Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Mehdi (əc) həyatı İmam Mehdinin (əc) peyğəmbərlərə bənzəyişi

İmam Mehdinin (əc) peyğəmbərlərə bənzəyişi

Rəvayətlərdə Həzrət İbrahimin (ə) iki qeyb dövrü yaşadığı bildirilir

Qurani-Kərimin bir sıra ayələri yer üzündə bəşəriyyətin gələcək həyatından danışır. Müxtəlif firqələrin rəvayətlərində İmam Mehdinin (əc) zühur dövrünə işarə olunur. İmam Mehdi (əc) peyğəmbərlərin məqsədini sona çatdıran şəxsdir. Onun zühuru dövründə yaranış məqsədləri kamil şəkildə təmin olunacaq. Qurani-Kərimdə həzrət müxtəlif şəkillərdə yada salınır. Allah-Taala bəzən bəşər həyatının gələcəyi haqqında birbaşa söz açır, bəzən təbiətdən misallar çəkməklə bu mövzuya işarə edir. İlahi peyğəmbərlərin başına gələn hadisələrdən, keçmiş qövmlərdən danışılarkən İmam Mehdi (əc) ilə bağlı bəzi nöqtələr də xatırlanır. Bir çox ayə və rəvayətlərə əsasən, Həzrət Mehdi (əc) və ilahi peyğəmbərlər arasında oxşarlıqlar var. Biz bu mövzu ilə bağlı bəzi nöqtələrə işarə edəcəyik. Onun viladətinin gizli qalması, ömrünün uzunluğu, qeybə çəkilməsi, zühur öncəsi fitnəkarlıqlar, əcdadlardan uzaq düşməsi, çəkdiyi çətinliklər, salehlər cəmiyyəti bu istiqamətdə maraqlı mövzulardır. Həkim Allah insan və dünyanı məqsədlə yaratdı. Quranda yaranışın məqsədsiz sayanlar məzəmmət olunur (bax: Sad, 27). Məqsəd isə başqa ayələrdə aydınlaşdırılır (bax: Zariyat, 56; Bəqərə, 30; Mulk, 3). Allah-Taala öz izzət və məğlubedilməzliyini yada salaraq yaranış hədəflərinin həyata keçəcəyini vəd edir (bax: Nur, 55; Maidə, 54). İmam Mehdinin (əc) zühur dövrü ilahi vədlərin yer üzündə həyata keçəcəyi dövrdür. Həmin dövrdə insanlar yaranış məqsədinə çatacaq. Quranda gələcək dövr təsvir olunub və bu İmam Mehdinin (əc) zühuruna oxşardır. Quranda başqa imamların da adı çəkilməyib. Amma gələcəkdə İmamın zühuru, onun fəaliyyətləri barədə işarələr kifayət qədərdir. Bəzi şiə alimlərinin fikri budur ki, Qurani-Məciddə axərüz-zaman haqqında aşkar nəsə deyilmir. Axəruz-zaman sözünə müsəlman müəlliflərin əsərlərində və hədislərdə rast gəlirik (bax: Müctəhid Şəbüstəri, 1367). Digər tərəfdən, Seyyid Haşim Bəhrani, Şeyx Əli Kurani kimi böyük alimlərin əsərlərində İmam Mehdi (əc) haqqında danışılır. Qulam Huseyin Tacirinin “Həyatın sonunu tanımaq” əsərinin üçüncü cildində bu mövzuda ayə və hədislər toplanmışdır. Amma günün ehtiyacları bu mövzuda dərin araşdırmalar, ictihad tələb edir. Quran ayələrində İmam Mehdi (əc) ilə bağlı nöqtələr yetərincə açıqlanmalıdır. Son illərdə Şeyx Məhəmməd Sənəd kimi alimlər bu mövzuda icihad edib. Bu araşdırmada imamın gizli olması, gizli təvəllüdü, ömrünün uzunluğu, qeyb dövrü, onun ilahi peyğəmbərlərə bənzəyişi kimi mövzular nəzərdən keçirilir. Quranda yer almış peyğəmbər əhvalatlarında bu mövzuda dəlillər göstərilir. Bu mövzu araşdırılarkən “istixlaf” sözündən istifadə olunur. İstixlaf dedikdə bir şəxsin öz yerinə canişin təyin etməsi nəzərdə tutulub. İmam Mehdinin (əc) zühur dövrü istixlaf sırasında son halğa kimi göstərilir. Araşdırmalarda Qurandakı peyğəmbər əhvalatları, o cümlədən rəvayətlər nəzərdən keçirilir. Bəziləri İmama Mehdi (əc) ilə bağlı hadisələri əfsanə saysalar da biz ilahi peyğəmbərlərin həyatında eyni hadisələri müşahidə edirik. İmam Mehdi (əc) dövrünün əvvəlki peyğəmbərlərin dövrünə bənzərliyi ilə tanış olduqda gələcəklə bağlı müəyyən nəticələr çıxarmaq olur. Seyyid Haşim Bəhraninin “Əl-Muhəccə” kitabında İmam Mehdi (əc) haqqındakı Quran ayələri qeyd olunub. Bu ayələr üç qrupa bölünür. Bir qrup ayələrdə yer üzündə həyatın sonu açıq şəkildə yada salınır. Mucadələ surəsinin 21-ci ayəsində Allah cəbhəsinin, peyğəmbərlərin son qələbəsi qeyd olunur. Nur surəsinin 55-ci ayəsində salehlərə vəd verilir, Allah dininin yer üzünə hakim olmasından danışılır (bax: Fəth, 28; Tövbə, 23; Səff, 9). Yer üzündə Allah nurunun tam zühuru yada salınır (bax: Tövbə, 32; Səff, 8; Zumər, 69). Vəd edilir ki, yer üzü şirkdən təmizlənəcək və həqiqi bəndəlik bərpa olunacaq (Nur, 55). Əraf surəsinin 96-cı ayəsində səmanın bərəkət qapılarının açılacağı vəd olunur.

Qeyd olunan ayələrlə bağlı rəvayətlər də təsdiqləyir ki, həmin ayələr İmam Mehdinin (əc) zühuru dövrünə aiddir (bax: Suyuti, 1404). Firqələrin rəvayətlərinə görə İmam Mehdinin (əc) zühur dövrü bəşər düşüncəsinin çiçəklənəcəyi dövrdür. (bax: Safi Gülpayiqani, 1430). Rəvayətlərdə bildirilir ki, haqq din qalib gələcək. Yer üzünün abadlığı, göydən bərəkət enməsi, torpağın bərəkəti, ədalətin tam bərpası, Həzrət İsanın (ə) nazil olması bu xəbərlər arasındadır.

Bəzi ayələrdə təbiətlə bağlı misallar İmam Mehdinin (əc) dövrünə aiddir. Şəms surəsində “ənhar” sözü ilə rastlaşırıq. Bu sözü İmam Mehdiyə (əc) aid olduğu bildirilir. (bax: Bəhrani, 1416). Səhərin açılması gecənin qaranlığını aradan qaldırdığı kimi, İmam Mehdinin (əc) zühuru zülm qaranlığını yer üzündən qaldıracaq. Aləm haqq-ədalət nuruna bürünəcək. Mulk surəsində İmamın elmi şirin suya bənzədilir (bax: Kuleyni, 1362). Bu su insanların təşnəsini yatıracaq. İmamın elmi də ruhun təşnəliyini aradan qaldırır.

Bir qrup ayələrdə İmamın xüsusiyyətləri, onun dövrü yada salınır. Müstəzəflərin yer üzünə hakim olması ilə bağlı vəd bu qəbildəndir (bax: Qəsəs, 5). Musa (ə) və Fironun əhvalatları nəql olunan zaman daimi ilahi sünnələr yada salınır. Firqələrə məxsus rəvayətlərdə bunun İmam Mehdinin (əc) dövrünə işarə olduğu bildirilir. (bax: Kurani, 1386).

Araşdırmaçılar əsaslandırır ki, Quranın bir sıra bəyanatları İmam Mehdi (əc) və onun zühuru haqqındadır. Bu nöqtələr ilahi peyğəmbərlərlə bağlı əhvalatlarda yer alıb. Peyğəmbərlər və İmam Mehdi (əc) arasında böyük oxşarlıq var. Buna səkkiz dəlil göstərilir.

1. Allah-Taalanın bütün dövrlərə aid sabit sünnələri var. Bu sünnələr dəyişmir (bax: İsra, 77; Fatir, 43). Bu sünnələrdən biri İstixlafdır (bax: Məkarim, 1374). İstixlafda bir sıra sabit sünnələr var. İstixlaf dedikdə insanın Allahın xəlifəsi məqamına çatması üçün ona həyat verilməsi nəzərdə tutulur. Bu zaman insanlar fitri hidayətdən bəhrələnir (bax: Hicr, 29). Müxtəlif sınaqlarla bu ilahi məqama ləyaqət sübuta yetirilir. (bax: Yunis, 14, 73; Ənam, 165). Bəşəriyyət ilahi mələklər vasitəsi ilə hidayət olunur. Kimsə doğru yola məcbur yönəldilmir. Söhbət dəvətdən gedir. İnsan doğru yolu seçdikdə qurtuluşa çatır. Yanlış yolu seçdikdə salehlər sırasından uzaqlaşır (bax: Muhəmməd, 29). İlahi sınaqdan çıxa bilməyən insanlar azğınlara qoşulub zülmünü artırır (bax: Ali-İmran, 178, 154, 141). İnsanlar doğru yoldan çıxdıqdan sonra ilahi əzab gəlir (bax: Yunis, 102). Pak və saleh insanlar isə qurtulurlar (bax: Yunis, 103).

Beləcə bu sıranın ilk halğası sona çatır, sınaqdan çıxanlar və onların övladları sıranı davam etdirir. (Təbatəbai, 1417). Tarix boyu bu sıra bir ələk rolu oynayıb. Son halğada İmam Mehdinin (əc) dövründə seçilmiş insanlar sırası ortaya gəlir. Yer üzündə ilahi xilafətin məqsədi ortaya çıxır. (bax: Nur, 55; digər mənbələr). Qəsəs surələrinin ayələrini mütaliə edib o ayələr barədə düşündükdə biz istixlaf ənənələrini tanıyır, İmam Mehdi (əc) dövründə onun necə icra olunmasını görürük.

2.Gələcəkdəki nəsillər üçün keçmiş nəsillərin başına gələn hadisələr nümunə olaraq yada salınır (bax: İbrahim, 45; Nur, 34). Onları gələcəkdəkilər üçün bir məsəl etdik – buyurur. (bax: Zuxruf, 56).

İnsanlardan istənilir ki, bu misallar barədə düşünsünlər. Bilənlər belə düşüncəyə daha layiq sayılır (bax: Ənkəbut, 43; Həşr, 21). Buyurulur, Quranda hər şeyə aid misallar və nümunələr var (bax: Rum, 58). Qurandakı xəbərdarlıqlardan yalnız zalımların, haqqın üzərini örtənlərin bəhrəsi yoxdur (bax: Kəhf, 54; İsra, 89; Zumər, 27).

Heç şübhəsiz, Quranda İslamın qəti etiqadlarından olan məhdəviyyət barədə buyuruqlar var (Safi Qulpayiqani, 1400). İnsan bu ayələr barədə düşündükdə məhdəviyyət mövzusu ilə tanış olur. Gələcəkdəkilər üçün keçmişdəkilərin nümunə göstərilməsi özü də bu sıradandır (bax: Zuxruf, 56).


3. Həqiqəti axtaranlar üçün keçmişdə baş vermiş hadisələr nişanə olaraq göstərilir (bax: Yusuf, 7). Şüəra surəsində yeddi qövmün başına gələn əhvalatalar nəql olunduqdan sonra müştərək cümlələrdə yeddi dəfə o əhvalatların nişanə olduğu bildirilir (bax: Şüəra, 8-9). İnsanlardan istənilir ki, ayələr barədə düşünməklə qarşıya çıxacaq məsələlərdə çıxış yolu axtarsınlar (bax: Yusuf, 111). İbrahim surəsinin beşinci ayəsinə əsasən, peyğəmbərlər ayələr vasitəsilə əyyamullah, yəni Allahın günləri barədə xalqa məlumat verməlidirlər. Bu günlər hələ qarşıdadır. (Nili, 1430).

Əyyamullah sırasında böyük hadisələrin baş verəcəyi günlər də var (Məkarim, 1374). Aydın olur ki, istixlaf sünnəsi dünyada olub. Peyğəmbər (s) ümməti belə günlərə görə xəbərdarlıq alıb (Təbatəbai, 1414; Şazili, 1412). Həmin hadisənin baş verməsi təxirə düşüb (bax: Hud, 8). Yəvmullah deyilən, vəd olunmuş gün təxirə düşüb və həmin gün İmam Mehdinin (əc) zühur günüdür (Bəhrani, 1416). Demək, keçmiş ümmətlərin yəvmullah dediyi günlər, imamın zühuru baş verəcək yəvmullah üçün nişanədir. Rəvayətlərdə də İmam Mehdinin (əc) zühur günü üç qrup yəvmullah nümunələrindən sayılır. (Bəhrani, 1416).

4. Allah-Taalanın buyuruğuna əsasən, keçmiş ümmətlərin başına gələn hadisələrin mütaliəsi o biri ümmətlər üçün ibrət və bəsirət səbəbi olmalıdır (bax: Yusuf, 111). Bütün zəruri məsələlərin qeyd olunduğu Quran əhvalatlarında heç şübhəsiz İmam Mehdinin (əc) haqqında da dəyərli nöqtələr, zühur barədə məlumat mövcuddur. Məhdəviyyət düşüncəsi müsəlmanların əsas etiqadlarındandır. Mövzunu dərk etmək üçün bu ayələr barədə yetərincə düşünmək lazımdır. İbrət dedikdə bir səhnədən başqa səhnəyə keçmək, bu səhnələr arasında uyğunluğun olması nəzərdə tutulur. Peyğəmbər qissələrindən ibrət alınması göstərişindən aydın olur ki, bu qissələrdə etiqad sahəsi ilə bağlı zəruri nöqtələr var. Şəriətdə nəsx hadisəsində etiqadi məsələlər nəzərdə tutulmur. Bütün din və peyğəmbərlərin irəli sürdüyü etiqadlar eynidir və İslamda da bu etiqadlar o birilərindən fərqlənmir.

Füruiddin, dinin şaxə mövzuları barədə ibrətlər nəzərə çarpmır. Yalnız etiqadi mövzularda suallar və şübhələr peyğəmbər qissələrinin araşdırılması ilə aydınlaşır. İmam Mehdinin (əc) varlığına, ömrünün uzunluğuna, qeyb dövrünə, zühur hadisəsinə inam dövrümüzdə etiqadi məsələlərdəndir. Bu mövzuda İslam firqələri arasında mübahisələr var. Peyğəmbər (s) qissələrinə müraciət edib onları araşdırmaqla şübhəli nöqtələri aradan qaldırmaq olar (Sənəd, 1432).

5. Keçmişdəkilər və sonrakıların yolundakı oxşarlıqlar rəvayətlərdə də öz əksini tapıb (Məclisi, 1362).

6. Çoxsaylı rəvayətlərdə xüsusi bir şəkildə İmam Mehdi (əc) ilə bağlı peyğəmbər sünnələrində nöqtələr aydınlaşır (Səduq, 1396).

7. Mötəbər rəvayətlərə əsasən (Təbatəbai, 1417) Allah-Taala dünyanı yaratmazdan əvvəl Zərr aləmində insanları sınağa çəkib. Bu insanlar arasında başqalarından önə çıxan, imtahanı layiqincə verənlərdən əhd alınıb, onlar İmam Mehdi (əc) gerçəkliyinə sabit mövqe nümayiş etdirdiyindən ülul-əzm peyğəmbərlər seçiliblər (Kuleyni, 1362). Belə görünür ki, peyğəmbərlərin risalət məqsədi, yer üzündəki missiyası sonda Həzrət Mehdinin (əc) zühuruna zəminə hazırlamaq üçündür. İşi zəminə hazırlamaq olan peyğəmbərlərin həyatında İmam Mehdiyə (əc) münasibətdə ibrət götürmək olar.

8. Allah-Taala Qurani-Kərimin bir sıra ayələrində vurğulayır ki, möminlər xülasə imanla kifayətlənməsinlər (bax: Bəqərə, 136, 285; Ali-İmran, 84; Nisa, 136). Peyğəmbərlərin yolu etiqad olunası möhkəm dəlillərdən ibarətdir. Əhli-Beytin (ə) təfsirinə əsasən iman əməldə təsiri görünən etiraf və qəlb inancıdır. (Məclisi, 1362).

Demək, imanın səmərəsi saleh əməldir. Bəs peyğəmbərlərin imanının səmərəsi nə olub? Biz bunu öyrənməklə öz həyatımız üçün ibrətlər görürə bilərik. Peyğəmbərlərin müştərək hədəfləri olub. Bütün peyğəmbərlər öz həyatlarında böyük ilahi hədəfin gerçəkləşməsi intizarında olub. Bu iş üçün zəmin hazırlayıblar. Onlar bu hədəfi diqqətdə saxlayıb, bu istiqamətdə addım atıblar (Kuleyni, 1362; Məclisi, 1362).

Quranda ilahi peyğəmbərlərin həyat yolunun öyrənilməsi göstərir ki, salehlərə qoşulmaq onların duası olub. Ömürlərinin sonunda bu dualardan qəbulu ilə bağlı müjdə alıblar (Zülfüqarzadə, 1389). Salehlər o kəslərdir ki, Allah-Taala onları yer üzünə varis qərar verib (bax: Anbiya, 105). Bu İmam Mehdi (əc) və onun yardımçılarıdır. Belə bir mərifət üzərində qurulmuş imanla İmam Mehdiyə (əc) yardım üçün peyğəmbərlərdən nümunə götürmək olar.

Ricət əqidəsini nəzərə almaqla bu məsələdə peyğəmbərlərə ardıcıllıq iman məsələsidir (Bəhrani, 1416).

Allah-Taala möminlərə, peyğəmbərlərə, səmavi kitablara, mələklərə iman gətirməyi tövsiyə edir və xülasə imanla kifayətlənməməyi tapşırır (Təbatəbai, 1417). Yəni möminlər peyğəmbərlərin yolunu gedərək İmam Mehdinin (əc) köməkçiləri olmalıdırlar. Ayələrdə peyğəmbərlərin həyatı barədə söhbətlərdə məhdəviyyət dərsləri var.

Nəzərdən keçirəcəyimiz mövzulardan biri də İmam Mehdi (əc) ilə ilahi peyğəmbərlərin arasındakı oxşarlıqlardır. Ayələri araşdırdıqda o mövzuda müəyyən qənaətlər əldə olunur. Bəqərə surəsinin 30-cu ayəsində oxuyuruq ki, Allah-Taala Adəmin əhvalatının başlanğıcında yer üzündə xəlifə qərar verəcəyindən danışdı. Xəlifə məqamı ümumi şəkildə ifadə olunur. Xəlifə hökmən peyğəmbər və ya burada Adəm deyil. Onun mənası ümumidir (Ruhani Məşhədi, 1392). Xəlifə dedikdə Allahın iradəsini həyata keçirən şəxs nəzərdə tutulur (Cüveysi, 1415). Bu imamət məqamıdır. İmamət dəyişməz ilahi sünnədir. Peyğəmbər də bu məqama nail ola bilər. Necə ki Həzrət İbrahim (ə), İshaq və Yəqub bu məqama çatdı. (bax: Bəqərə, 124; Səcdə, 24). Allah-Taala peyğəmbər övladlarından bəzilərinin səbr və yəqin kimi xüsusiyyətlərə malik olmasından danışır. İmamət məqamında həm peyğəmbər, həm imam ola bilər. Bəşər tarixinin heç bir dönəmində bu məqam boş, qeyri-fəal qala bilməz. Amma peyğəmbərlər sırasında xüsusi bir zaman fasiləsinin olması mümkündür (bax: Müminun, 44). İslam Peyğəmbərinin öz buyruğuna əsasən, ondan sonra ilahi peyğəmbər gəlməyəcək. (Quşeyri Nişapuri, 1412). Amma peyğəmbər 12 xəlifənin gələcəyindən xəbər verir (Kurani, 1428). Bu halda ilahi xəlifənin üzərində konkret vəzifələr var. (Sənəd, 1432).

Quranın qissə ayələrində müəyyən dövrlərdə salehlərin istixlafından danışılır. Qeyd etdik ki, istixlaf ilahi canişinlik məqamıdır (bax: Nur, 56). Firqələrə məxsus rəvayətlərə əsasən, İmam Mehdinin (əc) dövründə xəlifə məqamları mövcud olacaq. (Dəməşqi, 1419). Demək, Həzrət Adəm və digər xəlifələr sadəcə bir nümunədir. İmam Mehdi (əc) və salehlərin xilafəti tarixin sonudur. O ayələrə baxdıqda biz zühur dövründəki hadisələrlə tanış oluruq.

Allah-Taala hidayətçilərin zühurundan öncə salehlər və peyğəmbərlərin gəlişi barədə müjdə verib. Bu müjdə hidayətçilərlə bağlı ilahi sünnədir. Qurani-Kərimdə belə müjdələr yer almışdır. Allah-Taala Adəminin zühuru ilə bağlı mələkləri müjdələyir (bax: Bəqərə, 30).

Həzrət Yusifin (ə) yuxuları və Həzrət Yəqubun (ə) qənaətləri Həzrət Yusifin (ə) xəlifəliyi ilə bağlı müjdələrdir (bax: Yusuf, 100, 4, 5, 6). İsmail (ə) və İshaqın (ə) peyğəmbərliyin müjdəliyi də bu sıradadır. (bax: Saffat, 101). Həzrət Yəqub (ə), Həzrət İbrahim (ə) ilə də bağlı belə müjdələr var. (bax: Hud, 71; Saffat, 112). Yəhyanın (ə) gəlişi ilə bağlı Zəkəriyyəyə (ə) müjdə verilir (bax: Məryəm, 7). İslam Peyğəmbərinin (s) gəlişi ilə bağlı Həzrət İsa (ə) müjdələnir (bax: Səff, 6).

Rəvayətlərdə də Həzrət İbrahim (ə) və Həzrət Musa (ə) ilə bağlı xəbərlər yer alıb. Beləcə peyğəmbərlər tərəfindən xilaskarın gəlişi ilə bağlı xəbərlər ilahi sünnədir. İmam Mehdi (əc) bağlı xəbərlər bu qəbildəndir. Firqə rəvayətlərində peyğəmbərə belə müjdə verildi: “Mehdi (əc) o şəxsdir ki, yer üzündə ədaləti bərpa edər, yer üzü zülmlə dolduqdan sonra ədalət bərpa olar. Əgər dünyanın sonuna bir gün qalmış olsa belə Allah həmin günü Həzrət Mehdinin (əc) zühurunun baş verəcəyi vaxta qədər uzadar. İsa ibn Məryəm (ə) gələr, onun arxasında namaz qılar. Onun hakimiyyəti Şərqdən Qərbə qədər dünyanı əhatə edər”. (Pəhləvan, 1380).

Həzrət Mehdi (əc) ilə peyğəmbərlər arasında olan oxşaqlıqlar sırasında hər iki hadisənin zalimləri narahat etməsi var. Peyğəmbərlərin bu vədləri zalim başçıları özündən çıxarırdı. Onlar bu zühurun qarşısını almaq üçün əllərindən gələni edirdilər. Allah da öz tədbirləri ilə elçilərini qoruyurdu. Beləcə Həzrət Mehdinin (əc) təvəllüdü gizli baş verdi. Zühur üçün şərait yaranana qədər bu vəziyyət davam edəsidir.

Qurani-Kərim Həzrət Musanın (ə) əhvalatını nəql edərkən Firon tərəfindən ciddi təhlükəsizlik tədbirlərindən danışır. Firon nəzərdə tutduğu təhlükənin qarşısını almaq üçün bütün tədbirləri görürdü (bax: Qəsəs, 40). Ona Bəni-İsrail arasından xilaskarın gələcəyi vəd olunmuşdu. Qəsəs surəsinin ilk ayələrindən aydın olur ki, bu xəbər böyük qorxu yaratmışdı. Bu təhlükənin qarşısını almaq üçün Bəni-İsraildən olan bütün körpələr öldürülürdü. Amma ilahi vəd hökmən yerinə yetəsidir (bax: Həcc, 47). Zalımlar narahat olsa da Allah öz tədbirini yerinə yetirir və öz hidayətçisini qoruyur. Musanın (ə) anasının hamiləlik dövrü gizli şəkildə ötüşdü. Allah ona öz övladını necə qorumağı öyrətdi (bax: Qəsəs, 7). Beləcə Musa (ə) düşmənin ağuşunda böyüdü. (bax: Taha, 39). Bəni-Abbas dövləti İmam Hadi (ə) və İmam Əsgərinin (ə) dövründə hər iki imamı hərbi vəziyyətin hakim olduğu şəhərdə həbs etmişdi. Bu iki imamın həbsxanası ictimai və siyasi həbsxana deyildi. Bu hərbi bir həbsxana idi. Bu münasibət hakimlərin həmin dövrdə necə qorxu keçirdiyini göstərir. Firqə hədislərə arasında bu mövzuda minlərlə hədis var (Kurani, 1428). Allahın qüdrəti ilə vəd olunmuş xilaskar gizli şəkildə dünyaya gəldi. Allah-Taala Musa (ə) kimi onu düşmənin qoynunda böyütdü. Amma yalnız gördüyünə inananlar imamın təvəllüdünü inkar edirlər. Onların nəzərincə iki imamın hərbi həbsxanada saxlanılması bu hadisənin qarşısını alırdı (Sənəd, 1432).

Quranda Həzrət Musanın (ə) gizli şəkildə təvəllüdü və qorunması İmam Mehdinin (əc) gizli təvəllüdü və qorunması nümunəsidir. Bu artıq bir etiqadi məsələyə çevrilir. İman gətiriləcək hadisələr arasında bu təvəllüd də yer alır.

Sual doğuran mövzulardan biri də ömrün uzunluğudur. Rəvayətlərə əsasən Həzrət Nuh (ə) 2500 il yaşayıb. Peyğəmbərliyə qədər 850 il, xalqını dəvət etdiyi arada 950 il, gəmidə 200 il, gəmidən düşəndən sonra 500 il ömür sürüb (Səduq, 1400; Kuleyni, 1362). Həzrət Nuhun (ə) ömrünün uzunluğu Həzrət Mehdinin (əc) ömrünün uzunluğuna bir nümunədir. Nuhun (ə) ömrünün uzunluğu imamın ömrünün uzunluğuna müxalif çıxanlara qarşı bir dəlildir (Səduq, 1395). Rəvayətlərdə bu da qeyd olunur ki, Həzrət Qaimdə (əc) Nuhdan (ə) bir sünnə var, bu ömrün uzunluğudur. Seyyid ibn Tavus öz münazirələrində deyir: “Əgər bir şəxs gəlib desəydi ki, su üzərində yeriyirəm hamı buna təəccüb edərdi. Amma onun su üzərində gəzdiyini görsələr ikinci dəfə bu iddia ilə rastlaşanda təəccübləri az olar. Üçüncü şəxs su üzərində gəzə bildiyini iddia edəndə olsun ki, onu görmək üçün artıq kimsə gəlmədi. Hətta qalıb bunu müşahidə edənlər də təəccüblənməzdi. Dördüncü nəfərin iddiası isə tam biganəliklə qarşılanar. Artıq bu əməl adiləşir və kimsədə heyrət yaratmır. Həzrət Mehdi (əc) də bu qəbildəndir. Rəvayət olunur ki, İdris (ə) bu günə qədər səmada sağdır. Xızr (ə) Həzrət Musanın (ə) dövründən və ya ondan da qabaqkı dövrdən bu günə qədər sağdır, Həzrət İsa (ə) səmada sağdır. Bu üç şəxslə bağlı verilən xəbərlər onların ömrünün uzunluğunu göstərir. Belə bir vəziyyətdə nə üçün Həzrət Məhəmməd (c) övladlarından belə biri gəlməməlidir?! Firqə əhli özü nəql edir ki, İmam Mehdi (əc) gələr, yer üzü zülmlə dolduqdan sonra ədaləti bərpa edər. Diqqət etsək görərik ki, bütün yer üzündə ədalətin bərpa olunması həzrətin ömrünün uzunluğu ilə münasib hadisədir.” Firqə əhli özü şəhadət verir ki, Həzrət İsa (ə) namazda xilaskara iqtida edər. Döyüşlərdə onun köməkçisi olar. Bu özü də imamın ömrünə münasibətdə təəccüblərə qarşıdır (İbn Tavus, 1375).

Qeyb məfhumu ilahi hidayətçinin şəxsiyyətinin gizli qalması mənasında Quran qissələrinə uyğun bir hadisədir. Həzrət İbrahim (ə), Yusuf (ə), Zulqərneyn (ə), Xızr, Musa (ə), İsa (ə) öz həyatında hansısa bir dövrdə qövmündən qeybdə olmuşdur. Onların həyatında baş vermiş bu hadisə İmam Mehdi (ə) ilə bağlı şübhələri aradan qaldırır.

Rəvayətlərdə Həzrət İbrahimin (ə) iki qeyb dövrü yaşadığı bildirilir (Səduq, 1395). Bunu Quran ayələri də təsdiqləyir. Bu hadisələrdən biri uşaqlıq dövründə, digəri qövmünün müşriklərindən uzaqlaşdığı zaman baş verir (bax: Ənkəbut, 26; Məryəm, 48). Həzrət İbrahim (ə) uşaqlıq və yeniyetməlik dövründə ulduzpərəstlər, günəşpərəstlərlə birlikdə idi. O bu insanlara doğru yolu göstərirdi. (bax: Ənam, 76-80). Bu onu göstərir ki, həmin dövrdə Həzrət İbrahimin (ə) peyğəmbərliyi məlum deyildi. İnsanlar onu ilahi hidayətçi kimi tanımırdılar. Əgər bu məsələ bilinsəydi ətrafdakılarla rahat ünsiyyətdə ola bilməzdi. Həzrət Musa (ə) və Yusufun (ə) qeyb dövrlərində də oxşar hadisələrlə rastlaşırıq. Qeyb dedikdə şəxsiyyətin gizli qalması başa düşülür. Kahinlər Nəmruda xəbər vermişdilər ki, bir şəxs onun səltənəti üçün təhlükədir. Onlar Həzrət İbrahimi (ə) nəzərdə tuturdular. Amma onun şəxsiyyətindən xəbərsiz idilər. Həzrət İbrahim (ə) Nəmrudun qorxusundan ömrünün əvvələrində gizli şəraitdə yaşayırdı. Hədis alimləri və tarixçilər bu hadisə ilə bağlı eyni fikirdədir. Quran ayələri də bunu təsdiqləyir (Təbatəbai, 1417). Həzrət İbrahim (ə) öz peyğəmbərliyinə Azəri tövhidə dəvətlə başlayır. Sonra qövmü ilə söhbətlər yer alır. Həzrət İbrahim (ə) onları bütpərəstlikdən çəkindirir. Bundan sonra bütləri qırmaq hadisəsi baş verir və Nəmrud İbrahimi yandırmaq qərarına gəlir. Bütün bu hadisələr Həzrət İbrahimin (ə) peyğəmbərliyi dövründə baş verir (bax: Ənbiya, 51-70). Amma bu hadisələrdən sonra İbrahim (ə) öz qövmündən uzaqlaşır, Həzrət Lutla (ə) birlikdə bərəkətli Şam torpağına hicrət edir (bax: Ənbiya, 71). Bu İbrahimin (ə) ikinci qeyb dövrüdür. Həmin dövrdə Allah-Taala İshaq (ə) və Yəqubu (ə) ona əta edir. (bax: Məryəm, 48-49). Həzrət İbrahimin (ə) iki qeyb dövrü İmam Mehdinin (əc) iki qeyb dövrünün nümunəsidir. Onlardan biri uşaqlıq dövründə, biri peyğəmbərlik dövründə baş verir.

Quran ayələri və rəvayətlər göstərir ki, İslam peyğəmbərinin risaləti ümumbəşəri olub. Bu risalət bütün dünyaya təsirini göstərib. Rəvayətlərdə İmam Mehdinin (əc) fəzaya səfərlərindən də danışılır. Bu rəvayətlərin mətnində Quran ifadələri yer alıb (Məclisi, 1362). Aydın olur ki, İmam Mehdi (əc) qeyb və zühur dövründə fəza səfərlərində olub və onun missiyası peyğəmbərin missiyası kimi ümumbəşəridir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə