Günahkar şəxsin günah etməsinə mane olmayıb onun bu işi qarşısında sükut etmək, günaha şərait yaradan daha bir ictimai amildir. Çünki başqalarının günah etməsinə susmaq günahın yayılmasında mühüm rol oynayır. Allah-təala İslam Peyğəmbəri (s) zamanında yaşayan yəhudilərə belə xitab edir:
"Siz qatilsiniz». Çünki onlar öz əcdadlarının keçmişdə peyğəmbərləri qətlə yetirmələrinə razı idilər." (Ali-İmran surəsi, ayə 189.) (Onlar özləri qatil olmasalar da, qatil əcdadlarının çirkin işlərinə razı olduqları üçün qatil hesab olunurlar.)
Hədislərin birində oxuyuruq: İmam Sadiq (ə) öz zamanında İmam Hüseynin (ə) Kərbəlada qətlə yetirilməsinə razı olan adamlara qatil adı verdi.
İmam Sadiq (ə) «Ali-İmran» surəsinin 183-cü ayəsinə istinad edərək buyurdu:
«Bir insanın qətlə yetrilməsinə razılıq verən şəxs özü də qatil hesab olunur.» (Vəsailüş-şiə, 11-ci cild 412, 509-cu səh.)
Başqa bir misal:
Saleh peyğəmbərin dəvəsini öldürən bir nəfər olsa da, Allah-təala bütün Saleh və Səmud qövmünü öz əzabına düçar edəcəyini bildirib və onların hamısını o dəvənin qatili hesab edir.
İmam Əli (ə) bu mövzunu belə şərh edir: «Saleh peyğəmbərin dəvəsini bir nəfər öldürsə də, Allah-təala o qövmün hamısını cəzalandıracaq. Çünki onların hamısı bu işə razılıq verdilər».
Günaha razı olmaq barədə hədislər
Bu barədə çoxlu hədislər vardır. Onlardan ikisini burada nümunə gətiririk:
1. İmam Əli (ə) buyurur: «Bir dəstə camaatın işinə razılıq verən bir şəxs onlarla şərik hesab olunur. Pis iş görən şəxsin isə iki günahı vardır:
a). Pis iş görməyin günahı;
b). Gördüyü pis işə razı olmasının günahı.»
2. Ziyarətnamələrin bəzisində, o cümlədən İmam Hüseynin (ə) “Ərbəin» ziyarətində belə oxuyuruq: «Allah lənət etsin o camaata ki, sənin qətl xəbərini eşitdilər və buna razılıq verdilər».