Cm.ax03282024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

Nəfsani xəstəlikləri müalicə etmək üçün, onları tanımaq lazımdır

«Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz». (“Qəsəs” 77).
Bu ayənin təfsirindən sonra bir hədis nəql edilmişdir ki, həmin hədisə görə insanın etdiyi hər bir fəsad – batini fəsaddır. Batini fəsad isə qəflətdən qaynaqlanır. İmam Sadiq (ə) bu hədisi nəql edərək həmin xəstəliyin müalicə yolunu da bizə bəyan etmişdir. İmam (ə) buyurur ki, batinimizdə olan simiclik və həsəd hissi bais olar ki, biz zahirdə də bu cür olaq. Vacib zəkatı verməkdən və ya yoxsullara yardım etməkdən boyun qaçıraq. Hər kim bu işləri görürsə, deməli batinindəki həsəd və simiclik hissinə qalib gəlmişdir. Bu, ali bir məqamdır. Ancaq əgər insan bu işə müvəffəq olmazsa, ən azı bu rəzil sifətlərin təsirini azaltmağa çalışmalıdır. Bu, çox mühüm bir mövzudur.
Bir gün şagirdləri Mərhum Əllamə Hillini şad və sevincli halda görür və ondan bu sevincin səbəbini soruşurlar. Alim buyurur: “Bu gün batinimə nəzər salanda gördüm ki, heç kimə həsəd aparmıram. Mən bu gün 25 illik zəhmətimin nəticəsini aldım”.
Həsəd kimi rəzil sifətlərin müalicəsi çətin və vaxt aparandır. İnsan qısa bir müddətdə onun kökünü kəsə bilməz. Lakin elə yollardan istifadə edə bilər ki, bu rəzil sifətlərin büruzə verməsinin qarşısını ala bilər.
İmam Sadiq (ə) buyurur ki, nəfsani xəstəliklərin qarşısını almağın yollarından biri - pis adətləri tərk etməkdir. Adətlər iki yerə bölünür: yaxşı adətlər və o şeylər ki, insan xeyir işlərdə ona adət edir. Misal üçün adət edir ki, namazını həmişə əvvəl vaxtda qılsın. Ya başqalarına əl tutsun. Bu, xeyirli adətdir. Xeyir adətləri tərk etmək - bəyənilməyən əməllərdəndir.
Lakin ikinci növ adətlər bəyənilməyən və pis adətlərdir. Misal üçün insan adət etmişdir ki, sübh namazını qılandan sonra yatsın. Bu təqva əhli yanında çirkin adət sayılır. Çünki bu vaxt İlahi inayətin xüsusi zamanıdır. İlahi övliyalar və Allah yolunun yolçuları bu zamanda yatmazdılar. Ona görə də bu adəti tərk etmək lazımdır. Bu iş bir qədər çətin olsa da, qarşısını almağa çalışın. Əgər yuxunuz gəlirsə, bayıra çıxın və ziyarətlərə yollanın. Din alimlərinin bir çoxu bu zamanda ya hərəmlərə gedərlər, ya da qəbir əhlini ziyarət edərlər.
Bəzi rəzil sifətlər insanın ona diqqət etməsindən irəli gəlir. Misal üçün insan əgər müəyyən şeyə çox diqqət edərsə, nəfsani hissləri güclənər. Ona görə də bəzi təqva əhli o yerdə ki, işıq və bər-bəzək çoxdur, misal üçün pasajlar, bazarlar ora getməyi sevmirlər. Bu, ona görə deyildir ki, onların ürəyi yoxdur. Xeyr, onlar çox yaxşı bilir ki, dünya nədir və axirət nədir. Onlar başa düşürlər ki, bu dünya bər-bəzəyi onları axirətdən qafil edə bilər.
İnsanı bu rəzil nəfsani sifətlərdən xilas edə biləcək yollardan biri də zikrdir. Yəni, daima zikr etməyi bacarmaqdır. Allaha diqqət etmək və zehninin Onunla məşğul olması bais olar ki, insan şəhvət hissinə qarşı laqeyd olsun. Əgər şeytan səni vəsvəsə edirsə, gərək ona qarşı laqeyd olasan və əksinə əməl edəsən.
O zaman ki, insan daima zikr edər, ürəyi zikr etməyə başlayar. Əgər insan ürəyi ilə zikr edərsə, şəhvətin kökünü kəsər. Ümid edirəm ki, Allah bizlərə də dil və ürək zikrini etmək tofiqini inayət edər.
Həzrət Sadiq (ə) buyurur ki, səy edin ki, hər bir işdə - istər kiçik olsun və istərsə də böyük - Allaha itaət edəsəniz. Baxın görün Allah həmin işə görə nə istəyir və Allahın əmri onunla bağlı necədir? Özünü vadar et ki, Allaha hər bir işində itaət edəsən. Hər bir hadisə baş verəndə, hər bir məclisə gedəndə və ya qalxanda və hər bir işində Allahdan qafil olmayasan. Əgər insan özünü bu işə vadar edə bilsə, qəflət onu tərk edər. Əgər qafil olmazsa, Allaha və Onun nemətlərinə diqqət edər.
İmamın (ə) buyurduğu növbəti yol - xəlqin cəfasına səbir etməkdir. Yəni insan nəfsini tərbiyə etməli və xəlqlə xoşrəftar olmalıdır. Bəzən insan istəyir ki, yaxın qohumları da Allah yolunun yolçusu olsunlar. Lakin buna nail ola bilməyəndə, məyus olur. Buna görə də bəzən özünə qarşı mehribansızlıq müşahidə edər və cəfa görər. Bəzən onu hətta xoşagəlməz ləqəblərlə çağırarlar. İmam (ə) buyurur ki, insan gərək özündə belə bir tutum hazır etsin ki, bu kimi çətinliklərə səbir edə bilsin. Əgər insan mərifət üzündən səbir edərsə, heç bir mənfi təsirlə üzləşməz. Ancaq əgər bu səbri mərifət üzündən olmazsa, çətin olar.
Qəflətdən və nəfsani xəstəliklərdən xilas olmaq üçün İmamın (ə) bizə verdiyi bu tövsiyələrə diqqət edək.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə