Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Həsən (ə) Məqalələr İmam Həsən əleyhissəlamın Müaviyə ilə bağladığı sülhün səbəbləri haqqında araşdırmalar

İmam Həsən əleyhissəlamın Müaviyə ilə bağladığı sülhün səbəbləri haqqında araşdırmalar

İmam Həsən əleyhissəlamın həyatının ən əsas və ən mühüm hissəsi onun Müaviyə ilə sülh bağlaması və İmamın məcburi şəkildə xilafətdən eləcə də İslam hökumətindən kənarlaşdırılmasıdır. İmam əleyhissəlamın həyatının bu hissəsi barədə çoxlu söhbətlər olmuş və hətta bu hissə diqqətsiz dostların və qərəzçi düşmənlərin səhvə yol verməsinə səbəb olmuşdur.
Bəziləri İmam Həsən əleyhissəlamın həyatını və o günkü dövrün hadisələrini mütaliə edərək belə suallar irəli sürürlər ki nəyə görə İmam Həsən (əleyhissəlam) Müaviyə ilə sülh etmişdir? Məgər Əli əleyhissəlamın şəhadətindən sonra o Həzrətin şiələri və ardıcılları onun oğlu İmam Həsən əleyhissəlama beyət etməmişdilər? Yaxşı olmazdımı ki İmam Hüseyn (əleyhissəlam) qaldıran qiyamı, İmam Həsən (əleyhissəlam) elə əvvəlcədən qaldıraydı? Belə olduqda ya qalib gələrdi ya da şəhadəti ilə Müaviyənin hökumətini laxladardı.
Bu suallara cavab verməzdən qabaq üç məsələyə diqqət yetirmək lazımdır:
1. İmam Həsən əleyhissəlamın imamətindən qabaqkı mübarizələri
Tarix şahiddir ki İmam Həsən (əleyhissəlam) çox şücaətli və dözümlü bir insan olmuşdur. Qorxu heç vaxt ona yol tapa bilməmişdir. O İslamın inkişafı yolunda əlindən gələni əsirgəmirdi və daima Allah yolunda cihad etməyə hazır idi.
İmam Həsən (əleyhissəlam) Cəməl döyüşündə
İmam Həsən (əleyhissəlam) Cəməl döyüşündə atası ilə bərabər cəbhənin ön xəttində vuruşur və Əli əleyhissəlamın şücaətli və dilavər dostlarını ötərək düşmən ordusuna güclü hücumlar edirdi.6 Döyüş başlamazdan qabaq isə atasının əmri ilə Əmmar Yasir və Əli əleyhissəlamın bir neçə digər dostları ilə birgə Kufə şəhərinə gəlib əhalini bu döyüşdə iştirak etməyə çağırmışdı.
İmam Həsən (əleyhissəlam) Kufəyə gələndə, hələ Əbu Musa Əşəri Kufənin Osman tərəfindən təyin edilmiş hökumət başçılarından biri kimi qalırdı. Əbu Musa Əşəri bu vəzifəsindən istifadə edərək Əli əleyhissəlamın ədalət əsasında qurulmuş hökuməti ilə müxalifət edir və şəhər əhalisini Cəməl döyüşündə iştirak etməkdən və o Həzrətə arxa durmaqdan çəkindirirdi. Ancaq buna baxmayaraq İmam Həsən (əleyhissəlam) Kufədən doqquz min nəfərlik ordu yığıb Cəməl döyüşünə getmişdi
2. İmam Həsən əleyhissəlamın Bəni-Üməyyə ilə kəskin mübarizələri
İmam Həsən (əleyhissəlam) haqqı bəyan etməkdə və İslam əsaslarını qorumaqda əsla səhlənkarlıq etməzdi. O Müaviyənin qeyri-İslami hərəkətlərini açıq-aşkar tənqid edir və Müaviyənin ümumiyyətlə, bütün Bəni-Üməyyənin nankor və çirkin sabiqələrini qorxmadan açıb söyləyirdi.
İmam Həsən əleyhissəlamın Müaviyə və onun əlaltıları ilə o cümlədən Əmr As Ütbə ibn Süfyan Vəlid ibn Ütbə Müğeyrə ibn Şübə və Mərvan ibn Həkəm kimilərlə apardığı kəskin mübahisələri bu iddianın şahididir.
İmam Həsən (əleyhissəlam) hətta sülh bağladıqdan və Müaviyənin qüdrəti bir az artıb mövqeyi gücləndikdən sonra o, Kufəyə gələndən sonra İmam (əleyhissəlam) minbərə çıxıb sülh bağlamasının səbəblərini söyləyərək Əli əleyhissəlamın ailəsinin üstünlüklərini (fəzilətlərini) bəyan etdi və sonra hər iki dəstənin (həm öz dəstəsinin həm də Müaviyənin
dəstəsinin) qarşısında Müaviyənin zəif cəhətlərinə işarə edib onun idarə etdiyi hökuməti aşkar şəkildə tənqid etdi.
Əli əleyhissəlamın şəhadətindən və İmam Həsənəleyhissəlamın Müaviyə ilə sülh bağlamasından sonra xəvaric (Əli əleyhissəlamın üstünə qiyam çəkib Nəhrəvan döyüşündə məğlub olanlar) bütün qüvvələrini Müaviyənin əleyhinə səfərbər etdilər. Kufədə Müaviyəyə xəbər çatdı ki Hövsəreyi-Əsədi adlı xəvaric başçılarından biri onun əleyhinə qiyam qaldırıb öz ətrafına ordu toplamışdır. Müaviyə öz mövqeyini qoruyub saxlamaq və İmam Həsən əleyhissəlamın ona tabe olduğunu sübut etmək üçün Mədinəyə getməkdə olan İmam əleyhissəlama xəbər göndərdi ki Hövsərənin qiyamını yatızdırıb sonra öz yoluna davam etsin. İmam Həsən (əleyhissəlam) ona cavab göndərdi ki mən müsəlmanların qanının tökülməməsinə görə səndən əl çəkdim (səninlə sülh bağladım). Bu o demək deyil ki mən sən deyənə qulaq asıb başqaları ilə vuruşam. Əgər vuruşmalı olsam hamıdan qabaq birinci səninlə vuruşaram. Çünki səninlə mübarizə etmək xəvariclə vuruşmaqdan daha vacibdir.
İmam əleyhissəlamın bu cümlələrində mübarizə ruhu açıq-aşkar hiss olunur. Xüsusən İmamın əzəmətlə Müaviyəyə dediyi «səndən əl çəkdim» ifadəsi bu mənanı vurğulayır.
3. İslamda sülhün qaydası
Nəzərə almaq lazımdır ki İslam dinində müharibə və cihad haqqında ümumi bir qanun yoxdur. İslam dini müəyyən şəraitdə müsəlmanlara kafirlərə qarşı vuruşmağı əmr etdiyi kimi bəzi vaxtlarda da vuruşmağın bir nəticə verməyəcəyini görüb işi sülhlə həll etməyi əmr edir.
Biz İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) həyatında bu iki halın hər ikisini müşahidə edirik. İslam peyğəmbəri Bədr Ühüd Xəndək və Hüneyndə döyüşürdüsə digər şəraitdə isə qələbəni qeyri-mümkün gördükdə, kafirlərlə sülh bağlayır və müvəqqəti olaraq döyüşdən əl çəkir və bu yolla İslamın inkişafına şərait yaradırdı.
Peyğəmbərin (səlləllahu əleyhi və alih) Bəni-Zəmrə və Bəni-Əşcə eləcə də (Məkkə əhalisi ilə) Hüdeybiyyə sülhü bağlaması buna bir nümunədir.
Buna əsasən, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) o günlər bəziləri üçün məlum olmayan ali məsləhətlərə görə düşmənlə müvəqqəti sülh bağladı İmam Həsən (əleyhissəlam) da Allah tərəfindən dini rəhbər seçildiyi üçün hadisənin bütün cəhətlərindən başqalarından daha yaxşı xəbərdar idi. Buna görə də, özünəməxsus uzaqgörənliyi ilə İslam cəmiyyətinin xeyrini sülhdə görüb sülh bağlayır.
Bu mövzu (İmam Həsən əleyhissəlamın sülhü) pis mənada başa düşülməməlidir. Əksinə o Həzrətin elədiyi hərəkət eynilə Peyğəmbərin (səlləllahu əleyhi və alih) (Hüdeybiyyə sülhündə) elədiyi hərəkət kimi nəzərə alınmalıdır.
İndi isə İmam Həsən əleyhissəlamın sülhünün səbəblərini və onun tarixi əhəmiyyətini yaxşı anlamaq üçün tarixi səhifələməli və bu məsələni əsas tarixi faktlara istinad edərək araşdırmalıyıq.
Qısa olaraq deməliyik ki əslində İmam Həsən (əleyhissəlam) öz istəyi ilə sülh etmədi əksinə o sülh etməyə məcbur oldu. Yəni vəziyyətin və şəraitin yaxşı olmaması və bir çox digər səbəblər üzündən elə bir vəziyyət yarandı ki sülh etmək İmam Həsən (əleyhissəlam) üçün zəruri bir məsələyə çevrildi və o Həzrət sülh etməkdən savayı başqa bir çarə görmədi. Belə ki kim o Həzrətin yerində olub həmin şəraitdə olsaydı sülhdən başqa çarəsi olmazdı. Çünki İslam hökumətinin həm xarici şəraiti həm də İraqın daxili
vəziyyəti və habelə, İmamın ordusu döyüşə hazır deyildi. İndi isə bu məsələləri ayrı-ayrılıqda araşdıraq.

Yazının tərtibndə tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə