Namaz olmasa

Orucsuz, namazsız olan bir insan,
Özünü o necə sayır müsəlman?
Dünya-Axirəti edirsən viran,
Peşiman olarsan, namaz olmasa.

Namaz ərşə qalxan haqqın səsidir,
Namaz mələklərin zümzüməsidir.
Namaz müsəlmanlıq vəsiqəsidir,
Müsəlman olarsan namaz olmasa?

Namaz qılmayanlar danır Allahı,
Allahın əmrindən çıxıbdır axı.
Dadaraq əzabı çəkəcək ahı,
Nə cavab verəcək, namaz olmasa?

Namazı olmayan deyildir bəndə,
Salıb məlun şeytan onu, kəməndə.
Nə cavab verərsən, əcəl gələndə?
Dilin lal olacaq, namaz olmasa.

Namaz sərhəddidir imanla küfrün,
Başa düşəcəksən bu sözü, bir gün.
Nəfəsin kəsilib qurtarar ömrün,
Əzabın başlayar, namaz olmasa.

Hər kimin imanı olsa Allaha,
Qılar namazını tərk etməz daha.
Tərk edib düşərsən böyük günaha,
Əməlin puç olar, namaz olmasa.

Namaz sütunudur dinin, imanın,
Peyğəmbər buyurub gəlin, inanın!
Çatdırdım sözünü sizə, Quranın,
Cənnətə getməzsən, namaz olmasa.

Ürəyim təmizdir deyən bir insan,
Ürək təmiz olmaz, namaz olmasa.
Kim nəfəs almadan yaşaya bilər?
Döyünməz ürəyi bir az olmasa.

Səməndər, namazdır gücün-qüdrətin,
Təkəbbür əhlinə namaz çox çətin.
Namaz nicatıdır bəşəriyyətin.
Aləm məhv olacaq, namaz olmasa.