Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə

Məqalələr

İmanlı gənc

İmanlı gənc
Allahlara hörmət etməyən və Nəmruddan qorxmayan cavan İbrahimin (ə) sözləri hər yerdə yayıldı.
İnsanlar İbrahimin (ə), heç bir ziyan və xeyirləri olmayan qondarma allahları məsxərə etdiyini eşidirdilər.
İbrahim (ə) böyüdü. O on altı yaşına çatmışdı. Bütün Babil camaatı bilirdilər ki, İbrahim (ə) allahlara ibadət etmir. İnsanların çoxu onun allahları ələ saldığını görmüşdülər.
Hətta İbrahimin (ə) babası Azər bir gün İbrahimin (ə), onun bütlərindən daha gözəl bir büt düzəltdiyini gördü. Azər öncə sevindi və elə bildi ki, İbrahim (ə) də ona kömək edib, məbədi qoruyacaqdır. Amma, İbrahim (ə) yonduğu bütü sındırdı.
Azər İbrahimin (ə) etdiyi işə çox qəzəbləndi və ona dedi:
-İbrahim, niyə yonduğun allahı sındırdın? Allahların qəzəbindən qorxmursanmı?
İbrahim (ə) hörmətlə cavab verdi:
-Atacan, heç nə eşitməyən, heç nə görməyən və sənin heç bir ehtiyacını təmin etməyən bütlərə niyə ibadət edirsən? Ata! Şeytana ibadət etmə! Şeytan Allaha itaətsizlik göstərmişdir.
-Ey İbrahim! Sən mənim allahlarımdan uzaqlaşırsanmı? Əgər işlərindən əl çəkməsən səni daşqalaq edəcəyəm. İndi isə uzun zamana qədər mənim yanımdan get!
İbrahim (ə) çox ədəbli bir cavan idi. O, babası Azəri çox sevirdi. Onu ata deyə çağırırdı. Ona görə də evdən çıxmazdan əvvəl Azərlə sağollaşıb, dedi:
-Salam olsun sənə! Rəbbimdən sənin üçün bağışlanmaq istəyəcəyəm. Həqiqətən, Allah məni çox sevir.
İbrahim (ə) öz Rəbbindən istədi ki, Azəri nur və imana hidayət etsin.
İbrahim (ə) insanlardan uzaqlaşdı. Yeganə və şəriksiz Allahın ibadəti ilə məşğul oldu. Camaat hər hansı bir münasibətdə məbədə gedir və bütlərə ibadət edirdilər. Onlar öz nəzirlərini onların yanlarına qoyurdular. Amma, İbrahim (ə) yeganə Allaha ibadət edir və bütlərdən uzaq gəzirdi.
Bahar

İbrahim (ə) insanları yeganə Allahın itaətinə hidayət etmək barədə fikirləşirdi. Bütün insanlar büt, günəş, ay və ulduza ibadət və Nəmruda pərəstiş edirdilər. Bahar fəsli çatdı, güllər çiçəkləndi və çayların suyu artdı. Camaaat baharın gəlişinə sevindilər. Onlar baharın gəlişi və nemətin bolluğu bayramını keçirməyə hazırlaşdılar. O zaman bütün insanlar bayram mərasimini keçirmək üçün şəhərin kənarına gedir, yeyib-içir, atılıb-düşür və oynayırdılar. Daha sonra onlar öz nəzirlərini məbəddə allahların yanına qoymaq və hədiyyələri keşişlərə təqdim etmək üçün şəhərə qayıdırdılar.
Camaat şəhərin çölünə getməyə hazırlaşırdı. Amma, İbrahim (ə) hazırlaşmırdı. O bayram mərasiminə getmək barədə heç fikirləşmirdi də. Ona dedilər:
-Ey İbrahim, sən niyə getmirsən?
İbrahim (ə) dedi:
-Mən xəstəyəm.
O, doğru yolu təyin edə bilməyən insanlardan ötrü nigaran idi. İbrahim (ə) bütün işlərində onlarla fərqlənirdi. Paltarlarını təmiz saxlayır, dırnaqlarını qısaldır və başının tükünü azaldırdı.
İnsanlar, hətta Nəmrud və bütün keşişlər də bahar bayramını keçirmək üçün şəhərdən çıxdılar. İbrahim (ə) şəhərdə tənha qaldı. Əlinə bir balta götürüb, böyük məbədə sarı yollandı. O məbəddə hamısı daşdan düzəldilmiş çoxlu allahlar var idi. Allahların bəzisi kiçik, bəzisi böyük idi. Orada bütün bütlərdən böyük olan bir büt vardı. Onun adını Mordux qoyub, allahların allahı adlandırırdılar. İbrahim (ə) məbədin pillələri ilə yuxarı qalxdı. Məbəd tamamilə boş idi. Yalnız bütlər qalmışdılar və iylənmiş ət və qanların qoxusu.
İbrahimin (ə) gözü onlarla qondarma allaha düşdü. O öz-özünə fikirləşirdi: «Görəsən bir insan heç bir ziyan və faydası olmayan bir daşa necə ibadət edir?!»
Bütlər hərəkətsiz halda öz yerlərinə mıxlanmışdılar. Onlar danışmır və heç bir iş görmürdülər.
İbrahim (ə) qəzəblə qışqırdı:
-Niyə xörək yemirsiniz?
Boş məbəddə onun səsi əks səda verdi.
-Niyə xörək yemirsiniz?
İrahim uca səslə dedi:
-Niyə danışmırsınız?
Səsi məbədin fəzasında fırlandı:
-Niyə danışmırsınız?
İbrahim (ə) yalançı allahları sındırmaq qərarına gəldi. O, insanlara sübut etmək istəyirdi ki, onlar bərk daş parçasından başqa bir şey deyillər.
Ona görə də baltanı qaldırıb, daş allahlara zərbələr endirdi.
Bütlər cavan İbrahimin (ə) zərbələri altında dağılırdılar. Onların tikələri yerin üzərinə tökülürdülər. İbrahim (ə) böyük bütə çatdı. Beyninə bir fikir gəldi. Cavan İbrahim (ə) baltanı allahların böyüyünün boynundan asdı.
Bütləri sındırdıqdan və məbədi daş parçaları ilə doldurduqdan sonra oradan çıxdı. Sanki güclü bir zəlzələ baş vermiş və onları bir-birinə vurmuşdu.
Cavan İbrahim (ə) məbəddən çıxdı. O, üzünü səmaya tutub baxdı. Bir dəstə ağ göyərçin gördü. Onlar mavi səmada sakitcə uçurdular.
Bahar bayramları sona çatdı. Babil camaatı şəhərə qayıtdı. Gecə çatdı və şəhər qaranlığa büründü. Nəzirləri allahların yanına qoymaq vaxtı çatmışdı.
Onlar böyük məbədə sarı yola düşdülər. Onlar özləri ilə məşəllər, nəzirlər və hədiyyələr aparan uzun karvan formasında məbədə gedirdilər. Keşişlər karvanın qarşısında hərəkət edirdilər.
Məbədi gördükdə keşişlər qorxdular. Camaat da qorxu ilə baxırdılar. Dağıdılmış allahların mənzərəsi dəhşətli idi. Bütün allahlar daş parçalarına çevrilmişdilər, allahların böyüyündən savayı.
Allahların böyüyü uzun illər idi öz yerində qalmışdı. Amma, bu dəfə çiynində bir balta vardı. Heç kəs nə baş verdiyini soruşmaq üçün allahların böyüyünün yanına gəlmədi. O da adəti üzrə eləcə sakit qaldı. Çünki, o daşdan başqa bir şey deyildi.
Hay-küy qopdu. Keşişlər bir-birlərindən soruşdular:
-Müqəddəs allahları dağıtmağa kim cürət göstərmişdir?
Onların biri dedi:
-Biz bir nəfər tanıyırıq. Mümkündür bunlar onun işi ola. Yəqin ki, o cürətə gəlib, allahları dağıtmışdır.
-O cavan İbrahimdir. Biz həmişə onun allahları məsxərə etdiyini eşidirik. O deyir ki, bunların xeyir və zərərləri yoxdur.
Keşişlər çox qəzəbləndilər. Onlar ürəklərində İbrahimə qarşı böyük qəzəb tufanı yaratdılar. O, allahları təhqir edən yeganə insan idi.
Mühakimə
Nəmrud məbədə gəldi. Padşahın taxt-tacını hədələyən çox əhəmiyyətli bir hadisə baş vermişdi. Ona görə də Nəmrud İbrahimi (ə) tutmaq fərmanını verdi və məbəddə onun mühakiməsini elan etdi.
Məbəd insanla dolu idi. Qazi (Hakim) Nəmrudun yanında durmuşdu.
Məmurlar cavan İbrahimi (ə) tutub, qazinin və Nəmrudun yanına gətirdilər. Mühakimə qazinin bu sözləri ilə başlandı:
-Biz bilirik ki, sən bizim allahlarımızı ələ salırsan. Bilirik ki, sən Babil camaatı ilə Bahar bayramında iştirak etməmisən. İndi de görək bizim allahlarımızla kim belə rəftar etmişdir? Ey İbrahim, bizim allahlarımızı sənmi belə etmisən?
İbrahim (ə) sakitcə dedi:
-Bunları bütlərin böyüyü etmişdir. Əgər danışa bilirsə ondan soruşun!
İnsanların hamısı allahların böyüyünə baxırdılar. Onun çiynində bir balta vardı. Amma, heç nə danışmırdı. Qazi dedi:
-Sən bilirsən ki, bu allahlar danışmaq iqtidarında deyilllər. Onlar cavab verə bilməzlər.
Bu zaman İbrahim (ə) dilləndi:
-Bəs elə isə siz niyə öz əllərinizlə yonduğunuz bütlərə ibadət edirsiniz? Siz niyə görə heç bir xeyir və ziyanı olmayan, danışa bilməyən, sizin nəzir və hədiyyələrinizi qəbul etməyən daş bütlərə ibadət edirsiniz?
Məbəddə olanların hamısı başlarını aşağı saldılar. Hətta qazi də başını aşağı saldı.
Öz-özlərinə dedilər: ”İbrahim (ə) doğru deyir. Daş necə Allah ola bilər. Ruhu və canı olmayan cansız heykəllərə necə ibadət edirik?»
Keşişlər qəzəbələndilər. Çünki, insanların hər şeyi bilmələri onların xeyirinə deyildi. Bu zaman onların hakimiyyət və nüfuzları sona çatardı. Ona görə də qışqırdılar:
-İbrahimin (ə) müqəddəs allahların başına gətirdiyi işlə onu necə bağışlayırsınız? Necə İbrahimlə keçinirsiniz? O bizim allahlarımızı, bizə xeyir və bərəkət verən allahlarımızı sındırmışdır.
Nəmrud keşişlərin yanında durdu. O, onun hakimiyyətini sona çatdıracaq bir uşağın təvəllüdü barəsində onların söylədiklərini yadına saldı. Qəzəblə qışqırdı:
-İbrahimin (ə) etdiyi günahdır! O cəzalanmalıdır.
Camaat Nəmruda hörmət və onun sözlərini təsdiq əlaməti olaraq ayağa qalxdılar.
Nəmrud dedi:
-Biz müqəddəs allahlarımızı qorumalıyıq. İbrahim (ə) oda atılmaqla cəzalanmalıdır.
Bütün insanlar, hətta babası Azər də İbrahimin (ə) əleyhinə şüar verirdi. Orada İbrahimdən ötrü narahat olan çox az insan da var idi: o cümlədən İbrahimin (ə) xalası qızı Sara və Lut.
Sara İbrahimin (ə) sözlərinə iman gətirmiş cavan və ağıllı bir qız idi. Lut da yeganə və şəriksiz Allaha və İbrahimin (ə) risalətinə iman gətirmiş insanlardan idi.
İbrahim, mühakimə zamanı çatana qədər zindana atılmışdı. İbrahimin (ə) yandırılması üçün nəzərdə tutulan alov çox böyük idi. Ona görə də odun toplamağa başladılar.
Günlər ötürdü. Onlar odun toplamaqla məşğul idilər. Bütün bütpərəstlər özlərinin dağıdılmış allahlarının intiqamını almaq üçün odun toplantısında iştirak edirdilər. Bu zaman Nəmrud yeganə Allah haqında İbrahimlə mübahisə etmək qərarına gəldi.
İbrahim (ə) Nəmrudun sarayına gəldi. O, Nəmrudun qarşısında durdu. Amma, nə təzim etdi və nə də səcdə elədi. Nə ona baş əydi və nə də təslim oldu.
İbrahim (ə) Allahdan başqa heç kəsdən qorxmurdu. O, Sübhan Allahdan başqa heç nəyə pərəstiş etmirdi.
Nəmrud məğrur halda dedi:
-Ey İbrahim, sənin ibadət etdiyin bu Allah kimdir?
İbrahim (ə) dedi:
-Mən ölüləri dirildən və diriləri öldürən Allaha ibadət edirəm.
Nəmrud təkəbbürlə dedi:
-Mən də öldürüb, dirildirəm.
Nəmrud əllərini bir-birinə vurub, uca səslə dedi:
-Bir dustaq və bir nəfər də ölümə məhkum olanlardan bura gətirin!
Məmurlar o iki nəfəri zəncirlə gətirdilər. Nəmrud cəllada dedi:
-Bu dustağın boynunu vur və bu ölümə məhkum olan insanı azad et!
Sonra üzünü İbrahimə tutub dedi:
-Gördün ki, mən həqiqətən də dirini öldürüb, ölünü dirildirəm?!
İbrahim (ə) bu mövzuda Nəmrudla mübahisə etməkdən çəkindi. Çünki, Nəmrudun etdiyi iş düzgün deyildi. Ona görə də İbrahim (ə) Nəmruda dedi:
-Mənim ibadət etdiyim Allah günəşi elə yerləşdirib ki, şərqdən doğur. Sən onu qərbdən doğura bilərsənmi?
Nəmrud İbrahimin (ə) sualından cavabsız qaldı. Çünki, heç vaxt heç kəsin belə bir iş görməyə qüdrəti yoxdur. Ona görə də kafir Nəmrud mat-məəttəl qaldı və heç bir söz demədi.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə