Çr.ax11122019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Mübahilə Mübahilə günü

Mübahilə

Mübahilə günü

Mərhəmətli, rəhmli Allahın adı ilə!

"Ey Peyğəmbər, (İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!” ."(1)
“Mübahilə” hadisəsi İslam tarixinin mühüm hadisələrindəndir. Məkkənin fəthindən sonra müxtəlif yerlərdən dəstə-dəstə insanlar İslamı qəbul etmək və ya münazirə (elmi mübahisə) etmək üçün həzrət peyğəmbərin (s) yanına gəlirdilər. Onlardan biri də Nəcran xristianları idi.
Allah-taala peyğəmbəri (s) xristianlarla mübahisə etməyə rəğbətləndirdi. Beləki o, haqq peyğəmbər kimi Allahın təkliyinə dəvət etməli, həzrət İsanın (ə) isə məxluq olmasını xristianlara bildirməli idi. Ona görə də Allah-taala o həzrətə, xristianlarla mübahilə etməyə əmr etdi. Təbii ki, peyğəmbər, sözü gedən mövzunu sübut etmək üçün təbliğin müxtəlif  üslublarından istifadə etsə də, nəticə hasil olmamışdı.
“(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et...” (2)
Peyğəmbər (s) iddia edirdi ki, İsa Məsih (ə), Allah bəndəsidir  və onu Allah, peyğəmbərliyə seçib. Onlar isə İsanı (ə) “Allah oğlu” adlandırırdılar. Bu iki iddiadan hansının doğru olması artıq məlum olmalı idi. Peyğəmbərin (s), öz iddiasında əsaslı dəlilə söykəndiyi “Mübahilə” ayəsində müşahidə olunur. Allah-taala, həzrət İsanın xilqətini həzrət Adəmin yaradılışına bənzədib buyurur: “Allah yanında İsa da (İsanın atasız dünyaya gəlməsi də) Adəm kimidir...”(3)  Peyğəmbər, onları moizə vasitəsi ilə də haqqa dəvət etmişdi; “Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç bir köməkçisi olmayacaq!” İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını tamamilə verəcəkdir...” (4)
Bütün bunlara baxmayaraq, Nəcran xristianları haqqı qəbul etmirdi. O zaman, peyğəmbər (s) “mübahilə” –yə əl atamalı olur. Çünki, problem məhz möcüzə yolu ilə həll ola bilərdi.
Qurani-kərimdə bir şəxs və ya qövmün həm lehinə həm də əleyhinə dua edilib; Məsələn həzrət İsa (ə) yalvarışla Allahdan bir süfrə diləyir və möcüzə olaraq Allah onun istədiyini verir; “Ya Allah , ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, o bizim həm birincimiz, həm də axırıncımız (həm bizim, həm də bizdən sonra gələnlər) üçün bir bayram və Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan!” Allah buyurdu: “Mən onu sizə, əlbəttə, nazil edərəm...” (5)
Bu ayədə isə insanlar Allaha yalvarmaqla əzab istəyir; “Bir zaman da: “Ya Allah, bu (Quran) Sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!” – demişdilər”. (6)
“Mübahilə” də dua vasitəsi ilə Allahdan möcüzə istəməkdir. Mübahilə hadisəsini müxtəlif cəhətlərdən araşdırmaq mümkündür. Bu məqalədə o mühüm hadisə, Əhli-beytin (ə) fəzilətinə açıq-aşkar bir dəlil olması isbat olunacaq:
Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) yüksək fəziləti haqqında qalaq-qalaq  kitablar yazmaq olar. Onların Allah yanında məqamının göstərən hadisələrdən biri də “mübahilə” hadisəsədir.
İlk baxışda “Mübahilə” hadisəsi, İslamın həqiqi və xristianlığın batil olmasını göstərsə də mahiyyət etibarı ilə həzrət Əli (ə), Zəhra (ə.s), İmam Həsən (ə) və İmam Hüseynin (ə) şəxsiyyətlərini xüsusi olaraq səciyyələnidirir. Əslində mübahilə üçün uca məqamlı Peyğəmbərin hüzuru kifayət idi. Diqqət olunası nöqtə budur ki, o dövrdə Peyğəmbər, mübahilədə iştirak etmək üçün zövclərini və adlı-sanlı səhabələri deyil, məhz Əhli-beytini (ə) o məqsədlə təyin olunmuş məkana apardı.
Əhli- sünnə təfsirçiləri mübahilə ayəsini Əhli-beytin yüksək məqamına dəlalət etdiyinə etiraf ediblər. Zəməxşəri yazır: “Bu ayə Əhli-beytin yüksək məqamına dəlalət edir və ondan tutarlı bir dəlil yoxdur” (7)
Nizamuddin Nişaburi yazır: “Şübhəsiz bu ayə Əhli-beytin üstünlüyünə dəlalət edir. Ona görə də Peyğəmbər onları özü ilə gətirdi...” (8)
Alusi “Ruhul-məani” kitabında yazır: “Heç bir mömin o ayənin Əhli- beytin fəzilətinə dəlalət etməsinə şəkk etmir...” (9)
Fəxri-Razi yazır: “ Həm keçmişdə, həm də indinin özündə Şiələr bu ayəyə istinad edərək, Əlini (ə) Peyğəmbərin (s) özü kimi bilirlər. Belə ki, bu ifadə onun peyğəmbərin bütün xüsusuyyərlərinə malik olduğunu və bütün səhabələrdən üstünlüyünü göstərir. Buna əsasən, Əli (ə) hamıdan fəzilətli sayılır”.  (10)
Əhli-beytin mübahilə meydanına gəlməsi çox əhəmiyyətli idi. Peyğəmbər onlara buyurmuşdu: “Mən dua etdikdə, siz də “amin” deyin!” (11)
Deməli Əhli-beytin oraya gəlib “amin” deməsi Peyğəmbərin duasının qəbul olmasında  təsirli idi. Peyğəmbər (s) duasının Allah dərgahında qəbulu üçün onlara təvəssül etdi. Xristianların başçısı da Əhli-beytin adi şəxslər olmadığını yaxşı bilirdi. Ona görə də üzünü peyğəmbərə tutub dedi: “Ey Muhəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunur: “Ey Xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!” (12)
Şiə alimləri də bu ayəni, Əhli-beytin məqamının üstünlüyünə və həzrət Əlinin (ə) Peyğəmbərdən sonra ümmətə rəhbərlik etməsinə dəlalət etdiyini yazır. Onlardan bəzilərinə işarə edirik:
Şeyx Müfid “Əl-İrşad” kitabında “Mübahilə” əhvalatını nəql etdikdən sonra yazır: “Allah-taala mübahilə ayəsində Əlini (ə) Peğəmbərin özü kimi tanıtdırıb. Bu da onun ən üstün insan, ismət və başqa sifətlərdə peyğəmbərlə bərabər oduğunu aydın edir”. (13)
Əllamə Hilli yazır: “Bütün təfsir kitablarında (ayədə qeyd olunun) “əbnaəna” (oğlanlarımız) sözü imam Həsən (ə) və imam Hüseynə (ə), “nisaəna” (qadınlarımız) sözü Fatiməyə (ə.s) və “ənfusəna” (özümüz) sözü isə həzrət Əliyə (ə) aid olduğunu yazırlar. Allah onu Peyğəmbərin özü kimi tanıtdırır.  Bu isə iki şəxsin bərabərliyinə işarədir. Deməli həzrət Əli (ə) də Peyğəmbər kimi ən kamil insandır”.  (14)
Əllamə Məclisi yazır: “Aydın olduğu kimi, ayədəki “özümüz” sözünün Həzrət Əlinin (ə) varlığına dəlalət etməsi həqiqi deyil. Ayə iki şəxsin kamal sifətlərində müştərəkliyi, həzrət Əliyə (ə) itaətin vacibliyi, onun bütün müsəlmanların rəhbərliyi və üstünlüyünə dəlalət edir. Məhz peyğəmbərlik o sifətlərdən istisnadır”. (15)
Peyğəmbərdən “Kmlərin vasitəsi ilə bizimlə mübahilə edəcəksən?” soruşduqda buyurdu: “Yer üzünün ən yaxşı insanları və Allah yanında ən əziz şəxslərin vasitəsi ilə mübahilə edəcəm. Sonra Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynə (ə) işarə edərək buyurdu: “Bunların vasitəsi ilə...” (16)
Xristianların başçıları peyğəmbərdən soruşdu: “Bunların vasitəsi ilə mübahilə edəcəksən?” Peyğəmbər  yenə də Əhli-beytə işarə edib buyurdu: “Bəli. Bunlar yer üzündə və Allah yanında ən sevimli simalardır. Allah dərgahına ən yaxın vasitələrdir. Mən yer üzünün ən möhtərəm şəxsləri və ən yaxşıları ilə sizinlə mübahiləyə gəlmişəm”. (17)   Beləliklə mübahilə mərasimi mübahiləsiz qurtardı. Orada olan xristianlar, yəhudilər və müsəlmanlar Əhli-beytin üstünlüyünü bir daha müşahidə etdilər. Peyğəmbər duanın qəbulu üçün onlara təvəssül etdiyini gördülər. Bir daha həzrət Əlinin (ə) fəzilətini peyğəmbərin dilindən eşitdilər.
Əllamə Təbatəbai: “Mübahilə canlı və əbədi möcüzədir. Mübahilə üçün ən layiqli şəxslər Peyğəmbərin Əhli-beytidir. Lakin hər bir şəxsin, dini anlayıb bilərəkdən qəbul etməyənlərlə mübahilə etmək hüququ var. Bunun tarixdə də nümunələri var”. (18)
Mübahilə hadisəsində peyğəmbər çox insaflı idi. O, xristianları mübahiləyə dəvət etdikdə; “(Allaha) dua edib yalançılara Allahın lənət etməsini diləyək!”- buyurdu. “Allah sizə lənət etsin”- demədi. (19)
Peyğəmbər (s) Əhli-beyti və camaatla birlikdə məscidə qayıtdılar. Cəbrail (ə) peyğəmbərə nazil olub dedi: “Ey Muhəmməd! Allah səni salamlayıb buyurur: Bəndəm Musa Harunla öz düşmənləri ilə (Qarun ilə) mübahilə etdi. Mən Qarunu mal-dövləti və dostları ilə birlikdə məhv etdim. (Qarun öz sərvətinə arxalanaraq həzrət Musaya dedi: “Mən səndən üstünəm”. Musa (ə) bunu gördükdə “Gəl səhraya gedək və mən sənə qarğış edim, sən də mənə qarğış et. Allah yanında kimin üstün olması aydın olsun. Bu mübahilə başa çatdıqda Allah yerə “Qarunu bütün sərvəti ilə birlikdə ud” əmrini verdi. (20)
Allah-taala peyğəmbərə xitab etdi:“Ey Muhəmməd! İzzət və cəlalıma and olsun əgər Əhli-beytinin (ə) vasitəsi ilə bütün yaranmışlarla mübahilə etsəydin, asiman tikə-tikə olardı,  dağlar yerindən qopar, Mən iradə etmədən yer heç vaxt sakitləşməzdi”. (21) Peyğəmbər bunu eşidən kimi mübarək simasında sevinc yarandı. Sonra Allaha səcdə edib şükr-səna etdi. Sonra buyurdu: “Mənim Əhli-beytimə zülm edənlərə qiyamət gününə qədər Allahın əbədi lənəti olsun” Sonra Peyğəmbər bu ayəyə- “...(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (əhli-beytə sevgidən) başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!...”(22) işarə edərək buyurdu: “Əhli-beytimə məhəbbət bəsləməyənlərə Allah lənət etsin!”
Hədisə əsasən (23)  mübahilə edən şəxs, üç gün mənəviyyatını təməzləməli, nəfsani istəklərdən çəkinməlidir. Mübahilə üçün səhraya (müəyyən yerə) gedib sağ barmağını düşmənin barmağına qoyaraq xüsusi mübahilə duasını oxumaq lazımdır. Bəzi hədislərə əsasən o dua, 70 dəfə oxunmalıdır.

"Fəcr" ilə, günəşin doğması arasında olan zaman fasiləsi mübahilə üçün xüsusi vaxt sayılır.(24)

Qeydlər:

1- “Ali İmran” surəsi, 61-ci ayə.

2- “Nəhl” surəsi, 125-ci ayə.

3- “Ali İmran” surəsi, 59-cu ayə.

4- “Ali İmran” surəsi, 56-57-ci ayə.

5- “Maidə” surəsi 114-115-ci ayə.

6- “Ənfal” surəsi, 32-ci ayə.

7-  “Kəşşaf” təfsiri, c 1, səh 397.

8-  “Gəraibul-Quran”, c 2, səh 179.

9- “Ruhul-məani”, c 3, səh 294.

10- “Kəbir” təfsiri, c 8, səh 81.

11- “Kəbir” təfsiri, c 8, səh 80.

12- “Məcməül-bəyan”, 1-2-ci cild, səh.762

13- “Əl-İrşad”, c 1, səh 170.

14- “Nəhcul-həqq və kəşfus-sidq”, səh 177.

15- “Biharul-ənvar”, c 35, səh 268.

16- “Biharul-ənvar”, c 21, səh 321.

17- “Ehqaqul-həqq”, c 14, səh 133.

18- “ƏL-Mizan” təfsiri, c 6, səh 9.

19- “Təsnim” təfsiri, c 14, səh 453-456.

20- “Biharul-ənvar” c 13, səh 2543.

21- “Biharul-ənvar” c 21, səh 355.

22- “Şura” surəsi, 23-cü ayə.

23- “Usuli-kafi”, c 2, səh 514.

24- "fəcr", şəfəq sökülərkən, dan yeri ağararkən. 



Hazırladı: Şəhriyar







ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə