Cümə03152024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Rəcəb Rəcəb ayına aid məqalələr Xanım Zeynəbin (s.ə.) vəfat günü

Rəcəb ayına aid məqalələr

Xanım Zeynəbin (s.ə.) vəfat günü

Kərbəla qəhrəmanı Xanım Zeynəbin (s.ə.) vəfat günüdür. Həzrət Əli (ə) və Xanım Fatimə (s.ə)-nın qızı Xanım Zeynəbi-Kubra (ə) hicrətin 5-ci ili Cəmadiul-əvvəl ayının 5-də anadan olub. Mənası «atasının zinəti» olan Zeynəb adını ona babası Məhəmməd Peyğəmbər (s) verib. Xanım Zeynəb hicri-qəməri tarixinin 63-cü ilində, Rəcəb ayının 15-ci günü dünyasını dəyişib.
Məhz Rəcəb ayının 15-də əzəməti və şücaəti qarşısında zəmanəsinin və vəfatından illər ötdükdən sonra yaşayan ərənlərinin baş əydikləri İnsan bu dünyanın çirkinliklərindən, xəyanətlərindən, zülmlərindən, ədalətsizliklərindən küsərək Allahına qovuşdu, babası Peyğəmbərin (s), atası Əlinin (ə), qardaşları Həsən (ə) və Hüseynin (ə) məskən saldığı əbədiyyət yurduna pərvaz etdi.

Xanım Zeynəb haqda çox yazılıb, çox araşdırmalar aparılıb. Bu hüznlü tarixi uzun-uzadı təkrarlara ehtiyac yoxdur. Sadəcə olaraq Xanımın ömrünün ən ağrılı anında, Kərbəla çölündə baş verən faciədə misilsiz şücaət nişanəsinin davranışına nəzər yetirək.

Ən yaxınlarını bir gündə, Aşura günündə itirən Xanım sınmadı. İmam Səccadın (ə) boynuna düşən, lakin xəstəliyi üzündən yerinə yetirə bilmədiyi vəzifələri də o öz boynuna çəkdi, Peyğəmbər nəslinə, Əlinin (ə) ardıclılarının başçılıq etmək missiyasını üzərinə götürdü. Öhdəsindən də gəldi. Zülmün, zülmkarın ifşasında bir addım da geri çəkilmədi. Xanım Zeynəbin Aşura günündən sonrakı həyatı, İmam Hüseyn (ə) və tərəfdarlarının Kərbəla çölündə şəhidliyə qovuşmaq üçün tələb olunan qəhrəmanlıqdan az şücaət tələb etmirdi.

Yezidin Kufə şəhərinə vali təyin etdiyi ibn Ziyad əsirləri görüb Xanım Zeynəbə (s.ə) dedi: «Gördünmü Allah qardaşın Hüseynin (ə) başına nə oyun gətirdi, onu nə günə qoydu?»

Bu sözün qarşısında vücudları lərzəyə gətirən və insanın düşüncəsini heyrətdən donduran bir cümlə, tarixə qızıl hərflərlə düşən kəlam səslənir: «Mən gözəllikdən başqa bir şey görmədim!»

Bu gün Xanım Zeynəb (s.ə.) şəxsiyyətinin, onun həyatının öyrənilməsinə Azərbaycanımızın çox ehtiyacı var. Torpaqlarımız düşmən tapdağı altında inləyir. Onları azad etməyə ərənlər gərəkdir. Bu ərənləri döyüşə göndərməyə isə Zeynəb (s.ə.) qeyrəti analara, bacılara, həyat yoldaşlarına ehtiyac var. Zeynəb (s.ə.) nümunəsini, Zeynəb (s.ə.) məktəbini yaşatmaq gərəkdir. Əlbəttə ki, bir xalq olaraq zillətdə yaşamaq istəmiriksə.

Xanım Zeynəb (s.ə.) Aşura günü, Kərbəla çölündə İslamı ümmətini başsız qalmağa qoymadı. Qorudu, mühafizə etdi, imamətə seçilən imam Səccada təhvil verdi və... dünyasını dəyişdi. Bu gün, bu hüznlü gündə bütün müsəlmanlara “başınız sağ olsun!” deyirik.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə