsinə rəğmən, Mədinə-Kərbəla yolunu piyada qət etməsi Əhli-beytə, məxsusən, imam Hüseynə (ə) məhəbbətinin göstəricisidir. (“Əl-imamətu vəs-siyasə”, İbn Qüteybə Dinəvər, 1-ci cild, səh.214.)

Buna rəğmən, Aşura faciəsindən sonra İslam camiəsi Yezidin qəddarlığı və zülmkarlığından qorxduğu bir halda, Cabir qorxmadan-çəkinmədən haqq yolunun şəhidlərinin pak qəbrini ziyarət etməsi ilə Əhli-beyt düşmənləri və müxaliflərinə öz qəzəb və nifrət hissini elan etdi. O, bu hərəkəti ilə gələcək nəslə böyük bir dərs öyrətdi, özündən sonra İslam camiəsinə gözəl bir adəti yadigar qoydu. Həm də onun bu əməli qəbir ziyarəti ilə müxalif olan və onu şirk bilənlərə də möhkəm dəlil və tutarlı bir cavabdır. Axı Cabir adi bin insan deyildi, Peyğəmbər (s) səhabəsi idi! Əgər qəbri ziyarət etmək şirk olsaydı, Peyğəmbər (s) səhabəsi bu işi əsla yerinə yetirməzdi.

Cabir imam Hüseynin (ə) qəbrinin kənarında ikən, öz mövqeini dilə gətirir, Yezid və yezidçilərə nifrətini bildirir, şəhadət verir ki, Kərbəla şəhidləri və imam Hüseynin (ə) Aşura hərəkatı “əmr be məruf” (yaxşılığa dəvət) və kafirlərlə cihaddır. O, açıq-aşkar imam Hüseynlə (ə) döyüşənləri kafir adlandırır.

Cabir xüsusi ədəblə imam Hüseyni (ə) ziyarət edir, bu da onun kamalını, böyük mərifətini aşılayır. Ətiyyənin rəvayətində oxuyuruq ki, o, ziyarətdən öncə Fərat çayında qüsl edir, bədənini ətirləyir, hər addımında Allahı yad edir, zikr deyir, əlini qəbrin üstə qoyduqdan sonra hönkür-hönkür ağlamağa başlayır, huşdan gedir, özünə gəldikdən sonra üç dəfə “Ya Hüseyn!” – deyir, İmam və Kərbəla şəhidləri ilə söhbətə başlayır, Peyğəmbərə (s), canişininə və nəvəsinə məhəbbət və mərifətini dilə gətirir və beləcə, ilahi övliyaları ziyarət etməyin ədəb qaydalarını gələcək nəslə təlim verir.

Bəli, Cabirin Ərbəin günü Kərbəla şəhidlərini ziyarət etməsi adi ziyarət deyildi, eşq-iman, qəhrəmanlıq, təlim və hökumət əleyhinə təbliğat xarakterli bir hərəkət idi. O, bu hərəkəti ilə gözəl bir sünnənin banisi oldu. 61-ci hicri-qəməri ilinin “Ərbəin”inindən təqribən 14 əsr keçməsinə baxmayaraq, Kərbəla ziyarəti şövkət və əzəmətlə bərpa olunur. Peyğəmbəri-Əkrəm (s) necə də gözəl buyurmuşdur:

مَن سَنَّ سُنَّةً حَسَنَةً کانَ لَهُ أَجْرُ مَنْ عَمِلَ بِها مِنْ غَیْرِ أَنْ یَنْقُصَ مِنْ أُجُورِهِمْ شَیْء

“Gözəl bir sünnə və adəti qoyub gedən şəxs həmin sünnə və adətə əməl edən şəxsin savabı azacıq belə azalmadan asavabına şərikdir.”

Demək, bu hədisə əsasən, Cabir ibn Abdullah Ənsari Ərbəin zəvvarlarının ziyarətinin savabına da şərikdir. (“Səhihi-Müslim”, Müslim Neyşapuri, 8-ci cild, səh.61; “Əd-durrul-mənsur”, Cəlaləddin Süyuti, 6-cı cild, səh.201; “Üsuli-kafi”, Kuleyni, 5-ci cild, səh.9 və s.)

Allahdan istəyirik ki, bizə dünyada imam Hüeynin (ə) ziyarətini, axirətdə isə şəfaətini nəsib etsin! Amin!

İmam Hüseynə (ə) ağlamağın fəzilətini inkar edənin aqibəti

 

 “Ey Peyğəmbərin qızı, susuzam”.
Əllamə Məclisi “Bihar əl-ənvar” kitabında İmam Hüseynin (ə) fəzilətini inkar edən şəxsin əhvalatını nəql etmişdir. Hadisə belə olmuşdur:
Seyid Əli Hüseyni deyir: İmam Əli ibn Musa ər-Rzanın (ə) hərəminin yaxınlığında yaşayan möminlərdən bir dəstəsi məhərrəm ayının onuncu günü (Aşura günü) bir yerə toplaşır. Onlardan biri İmam Hüseynin (ə) şəhadətinə aid məqtəl hadisələrini oxumağa başlayır və İmam Məhəmməd Baqirin (ə) bu rəvayətinə yetişir: “Hər kəsin gözlərindən İmam Hüseynin (ə) müsibətinə görə milçəyin bir qanadı ağırlığında yaş axarsa, Allah onun günahlarını bağışlayar. Hətta onun günahları dənizin üzərindəki köpüklər qədər olsa da”.
Məclisdə elm və alimlik iddiasında olan nadan bir kişi də var idi. O, bu rəvayətə etiraz edərək dedi: “Bu rəvayət düzgün deyil və ağıl bunu qəbul edə bilməz”.
Onu nə qədər başa salmağa təlaş etsələr də o, öz dediyindən dönmədi və İmam Hüseynə (ə) ağlamağın bu qədər fəzilətli ola bilməsini qəbul etmədi, hədisin düzgün olmamasını sübut etməyə çalışdı. Xülasə, bu mövzuda münazirə qızışdı və məclis dağıldı.
Həmin gecə o kişi yuxuda görür ki, Qiyamət bərpa olmuşdur və camaat hamar bir yerdə toplaşıblar, tərəzilər quraşdırılıb, (sirat) körpü(sü) çəkilib, ölçü və hesab aparatları qoyulub, əməl kitabları paylanıb, cəhənnəm şölələnib və cənnət bəzənib. O, görür ki, çox isti bir yerdə dayanmışdır və bərk susuzlayıb. Su axtarmağa başlayır, ancaq nə qədər axtarsa da tapa bilmir. Sağa-sola baxır, görür ki, eni və uzunu çox böyük olan bir hovuz var. Özlüyündə fikirləşir ki, bu həmin suyu qardan soyuq, baldan şirin olan Kövsər hovuzudur. Hovuzun yanında vücudlarının nuru bütün məxluqata saçan, əyinlərinə qara paltar geyinmiş, çox qəmli və hüzünlü dayanmış iki kişi və bir qadın dayanmışdır. Öz-özünə deyir: Görəsən bunlar kimdirlər? Ona deyirlər: “Onlar həzrət Məhəmməd Mustafa (s), Mürtəza Əli (ə) və Fatimə Zəhradır”.
Yenə özlüyündə fikirlərşir ki, bəs görəsən onlar niyə qara geyinib, niyə bu qədər ağlar və qəmlidirlər?
Yenə ona deyirlər: “Bəs, bu gün Hüseynin (ə) qətlə yetirildiyi Aşura günü deyilmi? Onlar buna görə qəmli və hüzünlüdürlər”.
O, iki aləmin xanımlarının xanımı həzrət Fatiməyə (ə) tərəf gedərək deyir: “Ey Peyğəmbərin qızı, susuzam”.
Həzrət ona etinasızlıqla baxır və buyurur: “Sən, zülm ilə qətlə yetirilmiş canımın parası, gözümün nuru oğlum Hüseynin müsibətinə ağlamağın fəzilətini inkar edən şəxs deyilsənmi?! Allah onu (Hüseyni) öldürənlərə, ona zülm edənlərə və su içməyə qoymayanlara lənət etsin”.

"Xoş olsun bu torpağın halına ki, bəziləri bu torpaqdan sorğu-sualsız behiştə gedəcəklər!"

Hicrətin altıncı ilində Əli (ə) Siffeyn müharibəsinə gedərkən bir az Kərbəla torpağı götürüb iylədi və dedi: "Xoş olsun bu torpağın halına ki, bəziləri bu torpaqdan sorğu-sualsız behiştə gedəcəklər!"

Kərbəla torpağı hələ qədim zamanlardan, hətta İsadan (ə) da qabaq yaşayış məskəni olmuşdur. Kərbəla kəndlər və abad məntəqələrin mərkəzində yerləşmiş, həmin məntəqədə Nəvaris, Qaziriyyə, Neynəva adında, həmçinin Şam şəhəri ilə Fərat çayı arasında bir neçə kənd olmuşdur.

Kərbəla torpağının bir sıra başqa adları da olmuşdur: Şatil-Fərat, Niyrə, Qudsiyyə, Ərzullahil-muxtar (Allahın seçdiyi yer), Hir və Tif.

 

"Kərbəla" sözünün mənşəyinə gəlincə Qazi Nurullah Dustəri və bəzi digər alimlər bu sözün "Kərbələh"dən alındığını qeyd edərək üç məna sadalayıblar:

Süstlük. Çünki, Kərbəla torpağı sabit iqlim şəraiti olan bir yer olub;

Buğda və digər dənli bitkiləri daş və digər artıq şeylərdən təmizləmək. Kərbəla torpağı da daşsız-kəsəksizdir;

Həmin torpaqda çox bitən bir otun adıdır.

Bəziləri bu kəlmənin "kərb" və "bəla" sözlərindən təşkil olunduğunu ehtimal edir. Bu iki sözün də mənası qəm-qüssə deməkdir.

İmam Hüseyn (ə) sual etdi ki, bu torpağın adı nədir? Dedilər: "Kərbəla". Həzrət (ə) buyurdu: "Allahım! Bəla və qəm-qüssədən sənə pənah aparıram!"

Deyirlər ki, həzrət Nuh (ə), Musa (ə), İsa (ə), İbrahim (ə), İsmail (ə), həmçinin Adəm (ə) də yerə endikdən sonra Kərbəladan keçiblər. Onlar hər zaman bu torpaqdan keçərkən xeyli çətinliklə üzləşmişlər. Səbəbini soruşanda cavab olaraq eşidərdilər ki, sonuncu Peyğəmbərin (s) nəvəsi bu torpaqda qətlə yetiriləcək.

Kərbəla torpağı mənbəyini Fərat çayından götürən Hüseyniyyə çayının qərb tərəfində yerləşir. İraqın ən məhsuldar torpağı olmaqla, hər növ əkinçilik üçün əlverişlidir.

 

İmam Hüseyn (ə) ziyarətgahının tarixi

Şeyx Tusinin "Əmali" kitabında yazdığı rəvayətlərdən anlaşılır ki, Əməvilərin hakimiyyəti zamanında imam Hüseynin (ə) qəbrinin üzərində Muxtar və onun dostlarının düzəltdikləri bir sıra qəbirüstü nişanələr mövcud olmuşdur. Bu nişanələr hicrətin 64-cü ilindən 72-ci ilinə qədər qorunmuşdur.

İmam Hüseynin ziyarətinin keyfiyyətini bəyan edən hədislərdən anlaşılır ki, Bəni-Üməyyə hakimiyyətinin son dövrlərində o həzrətin (ə) qəbrinin üstündə bəzi tikililər və məscid mövcud olmuşdur. Abbasi xəlifələrinin, xüsusən də, birinci Abbasi xəlifəsi olan Səffahın zamanında vəziyyət bir az da yaxşılaşdı, təmir işləri həyata keçirildi. Baxmayaraq ki, həm Bəni-üməyənin, həm də Abbasilərin dövründə Həzrətin qəbrinin dağıdılması halları da baş vermişdi. Məsələn, Harun ər-Rəşid ziyarətə gələnlərə əziyyət verərdi. Hətta yadigar kimi saxlanılmış Sidr ağacını kəsdirib İmamın (ə) qəbrinin yerini şumlatdırdı, ətrafdakı tikililəri dağıtdı.

236-cı hicri ilində Mütəvəkkil Abbasi Həzrətin qəbrinin yerini şumladı, oraya su buraxdırdı, amma möcüzə baş verərək su qəbri dağıtmadan kənardan axdı. Həmin miqdar, yəni suyun kənara çəkildiyi hissə Hüseynin məzarı hesab olunur ki, namaz qılan həmin yerdə namazını qəsr və ya tamam qılmaqda ixtiyar sahibidir. Amma bəziləri bu hökmü oradakı məscidə, bəziləri də bütün Kərbəlaya şamil edirlər. Qəmqamın tarixi və Şeyx Tusinin "Əmali" kitabında qeyd edilir ki, Mütəvəkkil Abbasi öz hakimiyyəti zamanı həmin vəhşi əməlini 17 dəfə təkrarlamışdır. 247-ci ildə həccə gedən Əbdullah ibn Rabiyə deyir: "Mən həcdən qayıdarkən ziyarət məqsədilə Kərbəlaya getdim, amma imam Hüseynin (ə) qəbri-şərifindən heç bir əsər-əlamət görmədim. Oranı tamamilə su basmışdı. Öz əsamla nə qədər axtarsam da qəbri tapa bilmədim".

Mütəvəkkil Abbasi hicri təqvimilə 247-ci ilin şəvval ayında oğlu Müntəsir tərəfindən Cəhənnəmə vasil edildi. Müntəsir Əli (ə) tərəfdarları ilə yaxşı davranırdı. Ondan sonra hakimiyyətə Əzudud-dövlət Deyləmi gəldi və o, da ehtiramla davranaraq qəbirlərin əvvəlki vəziyyətini bərpa etdi. 371-ci ildə qəbirlərin üzərində gümbəzlər tikdirdi, fil sümüyündən zərih düzəltdirib imam Hüseynin (ə) qəbrinin üzərinə qoydurdu.

767-ci hicri ilində poladdan düzəldilmiş çərbənd qəbrin üzərinə qoyuldu. Padşahların zamanında bu çərbəndlər dəyişdirilib xəzinələrdə saxlanılırdı. Şah İsmayıl Səfəvinin zamanında onun əmrilə həmin çərbəndin oxşarları düzəldilərək İmam Musa Kazım (ə) və İmam Muhəmməd Təqinin (ə) qəbirlərinin də üzərinə qoyuldu.

Hicrətin 926 və 932-ci illəri arasında altı il müddətinə çərbəndlər düzəltdirildi. Birini imam Əlinin (ə), digərini isə imam Hüseynin (ə) qəbrinin üzərinə qoydular. Əvvəlki çərbəndlərin uzunluğu 4 m, eni 3,1 m olmuşdur. Həmin çərbəndlər bu heyrətamiz işdə böyük zəhmətlər çəkmiş usta Səni Xatəmin əl işləri olmuşdur.

Hicrətin 914-cü ilində Şah İsmayıl Səfəvi Bağdadı fəth edəndən sonra Kərbəlanı ziyarət etdi. O, imam Hüseynin (ə) zərihinin ətrafına qızıldan bəzəklər vurdurub hərəmə 12 qızıl qəndil hədiyyə etdi. Həmçinin gümüşdən düzəldilmiş bir zərihi də müqəddəs ziyarətgaha bağışladı. 932-ci ildə həmin zərihin düzəldilməsi başa çatandan sonra Şah İsmayıl bir gecə Həzrətin hərəmində qalıb, oradan Hiləyə, daha sonra isə Nəcəfə getdi.

Qacarilərin zamanında imam Hüseynin (ə) günbəzi üç dəfə qızıl suyuna çəkilmişdir. Birinci dəfə hicrətin 1207-ci ilində Ağa Məhəmməd şah Qacar tərəfindən, ikinci və üçüncü dəfə isə Fətəli şah Qacar tərəfindən. Fətəli şah 1214-cü hicri ilində gümüşdən bir zərihi də hərəmə hədiyyə etdi və o zərih indiyə qədər qalmaqdadır. Baxmayaraq ki, vəhhabilər ona ciddi zərər yetirmişlər. Belə ki, miladi 1801-ci ildə vəhhabilər Kərbəlaya hücum edib 3000-dən çox insanı qətlə yetirdilər. İmam Hüseynin (ə) sənduqəsini dağıdıb türbədəki qiymətli əşya və hədiyyələri qarət etdilər.

Müqəddəs Kərbəla torpağına edilmiş bu vəhşi hücumlar, dağıntı və qarətdən sonra Fətəli şah Qacar Şeyx Cəfər Kaşiful-Ğitanın köməyilə çox böyük təmir işləri həyata keçirtdi. Ondan sonra Məhəmməd Əli Mirzə də bəzi təmirlər apardı. Daha sonra Nəsrəddin şah Qacar hicrətin 1273-cü ilində hərəmdə zərgərlik işini həyata keçirtdi. Hicrətin 1355-ci ilində Kərbəlanı ziyarət edən Sultan Tahir Seyfəddin İsmaili əmr etdi ki, imam (ə) Hüseynin zərihini xalis gümüşdən hazırlasınlar. Bu zərihin düzəldilməsi 1358-ci ildə başa çatdı və qəbrin üzərinə qoyuldu.

 

İmam Hüseynin (ə) ziyarətinin fəziləti

Hədislərdə imam Hüseyni (ə) ziyarət etməyin günahların bağışlanmasına səbəb olduğu qeyd olu-nur. Bəzi hədislərdə bu ziyarət qul azad etməyə, həcc, ümrə və cihada bərabər tutulmuşdur.

Qeyri-ərəb mənşəli Kərbəla şəhidləri

 

Aşura günündə Kərbəlada Imam Hüseyni (ə) müdafiə edərək şəhid olmuş səhabələrin sırasında ərəblərlə yanaşı, başqa millətlərə mənsub olan şəxslər də var idi. Demək olar ki, bütün böyük ərəb qəbilələrinin təmsil olunduğu bu azsaylı dəstənin tərkibində türk, həbəş və fars mənşəli şəxsiyyətlərin də olması tarix kitablarında qeyd edilib. Aşağıda onların barəsində qısa məlumat veririk:
Türk qulam

Aşura müsibətini təsvir etmiş müəlliflərin demək olar ki, hamısı Kərbəla şəhidləri cərgəsində Əhli-beytə mənsub türk soylu qulamın olduğunu xəbər vermişdir. Onun adına və şəxsiyyətinə gəlincə, mənbələrdəki məlumatlar fərqlənir. Mövcud mənbələrdə bu şəhid «türk qulam», «Əsləm» və «Vazeh» adları altında xatırlanır.

Mərhum Şeyx Şəmsüddin «Ənsarül-Hüseyn» kitabında qeyd edir ki, Təbəri türk qulamın adını «Süleyman» yazmışdır. Şeyxüt-taifə Tusi isə «Rical» kitabında yazır ki, Imam Hüseynin (ə) Səlim (və ya Süleym) adlı qulamı onunla birlikdə şəhid olmuşdur. Şeyx Şəmsüddin qısa tədqiqatdan sonra bu fikri irəli sürür: «Güman edirik ki, Kərbəlada öldürülmüş qulamın adı nə Səlim, nə də Süleyman deyil, Əsləm imiş» (səh. 83).

«Dairətül-məarifi-təşəyyö» («Şiə ensiklopediyası») kitabında (II, 161) Əsləmin atasının adı Əmr kimi göstərilir. Həmçinin, bu kitabda yazılıb: «Bəzi mənbələrdən, o cümlədən, «Vəsilətüd-dareyn» kitabından məlum olur ki, Əsləmin atası Qəzvin nahiyəsindən, Deyləmandan imiş». Adı çəkilən «Vəsilətüd-dareyn» əsərində (səh. 100) yazılıb: «Əsləmin atası Əmr türk idi (zahirən atası Qəzvin yaxınlığındakı Deyləm türklərindən imiş)». Seyyid Mustafa Hüseyni Dəştinin «Məarif və məariyf» əsərində isə türk qulam «Vazeh» adı ilə xatırlanır.

Məşhur şiə alimi Əllamə Möhsin Əmin «Əyanüş-şiə» kitabında, Kərbəla şəhidlərinin siyahısında Əsləmlə Vazehi ayrı-ayrı şəxslər kimi təqdim etmişdir. Belə ki, bu siyahıya görə, Əsləmi-türki – Imam Hüseynin (ə), Vazehi-rumi isə Kərbəla şəhidi Haris Səlmaninin qulamı imiş («Əyanüş-şiə», I, 610-612).

Bəzi mənbələrdə türk qulam Hürrün qulamı kimi göstərilib (Ibn Şəhraşub. Mənaqibü Ali-Əbi Talib, IV, 113). Lakin səhih tarixi rəvayətlərə görə, Imam Hüseyn (ə) öz qardaşı Imam Həsənin (ə) şəhadətindən sonra türk qulamı kölə kimi satın alıb, oğlu Imam Zeynül-abidinə (ə) bağışlamışdı. Bütün aşura tarixçilərinin yekdil rəyinə əsasən, türk qulam Quran qaresi, bacarıqlı katib, mahir oxatan və şücaətli pəhləvan idi. O, Imam Hüseynin (ə) yazı və məktublarını qələmə alırdı. Bəzi rəvayətlərdə deyilir ki, Əsləmi-türki Quranı əzbər bilir və hər gecə Quran oxuyurdu. O, aşura günündə döyüş meydanında misilsiz hünər göstərib, 70 nəfər düşməni cəhənnəmə vasil etdi. Imam Hüseyn (ə) 7 nəfər şəhidin başı üzərinə gəlmiş və onlarla vidalaşmışdı. Bunlardan biri də türk qülam idi.

Şeyx Abbas Qummi «Nəfəsül-məhmum və nəfsətül-məsdur» kitabında (səh. 135) türk qulamın şücaətindən söhbət açandan sonra yazır: «Imam Hüseyn (ə) öz türk qulamına məhəbbətini bildirib, üzünü onun üzünə dayadı; halbuki, başqa silahdaşlarından heç biri ilə belə rəftar etmədi. Bir tərəfdən, Imam bu hərəkətlə qərib qulamı əzizləyirdi. Digər tərəfdən, qulamın mənəvi kamilliyə çatması və hafizi-Quran olması onu bu məqama layiq etmişdi».

Mənbələrdə Əsləmin döyüş meydanında oxuduğu iki beytlik rəcəz nəql olunur. Həmin rəcəzin tərcüməsi belədir: «Vurduğum zərbələrdən dənizlər qaynaşar, atdığım oxlardan səma tutular. Qılıncım əlimdə görünəndə, həsədli və təkəbbürlü düşmənin qəlbi yarılar».

Lakin maraqlı budur ki, hicri XIII əsrin şairlərindən olan Mirzə Ibrahim Cövhərinin «Tufanül-büka fi məqatiliş-şühəda» əsərində (fars dilində nəzmlə yazılmış bu kitab vaxtilə çox məşhur olmuş, təziyə məclislərində oxunmuşdur) Əsləmin ərəb dilindəki bu rəcəzi verildikdən sonra belə yazılıb:

«Sonra o, bir anlıq Ibn Sədə türk dilində müraciət edib, zəbani-halını söylədi:

Sədi-Vəqqas oğlu, üz qarə, nə bidad eylədin?!

Nuri-çeşmi-Heydəri-Kərrarı naşad eylədin!

Get, görüm nəslin qazılsın, heç nişanı qalmasın,

Bu ki, Nəmrud etməmiş, sən nəsli-Şəddad eylədin!

Siz ərəb, Əhməd ərəb, mən türk, ey birəhmlər,

Mərkəzi-imanı yıxdın, küfrü bünyad eylədin!

Zülm ilə solmuş bu gülşəndə baharı Zeynəbin,

Tişeyi-zülm ilə qəti-qəddi-şümşad eylədin!».

Zənci Cövn

İmam Hüseynin (ə) qulamı Cövn əslən Nubiyadan idi, nəsəbi isə belədir: Cövn ibn Hüveyy ibn Qətadə ibn Əvər ibn Saidə ibn Övn ibn Kəb ibn Hüveyy. O, vaxtilə Peyğəmbərin sadiq səhabəsi Əbuzərə xidmət etmişdi. Əbuzərin Rəbəzəyə sürgün olunmasından və orada vəfat etməsindən sonra Cövn Əhli-beytə xidmət etməyə başladı. O, əvvəlcə Həzrət Əlinin (ə), daha sonra Imam Hüseynin (ə) xidmətində durdu. Imam Hüseyn (ə) onu öz oğlu Imam Zeynül-abidinə (ə) qulluq etməyə təhkim etdi.

Cövn qara dərili zənci idi, silah hazırlamaq və itiləmək işində mahir idi. O, Mədinədən Kərbəlaya kimi Əhli-beyti müşayiət etdi. Aşura gecəsində Imam Hüseynin (ə) icazəsi ilə Cövn səhabələrin silahını itiləyib, döyüş üçün hazır vəziyyətə gətirmişdi.

Aşura günü Imam Hüseynin (ə) ətrafındakı döyüşçülərin sayı azalanda Cövn o həzrətin hüzuruna gəlib, döyüş icazəsi istədi. Imam Cövnə buyurdu ki, onu xidmətdən azad edir və beyətini üstündən götürür, Cövn hara istəsə, gedə bilər. Lakin bu sədaqətli qulam cavab verdi ki, mən Sizin şadlıq və salamatlıq vaxtlarınızda yanınızda olub xidmət etmişəm; bu çətin gündə də Sizi buraxıb getmək istəmirəm. Rəngim qara, qoxum pis olsa da, Sizdən ayrılmayacağam. Şəhid olacağam ki, qara qanım Sizin şərəfli qanınıza qarışsın!

Imam Cövnün dönməz iradəsinə əhsən deyib, ona döyüş icazəsi verdi. Cövn savaş səhnəsinə qədəm basıb şücaətlər göstərdi. Nəhayət, 25 nəfər düşməni qətl edəndən sonra şəhid oldu.

Imam Hüseyn (ə) Cövnün cəsədi üstə gəlib, onun başını dizi üstünə qoydu və buyurdu: «Ilahi, Cövnün üzünü ağ, ətrini xoş et. Onu yaxşı insanlar cərgəsində məhşərə gətir. Onunla Mühəmməd (s) və Ali-Mühəmməd (ə) arasında dostluq yarat!».

Hədislərdə deyilir, aşura faciəsindən sonra şəhidlərin cənazələrini dəfn edərkən gördülər ki, Cövnün bədənindən müşk ətri gəlir.

Nəsr ibn Əbu Neyzər

Aşura gününün əvvəlində düşmən qoşunu Imam Hüseynin (ə) kiçik dəstəsinin üzərinə kütləvi hücuma keçdi. Bu hücumu dəf edərkən səhabələrdən təqribən 50 nəfəri şəhid oldu. Bunlardan biri də Nəsr ibn Əbu Neyzər idi. Onun atası Həzrət Əlinin (ə) azad olunmuş qulamı idi. Tarixçilərin bir qismi Əbu Neyzəri hətta nəcaşinin (Həbəşistan padşahının) övladlarından saymışlar; guya Həzrət Mühəmməd Peyğəmbərin (s) təklifi ilə Islamı qəbul etmişdi. Bəziləri isə onun Iran şahzadəsi olduğunu yazıblar.

Həzrət Əlinin (ə) və Imam Həsənin (ə) vəfatından sonra Nəsr Imam Hüseynə (ə) qoşulmuş, Mədinədən Kərbəlaya kimi Onu müşayiət etmişdi.

Aşura - tarixi titrədən hadisə

 

Vaxt hər şeyi əhatə edir. Zamanı saxlamaq, vaxtı durdurmaq qeyri-mümkündür. Zaman öz axarı ilə hərəkət edir və baş verən hadisələrin üzərinə tarixin qara pərdələrini çəkir. İllər, əsrlər keçdikcə baş verən hadisələr bir tarixə çevrilir. Lakin bəzən bu hadisələr vaxtı üstələyərək keçmişin qaranlıq pərdələrini parçalayır. Bu hadisələrin tarixi üstələyib xatirələrdə yaşamasına da insan səbəb olur. Zamanın fövqündə durmağı isə yalnız və yalnız şəxsiyyətlər bacarır. İnsan öz əməli, gördüyü işlə zaman məfhumundan kənara çıxa bilir. Belə tarixi şəxsiyyətlərdən biri də 1400 il əvvəl yaşamış İslam dünyasının böyük şəxsiyyətlərindən biri, Peyğəmbəri-mizin sevimli nəvəsi İmam Hüseyn olmuşdur.

“Mənim mübarizəmin məqsədi cəddim Məhəmmədin ümmətini haqq yoluna yönəltməkdir...” deyib mübarizəyə qalxdı İmam Hüseyn! İslam dinini gələcək nəsillərə olduğu kimi çatdırmaq, zülmkarlığı ifşa edib cəmiyyətdə ədaləti bərqərar etmək, Allahın haramlarını haram, halal buyurduqlarını halal bilsinlər deyə öz yaxınlarıyla böyük bir ordu ilə üz-üzə dayandı İmam Hüseyn! O, insanlara haqqı çatdırmaq üçün bu yolda hər şeyini, hətta canını belə qurban verdi. İmam ən sadiq səhabələrinin, əzizlərinin ölümünə, ailəsinin əsir düşməsinə belə razı oldu, lakin ədalət uğrunda mübarizədən bir an olsun çəkinmədi.

Hələ sağlığında ikən Əməvi xilafətinin bünövrəsini qoymuş Muaviyə özündən sonra oğlu Yezidi hakimiyyətə gətirmək qərarına gəlmişdi. Tarixdən məlum olduğu kimi, Yezid İslam dininin buyuruqlarına zidd olan işlərə yol verir, içki içir və müsəlmana, xüsusilə də xəlifəyə yaraşmayan əxlaqsız hərəkətlər edirdi. Əlbəttə ki, İmam Hüseyn Yezid kimi bir insanın müsəlmanlara xəlifəlik etməsinə razı ola bilməzdi.

İmam “Əgər Yezid kimi bir adam ümmətin rəhbərliyini ələ alarsa, onda İslamın fatihəsini oxumaq, matəm saxlamaq lazımdır” deyə buyurmuşdur.

Beləliklə, Muaviyə hicri tarixi ilə 60-cı ildə vəfat edir. Onun ölümündən sonra Yezid əmisi oğlu Vəlidə məktub yazıb İmam Hüseyndən beyət almasını tələb etdi. Əks təqdirdə İmamın başını kəsib ona göndərməsini istədi. Yezidin planlarından xəbər tutan İmam Hüseyn Mədinədən Məkkəyə yola düşür. Bunu eşidən kufəlilər ona məktub yazaraq rəhbərlik üçün İmamı Kufəyə dəvət etdilər. Tarixçilərin verdiyi məlumatlara görə, bu qəbildən olan məktubların sayı on iki minə çatmışdı. Vəziyyəti belə görən İmam Hüseyn öz əmisi oğlu Müslimi Kufəyə göndərir. Kufəlilər İmama beyət etmək üçün Müslimin yanına gəlirlər. Beyət aldıqdan sonra Müslim, İmamı məktub vasitəsilə Kufəyə dəvət edir.

Yezidin tərəfdarları isə vəziyyəti belə görüb ondan tez tədbir görməsini istəyirlər. Yezid bu xəbəri eşidən kimi öz adamları vasitəsilə camaatı var-dövlət və qorxu ilə ələ alır, Müslimi isə öldürtdürür. Beləliklə, Yezidin yaxın silahdaşlarından olan İbn Ziyad Kufəni tam nəzarət altına alaraq şəhərə gələn yolları bağlayır.

Bu zaman İmam Məkkədə olduğundan Müslimin ölümündən xəbərsiz idi və artıq əvvəlcədən planlaşdırdığı kimi Kufəyə yola düşdü. Karvan Sələbiyyə məntəqəsinə çatanda İmam Hüseyn Müslimin şəhid olması xəbərini eşitdi. Baş verən hadisədən xəbər tutan İmam gələcəkdə nələrin ola biləcəyini anlayaraq hamını bir yerə topladı və onlara Mədinəyə qayıtmağı təklif etdi. İnsanların bəziləri dağılışdı və İmam Hüseyn ən yaxın səhabələri ilə birlikdə öz yoluna davam etdi.

Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı məntəqəyə çatdıqda tanınmış sərkərdə Hürrün başçılıq etdiyi Kufə ordusu gəlib onlara yetişdi. Onlar İmam Hüseynin qarşısını kəsərək Mədinəyə qayıtmasını əngəllədilər. Bu zaman hələ ki su İmam və onun dəstəsinin ixtiyarında idi. İmam sədaqətli səhabələrindən düşmənə su verilməsini və ümumiyyətlə hər hansı bir qarşıdurmaya yol verilməməsini istədi. Lakin İmamın əsgərləri yollarına davam etdikcə bu dəfə su düşmən əlinə keçir. Fərat çayını nəzarət altına alan ordu Peyğəmbər ailəsinə su verməkdən imtina edir. Qeyd etmək yerinə düşərdi ki, İmamın kiçik dəstəsi içərisində qadınlar, hətta kiçik yaşlı uşaqlar belə var idi. İmam Hüseyn düşmən qoşununa su verərkən öz mənəviyyatı, insanlığı, Peyğəmbər övladının əxlaqına yaraşan bir hərəkət etdi. Çünki o, məsum bir şəxsiyyət idi və hər iki dünyada Rəbbinin razılığını qazanmaqdan başqa bir məqsədi yox idi. Suyun qarşısını kəsərək Peyğəmbər balalarını, İmamın səhabələrini susuz qoymaq isə zülmkarlara - Yezid qoşununa xas olan bir xüsusiyyət idi.

Beləliklə, çətinlik, əzab-əziyyət, məşəqqətlə dolu 9 gün arxada qaldı. Məhərrəm ayının 9-u Kufə ordusu İmam Hüseynə ya təslim olaraq Yezidə beyət etməyi, ya da döyüşməyi təklif edir. İmam Hüseyn şəhid olmağı Yezid kimi bir şərəfsizə beyət etməkdən üstün bildi və “Bizim kimilər Yezid kimilərə beyət etməz” deyə buyurdu. İmam gecəni yaxınları ilə birlikdə ibadət etmək üçün qoşundan bir günlük möhlət istəyir. Səhabələr gecəni səhərədək namaz qılır, dua edir, bir sözlə Allahı zikr etməklə başa vururlar.

Aşura günü (Məhərrəmin 10-u) zahirən iki müsəlman dəstə qarşı-qarşıya dayandı. Hər iki tərəfdən “Allahu Əkbər” sədaları ucalsa da, dəstələrdən biri İslama xəyanət edərək ziyana uğrayanlar, digəri isə Peyğəmbərin haqq yolunun keşiyində dayananlar idi. Bir tərəfdə Allah aşiqləri öz sevdikləri Allaha sevgilərini bəyan edir, digər tərəfdə isə İslamın həqiqi prinsiplərinə qarşı çıxaraq Peyğəmbər ailəsini qətlə yetirməyə hazır olan münafiqlər dəstəsi dayanırdı...

Döyüşdən əvvəl İmam Hüseyn son dəfə olaraq Peyğəmbərin əbasını geyinib düşmənə tərəf yollandı və özünün son xütbəsini oxudu. Ümumiyyətlə, İmam oradakılara bir neçə dəfə xütbələr demiş, Yezid hakimiyyətinin bütün İslam dünyası üçün bir ləkə olduğunu xatırlatmışdır, onları zülmə baş əyməməyə, ədalətli olmağa və haqqı batilə qurban verməməyə çağırmışdır. Bu xütbədən sonra kufəlilərin tanınmış sərkərdəsi olan Hürr yanlış yolda olduğunu anlayır. O, öz əməlindən peşman olaraq İmam Hüseyn tərəfinə keçir və bu döyüş meydanında ilk şəhid də elə Hürr Riyahi olur.

Döyüşün təfsilatı barədə uzun-uzadı danışmaq istəməzdik. Bu haqda tarix kitablarında geniş bəhs olunur. Sadəcə qeyd etmək istərdik ki, bu döyüşdə İmamın bütün sadiq səhabələri bir-bir şəhid edildi. Hətta düşmən tərəf İmamın qucağındakı südəmər körpə - Əli Əsğəri belə öldürməkdən çəkinmədilər. Onlar İmam Hüseynin başını kəsərək nizəyə taxdılar və təhqiramiz şəkildə Şam şəhərinə xəlifə Yezidin hüzuruna apardılar. Döyüş bitdikdən sonra ordu xeymələrə hücum çəkdi, onları talan edərək od vurub yandırdılar. O qanlı faciədən sonra Peyğəmbər ailəsinin sağ qalan üzvlərini əsir götürərək əl-qolları zəncirli Şama gətirdilər. Lakin Şamda baş verən hadisələr Yezidin düşündüyü nəticəni almasına mane oldu. İmamın bacısı Zeynəb, oğlu İmam Səccad yolboyu kufəlilər qarşısında xütbələr söyləyir, Yezidin Kərbəlada törətdiyi qanlı faciəni xalqa çatdırırdılar. İş o yerə çatmışdır ki, dünən İmama müxalif mövqedə duranlar indi ona matəm saxlayırdılar.

Kərbəlada baş verən bu qanlı faciənin müsəlmanlar üçün böyük nəticələri oldu. İmam Hüseyn kiçik bir dəstə ilə böyük bir şər imperiyasının qarşısında “yox” deməyi bacardı. İmam haqq uğrunda, İslam uğrunda mübarizəyə qalxdı, bu yolda malından, canından keçdi, ən yaxın silahdaşlarını itirdi, ailəsinin əsir düşməsinə razı oldu, lakin öz əqidəsindən dönmədi. O, azadlıq məktəbinin bünövrəsini qoydu və öz qanıyla əbədi olaraq azadlıqsevər insanların qəlbinə azadlıq toxumunu səpdi. Bəlkə də, tarixdə ilk dəfə olaraq məğlub edən deyil, məğlub olanlar qələbə çaldılar. Bu qiyam hər gün, hər yerdə insanlara zülmün, haqsızlığın qarşısında “yox” deməyi öyrətdi. Nə qədər ki, yer üzündə zülm, ədalətsizlik, haqsızlıq var, İmam Hüseyn məktəbi öz aktuallığını itirməyəcək. Allah bizləri bu böyük məktəbdən düzgün bəhrələnməyə müvəffəq etsin, İnşallah!