Cm.ax04182024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Əhlİ-Beyt (ə) İmam Əli (ə) Məqalələr Qədir-Xum bayramı – İslamın böyük günüdür

Qədir-Xum bayramı – İslamın böyük günüdür

Qədir-Xum bayramı İslam dininin izzət və davamlığı üçün mühüm bayramlardan biri sayılır. İslam Peyğəmbəri (s) son həccindən geri qayıdan zaman risalətini yerinə yetirir, belə ki, Allah ona buyurmuşdu: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” 67).

Bu ayənin buyurduğu kimi, Həzrət Peyğəmbər (s) öz vəsisi olan Əli ibni Əbitalibin (ə) onun canişini olduğunu elan etməli və dini kamilləşdirməli idi. Həzrət Peyğəmbər (s) Qədir-Xum adlanan yerdə dayanır və bir təpənin üzərinə çıxaraq, İmam Əlinin (ə) əlini göyə qaldırır və onun vilayətini elan edir. Bu gün vilayət bayramı kimi, Qədir-Xum bayramı adlandırılır. (Avini)
Həzrət Peyğəmbər (s) və Məsum İmamlarımız (ə) İslamın həqiqi dayaqları olduğu üçün İslam dinini hər bir bəladan və təhlükədən qoruyurdular. Bunun üçün əllərinə düşən hər bir fürsətdən bəhrələnirdilər. Həzrət Peyğəmbər (s) də əyridüşüncəli insanların fitnəsindən uzaq olmaq üçün, Qədir-Xum adlanan yerdə öz vəzifəsini yerinə yetirir.

Qədir-Xum bayramı Həzrət Fatimənin (s.ə) dilindən
Bir gün Həzrəti Fatimə (s.ə) Həmzənin qəbri üstündə dayanmışdı və əzadarlıq edirdi. Məhmud ibni Ləbid bu fürsəti qənimət bilib, Xanımdan (s.ə) soruşur: “Ey Allahın Peyğəmbərinin (s) qızı, Əli ibni Əbutalibin (ə) imamətinə aid Peyğəmbərdən (s) eşitdiklərin yadındadır?”. Xanım (s.ə) buyurur: “Çox qəribədir! Böyük Qədir-Xum bayramını unutmusan? Allahı şahid tuturam ki, özüm eşitmişəm, o böyük insan buyurub:“Əli (ə) sizin aranızda qərar verdiyim ən yaxşı canışındır. Əli (ə) İmam və məndən sonra xəlifədir. İki övladı Həsən (ə) və Hüseyn (ə) və Hüseyndən (ə) olacaq doqquz övladı pak İmamlardırlar. Əgər onlara itaət etsəniz, sizi hidayət edəcəklər. Əgər onlarla müxalifətlik etsəniz, Qiyamət gününə qədər sizin aranızda təfriqə hakim olacaqdır””.

İmam Əlinin (ə) mübarək dilindən
Səlim ibni Qeys Həlali nəql edir: “Osmanın xəlifə olduğu dövrdə Nəbi (s) məscidində əyləşmişdim. Məsciddə bir toplum söhbət edirdi. Əli ibni Əbutalib (ə) ayağa qalxdı və İslam dininə etdiyi keçmiş xidmətlərini yada saldı və hamı da onu təsdiqlədi. O, Qədir-Xum haqqında belə buyurdu: “İnsanlar Peyğəmbərdən (s) vilayət haqqında soruşdular. Bu zaman Allah Peyğəmbərə (s) əmr etdi ki, özündən sonrakı xəlifəni və canişini elan etsin. Necə ki, namaz, oruc, zəkat.. haqqındakı xırdalıqları bəyan edirdi. Peyğəmbər (s) Qədir-Xumda məni belə tanıtdı: “Ey insanlar! Bilirsinizmi ki, Allah mənim Vəlim və Rəhbərimdir? Mən də siz möminlərin vəlisi və rəhbəriyəm? Mən sizin canlarınıza sizdən də layiqliyəm”. Hamı cavab verdi: “Belədir, ey Allahın Peyğəmbəri!” Buyurdu: “Əli (ə), ayağa qalx!”. Mən ayağa qalxdım və bu zaman buyurdu: “O kəsin ki, vəlisi və rəhbəri mənəm, Əli ibni Əbutalibin (ə) onun üzərində vilayəti vardır. Allahım, hər kim Əlini (ə) sevər, Sən də onu sev. Hər kim Əlini (ə) düşmən bilər, Sən də onu düşmən bil””.

İmam Əlinin (ə) Qədir xütbəsi
Əli ibn Əbutalibin (ə) zahiri xilafəti dövrü Qədir-Xum bayramına təsadüf etmişdi. Cümə günü idi və o, insanların qarşısında xütbə deyir. Hüseyn ibni Əli (ə) nəql edir: “O, əvvəl Həzrət Haqqa həmd deyir. Rübubi sifətlərini sayır. Hakimiyyəti Ondan bilir. Nemətlərini diqqət mərkəzinə gətirir və insanlara xitab edərək buyurur: “Allah Təala bu gün iki bayramı bir zamanda sizin üçün qərar vermişdir. Bu iki bayramın hər birinin fəlsəfəsi o birisinə təkamül bəxş edir. Hər birinin vasitəsilə o birisinə hidayət təsir qoyur. Allahın yeganəliyində tövhid və imana etiraf, Peyğəmbərin (s) nübuvvəti olmadan qəbul olmaz. Peyğəmbərin (s) dini və şəriəti isə Allahın vilayət üçün əmr etdiyi kəsin vilayətini qəbul etmədən, qəbul olmaz. Bütün bu işlər vilayət əhlinə təvəssül etmədən sahmana düşməz. Allah Qədir-Xum günündə seçilmişləri üçün iradə etdiyini Peyğəmbərə (s) nazil etdi. Ona əmr etdi ki, vilayət və vəsiliyi elan etsin. Kafirlərdən və münafiqlərdən bu fürsəti alsın. Qədir-Xum gününün məqamı böyükdür. O günü hüccəti hamıya tamam oldu. Bu gün təkamül günü və əhdə vəfa günüdür. Bu gün küfr və nifaq müqavilələrinin üzərindən pərdələrin götürülməsi günüdür. İslamın əsl həqiqətinin aşkar olduğu gündür. Şeytanın xarlıq və zillət günüdür. Bürhan və dəlil günüdür. Allah bəndələrinin imtahan günüdür. Qəlblərdə gizlənən kinin aşkar olduğu gündür.
Allahın rəhməti olsun sizə, ey müsəlmanlar! Bu cəmdən ayrılandan sonra bayram keçirin. Ev əhlinə və qohumlarınıza neməti genişləndirin, yaxşılıq edin! Din qardaşlarınıza gücünüz çatdığı qədər yaxşılıq edin. Allahın sizə verdiyi nemətlərə görə şükür edin. Bir-birinizin yanında toplaşın ki, Allah da sizin toplumunuzu daha da genişləndirsin. Bir-birinizə yaxşılıq edin ki, Allah da sizə daha çox ülfət və mühribanlıq etsin. Bir-birinizi təbrik edin. Gülərüzlə bir-birinizi qucaqlayın. Sizdən kömək gözləyən ehtiyaclı insanların ziyarətinə gedin və onlarla bir yerdə yemək yeyin. Qədir-Xum günü yoxsula verilən bir dirhəm 200 min dirhəmə bərabərdir. Bir-birinizlə görüşən zaman əl verin və bir-birinizi təbrik edin. Salam verin ki, Peyğəmbər (s) mənə belə əmr etmişdir”.
Bəli, İslam dininin bu əzəmətli bayramında Məsumlar (ə) bizə tövsiyə edir ki, bayram keçirək, bayram əhval-ruhiyyəsində olaq. Ailə üzvlərimizi, qohumlarımızı sevindirək. Bir-birimizi təbrik edək. Bacardığımız qədər insanlara yaxşılıq edək.
Vilayət bayramınız mübarək olsun!
Qədir-Xum bayramınız mübarək olsun!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə