Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Həzrət Zeynəbin vəfasız kufəlilərə dediyi tarixi sözlər

Məhərrəm yazıları

Həzrət Zeynəbin vəfasız kufəlilərə dediyi tarixi sözlər

Həzrəti Zeynəb o böyük izdihamın və düşmən nizələrinin arasında Bəni Üməyyənin rüsvayçı əməl dəftərini ifşa etməklə, onları əbədiyyətə qədər rüsvay etdi, onlarda azacıq da olsa, izzət, şövkət qoymadı.
İslaminSesi - Artıq Məhərrəm ayının 12-i idi. İmam Hüseynin Əhli-beyti öncədən izzətli və hörmətli şəkildə qarşılandığı Kufədə bu dəfə əsir olaraq qarşılandılar. Əsirlər Ubeydullahın sarayı istiqamətdə hərəkətdə idi. Əsirlərin karvanında Həzrət Zeynəbi tanıyanlar oldu. Bir çoxları ağlaşır, İmam Hüseynə verdiyi yardım vədlərini yerinə yetirmədiklərinə görə, peşiman idilər.

Birdən əsirlərin içərisindən Zeynəbi Kübra (əleyha-salam) əli ilə işarə etdi ki, sakit! Hamı onu tanıdı. O, Əmirəl-mömininin (əleyhis-salam) qızıdır, uzun illər elə bu Kufədə bu camaatın yanında yaşamışdı. Hamı onun ehtiramına sakit oldu, hətta dəvələrin zınqırovlarının səsi də kəsildi, qorxunc bir sükut hər yeri bürüdü. Birdən o alimə xanım sözə başladı:

“Həmd olsun Mütəal Allaha, salam olsun Mühəmməd Rəsulullaha (səlləllahu əleyhi və alihi və səlləm) və onun övladlarına, yaxşı insanlara, pak insanlara.

Ey kufəlilər! Ey hiyləgər və riyakar camaat, ey vəfasızlar, əhd-peyman pozanlar. Bizə ağlayır, göz yaşı axıdırsınızmı? Bizə təəssüflənirsinizmi? Həmişə göz yaşınız axar olsun, nalələriniz kəsilməsin. Çünki bizim gözlərimizi ağlar, qəlbimizə dağ vurdunuz. Siz saçlarını yaxşı-yaxşı darayıb sonra hörüklərinin hamısını açıb bir-birinə qırışdıran arvada oxşayırsınız. Siz əvvəl də məkr, hiylə ilə saçlarınızı möhkəm hördünüz, sonra isə açdınız. Sizin aranızda yalandan, xudbinlikdən, fitnə-fəsaddan, düşmənçilikdən başqa bir şey yoxdur.

Siz kənizlər kimi yaltaqlanır, düşmənlər kimi hiylə işlədirsiniz. Siz eynilə zibillikdə göyərən bitgiyə, qəbrə zinət verən gümüşə bənzəyirsiniz.
Doğrudan da axirətiniz üçün nə qədər də pis azuqə toplamısınız! Çünki Allahı qəzəbləndirmiş, özünüz üçün əbədi əzab hazırlamısınız. Bizi öldürəndan sonra halımıza ağlayırsınızmı? Allaha and olsun ki, ağlamağa layiqsiniz; daha çox ağlayıb, az gülün; çünki siz öz adınıza elə bir əbədi rüsvayçılıq damğası vurmusunuz ki, heç bir su onu pak etməz. Xatəmən-nəbinin ciyər parasını, behişt əhlinin cavanlarının ağasını, öz əməlisaleh adamlarınızın pənahgahı olan bir insanı öldürməyi necə cübran edəcəksiniz? Hər halda və hər hadisədə ona pənah aparırdınız, o sizin qanunlarınızı icra edirdi, düşmənlərlə höcətlətməşdə sizin yol göstərəniniz idi, narahatçılıq baş verəndə, ona təvəssül edirdiniz. O sizin böyüyünüz idi, şəriət hökmlərini ondan öyrənirdiniz. Ey camaat! Çox piis bir günaha batmısınız. və qiyamətiniz üçün çox pis bir şey hazırlamısınız. Ölüm olsun sizə, məhv olasınız! Sizin səyləriniz daha fayda verməyəcək. Əlləriniz qırılsın. Özünüz üçün ziyan zərər yığmısınız. Dünya və axirət ziyanına düçar, ilahi əzaba layiq olmusunuz. Xarlıq və yoxsulluq sizə qələbə çaldı. Vay olsun sizə, ey Kufə camaatı! Heç bilirsinizmi ki, Allah Peyğəmbərinin hansı ciyərinin parçalamısınız? Peyğəmbərin hansı hörmətini tapdalamısınız? Və necə ismət hərəmlərini pərdəsiz çölə salıb, əsir etmisiiz? Ey camaat, böyük bir zülm, son dərəcədə çirkin bir iş görmüsünüz, az qalır ki, sizin bəd əməllərinizdən asimanlar yarılsın, yer parçalansın, qayalar uçsun. Sizin iyrənc işləriniz, rüsvayçı hərəkətləriniz yerləri, göyləri bürümüşdür. Göydən qan yağmasına təəccüb edirsinizmi? Amma bilin ki, axirət əzabınız ən şiddətli tərzdə, xaredici, rüsvayedici olacaqdır. Heç kəs sizə kömək etməyəcək. Allahın sizə verdiyi bu möhlət əzabınızı heç də yüngülləşdirməyəcək, çünki, O, günahkarları cəzalandırmaqda heç vaxt tələsməz; O, intiqam vaxtının keçib getməsindən heç də qorxmur. Bilin ki, Allah pusquda, günahkarların intizarındadır.”

Həzrəti Zeynəb (əleyha-salam) əli ilə işarə etdi ki, hamı sakit olsun. Onlar səslərini elə kəsdilər ki, elə bil nəfəslər sinələrdə həbs edilmişdi. Çoxları belə bir kütləni sakitləşdirməyə, səs-küylərini yatırtmağa qadir deyildi, lakin Zeynəbin peyğəmbərcəsinə olan ilahi heybəti, onların dillərini qurutdu. Sonra öz ildırım kimi gurultulu xütbəsini xatircəmliklə, sonsuz şücaətlə və vüqarla axıra kimi söylədi.

Həzrəti Zeynəb o böyük izdihamın içərisində, daha doğrusu, düşmən nizələrinin arasında Bəni Üməyyənin rüsvayçı əməl dəftərini ifşa etməklə, onları əbədiyyətə qədər rüsvay etdi, onlarda azacıq da olsa, izzət, şövkət qoymadı. Ravi deyir: Camaat pərişanlıq və peşmançılığın şiddətindən xəcalətli halda başlarını aşaağı salaraq hönkür-hönkür ağlayırdılar. Nübüvvət sülaləsinin, risalət mədəninin, behişt cavanlarının sərvərinin qətlə yetirilməsi kimi qara ləkəni özlərindən necə dəf edəcəklərini bilmirdilər. Artıq iş-işdən keçmişdi, əbədi ziyankarlığı, ilahi qəzəbi özləri üçün satın almışdılar, dünya rüsvayçılığını özlərində görmüşdülər. Bəli, axirət əzabı daha çətin, üzücüdür. Əgər bunu bilsəydilər!

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə