Çr.ax04232024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

İman-Təqva

Təqvanın təvəkkül ilə əlaqəsi

  Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbuzər! Əgər bütün insanlar bircə bu ayəyə əməl etsəydilər, onlara kifayət edərdi: “.. Kim Allahdan qorxsa (təqvalı olsa) Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü təyin etmişdir.” (“Talaq”, 2, 3.)
Şərif ayədə təqva və təvəkkül – hər ikisi zikr olunmuşdur. Bunun özü təqva və təvəkkül arasında dərin bağlılığın olduğunu göstərir və aydın olur ki, bu ikisini bir-birindən ayırmaq mümkün deyil. Təqvanın öndə zikr edilməsi bəlkə də ona görədir ki, təqvanın əldə edilməsi təvəkkülə çatmağın müqəddiməsidir. İnsan təqvalı olmayınca həqiqi təvəkkülün nə olduğunu dərk etmir.
Şəksiz Yerin, Göyün bütün işləri Allahın əlindədir. Allahın gücü qarşısında heç bir başqa qüdrət yoxdur. Yaradılış dünyasını öz iradəsi ilə idarə edən Odur. Belə olan surətdə biz ancaq Ona etimad etməliyik, kömək diləyən əlimizi Ona sarı uzatmalıyıq. Başqalarına hörmət göstərməyi, onların yaxşılıqları müqabilində təşəkkür etməyi Allah bizə tapşırdığı üçün, ilahi vəzifəyə əsaslanaraq onlara hörmət etməliyik. Bununla yanaşı yersiz təriflərdən, qarşı tərəfdən bir şey umduğumuz üçün onun şəninə yalançı təriflər söyləməkdən çəkinməliyik.
Allaha təvəkkül və etimad edən kəs ruzini Allahdan gözləyir. Bunun üçün də başqalarına yaltaqlanmağa ehtiyac duymur, ona kömək edəcəklər deyə yersiz olaraq onların qarşısında kiçilmir. Onun, bunun qarşısında yaltaqlanmaq, əyilmək insanın izzət-nəfsi ilə bir araya sığmır.
Bəli, Allah-təala, övliyalar, ata, ana, müəllim kimi boynumuzda böyük haqları olan kəslərin qarşısında təvazökar olmağı buyurmuşlar. Həmçinin nəsəbləri Peyğəmbərə (s) çatdığı üçün seyyidlərin, peyğəmbər zürriyyələrinin önündə Allaha itaət, Peyğəmbərə (s) hörmət məqsədilə təvazökar davranmağı tövsiyə etmişlər. Allah-təala Ata-anaya yaxşılıq etməyi, onlara ehtiram qoymağı Özünə ibadət və bəndəlik mərtəbəsindən sonra zikr edir: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında yaşayıb qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et”– de.” (“İsra”, 23, 24.)
İmam Səccad (ə) müəllimin haqqı barədə buyurur: “Sənə elm öyrədən kəsin (sənin boynunda olan) haqqı odur ki, onun qarşısında təzim edəsən. (təvazökar davranasan). Onun olduğu məclisi böyük tutub sözlərinə gözəl şəkildə qulaq asasan, yanında hündürdən danışmayasan, üzünü ona sarı tutasan. Əgər kimsə ondan sual soruşsa, cavab verməkdə onu qabaqlama. Onun oturduğu məclisdə başqası ilə söhbət etmə, başqasının qeybətini danışma.” (“Bihar”, c. 2, s. 42.)
Dünya tamahı ilə başqasının qarşısında təvazökarlıq edən kəs, əslində yaltaqlıq etmişdir. Onun işinin batini şirkdir və həqiqətdə Allahı gücsüz bildiyi üçün başqasına üz tutmuşdur. Allahı tanıyan, Ona olan mərifəti kamala yetmiş və təvəkkül məqamını kəsb etmiş şəxs heç vaxt başqasına ümid bağlamaz. Allahın buyurduğu bu ayəyə: “Allah Öz bəndəsinə kifayət etməzmi?!” (“Zumər”, 36.) – Cani-dildən iman gətirən şəxs heç vaxt başqasına əl açmaz.


Təqva haqqında

   İslamda təqva əsl əxlaqi bir dəyər, şəriət hökmlərinin qoyulmasında əsas hədəf kimi təqdim edilmişdir. Quranda buyurulur: “Ey insanlar! Sizi və sizdən qabaqkıları yaradan Rəbbinizə ibadət edin, bəlkə təqvalı olasınız.” (“Bəqərə” surəsi, ayə:21)
“Sizdən əvvəlki insanlara oruc vacib edildiyi kimi, sizə də vacib edildi, bəlkə təqvalı olasınız.” (“Bəqərə” surəsi, ayə:183)
“Qurbanlıqların əti və qanı Allaha çatmır, lakin sizin təqvanız Allaha çatır.” (“Həcc” surəsi, ayə:38)
“Axirət səfəri üçün yol ehtiyatı götürün, (və bilin ki,) ehtiyatların ən yaxşısı təqvadır.” (“Bəqərə” surəsi, ayə:197)
   Gördüyünüz kimi, bəzi ibadətlərin qanun şəklinə salınmasında əsas hədəf və hətta ibadətin özünün fəlsəfəsi bu olmuşdur ki, bəndələr o əməlləri yerinə yetirməklə təqvalı olsunlar. Təqva islam nəzərində o qədər əhəmiyyət daşıyır ki, sair əməllərin qəbul olunmasında meyar hesab edilir, təqvasız əməl rədd olunur və onun heç bir faydası yoxdur.
   Quranda buyurulur: “Allah (yaxşı əməlləri) yalnız müttəqilərdən (təqva sahiblərindən) qəbul edir.” (“Maidə” surəsi, ayə:27)
Peyğəmbəri-Əkrəm (s) Əbuzərə buyurdu: “Təqva əldə etmək üçün əməlin özündən daha artıq səy göstər, çünki təqva ilə olan heç bir əməl az, kiçik deyildir. Allah tərəfindən qəbul olunan bir əməl necə az və kiçik hesab edilə bilər, halbuki Quranda buyurulur: “Allah (əməli) yalnız müttəqilərdən qəbul edir” (“Biharul-ənvar”, 77-ci cild, səh.89)
   İmam Cəfər Sadiq (ə) buyurur: “Onların ağlamaqları səni aldatmasın, çünki təqva yalnız qəlbdədir.” (“Biharul-ənvar”, 70-ci cild, səh.286)
Quranda buyurulur: “Əgər səbr etsəniz və təqvalı olsanız bu, işlərin ən mühümündən ibarətdir.” (“Ali-İmran” surəsi, ayə:186)
Gördüyünüz kimi Quranda və hədislərdə təqva əsaslı bir dəyər, ən yaxşı yol ehtiyatı, qəlbin xəstəliklərindən ötrü ən yaxşı dərman, nəfsin təzkiyə və təmizlənməsində ən böyük vasitə kimi təqdim olunmuşdur. Onun əhəmiyyətini çatdırmaq üçün təkcə bunu demək kifayətdir ki, şəriət qanunlarının və hökmlərinin qoyulmasında əsas məqsəd təqvadır.

Allaha yaxınlaşmaq haqqında mülahizələr

 Həqiqi kamilliyin müxtəlif mərhələləri vardır. Əgər ali mərtəbəyə çatmaq hamıya müəssər deyilsə, istənilən bir kəs aşağı mərtəbələrə nail ola bilər
Sual: Əgər insanın həqiqi məqsədi Allahla yaxınlıq məqamıdırsa, bu məqama çatmaqla insan ən böyük ləzzətə nail olursa, necə olur ki, fitrətən ləzzət və səadət axtarışında olan əksər insan bu ünvanı tapa bilmir?

Cavab: İnsanın həqiqi səadətə, kamilliyə və ləzzətə nail olması o zaman mümkündür ki, insan bu gerçəkləri tanısın və təsdiq etsin. Lakin əksər insanlar yaranışın əsil məqsədini və həqiqi kamilliyi tanımırlar. Lakin bütün insanlar dünya nemətlərini tanıyır və onların ləzzətindən xəbərdardırlar. Ona görə də, bütün qüvvələr dünya nemətlərinin əldə olunmasına sərf edilir. Dünya nemətlərinin seçimində, insanlar arasında fərq mövcuddur. Hər kəs öz düşüncəsi və zövqünə uyğun olaraq müəyyən nemətlərə üstünlük verir. Həqiqi kamilliyi tanımaq fitri xüsusiyyət olsa da, məlumatsızlıq səbəbindən əksər insanın göstərişə ehtiyacı var.
Əksər peyğəmbərlərin ən böyük vəzifəsi, yatmış şüurları oyatmaq, unudulmuş ilahi göstərişləri xatırlatmaqdır. Dövrümüzdə bu vəzifə, peyğəmbər yolunu tanıyıb-tanıtdırmaq gücündə olanların öhdəsinə düşür. Bu insanlar həqiqi səadət yolunu göstərərək, insanların diqqətini həqiqi fitri istəklərə yönəltməlidir.

Sual: Əgər insanın əsil yaranış məqsədi həqiqi kamillik məqamına çatmaqdırsa, nə üçün bu yolda insana mane olacaq aldadıcı dünyəvi istəklərə insan xarakterində yer verilir?

Cavab:
1.İnsanın kamilliyinin dəyəri onun ixtiyarı olmasındadır. İnsana mələkdən üstün olma imkanı verən, məhz onun iradə azadlığıdır. İnsanın iradə azadlığının işə düşməsi və onun qarşısında seçim üçün müxtəlif yolların açılması zəruri idi.
2.İnsanın təkamülü tədrici və mərhələli olduğundan, seçim şəraiti də davamlı olmalı idi. İnsana hər bir təkamül mərhələsində azad seçim edib, hətta bu seçimi dəyişmək imkanı verilmişdir.
Bu iki nöqtəyə diqqət etdikdən sonra insanın dünya həyatının incəlikləri aşkarlanır. Aydındır ki, insanın hərəkət, dəyişiklik, tədrici təkamül dünyasında mövcudluğu, xüsusi vasitə və imkanlar tələb edir. Bu vasitə və imkanların stimulu insanın təbii istəkləridir. Seçim imkanı da bu istəklərin öhdəsindədir. Doğru yol seçilərsə, insanın son kamilliyə irəliləməsində təbii istəklər mühüm rol oynayar. Demək, təbii istəklər yaranış fəlsəfəsi ilə heç bir ziddiyyətə malik deyil.

Sual: Əgər həqiqi kamillik dünyəvi istəklərdən vaz keçib, Allaha yaxın məqama yüksəlməkdirsə, sözsüz ki, insanların böyük əksəriyyəti belə bir məqamdan məhrum qalacaqdır. Əgər həqiqi kamilliyə yalnız kiçik bir qrup insan nail ola biləcəksə, başqalarını insan adlandırmaq olarmı? Bu qədər insan əbədi əzaba düçar olacaqmı?

Cavab: Həqiqi kamilliyin müxtəlif mərhələləri var. Əgər ali mərtəbəyə çatmaq hamıya müyəssər deyilsə, istənilən bir kəs aşağı mərtəbələrə nail ola bilər. Bu mərtəbələr Allaha iman və bəndəlik yolunda müəyyən bir addım atmaqla əldə edilir. Bütün istəklərə göz yumub yalnız Allahın razılığı yolunda çalışmaq, ali mərtəbənin şərtidir.
Sözsüz ki, hər bir mərtəbə üçün xüsusi şərtlər vardır. Məsələn, həqiqətləri kamil tanımaq və hər bir işi görə bilmə qüdrəti hər möminə nəsib olmur. Amma ömrünün sonunadək imanını qoruyan, günahların çoxluğu etiqadını əlindən almayan insanlar, əbədi səadətə qovuşacaqdır. O da məlumdur ki, əbədi behiştin də müxtəlif dərəcələri vardır. Hər bir insan malik olduğu mərifət, iman, saleh əməl və əxlaqı ölçüsündə mükafat alacaqdır.
Bu nəticəyə gəlirik ki, kamillik zirvəsini fəth edib son ilahi yaxşılığa çatmamış insan, insanlıq adından məhrum edilib əbədi əzaba məhkum edilə bilməz.

Nəhcül-Bəlağədə kamil insanın xüsusiyyətləri

Kamil insan

  Əmirəlmöminin Əli (ə) kamil insanın xüsusiyyətlərini bir din qardaşının şəxsiyyəti üzərində şərh edir. Həzrət (ə) buyurur: “Keçmişdə bir dostum vardı, gözümdə çox böyük idi. Çünki haram dünya gözlərində dəyərsiz idi, qarınqululuqdan uzaq idi, əli çatmayanı arzulamazdı, əli çatanı qamarlamazdı. Çox vaxt susardı. Amma danışanda başqalarından yaxşı danışar, sual verənləri qane edərdi. Zahirən zəif və məzlum idi. Amma söhbət ciddiləşəndə şir kimi coşar, ilan kimi sıçrayardı… Əməl etdiyini deyərdi, əməl etməyi barədə danışmazdı… Unutmayasınız belə əxlaqi dəyərlərə üz tutmağı, onları qazanmaq üçün rəqabət aparmağı.”

Dəyər və fəzilətlərə diqqət

  Nəhcül-bəlağə nəzərindən o insan kamildir ki, bütün əxalqi dəyərə və fəzilətlərə əhəmiyyət verir, onları gücləndirmək üçün çalışır, gecə-gündüz Allahı zikr edib, nemətlərin şükrünü yerinə yetirir. Əmirəlmöminin Əli (ə) ən yüksək kamil insan nümunəsi olan təqva əhli haqqında buyurur: “Təqvalıların, pəhrizkarların nişanələrini belə görərsən: dindarlıqda güclü, xoşxasiyyət, uzaqgörən, imanda əmin, elm təhsilində çalışqan, elmə çatdıqda təvazökar, orta imkanlı, ibadətdə müti, yoxsulluqda nikbin, çətinliklərdə dözümlü, halal ruzi ardınca, doğru yolda şad, tamahdan uzaq. Onlar xeyir iş görər, Allahdan qorxarlar. Gün uzunu şükr edər, gecəni zikrlə keçirərlər. Gecə Allahdan qorxan halda yuxuya gedərlər. Yuxudan duranda şad olarlar. Bu qorxu onları qəflətdən qoruyar, nazil olan mərhəmətə görə sevinərlər.”

Dünyapərəstlikdən uzaqlıq

  İnsanı süquta uğradan, kamillik yolundan çıxaran ən güclü amil dünyapərəstlikdir. Rəvayətlərdə dünya sevgisi bütün günahların kökü kimi dəyərləndirilib. Dünyadan çəkinmək, onun cazibədar simasına aldanmamaq kamil insanların əsas xüsusiyyətidir. Əmirəlmöminin (ə) buyurur: “İnsanların bir qismi dünyapərəst deyil. Dünyada yaşasalar da, onun çirkabına bulaşmırlar. Agah və bəsirətlə iş görürlər. Çirkin işlərdən uzaqlıqda birincidirlər. O qədər çalışırlar ki, sanki axirətdədirlər. Dünya əhlinə baxar, cisimlərin ölümünü müşahidə edərlər. Amma qəlbin ölümünü daha ağır sayarlar.”

Bəsirət və agahlıq

  Kamil insanın xüsusiyyətlərindən biri də bəsirət və agahlıqdır. Qəflət, diqqətsizlik insanı özündən asılı olmayaraq yoldan çıxarır, həqiqət və ədalətə meylli fitrət rəngini dəyişir. Həzrət Əli (ə) buyurur: “O insan görən insan sayılır ki, düzgün eşidir və düşünür. Baş verən hadisələrdən ibrət götürür. Sonra işıqlı yolu seçir, uçurumlardan, quyulardan özünü qoruyur. Çalışır ki, ədalətli olsun və azğınlara etiraz üçün bəhanə yeri qoymur. O doğru danışmaqdan qorxmur. Ey insan! Qəflət yuxusundan oyan, tələsmə, Peyğəmbərin (s) dilindən çıxanlar barədə fikirləş. Başqa yol yoxdur, bu göstərişləri yerinə yetirməlisən.”

Doğru yolda addım

  Kamilliyə çatmaqda ilk mərhələ elm öyrənmək, doğru yolu tanımaqdır. Sonra ilahi göstərişləri həyatına şüar seçir, diqqətli olur, uzun-uzadı arzulardan çəkinir, sabitqədəm olur. Bütün bunlar xoşbəxtlik və kamilliyə çatmaq üçün əsas amillərdir. Əmirəlmöminin Əli (ə) buyurur: “Allah rəhmət etsin o kəsə ki, hikmətli söz eşidəndə qəbul edir, doğru yolu tutur. Doğru yola çağıranın əlindən tutub, ehtiyatla hərəkət edir, özünü qoruyur. Elə bir insan ki, günahlarından qorxur, ixlasla addım atır, xeyir iş görür, axirəti üçün azuqə hazırlayır, nəfs istəkləri ilə mübarizə aparır, puç istəkləri qəlbindən çıxarır, əzmlə addım atır, axirət üçün təqvanı azuqə seçir. Elə bir insan ki, aydın doğru yolda qədəm götürür, bu yoldan uzaqlaşmır, bir neçə günlük dünya həyatını qənimət sayır, ölüm qapını döyməmiş hazırlaşır, xeyir əməllərdən axirət gününə ehtiyat yığır."

Gecə minacatları

  Allahın layiqli bəndələrinin bir xüsusiyyəti də gecəni oyaq qalmaqdır. Gecələr yuxu hamını aparır, dua, minacat üçün münasib sükut yaranır. Təqva əhli, salehlər səccadələrini açır, məbudla raz-niyaza başlayır. Onlar Quran oxuyur, nurani ayələr barədə düşünür, gecəni oyaq qalmaqla öz məqamlarını yüksəldirlər. Təqvalılar mövlası belə buyurur: “Təqvalılar gecəni ayaq üstə namaza məşğuldurlar. Quranı hissə-hissə, düşüncə ilə oxuyurlar. Dərdlərinə Quranla çarə qılırlar. Təşviq olan ayəyə çatanda behişt xəyalı ilə oxuduqlarından ləzzət alırlar. Bu nemətlər sanki gözləri qabağındadır. Xəbərdarlıq olan ayələrə çatanda cəhənnəm alovunun səsini eşidirlər. Rükuya gedir, alınlarını torpağa qoyur, cəhənnəm odundan qurtuluş istəyirlər.”

Allah qorxusu

  Mömin insanın rəftarlarına təsir edən amillərdən biri Allah qorxusudur. Həzrət Əli (ə) bu barədə buyurur: “Allahdan düşüncə sahibi olaraq qorxun. Elə bir insan ki, zehni düşüncəyə məşğuldur, Allah qorxusu vücudunu bürüyüb, yuxu gözündən qaçıb, savab ümidi ilə gündüzü susuz keçirib, şəhvətlərini boğub, dilində Allahın adı olub. Onu heç nə lovğalandırmır, çətinliklər və şübhələr onu kor etmir. Behişt müjdəsi, əbədi və aram həyat vədi onu sevindirir. Dünya həyatından ən rahat yolla ayrılır. Çünki axirət üçün azuqə göndərib, qiyamət qorxusu ilə saleh işlər görüb. Həyatını Allaha ibadət-itaətdə keçirib, çirkin işlərdən qaçıb, bu gün sabah üçün çalışıb, indi də gələcəyini görür.”

Təqva, pəhrizkarlıq

  Təqvaya, pəhrizkarlığa əhəmiyyət vermək kamil insanın əsas xüsusiyyətlərindəndir. Təqva insanı doğru yola yönəldir, azğınlıqlardan qoruyur. Həzrət Əli (ə) buyurur: “Təqvalılar dünyada da bir sıra fəzilətlərə sahibdirlər. Onların danışığı düz, geyimi orta, yerişi sadədir. Onlar Allahın haram buyurduğu şeylərə göz yumar, yalnız faydalı sözlərə qulaq asarlar. Çətin günlərdə və rahatçılıq zamanı halları dəyişməz. Gözlərində Allah böyük, başqaları kiçikdir. Sanki behişti görürlər, onun nemətlərindən bəhrələnirlər. Cəhənnəmi görmüş kimi ona inanırlar.”

Fürsətlərdən istifadə

  Fürsətlərdən düzgün istifadə, istedadlardan yararlanma xoşbəxtliyin əsasıdır. Kamil insan qısa ömründə fürsəti əldən vermir, bütün imkanlardan öz xoşbəxtliyi üçün istifadə edir. Fürsətlər əldən çıxmamış, vücudu əldən düşməmiş axirət yükünü hazırlayır. Həzrət Əli (ə) buyurur: “Ey insanlar! Nə qədər ki, sağlamsınız, gücünüz var, Allahdan qorxun. Əliniz açıq ikən, ümid qapıları bağlanmamış bir iş görün. Gecənin yarısı oyaq qalmaqla, qarınqululuqdan uzaqlıqla ibadət-itaətə məşğul olun. Malınızdan infaq edin, cisminizdən alıb ruhunuzu gücləndirin. Əliniz açıq olsun!”

İlahi rabitələr

  Nəhcül-Bəlağə prizmasından kamil insan ətrafındakı insanlarla ilahi meyarlar əsasında rəftar edir. Həzrət Əli (ə) bu barədə buyurur: “İnsanları pis ləqəblə çağırmayın, qonşuları incitməyin, başqlarının qəm-qüssəsinə sevinməyin, yersiz müdaxilədən çəkinin, haqq yoldan çıxmayın. Mömin susanda bu sükut onu yormaz, güləndə səsi qalxmaz. Ona zülm ediləndə dözüb Allahın intiqam almasını gözlər. Nəfsini incidər, insanlara zəhmət verməz. Axirəti üçün özünü zəhmətə salar. İnsanların rifah və asayişinə çalışar. Zöhd və paklığına xatir bəzilərindən uzaqlaşar, mehribanlıq və mərhəmətinə görə bəzilərinə yaxınlaşar. Lovğalıq səbəbindən üz çevirməz, hiylə ilə yaxınlaşmaz.”

Ən sevimli bəndə

  Kamil insanların başqa bir xüsusiyyəti özünütərbiyə, azğın nəfsin islahıdır. Ləyaqətli bəndə çirkin xasiyyətləri ilə mübarizə aparır, gözəl əxlaq əldə etmək üçün təlaş göstərir. Həzrət Əli (ə) buyurur: “Ey Allahın bəndələri, Allah yanında ən sevimliniz o bəndədir ki, nəfslə mübarizədə yardım alıb. Onun libası Allah qorxusudur. Bu libas altından qəm-qüssə geyinib. Qəlbində hidayət çırağı yanır, ruziyə çatmaq üçün imkanları var, çətin işləri özü üçün asanlaşdırıb. Dünya həqiqətlərinə qəlb gözü ilə baxır, daim Allahı düşünür, saleh işlər görür.”

Allah və axirəti xatırlamaq

  Kamil insanın başqa bir xüsusiyyəti Allah və axirət barədə düşünməsidir. Həzrət Əli (ə) buyurur: “Elə insanlar var ki, dünya yox, Allah haqqında düşünürlər. Heç bir alış-veriş Allahı onların yadından çıxarmır. Allahın zikri dillərindədir. Öz xəbərdarlıqları ilə, cəza gününü yada salmaqla insanları qorxudur, doğru yola çağırırlar. Özləri ədalətlidirlər, insanları da bu yola dəvət edirlər. Ətrafdakıları pis işdən çəkindirir və özləri də pis işdən uzaq dayanırlar. Dünyada yaşasalar da sanki ona arxa çeviriblər. Bərzəx əhlindən xəbərdar imiş kimi axirəti seyr edirlər, bərzəx əhli haqqında vədlərin yerinə yetdiyini görürlər. Onlar gözlərindəki pərdələri çəkiblər, xalqın görmədiyini görür, eşitmədiyini eşidirlər."

Əməllərin hesabı

  Nə gözəl olar ki, insan günün sonunda əməllərini yada salsın. Batdığı günahlara görə tövbə etsin, bir daha onları təkrarlamamaq qərarına gəlsin. Gördüyü yaxşı işləri davam etdirməkdə israrlı olsun. Təqvalı insanlar bu xüsusiyyətlərlə kamillik qüllələrini bir-bir fəth edirlər. Əmirəlmöminin (ə) buyurur: “Əgər zikr əhlini təsəvvüründə canlandırsan, onların bəyənilmiş məqamı və məclislərini seyr etsən, görərsən ki, əməl namələri əllərində açıqdır, sorğu-suala hazırdırlar. Daim düşünürlər ki, hansı göstərişi düzgün yerinə yetirməyiblər. Harada səhvə yol verdiklərini düşünüb narahat olurlar. Günah yükünü çiyinlərinə alıb, onu aparmaqda çətinlik çəkir, ağlayır, peşmanlıqla etiraf edirlər.”

İdeal insan

  Kamil insan həyatın bütün sahələrində nümunədir. Fərdi və ictimai əxlaqda, ailə tərbiyəsində, dini göstərişlərdə diqqətlidir. Həyatın eniş-yoxuşları onun əxlaqına ləkə salmır, əməl və rəftarlarına təsir göstərmir. O boş söz danışmaz, halal ruzi qazanar, xalqı incitməz. Əmirəlmöminin (ə) kamil, ideal insan haqqında buyurur: “Xoş o insanın halına ki, özünü kiçik sayır, qazancı halaldır, vücudu pakdır, əxlaqı gözəldir. Ehtiyacından artıq qalanı Allah yolunda infaq edir, dilini artıq sözdən saxlayır, ətrafdakılara acı söz demir. Peyğəmbər sünnəsi ona bəs edir, bidətə əl atmır.”

İnsanın dəyəri

  İnsanın dünya və axirət səadətində əsas amillərdən biri onun özünü tanımasıdır. Əxlaq ustadları özünütanıma elmini dini təlimlər əsasında ən faydalı elm sayıblar. Seyr-süluk yolunda birinci iş özünü tanımaqdır. Allahşünaslıq insanın özünü tanıması ilə başlayır.

  Bəli, özünü tanıyan, Allahın əta etdiyi ilahi ruhun dəyərini bilən, mələklərdən yüksəyə qalxmaq imkanını görən insan dünyanın zahirinə aldanmır, dünya malına əsir olmur. Həzrət Əli (ə) dünya və onun dəyəri ilə bağlı buyurur: “Azad bir insan yoxdurmu ki, dünyanın haram çeynənmiş loxmasını öz əhlinə versin?! Sizin dəyəriniz yalnız behiştdir, özünüzü bundan ucuz satmayın.”

Təqvanın təsiri
 
  Təqva Allahın layiqli bəndələrinin ən üstün xüsusiyyətidir. Quran və rəvayətlərdə təqva ilə bağlı tövsiyələr çoxdur. Əgər insan vücudunda təqva olsa əxlaqi fəzilətlər onun ardınca gələcək, Qəflət aradan qalxacaq, insan günahdan uzaqlaşacaq. Bu məqamda Allahın rəhmət və bərəkəti nazil olacaq. Əmirəlmöminin (ə) təqvanın təsiri haqqında buyurur: “Təqva yolunu seçən insandan çətinliklər uzaqlaşar, acılıqlar şirin olar, nigarançılıqlar və sıxıntılar aradan qalxar. Ardıcıl və yorucu çətinliklər asan görünər. Böyüklük və əzəmət yağış damlaları kimi başına enər. Mərhəmət və nemətlər geri qayıdar, tükənməkdə olan bərəkət yenidən artar.”

Hər kəs nəfsini qoruyub saxalasa...

   İnsan nəfsi barəsində nazil olan ayələr və nəql olunan rəvayətlər iki qismə bölünür. Bunlardan bir qismi nəfsi çox dəyərli, mələkuti, şərafətli və mücərrəd aləmdən gələn, bütün insani dəyər və səciyyələrdən də fəzilətli olan bir gövhər kimi vəsf edir. Bu növ ayə və rəvayətlərdə onu qorunub saxlanması, qüvvətləndirməsi və yetişdirliməsi üçün ciddi cəhdlə çalışması, belə bir dəyərli gövhərin əldən verilməklə ziyana uğramaması üçün insana səy göstərməsi tövsiyə olunur. Misal üçün Quranda buyurulur: “Ey Məhəmməd! Səndən ruhun həqiqəti barəsində soruşurlar. Cavabında de: “Ruh mənim Rəbbmin əmrindəndir (Onun əmri ilə yaradılmışdır) və sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilib.” (“İsra” surəsi, ayə:85)
Bu aləmdə ruh əmr (təcərrüd) aləmindən – maddi aləmin fövqündə dayanan bir aləmdən gələn varlıq ünvanı ilə vəsf edilir.
     Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) nəfs barəsində buyurur: “Nəfs çox bir qiymətli gövhərdir, hər kəs onu qoruyub saxlasa onu çox yüksək məqama çatdırar, hər kəs onu saxlamaqda səhlənkarlıq etsə, onu alçaqlığa çəkəcəkdir.” (“Ğürərül-hikəm”, səh.226)
Başqa bir hədisdə buyurur: “Hər kəs öz nəfsinin qədir-qiymətini dərk etsə, onu fani və ötəri işlər görməklə alçaqlığa çəkməz.” (“Ğürərül-hikəm”, səh.669)
Başqa bir hədisdə isə belə buyurur: “Hər kəs öz nəfsinin şərafətini anlasa, onu şəhvətlərin və batil arzuların alçaqlığından qoruyar.” (“Ğürərül-hikəm”,səh.710)
Yenə buyurur: “Hər kəsin nəfsi şərafətli olsa onun sevgi  və insani duyğuları çox olacaqdır.” (“Ğürərül-hikəm”, səh.638)
Yenə buyurur: “Hər kəsin nəfsi şərafətli olsa, onu (başqalarından bir şey) istəmək zillətindən uzaq saxlayar.” (“Ğürərül-hikəm”, səh.669)
Bu kimi bir çox ayə və rəvayətlərdən məlum olur ki, insanın nəfsi çox dəyərli və qiymətli bir gövhərdir. Hər bir kəs onun qorunub saxlanmasında və pərvəriş verilməsində çalışmalıdır.
    İkinci qismdən olan ayə və rəvayətlərdə nəfs çox şər, insanın düşməni və bütün pisliklərin mənşəyi kimi təqdim edilir və onunla mübarizə aparıb onu məğlub etmək tövsiyə olunur. Əks halda bu insanın bədbəxtliyinə səbəb olacaqdır. Misal üçün, Quranda buyurulur: "Amma hər kəs öz Rəbbinin məqamından qorxsa və nəfsini onun istəklərindən saxlasa behişt onun yeri olacaqdır." (“Naziat” surəsi ayə:41)
Quranda Həzrət Yusifin (ə) dilindən belə deyilir: “Mən öz nəfsimə bəraət qazandırmıram. Çünki nəfs həmişə insanı pisliklərə əmr edir. Yalnız Allahın rəhm etdiyi kəslərdən başqa.” (“Yusif” surəsi, ayə:53)
   Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurub: “Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir.” (“Biharul-ənvar”, 70-ci cild, səh.64)
Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) buyurur: “Nəfs həmişə insanı pisliklərə doğru əmr (sövq) edir. Hər kəs ona arxayın olsa nəfs ona xəyanət edər, hər kəs ona etimad etsə nəfs onu həlak edər, hər kəs ondan razı olsa nəfs onu daxil olunan yerlərin ən pisinə daxil edər.” (“Ğürərül-hikəm”, səh.226)
Həzrəti Əmirəl-möminin Əliyyibni Əbitalib (ə) başqa bir hədisdə buyurur: “Öz nəfsinə xatircəm olmaq şeytan üçün ən möhkəm fürsətlərindəndir.” (“Ğürərul-hikəm” səh.54)
   İmam Səccad (ə) belə deyir: “İlahi! Sənə şikayət edirəm həmişə pisliklərə göstəriş verən, günah və xətalara üz gətirən, günahı sevən, özünü Sənin qəzəbin qarşısında qərar verən və məni günahlara və fəlakət yollarına çəkən nəfsin əlindən!” (“Biharul-ənvar”, 94-cü cild, səh.143)
Bu kimi ayə və rəvayətlərdən məlum olur ki, nəfs çox pis və şər varlıq və bütün pisliklərin mənşəyidir, onunla mübarizə aparıb məğlub etmək lazımdır.
    Bəziləri belə təsəvvür edə bilər ki, yuxarıda qeyd olunan iki dəstə rəvayətlərin arasında ziddiyyət vardır. Yaxud belə fikirləşə bilər ki, insanın iki nəfsi vardır; biri bütün yaxşılıqların mənşəyi olan insani nəfs, digəri isə bütün pisliklərin mənşəyi olan heyvani nəfs. Halbuki, bu iki təsəvvürün hər ikisi səhvdir. Çünki əvvəla, ayə və rəvayətlərin arasında heç bir ziddiyyət yoxdur. İkincisi, isbat olunmuşdur ki, insanın birdən artıq həqiqəti yoxdur. Onun yalnız bir nəfsi vardır. Onun insani və heyvani yönlərinin bir-birindən ayrı olması da düzgün deyildir. Lakin insanın nəfsi iki vücudi yönə və mərtəbəyə malikdir. Aşağı mərtəbədə bütün heyvani sifətlərə malik olan bir heyvandır, yüksək mərtəbədə isə ona ilahi ruh üfürüldüyü və mələkut aləmindən gəlmiş olan bir insandır. Nəfsin şərafətli və dəyərli olmasını göstərən, bütün yaxşılıqların mənşəyi hesab edən və onun pərvəriş edilməsinə tövsiyə edən hədislərdə onun yüksək mərtəbəsinə işarə edilir. Amma “nəfs sənin düşmənindir, ona etimad edərsənsə o səni həlak edər, onunla cihad və mübarizə aparmaq lazımdır” - deyə buyurulan hədislər isə onun alçaq mərtəbəsinə, yəni heyvani mərtəbəsinə işarədir. Əgər “öz nəfsini gücləndir və ona pərvəriş ver” deyə buyurulursa məqsəd insani mərtəbəsidir. Amma əgər “onunla mübarizə aparıb məğlub et” deyilirsə, onun heyvani və alçaq mərtəbəsi nəzərdə tutulur.
   Bu iki “öz”, yaxud iki vücudi mərtəbə arasında daim çəkişmə mövcuddur. Heyvani “öz” insanı həmişə öz meyl və istəklərini təmin etməyə sövq edir, Allah dərgahına yüksəlib təkamül və tərəqqiyə nail olmaq yollarını insani nəfsin üzünə bağlayır və onu öz ixtiyarına keçirir. Bunun əksinə olaraq insani “öz”, yaxud insan vücudunun ali mərtəbəsi həmişə ali-insani kamal mərhələlərini qət etməyə və ilahi dərgaha yaxınlaşmağa çalışır. Bu məqama nail olmaq üçün insan özünün heyvani qərizələri və meyllərini nəzarət altına alıb cilovlamalı, onları öz ixtiyarına keçirtməlidir ki, bu mübarizə səhnəsində bu ikisindən hansı birinin digərinə qələbə çalacağını görsün. Əgər insani və mələkuti “öz” qələbə çalsa insani dəyərlər çiçəklənir, insanı yüksək dəyərli ilahi dərgaha doğru seyr etdirir.    Amma əgər heyvani “öz” qələbə çalarsa insan əqlinin çırağı sönür və onu azğınlıq vadisinə sürükləyir. Peyğəmbərlər də gəlmişlər ki, belə bir müqəddəs və müqəddəratı həll edən mübarizədə insanlara kömək etsinlər.