Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları ZEYNƏB MƏKTƏBİNDƏN DƏRSLƏR

Məhərrəm yazıları

ZEYNƏB MƏKTƏBİNDƏN DƏRSLƏR

İMANIN ƏZƏMƏTİ

Xanım Zeynəb (s) İbni Ziyadla rəftarında göstərdi ki, mö`min insan, əsir olmasına baxmayaraq heç vaxt güclü və qüdrətli düşmənin qarşısında başını zillətlə aşağı salmayacaq.
Zeynəbin İbni Ziyadın qüdrəti qarşısında yenilməzliyi, əzəməti və iftixarı, onun Allaha olan imanından və xatircəmliyindən qaynaqlanırdı. O, İmam Hüseyn (ə) kimi xatircəm bir duruma malik idi. Bütün bu xatircəmlik və qorxmazlığı qəlbində İlahi təfəkkürü diri saxlamaqla əldə etmişdi. Allahı düşünüb Onu yad edən insan heç vaxt sərgərdan qalmaz və məğlub olmaz. Necə ki, İmam Hüseyn (ə) heç bir tərəddüd etmədən Yezidə bey`ət zillətini qəbul etmədi, qəlbləri ələ alıb qələbə çaldı, mö`minlərin, Allah dostlarının ürəklərinə malik oldu və Aşura, imanlı qəlblər üçün ən böyük cazibə oldu.
İmam Hüseyn (ə) yolunu davam etdirən və onun məktəbinin şagirdi olan Zeynəb (s), öz sözləri ilə qanlı Kərbəla hərəkatının izzət və əzəmətini artırdı.

GÖZƏL BAXIŞ

Xanım Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə İlahi baxışıdır.
Necə ki, gördük, Zeynəb (s) İbni Ziyadın, «Allahın Əhli-beytlə rəftarını necə gördün» sualının cavabında buyurdu: «Ma rəəytu illa cəmilə» - «Allah yolunda gördüyümüz çətinliklər, müsibət və müşküllər, mənim üçün gözəllikdən başqa bir şey deyildi».
Əcəba! Əliəkbərin, Qasimin, Əbbasın, südəmər uşağın şəhadəti və Seyyidüş-şühədanın (ə) şəhadəti gözəl idimi?! Xeymələrin yandırılması və qarət olunması, uşaqların pərişan və sərgərdan olmaları və Allah Rəsulunun övladlarına üz verən müsibətlər gözəl idimi?! Peyğəmbər Əhli-beytinin əsir olub küçə və bazarlarda naməhrəmlərin gözü qarşısında gəzdirilməsi gözəldirmi?!
Bu gözəl baxış necə təfsir olub açıqlanacaq?
Həzrət Zeynəb (s) özünü haqqın bəndəsi hesab edib İlahi vəzifəni yerinə yetirməyi özünə şərəf bilir. Vəzifəyə əməl yolunda İmam Hüseyn (ə) kimi kamil insanın və onun səhabələri kimi fədakar dostların şəhadəti, Əhli-beytin əsarəti, əziyyəti və müsibətləri hamısı xoşdur, şirin və gözəldir. Bu mö`min insanların dünyagörüşüdür ki, Allah tərəfindən onlara nə çatsa, hamısını xeyirli və gözəl görərlər. Çünki, Allah, öz bəndələri üçün xeyirdən başqa bir şey istəmir. Bu varlıq aləminin bütün mövcudlarına İlahi və gözəl baxışdır.

Mən bütün şəhərdə öz eşqimlə məşhuram,
Mən gözümü pis görməyə aludə etməmişəm.
Vəfa yolunda əziyyət çəksək də şadıq.
Çünki, bizim təriqətdə incimək kafirlikdir.

Bəli, belə bir dünyagörüşü və belə bir inam zillət və acizliyə yönəlməyərək düşməni dizi üstə çökdürər! Allahın, Onun Rəsulunun və mələklərin salam və rəhməti olsun Zeynəbi-Kubraya ki, bizə Allah yolunun çətinliklərni necə görmək dərsini öyrətdi, səbr və dözüm dərsində müəllimimiz oldu!

İMAMI XİLAS ETMƏK

İbni Ziyad Zeynəbin şücaətli və tə`sirli cavablarına mat qaldıqdan sonra İmam Səccada (ə) baxıb dedi: «Kimsən?» İmam buyurdu: «Əli ibni Hüseyn».
«Bəs Allah Əli ibni Hüseyni öldürmədi?» - İmam sakit qaldı. «Niyə danışmırsan?» - «Əli adlı bir qardaşım var idi, camaat onu öldürdü». «Yox, onu Allah öldürdü» - deyə məlun ibn Ziyad zatını göstərməkdə davam etdi. İmam cavabında bu ayəni oxudu: «Əllahu yətəvəffəl ənfusə hiynə movtiha» - «Allah canları ölüm vaxtı bütünlüklə alır».
İbni Ziyad əsəbləşdi və dedi: «Hələ də mənimlə belə danışmağa cür`ətin var? Onu aparın və boynunu vurun».
Bu vaxt Zeynəb İmamdan yapışıb buyurdu: «Ey Ziyadın oğlu! Bu qədər qanımızı tökdün bəsdir!». O, İmamı qucaqlayıb dedi: «Ondan ayrılmaram. Əgər onu öldürsən məni də onunla öldür!».
İbni Ziyad bir neçə an onların ikisinə baxıb dedi: «Əcəbən lirrəhmi!» - “Qohumluq qəribə şeydir!” Allaha and olsun, bu qadın istəyir öz qardaşı oğlu ilə öldürülsün. Onu buraxın. Zənnimcə bu xəstəlik onu (İmam Zeynəlabidini (ə)) ayaqdan salar». Bu yolla Zeynəb başqa bir dəfə öz himayə və canfəşanlığı ilə İmamını qoruyub, onu İbni Ziyadın cəlladlarının əlindən xilas etdi, bununla da İmamət və Vilayəti qorumaq dərsini hamıya öyrətdi.

ŞAMA DOĞRU

Əsirlər karvanı İbni Ziyadın zindanında çətin günlər keçirdikdən sonra Şama göndərildi.
Şam müsəlmanların əlinə keçən gündən Xalid ibni Vəlid və Müaviyə ibni Əbu Süfyan kimi hakimlər görmüşdü. Bu diyarın camaatı nə Peyğəmbərin söhbətlərini eşitmişdilər, nə də onun səhabələrinin iş üsulunu bilirdilər. Peyğəmbərin səhabələrindən bu diyara köçüb burada yaşayanlar da pərakəndə olduqlarından nüfuzları yox idi. Nəticədə, Şam camaatı lənətlik Müaviyənin və onun ətrafındakılarının rəftarını müsəlmanlıq qaydaları bilirdilər.
Belə bir şəhərin camaatı əsir karvanının gəlişi vaxtı bayram və şadlığa qərq olmuşdular. Yezid öz sarayında bir məclis təşkil etmişdi. Hazırlanmış adamlar məclisin ətrafında oturmuşdular ki, öz gümanları ilə Yezidin böyük qələbəsini bayram etsinlər.

LƏNƏTLİK YEZİDİN QARŞISINDA

Seyyidüş-şühədanın (ə) mübarək başını lənətlik Yezidin qarşısına qoydular. Bu vaxt Əhli-beyt əsirlərini məclisə daxil etdilər. Seyyidüş-şühədanın (ə) qızının gözləri İmamın kəsilmiş başına düşdü. O, ucadan elə nalə etdi ki, bütün məclisə vəlvələ düşdü.
Amma Zeynəb qardaşının başını gördükdə həzin və dərdli bir səslə ürəkləri qəmləndirdi, növhə oxumağa başladı: «Ya Huseyna, ya Həbibəllah, yəbnə Məkkətə və Mina, yəbnə Fatimətəz-Zəhra səyyidəti nisai, yəbnə bintəl Müstəfa» - “Ey Hüseyn! Ey Allahın istəklisi! Ey Məkkə və Mina övladı, ey bütün qadınların sərvəri olan Fatimeyi Zəhranın oğlu! Ey Peyğəmbər qızının oğlu.”
Ravi deyir: «Allaha and olsun, məclisdəkilərin hamısını ağlatdı. Öz mənsəbpərəstliyi ilə məst və məğrur olan şərabxor Yezid sakit oturub əlindəki əsa ilə İmamın müqəddəs dişinə cürət edir və deyirdi: «Kaş mənim Bədr döyüşündə iştirak edən və Xəzrəc qəbiləsinin, oxların vurduğu ziyandan əziyyət çəkdiyinin şahidi olan böyüklərim bu gün məclisdə şadlıqlarından qışqırıb deyəydilər: Yorulmayasan, ey Yezid! Onların böyüklərini, rəhbərlərini öldürdük və Bədr gününün əvəzini çıxdıq. Haşim qəbiləsi səltənətlə oynadılar. Nə göydən bir xəbər gəlib, nə də vəhy nazil olub. Əhmədin acığını balalarından çıxmasam, Xəndəf qəbiləsindən deyiləm. Bu evlərdə Peyğəmbərdən, din və Qur`andan heç bir xəbər yoxdur. Gördüklərimiz cahillik dövrünün qisas xatirələrinin təzələnməsidir. Qanı qanla yuduq».

ƏBƏDİYYƏT DANIŞIĞI

Əgər məclis həmin yerdə sona yetsəydi Yezid qalib gələr, ya da onun əmri ilə edilən işlər o qədər də çirkin görünməzdi. Amma Zeynəb işin bu şəkildə sona çatmasına imkan vermədi. Yezidin şadlıq saydıqlarını onun ağzında zəhərdən də acı etdi. Məclisdəkilərə göstərdi ki, qarşılarında dayananlar o adamın qızlarıdır ki, Yezid onun adı ilə Şam camaatına xəlifəlik edir. Onlara anlatdı ki, İslam hökumət olmamışdan qabaq dindir. Hakimdən üzü aşağı ən kiçik vəzifəli adama qədər, Allah qarşısında etdiyi iş və danışdığı söz üçün məs`uliyyət daşıyır. Onlara göstərdi ki, İslam təqva sütunu üstündə möhkəmlənir, nəinki qüdrət.
Zeynəb anası Fatimə (s) kimi zülmkarların qarşısında, qamətini düzəltdi, ayaq üstə və hamının görüb eşidəcəyi şəkildə Allaha həmd və səna etdi, Peyğəmbər və onun Əhli-beytinə salam göndərdi və öz sözünü Qur`andan bir ayə ilə belə başladı.
«Sümmə kanə aqibətəlləzinə əsaussuvə ən kəzzəbu bi ayatillah».
“Pis iş tutanların işinin axırı bu idi ki, Allahın ayələrini yalan bilib və onu istehza etdilər”. «Ey Yezid! Elə fikirləşirsən ki, göyü, yeri bizə dar edib, əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla biz xar olduq, sən isə izzətli? Qiymətinin artdığını güman edərək belə qürrələnib təkəbbür edirsən? Padşahlığına maneə olmadığını və işlərinin yaxşı getdiyini gördükdə özünə sığmırsan. Lakin bunun sənə özünü olduğun kimi tanıtmaq üçün verilən bir fürsət olduğunu bilmirsən. Allahın buyruğunu unutmusan ki, buyurur: «Kafirlər onlara verdiyimiz fürsətin özləri üçün yaxşı olduğunu güman edirlər. Biz onlara möhlət veririk ki, günah yükünü ağırlaşdırsınlar. Sonra elə bir əzaba düçar olarlar ki, xar və rüsvaylıqdır».
Ey azad olunmuşun oğlu!* Bu ədalətmidir ki, sənin qızların və kənizlərin pərdə arxasında izzətlə oturalar, amma sən Peyğəmbərin qızlarını əsir edərək, onların hörmət pərdəsini yırtıb səslərini boğazlarında qoyasan və yad kişilər onları dəvə üstündə bu şəhərdən o şəhərə gəzdirələr! Belə ki, nə onlara sığınacaq verən ola, nə qoruyan ola, nə də bir böyükləri ola. Camaat axışıb hər tərəfdən onlara tamaşaya gələlər. Amma ürəyi bizim ədavətimizlə dolu olan adamdan bundan başqa bir şey ummaq olarmı?
Deyirsən kaş Bədr döyüşündə öldürülən babaların burada olaydılar və bu sözü deyəndə ağacla Peyğəmbər balasının dişlərinə vurursan? Heç vaxt dərk etməzsən ki, çox çirkin bir iş tutmusan. niyə də etməyəsən? Sən yerin ulduzları olan Peyğəmbər balalarının və Əbdül Mütəllib ailəsinin qanını tökməklə iki xanədanın düşmənliyini təzələdin. Şadlanma, çünki, tezliklə Allah dərgahına gətiriləcəksən. O vaxt arzu edəcəksən ki, kaş kor olaydım və bu günü görməyəydim, “Babalarım bu məclisdə olsaydılar, şadlıqlarından özlərinə sığmazdılar” sözlərini deməyəydim. İlahi özün bizim haqqımızı al və bizim heyfimizi bizə zülm edənlərdən çıx!
And olsun Allaha, öz dərini və öz ətini qopartdın. Həmin gün Allah Rəsulu, onun xanədanı və ürək parçaları Allahın rəhməti sayəsində rahatlanacaqlar, amma sən çox rüsvay halda Onun qarşısında dayanacaqsan. O gün həmin gündür ki, Allah Öz və`dəsini yerinə yetirəcək. Hərəsi bir küncdə öz qanına bulaşmış bu məzlumlar bir yerə yığılacaqlar. Çünki, O, Özü belə deyir: «Allah yolunda ölmüşləri ölü sanmayın, onlar diridirlər və Allahın ne`mətlərindən bəhrələnirlər». Amma səni nahaq yerə müsəlmanların boynuna mindirən Müaviyə, Muhəmməd (s) məhkəməsi qurulacağı, Allahın hakimlik edəcəyi və sənin əl-ayağının o məhkəmədə şəhadət verəcəyi zaman hansınızın daha bədbəxt və sığınacaqsız olduğunuzu biləcəksən!
Ey Allahın düşməni Yezid! And olsun Allaha, mənim gözümdə o qədər qiymətin yoxdur ki, səni danlayam, ya təhqir edəm. Amma nə edim, yaş gözlərimdə həlqə vurur və ah sinəmdə şö`lələnir. Hüseyn öldürüldükdən sonra Şeytan qoşununun Peyğəmbər xanədanının ehtiramını sındırmaqla məzlum və zəhmətkeş müsəlmanların zəhmətinin nəticəsi olan beytul-maldan ən`am almaq üçün, bizi Kufədən ağılsızların sarayına gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza bataraq ağızları bizim ətimizin parçaları ilə dolduqdan sonra, yırtıcı canavarlar o pakizə cəsədlərin həndəvərinə dolaşdıqdan sonra səni danlayıb, məzəmmət etmək nəyə yarar?
Əgər bizi öldürüb, əsir etməklə faydalandığını zənn edirsənsə, tezliklə bunun ziyandan başqa bir şey olmadığını görəcəksən. O gün etdiklərindən başqa bir nəticəyə yetişməyəcəksən. O gün sən İbni Ziyadı köməyə çağıracaqsan, o, da səndən kömək istəyəcək. Sən və itaətçilərin Allahın ədalət tərəzisi ətrafında toplanacaqsınız. O vaxt Peyğəmbər balalarını öldürməyin, Müaviyənin sənin üçün hazırladığı səfərin ən yaxşı azuqə olduğunu biləcəksən. And olsun Allaha, mən Allahdan başqasından qorxmur və ondan başqasına şikayət etmirəm! Nə istəsən et, nə hiylə bacarsan işlət, nə düşmənliyin varsa göstər! And olsun Allaha, sənin üzərində olan bu pis ləkə heç vaxt təmizlənməyəcək! Şükr olsun Allaha ki, cənnət cavanlarının ağalarının işini səadətlə sona yetirdi. Behişti onlara vacib etdi. Allahdan istəyirəm onların dərəcələrini artırsın və öz rəhmətini onlara sayə etsin, çünki O, çox qüdrətlidir».
Dəməşq camaatı yavaş-yavaş İraqda baş verən hadisənin həqiqətindən xəbərdar oldu. Bildilər ki, Yezidin əmri və Kufə qoşunlarının əli ilə öldürülən sadəcə üsyançı yox, Allah Rəsulunun qız nəvəsi, bura əsir gətirilən əsir qadın və uşaqlar isə onların Peyğəmbərinin ailəsidirlər. O şəxsin ailəsi ki, Yezid onun canişini adı ilə onlara və başqa müsəlmanlara hakimlik edir. Dağlı ürəkdən və təqva dolu qəlbdən qüvvət alan danışığın nəticəsi mə`lumdur. Ən daş qəlbli insan belə, iman və təqva ilə qarşılaşdıqda öz gücsüzlüyünü və tərəf müqabilinin qüdrətini görür və bir müddət qərara gəlməkdə aciz olur.
Bütün saraya ölümcül bir sükut çökmüşdü. Yezid saraydakıların üzündə narazılıq əlamətini görüb dedi: «Allah öldürsün Mərcanənin oğlunu. Mən Hüseynin ölmünə razı deyildim». Sonra əsirlərin bu halda saxlanılmasının məsləhət olmadığını bilib, onlar üçün yaxşı yer hazırlanmasını əmr verdi və bildirdi ki, Qüreyş qadınlarından əsirləri görmək istəyənlərə mane olmasınlar.
Görəsən doğrudan da Yezid zərrə qədər də olsa peşiman olmuşdurmu? - Bu köçəri camaatın işlərinin gedişini təhlil etdikdə belə bir güman oluna bilər, bu güman özünə yer tapmamış başqa bir xatircəmlik onu kənar edir. Belə ki, əgər Yezid belə etməsəydi, Kufə üsyanının Dəməşqdə də aşkar olacağı mümkün idi, baxmayaraq ki, onu tezliklə əzmək olardı. Hər halda bu gün və məclisin gedişatından Şam camaatının bir dəstəsi bildi ki, müsəlman onlar bildiyi kimi və hakim də onlara hakimlik edən şəxs deyilmiş.

QORXMAZLIQ ZİRVƏSİ

Həzrət Zeynəbin şücaətini, onun qəlbinin əzəmət və qüvvəsini daha düzgün dəyərləndirmək üçün Yezidin məclisinin ab-havası, o Həzrətin mə`nəvi vəziyyəti və sözlərini daha yaxşı aydınlaşdırmaq lazımdır.
Yezidin məclisinin ab-havası qorxu və vəhşətdən ibarət idi. Yezid özünü son dərəcə qalib və güclü görürdü. Qoşun və camaat onun ətrafını tutmuşdu.
Düşmənləri əsir edilmişdi, müxaliflərinin rəhbəri İmam Hüseynin (ə) müqəddəs başı onun qarşısında idi. Əsirlər bir dəstə qadın, uşaq və xəstə İmam Səccaddan (ə) ibarət idi. Yezid qürur və mənsəbpərəstlik məstində idi. Şam onun hökumətinin mərkəzi və camaat da atası Müaviyənin yetişdirdiyi camaat idi. Amma Zeynəb Mədinədən Məkkəyə, Məkkədən Kərbəlaya və Kərbəladan Kufəyə və Kufədən Şama qədər olan səfər boyunca, aləmin ən böyük müsibətləri çəkdirilmiş, bu təhlükə dolu səfərində bir az da rahatlanmamış, heç bir şəxs və ya qüdrətin köməyi olmadan, əsirlər karvanının böyüklüyünü öhdəsinə almış, onları hər yerdə qoruyub saxlamışdı. İndi isə Allah Rəsulunun balalarının vəziyyətini, İmam Səccadın (ə) zəncirlənmiş əl-qolunu və Yezidin, qardaşı İmam Hüseynin (ə) müqəddəs başını təhqir etdiyini görürdü.
Belə bir şəraitdə danışmaq böyük bir ruh və əzəmətli şücaət istəyir. Əli və Fatimənin qanı damarlarından axan Zeynəb belə bir şücaət və qorxmazlıqla zəmanənin ən böyük bütünə qarşı coşub, onun bütün üzdəniraq əzəmət və izzətini sındıraraq, Əhli-beytin (ə) məzlumiyyət fəryadını zaman durduqca yayır və yatmış vicdanları oyadır.

ZEYNƏBİN SÖZLƏRİNƏ BİR NEÇƏ İŞARƏ

Zeynəbin sözləri elə məntiqi və kəskin idi ki, heç kəsin onun qarşısında dayanmağa cür`əti çatmadı. Zeynəbin sözlərinin qətiyyət və əhatəliyi Yezid kimi çirkin bir şəxsiyyətin bütün cəhətlərini göstərdi, Peyğəmbər və xanədanının böyüklük və kəramətini yada salıb, İlahi dəyərləri öz ziddlərindən ayırdı. Bu sözlərin mühüm məsələlərlə dolu olmasına baxmayaraq, burada o əbədi danışıqdan bir neçə mühüm məqama işarə edirik.

QARA MAHİYYƏT VƏ MURDARLIĞIN KÖKLƏRİ

Zeynəbin sözlərinin cəlbedici cəhətlərindən biri Yezidin qara mahiyyətini və murdarlığın köklərini ifşa etməsidir.
Zeynəb Yezid xanədanının çirkinliklərini sayır və heç kəsin inkar etməyə qürdrəti çatmır. «Ey Yezid, sən Hindin balasısan. Həmin qadın ki, Ühüd döyüşündə Allah Peyğəmbərinin şücaətli sərdarı Seyyidüş-şühəda Həmzənin ciyərini çeynəyib yerə atdı!». Belə napak xanədandan Kərbəla faciəsindən başqa bir şey gözlənilmir.
Zeynəb başqa bir yerdə Yezidə «İbnit-tuləqa» - “köləlikdən azad olunmuşların oğlu” - deyə xitab edirdi. Bu söz Məkkə şəhərinin fəthi və Qüreyş başçılarının azadlığına işarədir ki, uzun illər Peyğəmbərlə döyüşüb düşmənçilik etmişdilər. Peyğəmbər isə kəramətlə onları azad edib buyurdu: «İzhəbu əntumut-tuləqa» - yə`ni, “gedin siz hamınız azadsınız.”
Bəli Yezid Peyğəmbərin azad etdiklərinin balasıdır ki, indi Peyğəmbərin xanədanını əsir edibdir. Zeynəb bu sözlə Yezidə anlatdı ki, həqiqi əsir sənsən. Nə bizim əsirliyimiz zillətimizə sübutdur, nə də sənin qüdrətin qələbə və kəramətinin nişanəsidir.
Zeynəbin sözlərinin bu hissəsindən sonra onun İslam tarixindən geniş və dəqiq mə`lumatlı olduğu görünür.

ALLAH VƏ ŞEYTAN DƏSTƏLƏRİ

Zeynəb öz xanədanının iftixarlı adını Allah dəstəsi və Yezidin napak xanədanının Şeytan dəstəsi adı ilə tanıtdıraraq buyurur: «Çox təəccüblüdür ki, Allah dəstəsi Şeytan dəstəsinin və azad olunmuşların əli ilə öldürülsün. Bizim qanımız sizin pəncələrinizin ucundan axır və ətlərimiz ağzınızdan tökülür».

HİCAB VƏ İFFƏTİN QİYMƏTİ

İmanlı və Əhli-beyt sevər qadınlar üçün Zeynəbin kəlamından alınası öyüd hicab və iffətliyin dəyərli öyüdüdür. Zeynəb Peyğəmbər xanədanının qız və qadınlarının əsir olunması, onların şəhərlərdə küçə və bazarlarda gəzdirilməsi, napakların gözü qarşısında qalmalarına kəskin e`tirazını bildirir və onu ədalətsizliyin aşkar nümunəsi bilirdi. Bu həssaslıq, müsəlman qadının hicab və iffətinin əhəmiyyətinin göstəricisidir ki, gərək həmişə onu qorusun.
DÜZGÜN FİKİR

Zeynəb sözünün axırında qəti bir səs və dərin bir baxışla buyurur: «Ey Yezid, nə qədər məkr və hiylə varındır işlət, nə qədər gücün var çalış. Amma Allaha and olsun, heç vaxt bizi yaddaşlardan silib Allahın vəhyini boğa bilməzsən.
Bil ki, sənin fikrin süst və hakimiyyətin puçdur... Şükr olsun o Allaha ki, bizim əvvəlimizi səadət və məğfirətlə xətm etdi, axrımızı şəhadət və rəhmətlə nicat verdi». Zeynəb dediyi kimi də oldu.

ZEYNƏBİ-KUBRA VƏ BAŞQA BİR VƏZİFƏ

Yezidin məclisində əsirlərin arasında İmam Hüseynin (ə) kiçik yaşlı qızlarından birinin mə`sum çöhrəsi ay kimi parıldayırdı. Bu səfərdə əziyyət çəkib müsibət görməyinə baxmayaraq çöhrəsinin gözəlliyi qəmli simasından bəlli idi. Bu gözəllik Yezidin tərəfdarlarından şamlı bir kişinin diqqətini cəlb etdi. Yezidə dedi: «Bu qızı mənə bağışla!». Fatimə bibisi Zeynəbin paltarına sarıldı və dedi: «Bibican, yetim olmuşam. Gərək kəniz də olam?» - Zeynəb bu vaxt üzünü şamlı kişiyə tutub dedi: «Yalan dedin, alçaqlıq etdin. Nə sənin belə bir haqqın var, nə də Yezidin!». Yezid bu sözü eşitməklə halı dəyişdi və dedi: «Belə haqqım var, əgər istəsəm edərəm». Zeynəb onun cavabında buyurdu: «Heç vaxt bacarmazsan, çünki, Allah sənə belə haqq verməyib. O vaxt edə bilərsən ki, bizim dinimizdən çıxıb başqa dini seçəsən». Yezid dedi: «Atan və qardaşın dindən çıxdılar». Zeynəb buyurdu: «Əgər müsəlmansansa, babamın, atamın və qardaşımın dininə hidayət olubsan!» Yezid özünü Zeynəbin sözünün qarşısında aciz görüb söyüş silahını aldı və dedi: «Ey Allahın düşməni yalan deyirsən!». Zeynəb buyurdu: «Sən indi əmirsən və zülmlə söyüş verirsən, öz qüdrətini gözə soxub meydan oxuyursan!». Nəhayət Yezid guya xəcalət çəkirmiş kimi sakit oldu.
Bu Zeynəb idi ki, hər bir istəyinin icra olunacağını guman edən Yezidin qarşısında dayandı və onu başqalarının gözü qarşısında diz çökdürdü.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə