Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İBADƏT Əvvəl vaxtda qılınan namazın mənəvi təsiri

İBADƏT

Əvvəl vaxtda qılınan namazın mənəvi təsiri

Namaz insanı günahlardan qoruyur. Namaz qılan bir şəxs fikirləşsə ki, bir azdan Allahın hüzurunda dayanıb razu-niyaz edəcək, necə günah edər?! Təbii ki, insan həya edər. Beləcə günahlardan paklanar. Həzrət Peyğəmbərin(s) zamanında bir cavan oğlan hər gün gəlib peyğəmbərin(s) arxasında camaat namazı qılarmış. Amma günah əhli imiş. Səhabələr bunu bilirmişlər və bir gün Peyğəmbərə(s) xəbər verirlər. Cavabında Həzrət Rəsulullah(s) buyurur: “Ona bir söz deməyin. Axır ki, bir gün namaz o oğlanın əlindən tutub onu günahlardan saxlayacaq”.

Vacibatlarda müəyyən güzəştlər varsa da, namazda heç bir güzəşt yoxdur. Namazı təxirə salmaq mümkün olsa da onu hökmən yerinə yetirmək lazımdır. Məsələn zöhr namazı üçün 3 saat vaxt nəzərdə tutulubsa onun ilk 20 dəqiqəsi namazın əvvəl vaxtı hesab edilir. Bəs namazı əvvəl vaxtda qılmağın nə kimi fəzilətləri var?

Həzrət Rəsulullah(s) namazı ilk vaxtda qılana zamin olacağını söyləmişdir. Birinci ölüm anında ki, ölüm o şəxs üçün asan olar. Biri də Qiyamətdə. O Həzrət buyurur ki, “Qiyamətdə cəhənnəm odunun qarşısında duraram ki, o şəxsi yandırmasın”.

Qəzzaz adlı bir şəxs deyir: Həzrət İmam Rza (ə) bir neçə ələvini qarşılamaq üçün, evindən çıxdı və bu zaman namazın vaxtı çatdı. Həzrət (ə) yolunu yaxınlıqdakı qaladan saldı və bir qayanın kölgəsində oturub buyurdu: Azan ver. Ərz etdim: Gözləyək dostlarımız gəlib bizə qoşulsunlar. Həzrət (ə) buyurdu: Allah səni bağışlasın, heç vaxt bir səbəb olmadan ilk namazı təxirə salma. Həmişə vaxtın əvvəlinə riyaət et. Bu vaxt mən azan verdim və biz namaz qıldıq.

Qüdsi hədisdə buyurulur: “Sizlərdən hər kəs beşlik təşkil edən (gündəlik) namazları vaxtında qılsa və onların vaxtına həmişə riayət etsə, Qiyamət günü Mənimlə görüşəndə Mənim yanımda bir əhdi-peyman olacaq və onu həmin əhd vasitəsilə daxil edəcəyəm..”

Namazı ilk vaxtda qılmaqla iş bitmir. Çünki namazı namaz olaraq qəlbin hüzuru ilə qılmaq mühümdür. İnsan öz iradəsini, nəfsani istəklərini, iblis itaətini tərk etdiyinə görə mütəal Allah da ona belə bir məqam verər. Bu məqam, nəticə və faydalar hüzuri-qəlblə əldə olunar. İnsan, ruhunun sağlam olması və namazda hüzuri-qəlb tapması üçün yeyib-içdiyinə, danışığa diqqət yetirməlidir. Bütün əzalar: göz, qulaq, dil günahdan qorunmalıdır. Hətta bühudə deyilən bir söz belə insan qəlbini qaraldır, hicaba bürüyür. Namaza hazırlaşarkən əvvəl müqəddimələrə də diqqət yetirmək lazımdır. Çox gözəl olar ki, namazdan əvvəl namaz qılan Quran oxumaqla məşğul olsun və bu namaza bir mübarək giriş olacaqdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə