Çr04242024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Tarixin ən faciəli günü - Aşura

Məhərrəm yazıları

Tarixin ən faciəli günü - Aşura


Aşura ərəb sözüdür və onuncu deməkdir. Kərbəla hadisəsindən öncə də Aşura gününə müsəlmanlar arasında özünəməxsus şəkildə önəm verilirdi. Lakin hicrətin 61-ci ilində Məhərrəm ayının 10-da İmam Hüseyn və onun 72 sirdaşı İraqın Neynəva əyalətində Kərbəla səhrasında zalım Bəni-Üməyyə hakimi Yezid ibn Müaviyə tərəfindən şəhid edilir. İmam Hüseynlə (ə) birgə bütün 72 nəfərin başı bədənindən ayrılır. Başsız bədənlər üstündə atlar çapılır. Başlar isə nizələrə vurularaq digərlərinə ibrət olsun deyə İraq və Şam şəhərlərində gəzdirilir. İmam Hüseynin (ə) ailəsi isə əsir götürülür və Dəməşqə Yezidin hüzuruna aparılır.

 Hadisənin 14 əsr bundan öncə baş verməsinə baxmayaraq, hər il bu olayı yüz milyonlarla insan xatırladır və onu digər nəsillərə təlim edir. Məhərrəm ayı daxil olduqda qanlar çoşmağa başlayır. Qollara qüvvət və bədənlərə taqət gəlir. Zülm qarşısında qorxmazlıq hissi isə bu müqəddəs ayın ən bariz əlamətidir.
 
İmam Hüseyn ibn Əli (ə) Həzrəti Məhəmməd peyğəmbərin (s) nəvəsi olmaqla yanaşı həm də, birinci İmam Həzrəti Əlinin (ə) oğludur. İslam peyğəmbərinin ən sevimlisi olan İmam Hüseyn Hicri tarixinin 4-cü ilinin şaban ayında dünyaya göz açıb. Peyğəmbərdən (s) nəql edilən çoxsaylı hədislərə görə o, cənnət gənclərinin ağasıdır. Qurani-Kərimdə Əhzab surəsinin 33-cü ayəsinə əsasən, beş müqəddəs insandan təşkil edilmiş Əhli-Beyt ailəsinin biridir. Səhabələrdən nəql edilən hədislərə əsasən, ö peyğəmbərin ən sevimlisi idi. Həzrəti Məhəmməd (ə) Hüseyn düşmənlərini peyğəmbər düşmənləri adlandırmışdı.

 Aşura günü baş verən faciə hərbi baxımdan adi görünsə də, az keçməmiş bu faciə islam dünyasında yeni və ciddi siyasi hərəkatlar yaradır. Tövbəkarlar qiyamı, Zeyd ibn Əlinin qiyamı, daha sonra Yəhya ibn Zeydin, Nəfsi Zəkiyyə, Məhəmməd ibn Qasim, Təbatəbai Hüseyni və Təbəristanlı Ələvilərin qiyamı  Aşura faciəsinin nəticəsində baş verir. Nəhayət, Müslim Xorasanının İmam Hüseynin (ə) intiqamını almaq niyyəti ilə başlatdığı Əbbasilər qiyamı sonda Hicrətin 139-cu ilində Bəni Uməyyə hakimiyyətinə son qoyur.
 
Amma İmam Hüseyn qiyamının şüarları ilə həyata keçirilən qiyamlar bunlarla bitmir və tarix boyu dəfələrlə təkrarlanır.
 
Aşura faciəsi bir daha sübut etdi ki, zülm və işğalçılıq, fədakarlıq, qorxmazlıq və mərdliyin qarşısında acizdir və həmişə də aciz qalacaq. Bunu İmam Hüseynin (ə) Kərbəlada göstərdiyi şücaət, və mərdanəlik sübuta yetirdi.
 

Bu gün Aşura faciəsi digərlərindən fərqlənir. Onu yaşadan və xatirələrdən silinməsinə imkan verməyən əsas amil ondan ibarətdir ki, Aşura heç bir qurum tərəfindən təbliğ edilmir və ona sevgi özündən qaynaqlanır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə