Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) Həzrət Məhəmməd (s) “Bu gecə dünyaya bir peyğəmbər gəlir!”

“Bu gecə dünyaya bir peyğəmbər gəlir!”

Hidayət nurunun zühuru ilə baş verən hadisələrdən

Mərhum Şeyx Səduq nəql edir:
Əbdülmüttəlibin oğlu Abdullah büluğ həddinə çatdığı zaman atası onu Amənə adlı ləyaqətli bir xanımla evləndirdi. Amənə binti Vəhəb paklığı ilə tanınmış bir xanım idi.
Amənə deyir: İzdivacımızdan bir müddət keçəndən sonra hamilə oldum. Hamiləlik dövrümdə heç bir ağırlıq və çətinliyim olmadı. Əksinə, qeyri-adi bir rahatlıq və sevinc hiss edirdim. Nəhayət, gecə yuxuda bir şəxs gördüm, mənə dedi ki, sən Allahın ən gözəl məxluquna hamilə olmusan. Hamiləlik dövrü başa çatanda heç bir ağrısız övladım dünyaya gəldi. Körpə dizlərini və əllərini yerə qoyub başını səmaya tərəf qaldırdı. Bu zaman bir səs eşitdim: “Dünyanın üstün və şərəfli insanı doğuldu, o misilsiz Allahın himayəsindədir, hər zalım və paxılın şərindən amanda olacaq.” Bu zaman məndən bir nur ayrıldı. Yerlə-göy arası işıqlandı. Səmada, ulduzlarda qəribə bir dəyişiklik baş verdi. Ulduzlar ox kimi bir tərəfdən o biri tərəfə atılırdı.
Bu vəziyyəti müşahidə edən qüreyşlilər heyrətə düşmüşdülər. Deyirdilər ki, qiyamət qopub. Tanınmış bir ulduzşünasın yanına getdilər. Onun adı Vəlid ibn Müğeyrə idi. Əhvalatı ona danışdılar. Vəlid ibn Müğeyrə dedi: “Baxın görün ulduzlar bu vəziyyətdən sonra yoxa çıxırsa, demək qiyamət qopacaq. Əgər yoxa çıxmırsa, təbiətin işlərinə müdaxilə edən bir hadisə baş verməkdədir.”
Sonra Yusif adlı yəhudi ulduzşünasın yanına getdilər. O ulduzların bir-birinə qarışdığını görüb dedi: “Bu gecə dünyaya bir peyğəmbər gəlir. Onun gəlişi barədə səmavi kitablar xəbər verib. O, Allahın son peyğəmbəri olacaq. Ulduzların ox kimi bir tərəfdən o tərəfə sıçraması şeytanların səmaya gedişinin qarşısını alır.”
Səhər açıldı, Qüreyş başçıları bir yerə toplandılar. Abdullahın oğlunun dünyaya gəlişi xəbəri yayıldı. Yəhudi ulduzşünasla birlikdə Amənənin mənzilinə getdilər ki, dünyaya gəlmiş uşağı görsünlər. Uşağı nur saçan vəziyyətdə bələkdə gətirdilər. Yusif körpənin gözünə və saçlarına baxdı, köynəyini açıb çiynindəki qara xala nəzər saldı. Bu qara xal üzərində bir neçə tük vardı. Bu əlamətləri görəndən sonra heyrət içində ayağa qalxdı. Qüreyşlilər onu məsxərəyə qoyub gülürdülər. Yusif dedi: “Bu körpə Allahın peyğəmbəridir, qılıncı ilə ədaləti genişləndirmək üçün qiyam qaldırar. Şirk və bütpərəstliklə mübarizə aparar. Onun gəlişi ilə peyğəmbərlik silsiləsi Bəni-İsraildən kəsilər.”
Bu xəbəri eşidən qüreyşlilər oradan dağılışdılar. Həzrət Əlinin (ə) anası Fatimə binti Əsəd deyir: “Əbdülmüttəlibdə ölüm nişanələri aşkar oldu. O övladlarına üz tutaraq dedi: “Məhəmmədin himayəsini kim öz üzərinə götürür?” Qardaşlar gözlədilər ki, Əbdülmüttəlib özü təyin etsin. Əbdülmüttəlib Həzrət Peyğəmbərdən (s) soruşdu ki, əmilərindən hansına daha çox meyli var? Həzrət (s) bir-bir əmilərinin çöhrəsinə baxdı, Əbutalibə xüsusi nəzər saldı. Bunu hiss edən Əbdülmüttəlib oğlu Əbutalibi Həzrət Peyğəmbərə (s) himayəçi təyin etdi.
Fatimə deyir: “Əbdülmüttəlib vəfat etdi, Əbutalib Məhəmmədi evə gətirdi. Mən ona xidmət etdim, o məni ana çağırırdı.”
Fatimə sözünə belə davam edir: Evimizdə bir xurma ağacı var idi. Xurmalar yetişəndə Məhəmmədlə həmyaşıd uşaqlar toplanardı. Yerə tökülən xurmaları yığıb yeyərdilər. Uşaqlar Məhəmmədin (s) qabağındakı xurmaları da götürərdilər. Amma Məhəmmədin başqasının qarşısından xurma götürdüyünü görmədim. Heç vaxt başqasının haqqına toxunmazdı. Mən hər gün onun üçün bir ovuc xurma toplayırdım. Kəniz də onun üçün xurma yığırdı. Bir gün Məhəmməd yatdı və biz xurma toplamağı yaddan çıxardıq. Gələn uşaqlar bütün xurmaları yığıb aparmışdılar. Həzrət (s) yuxudan oyananda yerdə xurma qalmamışdı. O üzünü ağaca tutub, ac olduğunu söylədi. Mən ağacın əyildiyini gördüm. Ağac o qədər əyildi ki, Həzrətin (ə) əli onun budaqlarına çatdı. Bir qədər xurma dərdi, sonra ağac əvvəlki vəziyyətinə qayıtdı...”

Peyğəmbərin (s) babası Əbdülmüttəlib dünyasını dəyişəndən sonra Peyğəmbər (s) əmisi Əbutalibin yanında qalırdı. Bir gün Həzrətin (s) gözləri ağrımağa başladı. Həkimlər ona çarə edə bilmədilər. Yaxınları Əbutalibə tövsiyə etdilər ki, Həzrəti (s) məsihi rahibin yanına aparsın. Adı Həbib olan rahibin duası ilə Həzrətin (s) gözlərinin sağalacağına ümid edirdilər. Əbutalib bu təklifi Həzrətə (s) çatdırdı. Həzrət (s) buyurdu: “Mən etiraz etmirəm, məsləhət bildiyinizi edin.” Əbutalib həzrəti (s) dəvəyə mindirib nəsrani rahibin yaşadığı yerə üz tutdu. Rahibin sövməsinə çatdılar. İçəri daxil olmaq üçün icazə istədilər. Rahib Həbib onlara icazə verdi. İçəri daxil olandan sonra bir müddət heç nə barədə danışmadılar. Sonra Əbutalib sözə başladı, qardaşı oğlunun gözlərində ağrı olduğunu söylədi. Dedi ki, həkimlər ona çarə edə bilməyib. Dedi sənin yanına gəlmişik ki, onun gözlərinin sağalması üçün dua edəsən. Həbib rahib Əbutalibin sözlərini eşidəndən sonra Həzrətə (s) müraciətlə dedi ki, ayağa qalx yanıma gəl. Həzrət (s) uşaq olsa da rahibə müraciətlə dedi ki, sən mənim yanıma gəl. Əbutalib buna təəccüb etdi. Əbutalib həzrətə (s) müraciətlə dedi ki, axı sən xəstəsən. Həzrət (s) buyurdu ki, xəstə mən deyiləm, Həbib rahib xəstədir, o mənim yanıma gəlməlidir. Uşağın danışığından qəzəblənən rahib dedi ki, ey oğlan, mənim xəstəliyim nədir? Həzrət (s) buyurdu: “Sənin bədənində ala xəstəliyi var, 30 ildir sağalmaq üçün Allaha dua edirsən, amma təsiri yoxdur. Həbib heyrətə gəldi. Dedi ki, bu barədə Allahdan başqa bilən yoxdur. Sən bunu haradan bilirsən? Həzrət buyurdu ki, mən bunu yuxuda görmüşəm. Həbib rahib təvazö ilə həzrətdən (s) xahiş etdi ki, onun üçün dua etsin. Həzrət (s) alnına bağlanmış parçanı açdı. Onun mübarək çöhrəsindən ətrafa nur ələnirdi. Məclisdəkilər yaranmış vəziyyətdən heyrətə gəlmişdilər. Həzrət (s) buyurdu: “Ey Həbib! Köynəyini qaldır, buradakılar bədənini görsünlər.” Həbib köynəyini qaldırdı və hamı şahid oldu ki, onun dərisi ala xəstəliyinə tutulub. Həzrət (s) dua üçün əllərini açdı, duanı başa çatdırandan sonra əlini Həbibin bədəninə çəkdi. Allahın izni ilə Həbib rahib sağaldı. Sonra Həzrət (s) əmisinə üz tutub buyurdu: “Əgər sağalmaq istəsəydim, dua edərdim, buraya gəlməzdim. İndi isə sağalmaq üçün Allaha dua edirəm. Həzrət (s) növbəti dəfə dua üçün əlini açdı, qısa müddətdən sonra gözləri sağaldı, heç bir xəstəlik əlaməti qalmadı.

Peyğəmbərin (s) görüşünə gəlmiş bir şəxs Həzrətin (s) əynindəki köynəyin köhnəldiyini görüb onun qarşısına 12 dirhəm pul qoydu və xahiş etdi ki, özünə köynək alsın. Həzrət Peyğəmbər (s) pulu Əliyə (ə) verib buyurdu ki, bazardan ona münasib bir köynək alsın. Həzrət Əli (ə) pulu götürüb bazara getdi, 12 dirhəmə bir köynək alıb geri qayıtdı. Həzrət (s) köynəyə baxıb buyurdu ki, bu köynəyi dəyişsək yaxşı olar. Həzrət Əli (ə) buyurur ki, mən bazara qayıdıb satıçıya dedim ki, Peyğəmbər (s) köynəyi bəyənmədi. Satıcı köynəyi geri alır və pulu qaytarır. Həzrət Əli (ə) Peyğəmbərin (s) yanına qayıdıb pulu ona verir. Sonra birlikdə bazara gedirlər. Peyğəmbər (s) öz istədiyi köynəyi almaq istəyir. Yolda bir kənizlə rastlaşırlar. Bu kənizin ağlaması Peyğəmbərin (s) diqqətini cəlb edir. Soruşur ki, nə üçün ağlayır? Kəniz cavab verir: “Ağam mənə 4 dirhəm vermişdi ki, bazarlıq edim. Pulu itirmişəm, indi evə qayıtmağa qorxuram.” Həzrət (s) 12 dirhəmdən 4 dirhəmini həmin kənizə verir. Sonra yenidən yollarına davam edirlər. Həzrət (s) bazardan 4 dirhəmə bəyəndiyi köynəyi alır. Geri qayıdanda yolda çılpaq bir kişi görürlər. Kişi yoldan ötənlərdən pul istəyir ki, özünə libas alsın. Həzrət Peyğəmbər (s) aldığı köynəyi həmin kişiyə verir və qayıdıb əvvəlki dükandan daha bir köynək alır. Görür ki, əvvəl 4 dirhəm verdiyi kəniz yenə də orada oturub. Səbəbini soruşanda kəniz deyir: “Qorxuram ki, məni döysünlər.” Həzrət (s) buyurur ki, mənimlə gəl, mən səni evinizə apararam. Həzrət Əli (ə) buyurur ki, yola düşdük, kənizin yaşadığı evə çatdıq. Həzrət Peyğəmbər (s) qapıda dayanıb salam verdi. Amma evdən cavab gəlmədi. Həzrət (s) ikinci dəfə salam versə də yenə də cavab almadı. Üçüncü dəfə salam verəndə bir şəxs qapıya çıxdı. Peyğəmbər (s) soruşdu ki, nə üçün əvvəl onun salamına cavab verilmədi? Həmin şəxs dedi: “Mən qapıda sizin dayandığınızı bildim. Çox istədim ki, səsinizi təkrar eşidim.” Sonra Peyğəmbər (s) ev sahibinə dedi ki, kəniz gecikdiyi üçün evə qayıtmağa qorxub, mənim sizdən xahişim budur ki, onu incitməyəsiniz. Ev sahibi dedi: “Ey Allahın Rəsulu! Mən sizin gəlişiniz xatirinə onu azad etdim.” Həzrət Əli (ə) buyurur ki, Peyğəmbər (s) vəziyyəti belə görəndə xoşhal oldu və buyurdu: “Şükür olsun Allaha ki, 12 dirhəmin bərəkəti ilə iki köynək aldıq, bir qulu azad etdik.”

Bütün ilahi peyğəmbərlər, xüsusi ilə İslam Peyğəmbəri (s) və məsum imamlar həmişə din və xalqı düşünüb, şəxsi mənafelərini bu yolda fəda ediblər. Maraqlı nöqtələrdən biri budur ki, Həzrət Peyğəmbər (s) hətta izdivacda, ailə quranda din və cəmiyyətin mənafeini düşünürdü. Düşünürdü ki, onun izdivacı dinin yayılmasına, insanların hidayətinə səbəb olarsa daha faydalıdır. Beləcə, Həzrət (s) gənclik dövründə 25 yaşında ikən xanım Xədicə ilə ailə həyatı qurdu. Nübuvvət və risalət məqamına çatandan sonra başqaları ilə də ailə qurub. Amma Peyğəmbərin (s) izdivacları arasında elə bir izdivac yoxdur ki, din və cəmiyyətin xeyrinə olmasın. Peyğəmbərin (s) neçə qadınla ailə qurması barədə tarixçilərin verdiyi məlumat fərqlidir. Dini mətnlərdə adı çəkilən xanımlar arasında həzrət Xədicə, Səfiyyə, Aişə, Həfsə, Ümmü Həbib, Zeynəb, Sodə, Məymunə, Ümmü Sələmə və başqalarının adı var. Həzrət Peyğəmbər (s) dünyasını dəyişdiyi zaman onun 9 zövcəsi vardı. Bu 9 zövcədən cəmi 8 övladı vardı. Bu övladlardan 4-ü oğlan, 4-ü qız idi. Peyğəmbər (s) dünyasını dəyişdiyi gün bu övladlardan yalnız Fatimeyi-Zəhra (s) yadigar qalmışdı.

Zeyd ibn Əli atası İmam Səccaddan (ə) belə nəql edir:
Bir gün Həzrət Peyğəmbər (s) öz üzüyünü həzrət Əliyə (ə) verib buyurdu: “Bunu ustanın yanın apar, qaşına, “Məhəmməd ibn Abdullah” sözlərini yazdır. Həzrət Əli (ə) üzüyü götürüb həkkakın yanına getdi. Dedi ki, üzüyün qaşına Məhəmməd ibn Abdullah sözlərini yazsın. Həkkak üzüyün qaşını yazarkən səhvə yol verib Abdullah əvəzinə Rəsulullah yazdı. İşi başa çatdırandan sonra həzrət Əli (ə) üzüyün qaşına baxdı və həkkaka dedi ki, mən səndən bunu istəməmişdim. Həkkak üzr istədi, dedi bilmədən belə olub. Həzrət Əli (ə) üzüyü götürüb Peyğəmbərin (s) yanına qayıtdı. Dedi ki, ey Allahın Rəsulu, mən sizin dediklərinizi həkkakdan istəsəmdə, o bilmədən belə yazdığını söylədi. Peyğəmbər (s) üzüyü barmağına taxdı. Səhər açılanda üzüyün qaşında Məhəmməd Rəsulullah (s) sözlərinin aşağısında Əliyyən Vəliyullah (ə) yazılmışdı. Peyğəmbəri (s) heyrət bürüdü. Bu zaman Cəbrail nazil oldu. Həzrət (s) bu mövzu ilə bağlı sual verdi. Cəbrail dedi: “Sən nə yazılmasını istədiyini dedin. Biz də nə istəyirdiksə onu yazdıq.”

Mərhum Şəhid Sani Ümmü Sələmədən belə nəql edir:
Ümmü Sələmənin birinci əri Peyğəmbərin (s) görüşündən evə qayıdandan sonra Ümmü Sələməyə sevinclə deyir: “Peyğəmbərdən eşitdiyim söz ürəyimi açdı. Həzrət (s) mənə buyurdu ki, bir bəla üz versə, ailənizdən kimsə dünyasını dəyişsə deyin ki, inna lillah və inna əleyhi raciun - Pərvərdigara, mənə bu müsibətdə gözəl mükafat ver, əlimdən çıxanı daha yaxşısı ilə əvəz et. Buyurdu ki, belə desəniz duanız qəbul olar. Ümmü Sələmə nəql edir ki, mən ərimdən çox razı idim, təsəvvürümə gəlmirdi ki, ondan yaxşısı olar. Bir gün ərim dünyasını dəyişdi. Mən Peyğəmbərin (s) ona öyrətdiyi duanı oxudum. Sonradan hadisələr bir-birini əvəz edir və Ümmü Sələmə Həzrət Peyğəmbərin (s) zövcəsi olur. Ona Peyğəmbərin (s) zövcəsi olmaq təklif ediləndə deyir ki, mən gənclik dövrünü başa vurmuşam, qorxuram ki, Peyğəmbərə (s) əziyyət verəm. Bundan əlavə ailəm də böyükdür. Amma Peyğəmbər (s) buyurur ki, onun üçün yaşın əhəmiyyəti yoxdur, ailənin böyüklüyü onun üçün daha əhəmiyyətlidir. Beləcə Ümmü Sələmə Peyğəmbərlə (s) izdivac edir, Həzrət (s) bu böyük ailəyə himayə göstərir.

İmam Musa Kazim (ə) buyurur: Həzrət Peyğəmbərin (s) oğlu İbrahim 17 aylığında dünyasını dəyişdi. Bununla da müsəlmanlar arasında üç sünnə aradan qalxdı. İbrahim dünyasını dəyişdiyi zaman günəş tutulmuşdu. Camaat bunu İbrahimin ölümü ilə əlaqələndirirdi. Həzrət Peyğəmbər (s) bu sözləri eşidib minbərə qalxdı və Allaha həmd-sənadan sonra buyurdu ki, günəş və ayın tutulması Allahın ayətlərindəndir və bu hadisələrin İbrahimin ölümü ilə heç bir əlaqəsi yoxdur. Belə əlamətlər göründüyü zaman ayat namazı qılmaq lazımdır.
Peyğəmbər (s) minbərdən endikdən sonra camaatla birlikdə namaz qıldı, sonra həzrət Əliyə (ə) üz tutub buyurdu: “Oğlum İbrahimə qüsl ver, kəfənlə, dəfnə hazırla.”
İbrahimi dəfn etmək istəyəndə camaat dedi ki, Peyğəmbər (s) çox qəmləndiyindən meyyit namazını yaddan çıxarıb. Bu sözlər Peyğəmbərin (s) qulağına çatdı. Buyurdu ki, Allah sizə beş vaxta beş namaz vacib edib. Hər namaza görə ölü üçün bir təkbir deyilər. Amma meyyit namazı büluğ həddinə çatan şəxs üçündür. Sonra həzrət Əliyə (ə) buyurdu: “Ey Əli qəbrə en, İbrahimi qəbrə qoy.” Həzrət Əli (ə) İbrahimi qəbrə qoyandan sonra camaat danışmağa başladı ki, Peyğəmbər (s) öz övladını qəbrə özü qoymadısa, biz də bundan sonra belə etməliyik. Yenə Peyğəmbər (s) danışılan sözləri eşidib buyurdu: “Bir şəxsin öz övladını qəbrə qoyması haram deyil. Amma ehtiyatlı olmalıdır ki, şeytan onu hövsələdən çıxarıb küframiz sözlər dedirtməsin.” İmam Kazim (ə) buyurur ki, bu hadisədən sonra dəfn başa çatdı, camaat dağılışıb evinə getdi.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə