Hz.Musa və Hz.İsanın şəriəti

Şəriət insanların əməllərinin və cəmiyyətin tənzimi üçün nəzərdə tutulmuş qanunlar və hökmlər məcmusudur. Nuh, İbrahim, Musa, İsa və İslam peyğəmbəri (s) kimi böyük peyğəmbərlər şəriət sahibi olmuşlar. Allah qarşısında təslimçilik, Allaha itaət, qeyb və məada iman bütün İlahi dinlərin müştərək prinsipləridir. Bu prinsiplər İslam və din adı ilə tanınır. Amma ümmətlər istedadca fərqləndiyindən onların şəriətinə uyğun qanunlar tənzimlənmişdir.

Həzrət İsanın şəriəti elə Musanın şəriətidir. Tənbeh məqsədi ilə həzrət Musanın şəriətində müəyyən istisnalar mövcud olmuşdur. Amma İsa şəriətində uyğun qadağalar aradan qaldırılmışdır. Bu səbəbdən də bəziləri düşünürlər ki, həzrət İsanın şəriəti Musa şəriətindən fərqlidir.

Müqəddəs kitabın müəyyən məqamlarında Musa şəriətinin və Tövrat hökmlərinin hifzi tapşırılır. Məsələn, Matta İncilində deyilir: “Göy və yer durduqca Tövratdan bir nöqtəni dəyişmək sizə ünvanlanmış daimi bir tapşırıqdır. Ən kiçik hökmü pozan kəs göy aləmində ən kiçik sayılar. Amma əməl edib öyrədən ərş aləmində böyük olacaq.”[1]

Həzrət İsa və onun həvariləri Musa şəriətini qoruyurdular. Hər gün məbədə gedir, digər yəhudilər kimi Musa ayinlərini yerinə yetirirdilər. Onların dinini qəbul edənlərə uyğun göstərişləri yerinə yetirməyi tapşırırdılar. Onları yəhudilərdən fərqləndirən yalnız bir cəhət vardı. Məsihilər inanırdılar ki, həzrət İsa zühuru Bəni-İsrail peyğəmbərlərinin kitabında vəd olunmuş şəxsdir.”[2]

Matta İncilində deyilir: “Bir şəxs gəlib dedi: “Ey yaxşı ustad! Əbədilik tapmaq üçün nə iş görüm?” O dedi: “Nə üçün məni yaxşı çağırırsan? Hansı ki, Allahdan savayı yaxşı yoxdur. Yox əgər əbədiyyət istəyirsənsə, hökmlərə əməl et.”[3]

Eyni İncildə həzrət İsadan belə nəql olunur: “Güman etməyin ki, Tövrat və ya müqəddəs səhifələri aradan götürməyə gəlmişəm. Gəlişim batil etmək yox, tamamlamaq üçündür.”[4] Miladın əvvəllərində də bir qrup məsihi mühafizəkar (“əbiyyun” adlanırdılar) Musa şəriətini qorumaq əzmində idi. Onlar müqəddəs yazıları qoruyur, həftənin 7-ci gününü şənbə sayırdılar. Onların nəzərincə, Məsih imanı Musa şəriəti ilə birləşməli idi.[5]

 

ŞƏRİƏTDƏN UZAQLIQ

Məsihilik fəlsəfəsində gündəmə gəlmiş şəriətdən uzaqlıq məsələsi heç vəchlə qəbul olunası deyil. Əgər güman etsək ki, Allah-taala insanların imkansızlığını görüb şəriəti pərəstişlə əvəz etmişdir, şübhəsiz, yanılmış olarıq. Çünki Məsih özü şəriətin aradan qaldırılmasını batil saymışdır. Bu barədə Matta İncilində deyilir: “Bəli, məsihiyyətdə şəriəti aradan qaldıran Pavlos oldu. O aşkar dedi: “Artıq şəriət zərurətindən azad olmuşuq.”[6]

Pavlos deyir: “Şəriətə əməl etməklə kimsə Allah qarşısında kamil sayılmaz. Yalnız İsa Məsihə imanla ucalmaq olar. Biz özümüz də İsa Məsihə iman gətirmişik. Şəriət yox, İsaya inam yolu ilə yaxşı sayılmışıq. Təkcə biz yox, heç bir insanı şəriətə itaət ucaltmaz.”[7]

Hansı ki, Məsihin qardaşı Yaqub deyir: “İnsan təkcə imanla yox, əməllə adil olur.”[8]

Bəli, şəriət Pavlos və onun tərəfdarları vasitəsi ilə ortadan götürülmüşdür. Pavlosun risalələri şəriətə qarşı çıxışlarla doludur. O bu yolda çox cihad etmiş, üsul və şəriət tərəfdarlarını məğlub etmişdir.[9] Pavlos inanırdı ki, uşaq xətnə (sünnət) olunmamalı, ayinlər yerinə yetirilməməlidir.[10]

Pavlos həvariləri inandıra bildi ki, şəriəti qorumaq şüarlarından əl çəkmək lazımdır. Amma şəriət tərəfdarları da yerində oturmamışdı. Miladi 140-cı ildə Markiyun Pavlosun işini başa çatdırmaq üçün məsihiliyi yəhudilikdən ayırmaq məqsədi ilə Ruma gəldi. O dedi: “Pavlosa tabe olub yəhudi şəriətindən çıxanlar doğru yoldadır.”[11]

Miladi 5-ci əsrdə şəriəti dəstəkləyən və məsihilikdə şəriətin qorunması tərəfdarı olan Plaqiyus müxalif mövqedə dayanmış Aqustinlə üzbəüz gəlməli oldu. Nəhayət, miladi 231-ci ildə əfsəs şurasında Plaqiyus məhkum edildi.[12]

 

 MUSA ŞƏRİƏTİNİN ARADAN GÖTÜRÜLMƏSİ

“Sifri əmali-rusul” kitabında deyilir: “Elçilərin müjdələri nəticəsində bir çox büt-pərəstlər və Barnaba həzrət Məsihə iman gətirdi. Belə ki, yəhudilik ayinləri aradan qaldırıldı. Çünki Məsihə sonda qoşulanlar arasında da xətnə (övladın sünnəti) məsələsi yox idi.”[13]

Antakiyada Pavlos və Barnaba arasında bir tərəfdən, Məsihə iman gətirmiş yəhudilər digər tərəfdən çaxnaşma yarandı. Tərəflərdən biri Musa şəriətindəki xətnə məsələsi üzərində dayanırdı. Bildirilirdi ki, bu ayini icra etmədən nicat tapmaq mümkünsüzdür.[14] Amma Pavlos onlara qarşı çıxdı və məsihiliyə yenicə qoşulmuş bütpərəstlərin müdafiəsinə qalxdı.[15]

Onlar qərara gəldilər ki, Yerusəlimdəki elçi və şeyxlərin yanına gedib onların fikrini öyrənsinlər. Yerusəlimdə onlara bildirildi ki, qeyri-yəhudilər də Musa şəriətinə əməl edib xətnə (sünnət) ayinini yerinə yetirməlidir.”[16]

Pavlos təkid edirdi ki, şəriət hökmlərinə əməl etməkdən danışan bütün insanlar məlundur.[17] Pavlos düşünürdü ki, şəriət Allah tərəfindən olsa da, mələklər vasitəsilə göndərilmişdir və bu onun zəifliyini göstərir.[18] Başqa bir məqamda deyir: “Ey mənim qardaşlarım! Əməli olmayanın imanlıyam deməsinin nə faydası?!”[19] Doğrusu, əgər insan şəriətə əməl etməklə nicat tapmırsa, bəs Məsihdən öncəki peyğəmbərlərin və onların ardıcıllarının işi nədir? Məgər onlar Allaha imandən əlavə göstərişlərə əməl etməklə, iman və saleh əməl yolu ilə nicat tapmadılarmı?

Pavlosun təlimi məsihiləri əməldən çəkindirdi, əmələ münasibət zəiflədi. Əlbəttə ki, əməl olmayan yerdə avaralıq səhnəyə gəlir. Buna görə də məsihilik dünyasında yaranmış fəsada görə Pavlos ittiham edilməlidir. Belə bir məsuliyyət xüsusi ilə məzhəb başçısı üçün yetərincə ağırdır.

Bu gün də məsihi dünyasını ağuşuna almış fitnə-fəsad, əxlaqsızlıq Pavlosun fəlsəfəsindən qaynaqlanır. Çünki əksər günahkarlar İsa Məsihi Allahın oğlu olduğuna inanır, ona məhəbbətini bildirir, əməldə isə Məsihin göstərişlərindən boyun qaçırırlar. Onlar ümid edirlər ki, keşiş qarşısında günahları etiraf etməklə bağışlanacaqlar. Guya keşiş qarşısında etiraf insanın vicdanını rahatlaşdırır və yeni günahlar üçün yol açır.

 [1] Matta, 5-18.

[2] “Tarixi ədyan”, Can Binas, səh.611.

[3] Matta, 19-16.

[4] Matta, 5-17.

[5] Matta, 5-17.

[6] Nameyi Pavlos be rumiyan, bab 7, say 6.

[7] Nameyi Pavlos be Ğəllatiyan, bab 2, say 16.

[8] Nameyi Yaqub, bab 2, say 24.

[9] Tarixi ədyan, səh.614.

[10] Tarixi təməddun, 3-cü cild, səh.686.

[11] Tarixi təməddun, 3-cü cild, səh.708.

[12] Cəhani məzhəbi, səh.744.

[13] Əmali-ğəsl, 11-2.

[14] Həmin mənbə, 15-1.

[15] Məcməul-lahutil-kitabi, səh.446.

[16] Əmali rəsulan, 15-5.

[17] Ğəlatiyan, 3-10.

[18] Məcməul-lahutil-kitabi, səh.446.

[19] Nameyi-Yaqub, bab 2, say 14.