Cm.ax04252024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri Həzrət Əlini (ə) dərk edə bilmək üçün insana lazım olan 4 şərt

Şiə məqalələri

Həzrət Əlini (ə) dərk edə bilmək üçün insana lazım olan 4 şərt

Əmirəl-möminin (ə) – varlıq aləminin ən kamil insanlarındandır. Əgər ümumilikdə varlıq aləmini kamil bir insan şəklində təsəvvür etmək istəsəydik, bu, Əli ibni Əbitalib (ə) olardı. (Erfan)
Əhli-beytin (ə) pak ruhu bir nurdan xəlq olmuşdur. Pak və pakizədir. Əhli-beytin (ə) hər bir üzvü kamil insandır. Ancaq İmam Əlinin (ə) məqamı tamamilə başqadır. İmam Əli (ə) Qurana bərabər bir insan kimi tanıdılmışdır. Quran özü bütün səma kitablarından ən alisidir və dəyişməzidir. “Səqəleyn” hədisinə əsasən, kamil insan Qurana bərabər olan insandır. Heç bir halda ondan ayrılmazdır. Həmin hədisdə oxuyuruq: “Mən sizin aranızda iki dəyərli şeyi qoyuram. Biri Allahın kitabı olan Qurandır və o birisi idə mənim itrətim və Əlhi-beytimdir (ə). Əgər hər kim bu ikisinə əməl etsə, heç bir zaman yolunu azmaz. Bu ikisi bir-birindən ayrılmazdır, o zamana qədər ki, Kövsər hovuzunda mənə qovuşar”.
Bu hədisə əsasən Həzrət Əli (ə) kamil bir insan kimi Qurana bərabər və tay hesab olunmuşdur. Bütün İmamlar (ə) da belədir, lakin Əlinin (ə) məqamı daha ucadır.
Quran kimi Həzrət Əli (ə) də pakdır və hər bir çirkinlikdən uzaqdır. Necə ki, Quran buyurur: “Ona (həmin yazılmış lövhəyə cismanilik və günah tutqunluğundan) pak mələklərdən başqa heç kəs toxunmaz; bu Qur’anın xətlərinə (şəriətin buyurduğu qaydada paklanmış)paklardan başqa heç kəs toxunmaz; onun maariflərini əxlaqi rəzilətlərdən paklanmışlardan qeyrisi bilməz; onun arifanə həqiqətlərini yalnız, məbuddan qeyrisinə ürək bağlamayan paklar dərk edərlər”. (“Vaqiə” 79).”.
İmam Əlinin (ə) dövründə yaşayan insanların çoxu onun məqamını olduğu kimi dərk edə bilmədilər. Çünki, onlar sadəcə nəzər salırdılar, görmürdülər. Bəsirətləri yox idi. Allah bu insanlar haqqında Həzrət Peyğəmbərə (s) belə buyurur: “Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər”. (“Əraf” 198).
Həzrət Əlini (ə) o kəslər dərk edə bilər ki, varlıq aləminin həqiqətlərini ağıl bürhanı ilə dərk edərlər, “Nəhcul-bəlağə”ni mütaliə edərək, onun elm dənizində üzərlər. O kəslər ki, Allahın gözəl adlarını qəlb gözü ilə müşahidə edərlər və Allaha yəqin gözü ilə baxarlar, ancaq onlar Əlini (ə) dərk edə bilərlər.
Ona görə də Həzrət Əli (ə) də Quran kimi sirlər xəzinəsidir, hər kəs onu olduğu kimi dərk edə bilməz. Necə ki, Quranı zahirinə görə dərk edə bilmirlər.
Həzrət Əlini (ə) dərk etmək üçün dörd şey lazımdır: hiss, ağıl, qəlb və hədis yolu. Həzrətdən (ə) gələn hədislərin təfsiri sadə deyildir. Necə ki, Quran ayələrini təfsir edən xüsusi mütəxəsislər və alimlər vardır, İmam Əlinin (ə) kəlamlarını da təfsir edən belə alimlər mövcuddur.
Allah Təala Quranla bağlı buyurur: “Həqiqətən bu zikri (Qur’anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq”. (“Hicr” 9).
Həzrət Əli (ə) də ilk İmam kimi ümməti hər cür əyri düşüncəlilərdən və yolunu azmışlardan qorumuşdur. İmam Əli (ə) onunla bağlı ifrat və təfrit edən insanlar haqqında buyurur: “İki dəstə mənim barəmdə məhv olmuşdur: o dost ki, həddini aşar, o yalançı ki, məndə olmayanlar haqqında söz deyər”.
Həzrət Peyğəmbərin (s) bu məsum İmamla (ə) bağlılığını vilayət köklərində axtarmaq lazımdır. Çünki nübuvvətin batini elə həmin İlahi vilayətdir. Vilayət – nübuvvətin arxa və dayağıdır. Bunu “Mübahilə” ayəsində aydın görmək olar: “Buna görə də sənə elm gəldikdən sonra, onun barəsində (İsa Məsih (ə) haqqında) səninlə mübahisə edən (höcətləşən) kəsə de: «Gəlin biz öz oğullarımızı, siz öz oğullarınızı, biz öz qadınlarımızı, siz öz qadınlarınızı, biz özümüzü, siz də özünüzü (bizim canımız kimi olan kəsləri) çağıraq, sonra bir-birimizə nifrin edək, beləliklə Allahın lənətini yalançılara yağdıraq. (Həzrət Peyğəmbər bu hadisədə imam Həsənlə İmam Hüseyni – oğulları, Fatiməni - xanım və Əlini canı kimi «mübahilə»yə, yəni ayədə işarə olunan qarşılıqlı nifrin etmə mərasiminə apardı və kafirlər təslim oldular)”. (“Ali-İmran” 61). Bu ayədə təfsirçirlərin də dediyinə görə, İmam Əli (ə) Peyğəmbərin (s) canı kimi tanıdılmışdır.
Həzrət Peyğəmbər (s) Əmirəl-mömininə (ə) buyurur: “Sən o şeyi eşidirsən ki, mən eşidirəm və mənim gördüyüm şeyi görürsən”. İmam Əli (ə) bu haqda buyurur: “Mən vəhyin mənəvi və batini nurunu və Peyğəmbəri (s) mələkut gözümlə görürəm və nübuvvətin qeyb iyini qəlb hissi ilə idrak edirəm”.
Bəli, İmam Əli (ə) belə bir insan idi. O, Peyğəmbərin (s) İlahi vəhy nurunu qəlb bəsirəti ilə görər və nübuvvət ətrini dərk edərdi. Onun Peyğəmbərlə (s) qeybi bağları mövcud idi.
Beləliklə deyə bilərik ki, İmam Əli (ə) kamil bir insan kimi Yer üzünün xəlifəsi idi və bütün İlahi adların nişanəsi idi. O, bir tərəfdən varlıq aləminin məcmuəsinə bərabər idi, o biri tərəfdən Qurana bərabər idi, üçüncü tərəfdən isə Peyğəmbərin (s) canı və itrəti idi. O, sözün əsil mənasında Allahın yer üzərindəki xəlifəsi idi.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə