Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları HƏZRƏT ƏBÜLFƏZL-ABBASIN (Ə) ŞƏHADƏTİ

Məhərrəm yazıları

HƏZRƏT ƏBÜLFƏZL-ABBASIN (Ə) ŞƏHADƏTİ

 Ata-ana tərbiyəsi və ailə mühiti insan şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Həzrət Əbülfəzl (ə) də bu ümumi qanundan istisna oluna bilməz. Ümmül-Bənin kimi ananın qucağında tərbiyələnmək, Əmirəlmöminin Əli (ə) kimi atadan əxlaqi-mənəvi xüsusiyyətləri öyrənmək, imam Həsən (ə), imam Hüseyn (ə), xanım Zeynəb (s.ə.) və Ümmü-Gülsüm (s.ə.) kimi bacı-qardaşlarla birlikdə boya-başa çatmaq Əbülfəzl (fəzilət atası) yox, Əbülfəzail (fəzilətlər atası) yaradır. Lakin o həzrətin uşaqlıq çağlarını və imamların onun barəsində buyurduqları qiymətli kəlamları araşdırarkən məlum olur ki, onun gözəl əxlaqı, biliyi, təqvası, ibadəti, mərifəti, şücaəti və fədakarlığı mühitdən doğan şəxsi qazanc deyildir. Bu səciyyələrin bir hissəsi o həzrətdə zatidir ki, atası imam Əlidən (ə) irs aparmışdır.

Həzrət Əbülfəzl (ə) “Aşura” günü dəfələrlə imam Hüseynin (ə) hüzuruna gəlib meydana getmək üçün icazə istədi. Lakin o həzrət igid və qorxmaz bir şəxs olması ilə yanaşı, haqq ordusunun şərəfli bayrağı onun əlində dalğalandığından, hər dəfə öz niyyətini bildirdikdə, imam Hüseyn (ə) icazə vermir, onu fikrindən daşındıraraq buyururdu: “Sən mənim bayraqdarımsan!...” Nəhayət, imam Hüseynin (ə) ətrafındakıların hamısı şəhadətə yetdikdən sonra, həzrət Əbülfəzl (ə) yenə icazə istədikdə, İmam (ə) ona izn verdi. “Məqtəl”lərdə yazılır ki, həzrət Əbülfəzl (ə) dəfələrlə müraciət edərək imam Hüseyndən (ə) mənfi cavab eşitdikdə dedi: “Artıq sinəm sıxılır, meydana getmək istəyirəm.” İmam (ə) buyurdu: “İndi ki, getmək istəyirsən, get, ancaq bir az su tədarük et!”

Həzrət Əbülfəzl (ə) meydana getdi. Düşmən səflərini yarıb “Fərat”a daxil oldu. Tuluğu su ilə doldurdu. Özü də su içmək üçün ovcunu su ilə doldurub qurumuş dodaqlarına yaxınlaşdırdı. Lakin dərhal suyu boşaldıb, özünə müraciətlə belə dedi: “Ey nəfs, Hüseyn (ə) döyüş meydanına girdiyi halda, sən sərin su içirsən? And olsun Allaha! Mənim məsləkim mənə bu icazəni vermir!”

O həzrət dolu tuluqla çadırlara tərəf qayıdarkən, özünü düşmənin coşqun seli qarşısında görüb, bu rəcəzi oxumağa başladı: “Ölümün səsi qulağıma çatsa da, bədənim döyüş meydanında, qılınclar arasında gözdən itsə də, mən ölümdən qorxmuram. Mənim canım Mustafanın (s) pak övladına qurbandır...”

O həzrət suyu sonsuz məhəbbətlə çadırlara tərəf aparırdı. Bu zaman Nofəl əl-Əzrəq, başqa rəvayətə görə, Zeyd ibn Vərqa adlı bir düşmən xurma ağacının arxasında pusqu qurdu. O, namərdcəsinə Abbasa hücum edərək, Həzrətin sağ əlini kəsə bildi. O həzrət sağ əlini itirdikdə, öz əqidəsini iki beytdə belə bildirdi: “And olsun Allaha! Sağ əlimi kəsdiyinizə baxmayaraq, nə qədər ki, sağam, mən öz ayinimi, Peyğəmbərin (s) övladını, sədaqətli İmamımı və rəhbərimi müdafiə edəcəyəm.” Bəli, həzrət Əbülfəzl (ə) əlinin kəsilməsinə etina etmədən yoluna davam edirdi. Bu zaman Həkim ibn Tüfeyl adlı başqa bir düşmən pusqudan çıxaraq o həzrətin sol əlini də namərdcəsinə kəsdi. Elə bu an düşmən oxları yağış tək hər tərəfdən o həzrətin üstünə axışdı. Bir ox tuluğa, bir ox da Həzrətin sinəsinə dəydi. Bundan istifadə edən düşmən yaxından hücum edərək əmud zərbəsi ilə Həzrətin baş sümüyünü əzdi. Həzrət yerə yıxılıb ərz etdi: “Məndən sənə salam olsun, ey Əba-Əbdillah!”

İmam Hüseyn (ə) qardaşının səsini eşitcək, özünü ona yetirdi. Vəfalı qardaşının qana bələnmiş, parça-parça cəsədinin kənarında oturub kufəlilərə xitabən buyurdu: “Bu cinayətlə Allah rəhmətindən uzaq düşdünüz və özünüzü şiddətli oda atdınız...”

Bəli, imam Hüseyn (ə) millətin bədbəxtliyi üçün yanır, həzrət Əbülfəzl isə, özünü öz rəhbərinə, dinin şamına pərvanə hesab edir!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə