Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

MƏNZİLƏT HƏDİSİ

Əziz Peyğəmbərimizin(s) məsum Əhli-beytindən sayılan Əmirəl-Möminin İmam Əlinin (ə) fəzilət, üstünlüyünü göstərən (və ən əsas da imamətini sübut edən – red.) hədislərdən biri də “Mənzilət” (Mənsubiyyət) hədisidir.
Həm Əhli-beyt, həm də Əhli-sünnə məzhəblərinin kitablarında mövcud olan və eyni zamanda səhih və mütəvatir hədis sayılan “Mənzilət” hədisinə əsasən, İslam Peyğəmbəri (s) Həzrət Əlinin(ə) ona olan mənsubiyətini, Harunun (ə) Musa Peyğəmbərə (ə) olan mənsubiyyəti kimi izah etmişdir. Məlum olduğu kimi, Harun (ə) Musa Peyğəmbər üçün vəzir, dayaq, canişin olmuşdur.
Bu hissədə “Mənzilət” hədisini aşağıdakı fəsillər əsasında araşdıracaq və müəyyən nəticələr əldə edəcəyik:
Birinci fəsil: Hədis mənbələrinə baxış;
Ikinci fəsil; “Mənzilət” hədisinin raviləri və deyiliş zamanı;
Üçüncü fəsil; Həzrət Əlinin (ə) Harun Peyğəmbərə (ə) bənzədilməsində məqsəd nədir?
Dödürncü fəsil: “Mənzilət” hədisində mövcud olan həqiqətlər və incə məqamlar;
Öncə qeyd etdiyimiz kimi, bu hədis sənəd baxımından həm səhih həm də mütəvatir sayılan mötəbər hədislərdəndir.

BİRİNCİ FƏSİL: HƏDİS MƏNBƏLƏRİNƏ BİR BAXIŞ

“Mənzilət” hədisi həm Əhli-beyt, həm də Əhli-sünnə məzhəblərinin bir çox hədis, təfsir və tarix kitablarında nəql olunmuşdur. Bu fəsildə onladan bir-neçə nümunəni qeyd edirik:

“Mənzilət” hədisi Əhli-beyt (ə) məzhəbinin mənbələrində

1. Şeyx Mühəmməd ibn Məsud əl-Əyyaşi (vəfatı; 320 h.q) “Təfsirul-Əyyaşi” kitabında Hənnan ibn Sədirdən o da atasından o da İmam Baqirdən (ə) nəql etmişdir ki, İslam Peyğəmbəri (s) “Qədir –Xum”da Əli ibn Əbu-Talibin rəhbərliyini elan etdkdən sonra belə buyurmuşdur:

فانه مني و انا منه و هو مني بمنزلة هارون من موسي الا انه لا نبي بعدي.

“O (Əli) məndən, mən də ondanam. Onun mənə mənsubiyyəti, Harunun Musaya olan mənsubiyyəti kimidir. Lakin məndən sonra heç bir peyğəmbər olmayacaqdır”1

2. Şeyx Küleyni (vəfatı: 329 h.q) “Rauzətul - kafi” kitabında Sabit ibn Əbi Səidədən İmam Sadiqdən (ə) Həzrət Peyğəmbərin (s) Əli ibn Əbu-Talibə (ə) belə buyurduğunu nəql etmişdir:

انت مني بمنزلة هارون من موسي الا انه لا نبي بعدي.

“Sənin mənə mənsubiyyətin Harunun Musaya (ə) olan mənsubiyyəti kimidir. Lakin məndən sonra heç bir peyğəmbər olmayacaqdır”. 2

3. Şeyx Səduq (385-460 h.q.) “əl-Əmali” kitabında Həzrəti Peyğəmbərin (s) belə buyurduğunu nəql etmişdir:

يا علي انت مني بمنزلة هارون من موسي غيري انه لا نبي بعدي.

“Ya Əli! Sənin mənə mənsubiyyətin Harunun Musaya (ə) olan mənsubiyyəti kimidir. Lakin məndən sonra heç bir peyğəmbər olmayacaqdır”. 3

4. Şeyx Tusi (385-460) h.q.) “əl-Əmali” kitabında Cabir ibn Səmurədən nəql etmişdir ki, İslam Peyğəmbəri (s) Həzrət Əliyə (ə) belə buyurdu:

انت مني بمنزلة هارون من موسي الا انه لا نبي بعدي.

“Sənin mənə mənsubiyyətin Harunun Musaya (ə) olan mənsubiyyəti kimidir. Lakin məndən sonra heç bir peyğəmbər olmayacaqdır”. 4


5. Şeyx Tusi “əl-Əmali” kitabının digər bir hədisində Əbu-Tüfeyldən nəql etmişdir ki, İmam Əli (ə.s) Şura məclisində məclis iştirakçılarına dedi:

فانشدكم بالله هل فيكم احد قال له رسول الله (صلي الله عليه و آله) انت مني بمنزلة هارون من موسي غيري؟- .قالوا اللهم لا…

“Sizi Allaha and verirəm ki, deyin görüm, Həzrət Peyğəmbər (s) məndən başqa birinizə, “Sənin mənə olan mənsubiyyətin Harunun Musaya olan mənsubiyyəti kimidir. Lakin məndən sonra heç bir peyğəmbər olmayacaqdır” sözünü demişdirmi?” Onlar dedilər: “Xeyr...”. 5

6. Seyyid Haşim Bəhrani (vəfat: 1109 h.q.) Ğayəul-məram” kitabında nəql etmişdir ki, İslam Peyğəmbəri (s) Təbuk döyüşünə gedərkən, Həzrət Əliyə (ə) buyurdu:

الا ترضي ان تكون مني بمنزلة هارون من موسي الا انه لا نبي بعدي.

“Sən mənimlə müqayisədə Harunun Musaya mənsub olduğu kimi olmağından razı deyilsənmi? Amma məndən sonra heç bir Peyğəmbər gəlməyəcəkdir”.6

7. Əllamə Məclisi (vəfatı: 1111 h.q.) isə “Biharul-Ənvar” kitabında nəql etmişdir ki, İslam Peyğəmbəri (s) Mədinəyə hicrət etdikdən sonra müsəlmanları bir-iri ilə qardaş etdi.
Həzrət Əli (ə) tək qaldığı üçün kədərləndikdə isə, Peyğəmbər (s) ona belə buyurdu:

انت مني بمنزلة هارون من موسي الا انه لا نبي بعدي.

“Sənin mənə mənsubiyyətin Harunun Musaya (ə) olan mənsubiyyəti kimidir. Lakin məndən sonra heç bir peyğəmbər olmayacaqdır”. 7

1. “Təfsirul-Əyyaşi, 1/332/153
2. “Rauzətul-kafi”, Şeyx Küleyni, səh:106-107, hədis/80. (bu hədis, sənəd baxımından səhih hədislərdən sayılır.)
3. “Əl-Əmali”, Şeyx Səduq, 332/10
4. “Əl-Əmali”, Şeyx Tusi, 253/45
5. “Əl-Əmali”, Şeyx Tusi, 233/7
6. “Ğayətul-Məram”, Bəhrani, 2/84/21. (Qeyd etmək lazımdır ki, Seyyid Haşim Bəhrani öz kitabında bu hədisi 100 yolla Əhli-sünnə, 70 yolla isə Əhli-beyt məzhəbləri tərəfindən nəql etmiş və bu hədisi “mütəvatir” adlandırmışdır.
7. “Biharul-Ənvar”, Əllamə Məclisi, 38/334/7

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə