Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

Şübhə doğuran suallar (2)

Sual: 23-dən 40-dək
Sual 23: Həzrət Fatiməni (s) bir bu qədər ucaltmağa nə əsas var?

Cavab: Nəzərdən qaçırmayın ki, Allahın övliyalarına, ilk növbədə isə məsumlara məhəbbətin əsası Allaha məhəbbətdir. Çünki dərin mərifət sahibi olan bu insanlar yalnız və yalnız Allahı sevmiş və Onun razılığı üçün yaşamışlar. Əgər məsumların dualarına nəzər salsanız, Allah sevgisindən başqa bir istək tapmazsınız. İmam Səccad (ə) “Muhibbin” münacatında deyir: “Pərvərdigara, Səndən məhəbbətini istəyirəm”. İmam Hüseyn (ə) “Ərəfə” duasında deyir: “Öz dostlarının qəlbindən əğyarı çıxarıb məhv edən Sənsən.” “Kumeyl” duasında həzrət Əli (ə) deyir: “Pərvərdigara! Tutaq ki, əzabına səbr etdim, bəs ayrılığına necə dözüm?”
Həzrət Peyğəmbər (s) qızı Fatiməni (s) bu baxımdan sevmişdir. O, Allahı sevənləri, eləcə də, Allahın sevdiklərini əziz tutmuşdur. Həzrət Fatimə (s) və həzrət Əlini (ə) bu məhəbbətin zirvəsində görən Peyğəmbər (s) onları sevməyə bilərdimi?!
Əhli-beyt sevgisi insanlara ona görə tövsiyə olunur ki, insanlar bu sevgi vasitəsi ilə Allaha yaxınlaşsınlar. Əgər Əhli-beyt Allah aşiqidirsə, onu sevənlər də bu eşqdən faydalanasıdır.
Fatimə (s) ucadır! Ona görə ucadır ki, Allah aşiqidir. Ona görə ucadır ki, Allah aşiqini sevən Allahı sevəsidir!
Sual 24: Quranın Peyğəmbərə (s) Allah tərəfindən nazil olmasının dəlili nədir?
Cavab: Bu iddianın isbatı üçün dörd məsələ nəzərdən keçirilməlidir:
−Quran Allah kitabıdır.
−Quran təhrifdən uzaqdır.
−Vəhydə xəta yoxdur.
−Həzrət Peyğəmbər (s) məsumdur.
Quran üç baxımdan ecazkardır. Onun sözləri, mənaları və onu gətirən şəxs ecazkardır. Quranda sözlərin nizamı hal-hazırda bütün tədqiqatçılar tərəfindən qeyri-adi dəyərləndirilir.
Quranın mahiyyət baxımından ecazkarlığı onda heç bir ziddiyyətin olmamasıdır. İnsan tərəfindən yazılmış ən dəyərli kitablarda belə kifayət qədər ziddiyyət olduğu halda, Quranda bu günədək zərrəcə ziddiyyət qeydə alınmamışdır.
Quranın nazil edildiyi həzrət Məhəmməd (s) ona görə ecazkardır ki, yazıb-oxumağı bacarmadığı halda, ən incə zövqləri riqqətə gətirən ayələr söyləmişdir.
Quran təhrifdən qorunmuş yeganə kitabdır. 1400 il ərzində bir belə təcavüzlər qarşısında onun dəyişməzliyi düşündürücüdür.
İlahi vəhy ən kiçik xətalardan uzaqdır. Vəhyin mahiyyətinə varıb, onun faydaları ilə tanış olan insan uyğun iddianı etiraf etmək məcburiyyətindədir. Müxtəlif dönəmlərdə hansısa vəhyə etiraz edənlər cəmiyyətdəki problemlər burulğanında boğulduqları an həmin vəhyin həqiqət olduğunu qəbul etmişlər.
Əql hökm edir ki, Allahın kəlamını insanlara çatdırmaq üçün seçilmiş şəxs günahkar ola bilməz. Axı kim razı olar ki, sifariş göndərdiyi şəxs günahkar olsun?!
Sual 25: Quranın tərcüməsi təhrif oluna bilərmi?
Cavab: Söhbət iki növ təhrifdən getməlidir: sətri təhrif və məna təhrifi. Quranın göndərilməsinin əsas səbəbi ondan əvvəlki ilahi kitabların sətri təhrif olunmasıdır. Məsələn, İncil və Tövratda sözlər və cümlələr artırılmış və azaldılmışdır. Quranda belə bir təhrif mümkünsüzdür. Ötən 1400-il ərzində Quranın bir cümləsi və ya kəlməsi dəyişdirilməmişdir. Sözsüz ki, söhbət Quranın nazil edildiyi ərəb mətnindən gedir. Amma Quranı izah edərkən onu mənaca təhrif etmək mümkündür və bu gün İslam dini qarşısında ən böyük problemlərdən biri budur.
Quranın tərcümələrində isə hər iki təhrif mümkündür. Tərcümə sırf ədəbi prosesdir və iki tərcümənin üst-üstə düşməsi qeyri-mümkündür. Tərcüməçi sözləri artırıb əskiltməklə ayələrin mənasını dəyişə bilər.
Sual 26: On ikinci imam həzrət Mehdinin (ə) Xəzra adasında (Bermud adaları ehtimal olunur) olması doğrudurmu?
Cavab: Tarix boyu insanların etiqadından sui-istifadə olunmuşdur. Nəfsinə uyan insanlar Quran ayələrini belə, öz xeyrlərinə təfsir etməkdən çəkinməmişlər. Bu çox ağrılı mövzudur.
Əsrin imamının Xəzra adasında olması barədə din alimlərinin mötəbər hesab etmədiyi bir hədis var. Bu hədisi nəql edən şəxs (Əli ibn Fazil Mazəndərani) haqqında qəti bir fikir yoxdur. Əgər rəvayət özü mötəbər deyilsə, onun tətbiqi, yəni Xəzra adasının Bermud üçbucağında olması iddiası tam əsassızdır.
Sual 27: İrfan məktəbində din və siyasət arasında hansı əlaqə var?
Cavab: Dinin üç əsası var: etiqad, əxlaq və əməl. Heç bir din bu üç əsas olmadan gerçəkləşə bilməz. Dini tanımaq üçün hər üç əsasla tanışlıq lazımdır. Bu üç əsasdan birinə diqqətsizlik göstərən şəxsin dini biliyi naqisdir.
Amma insanların düşüncə tərzi və qavrayış tutumu müxtəlif olduğundan dinə münasibətdə baxışlar da fərqlidir. Tarixə nəzər salsaq əsasən üç baxışla rastlaşarıq: etiqadı əsas götürən fəlsəfi baxış, şəriəti əsas götürən fiqhi baxış və əxlaqı əsas götürən əxlaqi baxış.
Sözsüz ki, dinə birtərəfli baxış yanlış nəticələrə gətirir. İrfan tarixi boyu çox ariflər sərvət və qüdrətdən çəkindikləri üçün dini siyasətdən ayırmışlar. Amma İslam Peyğəmbərindən (s) rişələnən həqiqi irfan siyasətdən ayrı deyil. Həzrət Peyğəmbərin (s) və həzrət Əlinin (ə) həyatı ilə tanış olsaq, həqiqi dinin siyasətdən uzaq olmadığını təsdiqləyərik. Siyasət və hakimiyyət olmadan Allahın göstərişlərini icra etmək mümkünsüzdür. Özünü dindən ayırmayan irfan dini siyasətdən ayıra bilməz.
Sual 28: Əgər ağıl varsa, dinə nə ehtiyac?
Cavab: İnsan bütün mümkün faydaları əldə etmək istəyində olan bir varlıqdır. O, ağacın gövdəsindən, budaqlarından, meyvələrindən istifadə edir. Heyvanların əti, südü, dərisi onun diqqətindən yayınmayıb. Hətta canlıların ifrazatı da onun istifadəsindədir. Təbii ki, əli çatan hər şeyi istismar edən insan öz həmnövlərindən də yan ötməyib. Yəni hər bir fərd başqalarının xidmətindən istifadə edərək daha yaxşı yaşamağa çalışır.
Amma bütün insanlar bu fikirdə olduğundan cəmiyyətdə ixtilaflar yaranır. İnsanlar arasında uyğun münasibəti tənzimləmək üçün qanunlara ehtiyac yaranır. Qanunun zəruriliyini qəbul edən bəşəriyyət öz şüurunu işə salıb qanunlar toplusu hazırlasa da, cəmiyyətdəki ixtilaflar daha da artır. Çünki qanunu hazırlayan şüurun dərinliyində şəxsi mənafe istəyi hər şeydən güclüdür. Böyük bir cəmiyyət üçün qanunlar hazırlayan qrup öz məhdud təfəkkürünü aşıb milyonların mənafeyini dərk edə bilmir. Ona görə də hakimiyyətə gələn digər qrup dərhal qanunları dəyişməyə başlayır. İnsanın yaratdığı qanunların tez-tez dəyişməsi cəmiyyətdəki inkişafla yox, təbəqələrarası ziddiyyətlərlə bağlıdır. Bəli, bəşəri qanunlar hamını qane etmək gücündə deyil.
İncə bir nöqtəyə diqqət yetirin. İnsanı şüur idarə edir. İxtilaflar da şüurdan doğur. Əgər qanun şüurdan yan ötüb, yalnız hərəkətləri tənzimləyirsə, ixtilaflar sonadək həll ola bilərmi? İxtilaf yaradan maşın (insan şüuru) tam gücü ilə işləyirsə, cəmiyyət ixtilafdan yaxa qurtara bilərmi?
Demək, qanun ilk əvvəl insanın daxili hisslərini tənzimləməlidir. Belə qanunlar isə yalnız dində öz əksini tapır. Allahdan qorxan bir cəmiyyətin polisə, məhkəməyə, zindana ehtiyacı qalmır.
Sual oluna bilər ki, nə üçün dinin hakim olduğu cəmiyyətlərdə ixtilaf yaranır? Unutmayaq ki, dinin qəlblərə hakim olduğu cəmiyyətlərdə heç bir ixtilaf nəzərə çarpmaz. Əgər cəmiyyət şəhvət və günah girdabındadırsa, əlbəttə ki, dinin özündən imtina edəcək.
Sual 29: Dünyaya behişt vəd edən sekulyarizm nədir?
Cavab: Müasir anlamada sekulyarizm qərbdə Makiavelli tərəfindən bünövrəsi qoyulmuş bir cərəyandır. O, kilsənin təsiri ilə inansa da ki, siyasətin məqsədi Allahın razılığını qazanmaqdır, daim belə bir sual vermişdir: “Allahı razı salacaq siyasət varmı?” Makiavelli öz sualına özünəməxsus bir cavab tapmışdır: “Allahın razılığı bəndənin razılığında olduğu üçün bəndəni razı salmaq kifayətdir.” Beləcə, özündənrazı alim diqqəti Allahdan yayındırıb, insana yönəltmişdir.
Makiavellinin nəzərincə, insanın dəyəri onun imanı ilə yox, ağlı ilə ölçülməlidir. Avropada kilsənin mühafizəkarlığı, elmə qarşı çıxması sekulyarizm üçün yol açır. Həmin vaxtadək qərbdə dövlətlərin siyasi kursunu müəyyənləşdirən kilsəni dinsiz hökumətlər sıxışdırmağa başlayır. Sekulyarizmə görə insan dini dəyərləri kənara qoyub, yalnız əqlinə və elminə güvənməlidir. Əslində insanlıq və xeyirxahlığın, mənəviyyat və əxlaqın üzərindən qara xətt çəkilirdi. İnsanın ağıl və elminin dəyər ölçüsü seçilməsi sırf cəfəngiyyat olsa da, əksər cəmiyyətlər bu mənanı dərk etməkdə aciz olmuşdur. Axı hamı bilir ki, ən ağıllı və ən elmli insan hələ ən yaxşı insan demək deyil. Ümumiyyətlə, ağıl və biliyin insanın yaxşı pisliyində təyinedici rolu yoxdur.
Sekulyarizm üç əsas xüsusiyyətə malikdir:
−Bu baxışa görə, dindarlıq fərdi bir işdir və cəmiyyətin həyatında heç bir rola malik deyil.
−Sekulyarizm allahçılığı insançılıqla (humanizm) əvəz edir və cəmiyyətdə Allahın razılığı ilə bağlı bütün çərçivələr aradan qaldırılır.
−Cəmiyyəti din mehvərindən məhrum edən bu baxış boşluğu doldurmaq üçün dil, millət, irq kimi ölçülərə üz tutur.
Sekulyarist cəmiyyətdə qanunverici və icraçı orqanlar dinsizləşdirilir, təhsildə din qadağan olunur, dini dəyərlər gerilik amil kimi tanıtdırılır.
Sual 30: Din ideoloji baxışdırmı? Bu məsələyə doktor Şəriətinin münasibəti necədir?
Cavab: “İdeologiya” kəlməsi əsasən iki mənada işlədilir. Bəzi müasir dindar ziyalılar ideologiyaya belə tərif verirlər: “İdeologiya, əsasları tam müəyyənləşdirilmiş bir məktəbdir. Onun dəyərləri və məqsədləri var. İdeologiya insana öz siyasi, ictimai və əxlaqi baxışlarını öyrədir.”
Digər bir qrup alimin nəzərincə, ideologiya insanın varlığını öz qəlibinə salan qanunlar toplusu yox, onu konkret məqsədlərə doğru çağıran əqidədir.
Bu vaxtadək dinin ideologiya olub-olmaması barədə müxtəlif fikirlər səslənsə də, yuxarıdakı təriflərə əsasən, dini ideologiya hesab etmək zəruri görünmür. Amma ikinci baxışa əsasən, dini ideologiya saymaq olar.
Doktor Şəriəti ideologiya məfhumunu dünyagörüşü məfhumu ilə qarşı-qarşıya qoyur. O, islamın tövhid dünyagörüşünün bünövrə, islam ideologiyasını bina hesab edir. Şəriəti məhz bu baxışına əsasən, islamın tövhid dünyagörüşü üzərində müsbət bir ideoloji sistem hazırlamaq istəmişdir.
Sual 31: Lənət oxumaq (nifrin etmək) olar, yoxsa yox?
Cavab: Bir sıra Quran ayələrində lənət oxunması ilə rastlaşırıq: “Zalımlara Allahın lənəti olsun”[20]; “ Allah kafirlərə lənət etmişdir”[21]; “Onların əhdi pozanlarını lənətlədik”[22]; “Şübhəsiz ki, Allah Onu və Onun peyğəmbərini incidənləri dünya və axirətdə lənətləmişdir.”[23]
İslam Peyğəmbərinin (s) müəyyən şəxslərə lənət oxuması barədə rəvayətlər də vardır. Həzrət (s) sələmçiləri, ananı övladdan ayıranları, qadın paltarı geyən kişiləri lənətləmişdir.[24] İslam dinində nifrinin varlığını həm şiələr, həm də sünnilər qəbul edir.
Amma daha mühüm bir sual doğur: Kimlər lənətlənməli, kimə nifrin oxunmalıdır? İstər Quran ayələrindən, istər rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, lənət böyük və ictimai günahlara aiddir. Amma cəmiyyət üçün təsirsiz olan olan günahlara görə lənət oxumaq qadağan olunur.
Sual 32: Şiəliyə sübut varmı?
Cavab: Şiəlik əqidəsinin sübutu üçün həm əqli, həm də nəqli dəlillər kifayət qədərdir.
Əqli dəlil: Əgər bir qrup ləyaqətli insan dövlət idarəçiliyini öz üzərinə götürməsə, cəmiyyət qısa bir vaxtda problemlər girdabına yuvarlanar. İslam dini də öz həyatını davam etdirmək üçün ləyaqətli aparıcılara ehtiyaclıdır. Həzrət Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra dinin qorunması üçün xalqa imam təyin olunması labüddür. Din alimləri nə qədən saleh və təqvalı olsalar da, məsum deyillər. Əgər Allah tərəfindən təyin olunmuş məsum imamlar olmazdısa, həqiqi İslamı qorumaq mümkünsüz olardı. Alimlər bilməyərəkdən də olsa, səhvlərə yol verdiklərindən bir bu qədər məzhəb yaranmışdır. Peyğəmbərin (s) gətirdiyi dini yalnız məsum imamlar olduğu şəkildə davam etdirə bilir.
Nəqli dəlil: Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir sıra rəvayətlərdə ilahi canişinlər haqqında danışılır. İstər şiə, istər sünni mənbələrində belə bir hədis nəql olunur: “İmamlar on iki nəfdir və onların hər biri Qüreyşdəndir.” Məşhur bir rəvayətdə həzrət Peyğəmbər (s) Cabir Ənsariyə buyurur ki, imamlar on iki nəfərdir.[25]
Sual 33: Bəziləri dəyərli dini əsərlər müəllifi olan doktor Şəriətini İslam dinini qılınclayan Mirzə Fətəli Axundova bənzətmişlər. Guya onların hər ikisi islami protestantlıq ideyasını müdafiə etmişdir. Bu həqiqətdirmi?
Cavab: Protestantlıq xristianlığın üç məzhəbindən biridir və özünə qədər olan dini ayinləri kobudcasına rədd edir. “Protestantlıq” “yeniçilik”, “geriyə qayıdış”, “keçmişin inkarı” mənalarında da işlədilir.
Mirzə Fətəli Axundov yazır: “Protestantlıq Allahın haqlarını, bəndəlik vəzifələrini tam aradan götürən, yalnız insan haqlarını tanıyan bir məzhəbdir”.[26] Bəli, bu şəxs islami protestantlıq dedikdə, dinin ictimai həyatdan kənarlaşdırılmasını nəzərdə tutur.
Doktor Əli Şəriəti isə islami protestantlıq dedikdə həqiqi İslama qayıdışı nəzərdə tutur. Axundovun tam əksinə olaraq, Doktor Şəriəti dini, qatqılardan təmizləmək, ona əvvəlki həyatını qaytarmaq uğrunda mübarizə aparır. Şəriətinin nəzərincə İslamı durğunluqdan qurtarıb, onun zamanın tələblərinə cavab verəcək hökmlərini üzə çıxaracaq əsas iş “ictihad”, yəni İslama vaqif amillərin aktual hökmləridir.[27]
Sual 34: Cinlər necə mövcudlardır?
Cavab: Cinlər insanın gözünə görünməyən varlıqlardır. Quranın bir sıra ayələri onların varlığını təsdiq edir. Hətta 114 surədən biri “Cinn” adlanır. Ayə və rəvayətlərə əsasən, onların bəzi xüsusiyyətlərini sadalamaq olar:
1. Cinlər oddan xəlq olunub.
2. Cinlər insandan əvvəl xəlq olunub.
3. Cin də insan kimi Allah qarşısında vəzifəlidir.
4. Cinlərin bir qismi mömin, bir qismi isə kafirdir.
5. Onlarda da kişi və qadın cinsi var, doğub törəyirlər.
6. Cinlər də ölür.
7. Cinlər sürətlə hərəkət edir.
8. İnsan cini özünə tabe edə bilər.
9. Mömin cinlər İslam Peyğəmbərinə (s) və imamlara xidmət edir.
10. Bir çox cinlər İslam Peyğəmbərinə (s) iman gətirmişlər.
Sual 35: Freyd Allahı real varlıq yox, insanın daxili ehtiyacı kimi qəbul edir. Ona necə cavab verilməlidir?
Cavab: Məşhur Avstriya psixoloqu Ziqmund Freyd (1856-1939) Allaha etiqadın insandakı qorxudan yarandığını bildirir. Belə bir baxışın kökləri çox qədimdir. Məsələn, Lukretsinin şerlərində oxşar fikirlərlə rastlaşırıq.
Əvvəla, Allaha inamın qorxu səbəbindən yaranması sübuta yetirilməmiş bir ehtimaldır. Ümumiyyətlə, qorxu iki səbəbdən yaradır: məlumatsızlıq və zəiflik. Freydin deməyindən belə çıxır ki, insan kifayət qədər məlumatlanıb güclənməklə qorxudan uzaqlaşsa, Allaha inam da puça çıxacaq. Belə ki, qorxaqlar Allaha inanmalı, qorxmayanlar isə inanmamalıdırlar. Səthi müşahidələr belə bir müddəanı rədd edir.
Zəif bir nöqtə də var. Tutaq ki, kimlərsə Allaha qorxu səbəbindən inanır. Məgər bu münasibət Allahın varlığını inkar edirmi?! Əgər bir alim şöhrət qazanmaq üçün elmi ixtira edirsə, onun ixtirası faydalı ola bilməzmi?!
Tarix şahiddir ki, peyğəmbərlər ən şücaətli insanlar olmuşlar. Əksinə, elə bu gün də saysız-hesabsız qorxaq insanlar Allahın varlığına inanmırlar.
Sual 36: Allahın birliyinə sübut varmı?
Cavab: Tövhidin bütün dəlillərini sadalamaq üçün hazırda imkan olmadığından yalnız bir dəlili xatırlamaqla kifayətlənəcəyik. Bu dəlili anlamaq üçün iki nöqtəyə diqqətli olmaq lazım gəlir:
−Hər bir yaranışa səbəb olmalıdır.
−Kainat vahid nizamlı quruluşa malikdir. Bu iki nöqtəni nəzərə alaraq belə bir nəticəyə gəlirik ki, keçmiş, hazırkı və gələcək hadisələrin toplumuna şamil olan nizam bir yaradıcı tərəfindən qurulmuşdur. Əgər ikinci bir yaradıcı olsaydı, yaranmışlar arasında əlaqə olmaz, onlar vahid nizama itaət etməzdilər.
Sual 37: Necə olur ki, insanlar Allaha münasibətdə kafir, münafiq, müsəlman, mömin kimi təbəqələrə bölünürlər?
Cavab: Qurani kərimdə tanıma, tanışlıq haqqında ətraflı danışılmışdır. Müxtəlif ayələrdə Allahı tanıma, bu tanımanın maneələri açıqlanır. Bildirilir ki, hiss yolu ilə, təqlidçiliklə, kor-koranə, zənn və gümana əsasən tanışlıqlar mövcuddur. Eləcə də, bu yolda həvəsbazlığın, tələskənliyin, ifratçılığın, təəssübün, kinin böyük maneə olduğu bildirilir.
Həqiqi Allahı tanımaq üçün insana mane olan əsas amillərdən biri mənfi şəkdir. Bəli, müsbət şəkk də mövcuddur. İnsanın öz əvvəlki biliklərinə zidd hadisələrlə qarşılaşdığı vaxt şəkki təbiidir. Əgər bu şəkk doğru istiqamətdə yönəldilərsə, insanı ən uca məqam olan “yəqin” məqamına qaldırar.
İnsanı mərifətdən, həqiqətlə tanışlıqdan məhrum edən şəklərdən biri düşüncə zəifliyindən doğan, axtarışdan çəkindirən şəkk xəstəliyidir.
Bəziləri isə özünü fövqəladə ağıllı göstərmək üçün bütün deyilənlərə şəkk edir. Belə bir şəkk peşəkar şəkdir. Onların məqsədi lazımı dəlillər əldə etmək deyil. Əsrimizdə belələri “skeltik” adıyla tanınır.
Mənfi şəkk qəlb və dilin Allahı inkar etməsinə gətirir.
Quranda beş növ zənn və gümandan danışılır: həqiqətə zidd zənn; həqiqətə uyğun zənn; günah zənn; həqiqəti aça bilməyən zənn; məhkum edilmiş zənn. Nəfs istəklərindən doğan zənn heç bir dəlillə kifayətlənmir və insanı cəhalətə aparır.
Sual 38: Müsəlmanla mömin arasında nə kimi fərq var?
Cavab: Quran buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)” deyə cavab verdi.[28] Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır.
“Hucurat” surəsinin 14-cü ayəsində oxuyuruq: “Bədəvilər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir.
İslamın ikinci dərəcəsində olanlar onu dil ilə qəbul edib, xeyir iş görənlərdir. İnsanın Allaha qəlbən itaəti İslamın üçüncü dərəcəsinə aiddir. Dördüncü dərəcədə olan insanlar isə bütün varlığını Allahın ixtiyarında görən övliyalardır.
İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.
Sual 39: İnsanın rəftarına görə onun əqidəsini bilmək olarmı?
Cavab: Həzrət Əli (ə) buyurmuşdur: “Möminin inamı və kafirin inamsızlığı onların rəftar və əməllərində görünür.”[29]
Küfrünü gizləyib, özünü imanlı göstərməyə çalışan insanlar “münafiq” adlandırılmışdır. Bununla belə, Quranda münafiqlərin xüsusiyyətləri açıqlanır:
−biganələrlə dostluq;[30]
−dini hakimiyyətlə düşmənçilik;[31]
−möminlərin təhqiri;[32]
−araqarışdırma;[33]
−günahı yaxşıya yozma;[34]
−xudpəsəndlik;[35]
−qorxaqlıq;[36]
−süstlük;[37]
−həvəsbazlıq;
−yalan və riya;[38]
−ətrafdakıları şübhəyə salmaq;[39]
−insanları azdırmaq;[40]
−istehza və möminlərdə eyb axtarmaq;[41]
Kafirlərin xüsusiyyətləri:
−dinin məhvi üçün kapital qoymaq;[42]
−Allahın ayələrinə istehza;[43]
−həvəsbazlıq;[44]
−ağılın səsini boğmaq;[45]
−Möminlərin xüsusiyyətləri:
−Allaha təvəkkül;[46]
−Allah qorxusu;[47]
−dini dəyərlərin qorunması;[48]
−iffət;[49]
−namazda mütilik;[50]
−mənasız işlərdən çəkinmək;[51]
insanları yaxşı işlərə dəvət etmək və pisdən çəkindirmək;[52]
başqalarının maddi ehtiyaclarının təmini;[53]
din qardaşlarına kömək;[54]
təvazökarlıq;[55]
kafirlərdən uzaqlıq;[56]
əhdə vəfa;[57]
İmam Sadiq (ə) möminlərə aid səkkiz xüsusiyyət sadalayır:
1. Çətinlik zamanı aramlıq.
2. Dünya acılıqları önündə dözüm.
3. Ruzi və asayişə görə şükr.
4. Allahın verdiyi ruzidən razılıq.
5. Düşmənə təcavüz etməmək.
6. Yükünü dostun çiyninə qoymamaq, dostun günah yükünü götürməmək.
7. Allaha itaət və xalqa xidmət üçün canını əziyyətə salmaq.
8. Xalqın asayişini pozmamaq.[58]
Sual 40: Kamil imana çatmağın yolu nədir?
Cavab: İmam Sadiq (ə) buyurur: “Allah-taala imanı yeddi əsas üzərində qərar vermişdir: ehsan və xeyirxahlıq, düzlük, yəqinlik, razılıq, vəfadarlıq, elm, dözüm. Sonra bu paylar xalq arasında bölünür. Allahdan yeddi pay alan fərd kamil imana sahib olur…[59]
Bəşər tarixində hər yeddi payı alıb, yəqin mərhələsinə çatmış insanlar çox azdır. Onlardan bir çoxunun dərəcəsi yalnız ölümündən sonra məlum olmuşdur. Hazırkı dövrdə belə insanlara misal olaraq Qum şəhərində yaşayan Ayətullah Behcəti göstərmək olar. Belə bir məqama çatmaq üçün isə dərin elm və bilik əsasında nəfsi tərbiyə etmək lazım gəlir.

Nəzərinizs  

0 #1 diniGuest 2014-12-01 16:32
Salam eleykum.qebirin 40ci gecesinde sorgu sual olur?bu dunyada bir birini cox seven insan haqq dunyasinda qovusa biler?Allah razi olsun

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə