Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar TƏVƏKKÜLSÜZ İNANC?! (1)

Ədəbi yazılar

TƏVƏKKÜLSÜZ İNANC?! (1)

İman aləminin ən yüksək pillələrindən və ən ali şöbələrindən sayılan bir xüsusiyyətdir təvəkkül. Möminə xas olan sifətlərdən biridir. Seçilməsi bəyənilən deyil, seçməsə imanında qüsur olması məsələsidir təvəkkül. Rəbbani bəndələrin, peyğəmbər və övliyaların yüksək məqamlarına xas olan bir xislətdir. Rəbbimiz təvəkkülü bizə Qurani Kərimdə dəfələrlə müxtəlif sifət və hallarda qeyd etmişdir.
Təvəkkülün qısa mənası ərəb dilindən bizim dilimizə keçərək vəkil tutmaq, güvənmək, etibar etmək, kiməsə və ya nəyəsə arxalanmaq, söykənmək deməkdir. Amma bütün bu leksik və ya qrammatik mənaları bir kənara qoyaraq Rəbbimiz bizdən niyə təvəkkül istəyir, təvəkkül nədir və necə olur deyə bir araşdırma aparmağa çalışaq.

İbn əl-Qeyyimin sözlərindən bəhrələnərək təvəkkül belə izah olunur; Təvəkkül - Allahı və Onun ali sifətlərini tanımaq və dərk etməklə başlayar. Uca Yaradanın qüdrətini, qüvvətini və heç nədən aciz olmadığını anlamaq gərəkdir. Bütün işlər və hadisələr Onun bildiyindən kənara çıxmaz və hər şey Onun istəyi ilə baş tutar. Bunu bilməklə bəndə təvəkkülün ilk addımını atmış olur. Rəbbinin sifətlərini tanıyır və Onu olduğu kimi qəbul edir.
Qəlbdə tövhid olmadıqca, Allahın tək olaraq ibadətə layiq və hər şeyə qadir olduğunu qəbul etmədikcə təvəkkül haqqında söz açıla bilməz. Qəlbində Rəbbinə ayırdığı yerdən daha böyüyünü başqa şeyə ayırıbsa, yaxud Rəbbiylə bərabər başqa amilləri də eyni səviyyədə mühüm sayırsa Allaha necə güvənə bilər insan?! Rəbbiylə bərabər başqasına üz tutarsa, yaxud Ondan öncə başqasını düşünərsə Allaha etibar edə bilərmi insan?!

İmam Əhməd deyir ki; “Təvəkkül bir qəlb məsələsidir. Zahiri olaraq bir hərəkət yaxud dillə deyiləcək bir söz deyil. Nə də müəyyən bir elmi maddə deyil ki, onu əldə etmək və ya mənimsəmək olsun.”
Bəziləri də təvəkkülün yalnız qəlb aləminə aid olan elm və ya bilik olduğunu iddia edirlər.
Bəzən də təvəkkülə tam sakitlik və mülayimlik halı adı verilir. Qəlbin daim sakit və həyəcansız olması təvəkküldür deyirlər. Bu, meyidin yuyulması kimi bir şeydir. Təvəkkülü olan insan, yuyulan meyid kimi mürdəşirin hərəkətlərinə reaksiya verməz. Yəni Rəbbin yazdığı, qoyduğu qədərdə nə baş verərsə, ona qarşı olmaz, qədərə boyun əyər.
Həm də təvəkkülün razılıq halı olduğunu deyirlər. Hər verilən və hər baş verənə razı olmaq təvəkküldür.
Başqa alim və müfəssirlərin dediklərinə görə təvəkkül səbəblərdən asılı olmamaq, Allaha tam etibar etmək, arxayın olmaq və yalnız Allaha güvənməkdir.
Bütün tərif və açıqlamaları bir araya toplayıb, incələyək. Mənası belə alınır ki, təvəkkül Allaha tam etibar etmək, güvənmək və hər bir işdə ən birinci Onu düşünüb Ondan dəstək diləməkdir.

Təvəkkül bir ibadətdir, özü də qəlb ibadətlərinin ən üstünlərindəndir.
Təvəkkül bir əxlaqdır, iman əxlaqının ən yüksəklərindəndir.
Qəlbi və ağlı dünya işlərindən ayrılmayan, dərd çəkən, ağrıyan, bədəni yoran, nəfsinı sıxan, gecələri oyaq qalan və dünya həyatı üçün əziyyətlər çəkən insan Allaha necə güvənibdir?! Ruzini verən Allah deyilmi?! Hər şey Yaradanın əlində deyilmi?! Çox zaman insanlar çörəkpulu adı ilə elə zillətlərə düçar olur ki, çörək pulu üçün əyilir, əzilir, sınır, özü kimi bir məxluqun əlində olan çörəyə nail olmaq üçün hər cür alçaqlığa məruz qalır. Zaman keçdikcə özünə çörək pulu adı ilə bəhanələr tapır, beləcə rüşvətə, faizə, oğurluğa, yetim malına göz qoyur. İmam Abdullah bin Mübarək demişdir; “Bircə fils (qəpik) haram yeyibsə adam, Allaha heç təvəkkül etməmişdir.” “Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər!” (Ali İmran, 160).
Uca və Yaradan Rəbbimiz, peyğəmbərinə müraciət edərək Quranın 9 ayəsində Ona (s.a.s) təvəkkül etməyi əmr edir. Məkkədə nazil olan ayələrdə buyurur ki; “Göylərin və yerin qeybi Allaha məxsusdur (Onun elmindədir). Bütün işlər də axırda Ona (Allaha) qayıdacaqdır. (Ya Rəsulum!) Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə. Rəbbin nə etdiklərinizdən qafil deyildir!” (Hud, 123).
“Ölməz, (əbədi) Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. ” (Furqan, 58).
“Qüdrətli və Rəhmli olana təvəkkül et! O, səni (namaza) duranda da görür, səcdə edənlər içində hərəkət edəndə də. Həqiqətən də, O, Eşidəndir, Biləndir!” (Şuara, 217-220)
“Sən yalnız Allaha təvəkkül et! Çünki sən açıq-aydın haqq yoldasan.” (Nəml, 79).
Mədinədə nazil etdiyi ayələrdə isə Rəbbimiz belə əmr etmişdir elçisinə; “…Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (Ali İmran, 159).
“Onlar: “İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr (bir yerə yığışıb) sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allaha təvəkkül et! Qoruyan olaraq Allah yetər.” (Nisa, 81)
“Əgər onlar sülhə meyl etsələr, sən də ona meyl et və Allaha təvəkkül et! Həqiqətən, O, Eşidəndir, Biləndir.” (Ənfal, 61).
“Allaha təvəkkül et. Allahın (bütün işlərdə sənə) vəkil olması kifayət edər!” (Əhzab, 3).
“Kafirlərə və münafiqlərə itaət etmə. Onların əziyyətlərinə fikir vermə və Allaha təvəkkül et. Allahın Qoruyan olması kifayətdir.” (Əhzab, 48).

Yuxarıda yalnız Allahın Rəsuluna təvəkkül etməyi əmr etdiyi ayələrdir. Bundan əlavə Allah təala Rəsuluna və bütün möminlərə təvəkkül haqqında bir çox başqa ayələrdə də buyurmuşdur.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə