Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İlahİ kəlam Quran "Bəqərə" surəsi

"Bəqərə" surəsi - 101-ci ayədən 200-cü ayəyə qədər

Məqalə siyahısı


101.    Allah tərəfindən onlara əllərindəkini (Tövratı) təsdiq edən bir peyğəmbər gəldikdə kitab verilənlərdən (yəhudilərdən) bir qismi (Tövratda Muhəmməd əleyhissəlamın həqiqi peyğəmbər olduğu barədə deyilənləri) guya bilmirmiş kimi, Allahın kitabına arxa çevirdi.
102.    (Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə38  nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” -deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!
103.    Əgər onlar (Qurana və Peyğəmbərə) iman gətirib pis əməllərdən (sehrə uymaqdan) çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab daha xeyirli olardı. Kaş ki, bunu dərk edəydilər.
104.    Ey iman gətirənlər! “Raina” deməyin (bu söz ərəb dilində “bizi qoru”, ”bizdə gözün olsun”, “bizə bax”, “bizi gözlə”, “bizə qayğı və ehtiram göstər”, mənalarında işləndiyi halda, ibrani dilində yuxarıdakı mənalarla yanaşı, “bizə çobanlıq et”, “bizim çobanımız”, “ay səfeh” mənalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), “unzurna” söyləyin! (Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir.
105.    (Ey möminlər!) Nə əhli-kitabdan41 olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük mərhəmət (nemət) sahibidir!
106.    Biz (zaman, məkan və şəraitin tələbinə görə) hər hansı bir ayəni nəsx (ayənin hökmünü ləğv) edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olduğunu bilmirsənmi?!
107.    Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti (hökmranlığı) ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!
108.    (Ey Məkkə əhli!) Yoxsa siz də bundan əvvəl Musa sorğu-suala çəkildiyi kimi Peyğəmbərinizi (Muhəmmədi) sorğu-suala çəkmək istəyirsiniz? İmanı küfrə dəyişən kəs, həqiqətən, doğru yoldan azmışdır.
109.    (Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!
110.    Namaz qılın, zəkat verin! Özünüzdən ötrü (əvvəlcə) etdiyiniz xeyri (yaxşı əməllərin əvəzini) Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!
111.    (Yəhudilər və xaçpərəstlər) dedilər: “Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək!” Bu, ancaq onların xülyalarıdır. (Ya Rəsulum!) Onlara söylə: “Əgər (bu sözü) doğru deyirsinizsə, dəlilinizi gətirin!”
112.    (Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm qüssə görməzlər.
113.    Yəhudilər dedilər: “Xaçpərəstlər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”. Xaçpərəstlər də: “Yəhudilər (dində düzgün və mötəbər) bir şeyə istinad etmirlər”, -söylədilər. Halbuki onların hər ikisi kitab (Tövrat və İncil) oxuyur. (Kitab əhli olmayan və yazıb-oxumaq) bilməyənlər də onlar kimi danışdılar. Allah onların aralarındakı bu ixtilafın hökmünü qiyamət günü verəcəkdir!
114.    Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər?43 Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!
115.    Şərq də, Qərb də Allahındır44: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır. Şübhəsiz ki, Allah (öz mərhəməti ilə) genişdir, (O, hər şeyi) biləndir!
116.    (Yəhudilər, xaçpərəstlər və müşriklər) dedilər: “Allah (Özü üçün) övlad götürmüşdür”. Allah pakdır, müqəddəsdir (bu sözlərin Ona heç bir aidiyyəti yoxdur. O, bütün eyib və nöqsanlardan xalidir). Bəli, göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur, hamısı Onun itaətindədir!
117.    Göyləri və yeri icad edən (yoxdan yaradan) Odur. Bir işin yaranmasını istədiyi zaman, ona (o işə) yalnız: “Ol!” deyər, o da (fövrən) olar.
118.    (Müşriklərdən olan) cahillər dedilər: “Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi!” Onlardan əvvəl gələnlər (yəhudilər və xaçpərəstlər) də buna bənzər sözlər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə ayələrimizi (dəlillərimizi) açıqcasına göstərdik.
119.    (Ya Rəsulum!) Biz səni (möminlərə) haqq ilə (Quranla) müjdə verməyə və (kafirləri) qorxutmağa göndərdik. Cəhənnəm əhli barəsində isə sən sorğu-suala tutulmayacaqsan.
120.    (Ya Rəsulum!) Sən yəhudi və xaçpərəstlərin dininə tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqdır. (Onlara) de: “Düzgün yol yalnız Allahın göstərdiyi yoldur!” Əgər sənə gələn elmdən (vəhydən) sonra onların (nəfslərindən gələn) istəklərinə uysan, o zaman səni Allahdan (Allahın əzabından) qoruyacaq nə bir dost, nə də bir köməkçi tapılar.
121.    Verdiyimiz kitabı layiqincə (təhrif etmədən) oxuyanlar həmin kitaba iman gətirənlərdir, onu inkar edənlər (dəyişdirənlər) isə (dünyada və axirətdə) özlərinə zərər yetirənlərdir.
122.    Ey İsrail övladı! Sizə verdiyim nemətimi və sizi (əcdadınızı) aləmlər üzərinə (bütün ümmətlərə) üstün etdiyimi xatırlayın!
123.    Qorxun elə bir gündən ki, (o gün) heç kəs heç kəsin işinə yarıya bilməz (heç kəs heç kəs üçün bir şey ödəyə bilməz), heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!
124.    (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə:) “Nəslimdən necə?”- deyə soruşdu. (Allah onun cavabında:) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, - buyurdu.
125.    (Ya Rəsulum!) Yadına sal ki, Biz evi (Kəbəni) insanlar üçün savab (ziyarətgah) və əmin-amanlıq yeri etdik48. (Ey möminlər! Sizə də:) “İbrahimin durduğu yeri (özünüzə) namazgah edin!”- (dedik). İbrahimə və İsmailə də: “Evimi (Kəbəni) təvaf50 edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə ilə namaz qılanlar üçün (bütlərdən) təmizləyin! -deyə tövsiyə etdik.
126.    Yadına sal ki, İbrahim; “Ey Rəbbim, buranı bəladan asudə (uzaq) bir şəhər et, əhalisinin Allaha və axirət gününə inananlarına cürbəcür meyvələrdən ruzi ver! -deyə dua etdikdə, O (Allah): “Kafir olanlara da bir qədər (ömürləri boyu) ruzi verərəm, lakin sonra da cəhənnəm əzabına düçar edərəm. Amma ora (Cəhənnəm) nə fəna bir yerdir!” -deyə buyurdu.
127.    Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!”- deyə dua etdilər.
128.    (İbrahim və İsmail dedilər:) “Ey Rəbbimiz! Bizim hər ikimizi Sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri Sənə təslim olan ümmət (müsəlman) et, bizə (həcc) əməllərimizi (ibadət qaydalarımızı) göstər, tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən!”
129.    (Onlar yenə dedilər:) “Ey Rəbbimiz! Onların (nəslimizin) içərisindən özlərinə elə bir peyğəmbər göndər ki, Sənin ayələrini (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) və (oradakı) hikməti onlara öyrətsin, onları (günahlardan) təmizləsin51! Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən”.
130.    (Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmək üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır.
131.    Rəbbi İbrahimə: “(Əmrimə) təslim ol!”- dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!”- deyə cavab vermişdi.
132.    İbrahim və (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi): “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”
133.    (Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?”- deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların -İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)! “-dedilər.
134.    Onlar (İbrahim, Yəqub və onlara tabe olanlar) bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.
135.    (Yəhudilər və xaçpərəstlər müsəlmanlara:) “Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!” -deyirlər. (Ya Rəsulum!) Sən de: “Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi.
136.    (Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat56) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilənlərə (möcüzələrə) inanmışıq. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”
137.    (Ey möminlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. (Ya Rəsulum! Belə olduqda sən onların düşmənçiliyindən qorxma!) Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir.
138.    (Ey möminlər, deyin:) “(Biz) Allahın dinini (rəngini qəbul etdik). (Dini) Allahın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik”.
139.    (Ya Rəsulum! Kitab əhlinə de:) “Siz Allah barəsində bizimlə mübahisəmi edirsiniz? Halbuki O həm bizim, həm də sizin Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Ona sadiq olan bizik!”
140.    Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.
141.    Onlar (İbrahim, Yəqub və övladı) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz.
142.    (Mədinədəki yəhudi və münafiqlərdən) ağılsız adamlar deyəcəklər: “(Müsəlmanları əvvəlcə) üz tutduqları qiblədən (Beytülmüqəddəsdən) döndərən nədir?” (Ya Rəsulum! Onların cavabında) de: “Şərq də, Qərb də Allahındır. O, istədiyi kimsəni doğru yola yönəldər”.
143.    (Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də (Muhəmməd əleyhissəlam da) sizə şahid olsun. (Ya Rəsulum!) İndi yönəldiyin qibləni (Kəbəni) yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayırd etmək üçün təyin etdik. Bu, (qibləni Beytülmüqəddəsdən Kəbəyə tərəf çevirmək) ağır görünsə də, ancaq Allahın doğru yola yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı (bundan əvvəl Beytülmüqəddəsə üz tutaraq qıldığınız namazlarınızı) əvəzsiz buraxmaz. Allah insanlara qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir.
144.    (Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik63. İndi üzünü Məscidülhərama64 tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.
145.    (Ya Rəsulum!) Sən kitab əhlinə hər cür dəlil gətirsən də, onlar sənin qiblənə tabe olmazlar. Sən də onların qibləsinə tabe olan deyilsən. Hətta onlar özləri də bir-birinin qibləsinə üz tutmazlar. Əgər sənə gələn bu qədər elmdən sonra onların istədiyinə uysan, o zaman sən də, şübhəsiz ki, zalımlardan sayılarsan!
146.    Kitab (Tövrat və İncil) verdiyimiz kimsələr onu65 (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.
147.    (Ya Rəsulum!) Haqq sənin Rəbbindədir, buna heç vaxt şübhə edənlərdən olma!
148.    Hər kəsin (hər ümmətin) üz tutduğu bir qibləsi vardır. (Ey müsəlmanlar!) Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!
149.    (Ya Rəsulum!) Hər hansı bir yerə getdikdə, (namaz vaxtı) üzünü Məscidülhərama (Kəbəyə) tərəf çevir! Çünki Rəbbin tərəfindən göstərilən bu qiblə haqdır. Allah gördüyünüz işlərdən xəbərsiz deyildir.
150.    (Ya Rəsulum!) Haradan (səfərə) çıxsan, (namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir66! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin ki, (özlərinə) zülm edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil, Məndən qorxun; Mən də sizə olan nemətimi tamamlayım (artırım) ki, siz haqq yolu tapasınız.
151.    Həmçinin (nemətimizi tamamlamaq məqsədilə) sizə ayələrimizi oxumaq, sizi (günahlardan) təmizləmək, Kitabı (Quranı), hikməti (şəriəti, halalla haramı) və bilmədiklərinizi öyrətmək üçün sizə öz içərinizdən bir peyğəmbər göndərdik.
152.    Belə olduqda siz (itaətlə) Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!
153.    Ey iman gətirənlər!Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir (onların dostudur).
154.    Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.
155.    Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!
156.    O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allaha məxsusuq və (vaxtı gələndə) Onun yanına (Onun hüzuruna) qayıdacağıq!” deyirlər.
157.    Onları Rəbbi tərəfindən bağışlanmaq və rəhmət (Cənnət) gözləyir. Onlar doğru yolda olanlardır!
158.    (Ey möminlər!) Həqiqətən, Səfa və Mərvə Allahın əlamətlərindəndir (ibadət nişanələrindəndir). Evi (Kəbəni) həcc və ya ümrə yolu ilə (qaydası ilə) ziyarət edən şəxsin bunları təvaf etməsində (ətrafına dolanmasında) heç bir günah yoxdur. Hər kəs (vacibdən əlavə) könüllü olaraq yaxşı bir iş görərsə, Allah (onun etdiyi yaxşı işdən) razı qalandır (əvəzini verəndir), (onu) biləndir.
159.    Kitabda (Tövratda) insanlara bəyan etdikdən sonra nazil etdiyimiz açıq-aşkar dəlilləri və hidayəti gizlədənlər Allahın lənətinə düçar olar və (bütün) lənət edə biləcək kimsələr də onlara lənət oxuyar!
160.    Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm!
161.    Kafir olanlara və kafir olaraq ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!
162.    Onlar həmişəlik lənət içərisində qalarlar. (Qiyamətdə) onların əzabı əskilməz və üzlərinə də baxılmaz (üzrləri qəbul olunmaz).
163.    Sizin tanrınız bir olan Allahdır, Ondan başqa tanrı yoxdur. O, rəhmlidir, mərhəmətlidir.
164.    Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır.
165.    İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər.
166.    O zaman tabe olunmuşlar (bütpərəstlərin rəisləri) tabe olanlardan (bütpərəstlərdən) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır.
167.    O zaman (bütpərəstlərə) tabe olanlar: “Əgər bir də (dünyaya) qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq”, -deyərlər. Beləcə (qiyamətdə) Allah onlara əməllərinin yalnız həsrətdən (peşmançılıqdan) ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər.
168.    Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-aşkar düşməndir.
169.    O sizə ancaq pis və murdar (həyasız) işlər görməyi və Allaha qarşı bilmədiklərinizi deməyi əmr edər.
170.    Onlara (bütpərəstlərə): “Allahın göndərdiyinə (Qurana) tabe olun!” -deyildiyi zaman, onlar: “Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik! “-deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə? (Yenədəmi onlara tabe olacaqlar?)
171.    Kafirlər səda və nidadan (çığırtı və bağırtıdan) başqa bir şey anlamayanlara (heyvanlara) bənzərlər. Onlar kar, lal və kordurlar. Buna görə də (haqqı) dərk etməzlər.
172.    Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!
173.    O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, rəhmlidir!
174.    Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) olanları (Peyğəmbərin vəsfini) gizlədənlərin və onun müqabilində bir az para alanların yedikləri qarınlarında ancaq oda dönəcəkdir. Qiyamət günü Allah onlarla danışmaz, (onları) təmizə çıxarmaz. Onları şiddətli əzab gözləyir!
175.    Onlar doğru yol əvəzinə sapiqlığı (zəlalət yolunu), bağışlanmaq əvəzinə əzabı satın almış kəslərdir. Onlar cəhənnəm oduna necə də səbirlidirlər!
176.    Bu (əzab) ondan ötrüdür ki, Allah kitabı (Tövratı, İncili və ya Quranı) haqq olaraq göndərmişdir. Lakin kitab barəsində müxtəlif rəydə olanlar (onun hökmlərinin bəzisini qəbul, bəzisini rədd edənlər, bəzisini gizlədənlər, bəzisini isə təhrif edib dəyişdirənlər), şübhəsiz ki, (həqiqətdən) uzaq bir nifaq içərisindədirlər.
177.    Yaxşı əməl heç də (namaz vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (səfər əsnasında pulu qurtarıb yolda qalan yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbir edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlar məhz onlardır. Müttəqilər də elə onlardır!
178.    Ey iman gətirənlər!(Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şiddətli əzab gözləyir!
179.    Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz.
180.    Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir.
181.    (Ölənin vəsiyyətini) eşitdikdən sonra onu dəyişənlər günah sahibi olarlar. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir.
182.    Hər kəs vəsiyyət edənin (öz vəsiyyətilə) səhv etməsindən və ya günaha batmasından ehtiyat edib (ədalət naminə vəsiyyətdə dəyişiklik edərək) varislərin arasını düzəltsə, ona heç bir günah yazılmaz. Allah bağışlayandır, rəhm edəndir!
183.    Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz!
184.    (Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
185.    Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə (ramazan hilalını görsə) onu oruc tutsun; Xəstələnənlər, yaxud səfərdə olanlar isə (tutmadıqları günlərin sayı qədər) başqa günlərdə tutsunlar.
186.    (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda81 söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.
187.    Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların libasısınız (bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik (xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini onlardan istəyin; sübh açılarkən sizin üçün ağ sap qara sapdan (dan yerinin ağartısı gecənin qaranlığından) fərqlənincəyə qədər yeyin-için; sonra gecəyə (günəş batana) qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, müttəqi olsunlar!
188.    Bir-birinizin mallarını haqsız yerə yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!
189.    (Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!
190.    (Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddi aşanları sevməz!
191.    Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən (Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir. Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın! Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!
192.    Əgər onlar (vuruşdan və Allaha şərik qoşmaqdan) vaz keçərlərsə, şübhəsiz, Allah bağışlayandır, rəhm edəndir!
193.    Fitnə (müşriklərin fitnəsi) aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla vuruşun; əgər onlar (bu cür hərəkətlərə) son qoyarlarsa (siz də onlarla vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur.
194.    (Döyüş) haram olan ay86 (hicrətin 7-ci ilinin Zülqədə ayı) (döyüş) haram olan ay (hicrətin 6-cı ilinin zülqədə ayı) müqabilindədir. Hörmətlər qarşılıqlıdır. Sizə qarşı həddini aşanlara siz də həmin ölçüdə həddi aşın (cavab verin). Allahdan qorxun (qədərindən artıq əvəz çıxmayın) və bilin ki, Allah müttəqilərlədir.
195.    (Malınızı) Allah yolunda xərcləyin. Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevir.
196.    Allahdan ötrü həcc və ümrə (kiçik həcc) əməllərini tam yerinə yetirin, əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurbanlıq göndərin, qurbanlıq öz yerinə (Minaya87) çatıncaya qədər başınızı qırxdırmayın. Əgər (ehramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneçiliyin aradan qalxmasına) əmin olduqda isə həcc vaxtına qədər ümrə ziyarətindən istifadə edən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdır ki, bu da tam on gün edir. Bu (ümrə ziyarəti) ailəsi Məscidülhəramda (Məkkədə və ətrafında) sakin olmayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
197.    Həcc (mövsümü) məlum olan aylardır (şəvval, zülqədə ayları və zülhiccənin birinci on günü). (Həmin aylarda) həcc ziyarəti vacib olan (həcci özünə vacib bilən) şəxsə həcdə olarkən (qadınla) yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq, dava-dalaş etmək yaramaz. Allah gördüyünüz hər bir yaxşı işi bilir. (Həcc və ya axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!
198.    (Həcc mövsümündə) Rəbbinizdən (ticarətlə) ruzi diləməniz sizin üçün günah deyildir. Ərəfatdan qayıdarkən Məşərülhəramda91 Allahı xatırlayın. Sizi doğru yola yönəltdiyi üçün Onu yada salın (Ona dua edin), çünki siz bundan əvvəl (doğru yolu) azanlardan idiniz!
199.    Sonra camaatın döndüyü yerdən siz də dönün! Allahdan bağışlanmaq diləyin, şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!
200.    Həcc mərasimini tamamlayıb qurtardıqda ata-babalarınızı (keçmişdə, Cahiliyyət dövründə fəxarətlə) yada saldığınız kimi, ondan da artıq Allahı yad edin! İnsanların bəzisi: “Ey Rəbbimiz, bizə nə verəcəksənsə, elə bu dünyada ver!”- deyirlər. Belə şəxslərin axirətdə heç bir payı yoxdur!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə