Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları İmam Huseynin (ə) dünyaya gəlişi

Məhərrəm yazıları

İmam Huseynin (ə) dünyaya gəlişi

İmam Əli (ə)-a dördüncü hicri-qəməri ilinin Şəban ayının 3-də Allah taala tərəfindən bir oğul əta edildi. Əli (ə) kimi müqəddəs bir kişinin varlığından mayalanıb, dünya qadınlarının sərvəri olan Fatimeyi-Zəhra (s.ə.) ətəyində dünyamıza hədiyyə kimi göndərilən bu vilayət günəşi öz gəlişi ilə könüllərə ümid, gözlərə işıq gətirdi.
Həzrət Peyğəmbər (s) bu şad xəbəri eşidən kimi sevinə-sevinə qızı Fatimeyi-Zəhranın evinə tərəf yola düşdü. Xanımlar xanımı olan Fatimeyi-Zəhranın (s.ə.) xidmətçisi Əsma uşağı ağ bələyə büküb Həzrəti Peyğəmbərin (s) hüzuruna gətirdi.

Əziz və hörmətli Peyğəmbərimiz (s) ona tərəf uzanmış qolların üstündə mışıl-mışıl yatan körpəyə xeyli diqqət kəsildi. Sonra onu ehmalca qucağına alıb sağ qulağına azan, sol qulağına isə iqamə oxudu... və bununla da Həzrət İmam Hüseyni (ə) birinci olaraq Allahın adı ilə yaxından tanış etdi.
Şərafətli və şəfaətli imamın təvəllüdünün yed-dinci günü Allah tərəfindən Böyük Peyğəmbərimizə (s) nazil olan mələk belə dedi: «Harun Musa Peyğəmbərə qardaş, dost və bütün çətinliklərdə onun köməyinə gələn bir sirdaş olduğu kimi, Əli (ə)-da sənin dostun və qardaşındır. Buna görə də bu uşağın adını Harunun oğlunun adı olan Şübeyr (ərəbcəsi Hüseyn) qoy!»
Beləliklə, Həzrət imam Hüseynin (ə) adı Allah taala tərəfindən qoyulmuş oldu.
İmam Hüseynin dünyaya gəlişinin yeddinci günü Fatimə (s.ə.) xanım oğlu üçün bir qoyun qurban kəsib yoxsullara payladı. Uşaq körpə ikən Həzrət a (s) onu dəfələrlə qucağına alıb onu öpər, ağlayar və belə buyurardı:
«Hüseyni qarşıda çox böyük bir müsibət gözləyir. Bəni Üməyyədən olan bir dəstə zalım, oğlumu öldürəcəkdir. Onlar qiyamət günü həmişəlik olaraq mənim şəfaətimdən məhrum olacaqlar».
Həzrəti Peyğəmbərimizin (s) yaşamış olduğu bütün ömür anlarında Hüseyn (ə) məhəbbəti böyük olmuşdur. Onun əshabından olan Salman Farsi bu barədə yazır: «Peyğəmbər (s) oğlu Hüseyni dizi üstündə oturdub onu öpərkən nəvaziş etdiyini gördüm. Bu zaman Həzrət belə buyurdu: «Sən imamsan, imamın oğlu və imamların atasısan. Sənin nəslindən doqquz imam dünyaya gələcəkdir ki, onların axırıncısı vəd olunmuş Mehdidir»».
Həzrət Peyğəmbər (s) İmam Hüseynə (ə) olan məhəbbəti və sevgisi aşağıdakı cümlədə öz əksini daha tam şəkildə birüzə verir: «Hüseyn məndən, mən də Hüseyndənəm. Hər kim Həsən və Hüseyni sevsə məni sevib, hər kəs onlara düşmənçilik etsə, mənimlə düşmənçilik edibdir».
Onların arasında olan məhəbbət bununla bitməyib. İmam Hüseyn (ə) ömrünün altı ilini babası Peyğəmbər (s) birlikdə keçirib. Babası vəfat etdikdən sonra İmam Hüseyn (ə) otuz il atası İmam Əli (ə)-la birlikdə yaşayaraq onun bütün dərdlərinə, çətinliklərinə şərik olmuş, həmişə atasının müdafiəsində dayanmışdır. Hələ altı yaşında olarkən bir dəfə babasının məclisinə gəlir. Bu vaxt ikinci xəlifə onun babasının minbəri üstündə oturub danışırdı. Bunu görən Hüseyn (ə) fəryad edib dedi:
«Babamın və atamın minbərindən düş. Ora sənin yerin deyil».
İmam Hüseyn (ə) atası İmam Əli (ə) xəlifəliyi dövründə fədakar və yorulmaz bir əsgər kimi İslamı müdafiə edir. O Həzrət dəfələrlə atası ilə çiyin-çiyinə döyüşmüşdür.
İmam Hüseyn (ə) atasının ölümündən sonra qardaşı İmam Həsəni rəsmən imam kimi qəbul etmiş, ona verilən sualları qardaşı olan İmam Həsənə həvalə etmişdir.
Dünya qadınlarının xanımı Fatimeyi-Zəhranın (s.ə.) dünyaya gətirmiş olduğu iki vilayət günəşindən biri İmam Həsən (ə) Müaviyə tərəfindən şəhid edildikdən sonra, İmam Əlinin (ə) ikinci oğlu İmam Hüseynin (ə) 46 yaşı vardı və o, xəlifəlik və imamət məqamına yetişmişdi. İmam Hüseyn (ə) çox yaxşı bilirdi ki, müsəlmanların başına gələn bütün bədbəxtliklər Müaviyə tərəfindəndir. Müaviyə hər cür hiylə və düşünülmüş, hazırlanmış planlarla İslam dininin əsasını məhv etməyə çalışır. Amma, o bu planları örtülü şəkildə həyata keçirməyə çalışır. Özünü elə aparır ki, güya İslam və müsəlmanların halına yanan yeganə adamdır. Elə buna görə də İmam Hüseyn (ə) onunla açıq mübarizə apara bilmirdi. İmam yaxşı bilirdi ki, açıq mübarizəyə başlasa onun taleyi də qardaşınınkı kimi olacaq. Ona görə də İmam tədbirli hərəkət etmək, ağıllı adamları öz tərəfinə çəkmək istəyirdi.
Müaviyənin ölümündən sonra onun yerinə keçən Yezid özünü İslam hökmdarı elan etdi. O, hakimiyyətini daha da möhkəmləndirmək üçün xalq içində hörməti olan adamlara məktub göndərərək onları beyət etməyə çağırdı. Bu məqsədlə Mədinə şəhərinin valisi Vəlidə də bir məktub yazdı. Ondan tələb etdi ki, Hüseyndən də beyət alıb göndərsin. Əgər beyət etməsə onu öldürüb başını Yezidə göndərsin. Müaviyə dəfələrlə, hətta ölüm yastığında olan vaxt da Yezidə demişdi ki, heç vaxt Hüseynlə işi olmasın. Çünki Müaviyə yaxşı bilirdi ki, bu işin axırı yaxşı olmayacaq. Amma, səfeh və xüdbin Yezid ona edilən nəsihətlərə məhəl qoymadan Hüseynə qarşı çıxdı.
Mədinə valisi Vəlid məktubun məzmununu Hüseyn (ə) oxuduqda ondan belə bir cavab aldı: «Mən şəhid olmağa hazıram. Bu murdar Yezidin İslama rəhbər və hakim olduğu gün İslamın ruhuna Fatihə oxumaq lazımdır.»
Hüseyn (ə) yaxşı bilirdi ki, Yezidə qarşı çıxdığı, ona beyət etmədiyi üçün o, daha orada qala bilməz. Elə buna görə də İmam Hüseyn (ə) və əshabı gecə ilə Mədinədən Məkkəyə yola düşdü. Hüseyn (ə) bu hərəkəti ilə Yezidə etiraz edirdi. Bu iş bütün Mədinəni ayağa qaldırmışdı. Daha sonra, xüsusilə İmamın hacılara nitq söyləyib, Yezidin hakimiyyətini tənqid etdiyi zaman Məkkə də ayağa qalxdı.
İmam Hüseyn (ə) bu hərəkəti Kufə və ətrafdakı şəhərlərə çox böyük təsir etmişdi. Xalq məsələnin nə yerdə olduğunu anlamışdı. Onlar Yezidin hakimiyyətinin haqq olmadığını, ona beyət etməyin İslama, eləcə də müsəlmanlara böyük xəyanət sayıldığını çox gözəl bilirdilər. Elə bu vaxt Kufə camaatı İmam Hüseyn (ə) Kufəyə dəvət etdilər. Onlar müxtəlif elçilər vasitəsilə Məkkəyə məktublar göndərərək İmam Hüseyn (ə) rəsmən Kufə şəhərinə çağırdılar.
İmam Hüseyn (ə)-ın həyatı ilə yaxından tanış olduqda belə nəticəyə gəlirik ki, onun məqsədi budur: «Yezidin hakimiyyətini rüsvay etmək, yaxşılığa əmr edib, onu pislikdən çəkindirmək üsülunu bərpa edib, zülmə qarşı durmaq. Bu öhdəlik Allahın ona verdiyi bir vəzifə idi. Babası Peyğəmbər (s) və atası Əli (ə) dəfələrlə övladlarının şəhid olacağını bəyan etmişdilər.
İmam Hüseyn (ə) özü də imamlıq elminə əsasən bilirdi ki, bu hicrətin sonunda şəhid olacaqdır. Amma İmam Hüseyn (ə) ölümdən, şəhid olmaqdan qorxan, Allahın əmrinə etinasız qalan bir kəs deyildi. O, Allahın onun üçün ayırmış olduğu bəlanı kəramət, şəhadəti isə səadət sayan bir adam idi. Elə ona görə də əmisi oğlu Müslümün şəhid olma xəbərini eşidəndə belə buyurdu: «Müslüm Allahın rəhmətinə qovuşdu. O, öz vəzifəsini yerinə yetirdi və bu öhdəliyin qalan yükünü bizim boynumuza qoydu. Ümid edirəm ki, tezliklə bu yükü məqsədə çatdıra biləcəyik».
İmam Hüseyn (ə) mərdlik və şücaətdən yoğrulmuş ilahi bir zat idi. Dəfələrlə məsləhət bildilər ki, Yezidə beyət edib, bu ölüm yolundan geri dönsün, dönmədi... Bilə-bilə, ölümün gözünə baxa-baxa ona tərəf getdi, öz əshabı ilə birlikdə şəhid oldu. Ailə üzvləri şəhid düşdülər və əsirlik paltarında Kərbəla şəhidlərinin missiyasını şəhərlərin küçə-bazarlarında olan xalqa çatdırdılar. Bu hərəkətləri ilə Bəni Üməyyənin törətmiş olduğu cinayətləri açıb, onları rüsvay etdilər.
İmam Hüseyn (ə) mərdlik və şücaət mücəssəməsi idi. O, əqidəsi və mənsub olduğu din yolunda ölümə getməyi bacaran bir yanar ulduz idi. Onun haqqında babası demişdi: «Hüseyn hidayət çırağı və ümmətin qurtuluş gəmisidir».
Döyüşdən əvvəl Hüseyn (ə) fəryad edir, bağırırdı: «Ey dünya əhli, bilin ki, müharibəni mən başlamadım. Bilin və agah olun ki, qılınca birinci mən əl atmadım. Cinayətkarlar nəslindən olan Yezid adlı bir murdar məni iki şeydən birini seçməyə vadar etdi! Ya qılınc çəkib dinimi və şərəfimi müdafiə etməli, ya da zillət və alçaqlığa boyun əyməliydim. Amma bilirsiniz ki, zillət və təslim olmaq bizdən çox uzaqdır. Mən zalımlara qarşı döyüşmək məcburiyyətindəyəm».
İmam Hüseyn (ə) Kərbəla çölünün susuz səhralarında sayı-sanbalı bilinməyən qoşunun qarşısına çıxanda əlindəki qılıncı başı üzərinə qaldırıb buyururdu: «Mən bilirəm ki, mənim şəhadətimdən sonra peşman olub bir-birinizi qınayacaqsınız. Elə buna görə də müharibəyə başlamazdan əvvəl görmək istədiyiniz işin haqqında düşünün. Bilin ki, mənim arxamda Allah durub və mən heç nədən qorxmuram. Mən babamdan belə buyurduğunu eşitmişəm: «Dünya kafirlərə cənnət, möminlərə isə zindandır. Ölüm bizim üçün şəhadət başlanğıcı, sizin üçün isə bədbəxtliyin əvvəlidir. Bu, dünya ilə o biri dünyanın arasında bir körpü vardır ki, o da ömürdür. Əgər siz müharibə etsəniz, biz də öz əshab və övladlarımızla müdafiə olunmağa başlayacağıq. Əgər qələbə çalsaq, bu bizim üçün təzə bir şey deyildir; əgər öldürülsək, dünya biləcək ki, biz məğlub olmamışıq»».

Onun üzərinə təxminən dörd min nəfər birdən ox atan və qılınc qaldıranların zərbindən və həmləsindən dünyasını dəyişən hər adam üçün o, belə deyirdi: «Pərvərdigara! Bu fədakarlığı bizdən qəbul elə!»

Yazılmış tarixi mənbələrə əsasən Hüseyn (ə) ilə əshabı hicri 61-ci ilin Məhərrəm ayının 10-u, şənbə günündə şəhadət şərbətini içib, gələcək nəsillərə şərəf və igidlik dərsi verdilər. Kərbəlada dünyanı və insanlığı sarsıdan bir faciə baş verdi. Bu faciədən sonra İmam Hüseynin (ə) qələbə çalması və Yezidin məğlubiyyətə uğramasının nişanələri aşkar oldu. Ona görə ki, xalq Hüseynin (ə) varislərini getdikləri hər yerdə sevgi ilə qarşılayır, onları bu hala salanlara lənət göndərirdilər. Hətta öz ailə arasında heç kimsə Yezidə hörmət bəsləmirdi, bəzi yaxın adamları belə ona etiraz edib, görmüş olduğu pis əməlinə görə onu qınayırdılar.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə