Çr09202017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Səhabə Səhabə və müqəddəs şəxslər MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI

MƏHƏMMƏD İBN ƏBU BƏKRİN HƏYATI

 

Səfər ayının 14-ü (Noyabr ayının 14-i) imam Əlinin (ə) vəfalı səhabəsi Məhəmməd ibn Əbu Bəkrin şəhadət günüdür. Elə bu münasibətlə, onun həyatı ilə bağlı qısa məlumatı əziz oxucularımızın diqqətinə çatdırırıq:

Əbu Bəkrin oğlu Məhəmməd 10-cu hicri-qəməri ilinin Zil-qədə ayının 25-də, İslam Peyğəmbəri (s) “Vida həcci”ni yerinə yetirmək üçün Məkkəyə doğru hərəkət edərkən Mədinə ilə Məkkə arasında dünyaya göz açdı və bacısı Ayişə ona Əbülqasim künyəsini verdi. (“Əl-istiab”, 3-cü cild, səh.1366.) Onun anasının adı Əsma binti Ümeysdir. Əsmanın birinci həyat yoldaşı imam Əlinin (ə) qardaşı Cəfər ibn Əbu Talib idi. Cəfər “Mutə” döyüşündə şəhadətə yetdikdən sonra Əbu Bəkrlə evləndi və bu evlilikdən Məhəmməd dünyaya gəldi. Əbu Bəkrin vəfatında sonra isə, Əsma imam Əmirəlmöminin Əli (ə) ilə evləndi. (“Usdul-ğabə”, 4-cü cild, səh 326.)

Əbu Bəkrin vəfatından və Əsmanın imam Əli (ə) ilə izdivacından sonra Məhəmməd elə uşaqlıq çağlarından imam Əlinin (ə) evində boya-başa çatdı və o həzrətin həyat tərzi ilə tanış oldu. Məhəmməd imam Əlinin (ə) evində ikən İslam maarifini elə o həzrətin özündən öyrəndi və dövrün tanınmış simalarından birinə çevrildi.

Məhəmmədin həyatı dönəmində baş vermiş ən mühüm hadisələrindən biri “Yovmud-dar” hadisəsi, yəni Osmanın qətlə yetirilməsidir. Məhəmmədin üçüncü xəlifə Osmanın qatillərindən olub-olmaması ilə bağlı ziddiyyətli rəvayətlər nəql olunsa da, “Əl-bidyətu vən-nihayə” və digər kitablarda onun haqda belə qeyd olunur: “Məhəmməd Osmanın qatillərindən deyil, əksinə Osmanın evinə daxil olan, onu Allahın dini və Peyğəmbərin (s) sünnəsinə əks rəftar etdiyinə görə danlayan kəslərdən biridir. Məhəmməd, öz sözünü deyib Osmanın evindən çıxıb getdikdən sonra misirlilərdən bəziləri Osmanı qətlə yetirirlər.” (“Əl-bidayətu vən-nihayə”, İbn Kəsir Dəməşqi, 7-ci cild, səh.185.)

MƏHƏMMƏD İBN ƏBU BƏKR CƏMƏL DÖYÜŞÜNDƏ

Məhəmməd “Cəməl” döyüşündə imam Əmirəlmöminin Əlinin (ə) əmri ilə ordunun piyada qüvvələrinə sərkərdəlik etdi və bu döyüşdə şücaətlə vuruşdu. Döyüşdən sonra imam Əli (ə) Məhəmmədə tapşırıq verdi ki, bacısı Ayişədən muğayat olsun. O da İmamın (ə) tapşırığını icra edib, bir neçə gündən sonra bacısı Ayişəni qırx qadınla birgə Mədinəyə apardı.

MƏHƏMMƏD MİSİRİN VALİSİ

Məhəmməd ibn Əbu Bəkr imam Əlinin (ə) əmri ilə 36-cı hicri-qəməri ilində Qeys ibn Sədin vəzifədən azad edilməsindən sonra, Misirə hakim təyin olundu. O, Misirə getdi və Qeys isə Mədinəyə qayıtdı.

İmam Əli (ə) Məhəmməd ibn Əbu Bəkrin Misirə hakim seçilməsi ilə bağlı əmrində belə yazdı: “Bağışlayan və mehriban Allahın adı ilə! Allahın bəndəsi və möminlərin əmiri Əli, Məhəmməd ibn Əbu Bəkri Misirə hakim təyin etdiyi zaman ona fərman verir ki, ilahi təqvaya riayət etsin, gizli və aşkarda Allahın əmrlərini yerinə yetirsin, müsəlmanlarla mülayim, cinayətkarlarla sərf və kitab əhli ilə ədalətlə davransın. Məzlumların haqqını müdafiə edib, zülmkarlarla mübarizə aparsın. Camaata güzəştə getsin və bacardığı qədər onlara yaxşılıq etsin. Çünki Allah yaxşılıq edənləri sevir, çirkin əməl sahiblərini isə cəzalandırır.”

MÜAVİYƏ BƏ MƏHƏMMƏD İBN ƏBU BƏKRİN ŞƏHADƏTİ

“Siffeyn” döyüşü Müaviyənin xeyrinə tamalanan “həkəmiyyət” macərası ilə sona yetdikdən sonra, Müaviyə Misiri ələ keçirmək fikrinə düşdü. Həm də, Siffeyn döyüşündə Müaviyə döyüşdn qalib çıxacağı təqdirdə Əmr ibn Asa Misirə hakim təyin edəcəyini söz vermişdi. O, Əmr ibn Asın rəhbərliyi ilə Misirə ordu göndərdi. Misirin hakimi Məhəmməd ibn Əbu Bəkr, Əmr ibn Asın hücum xəbərini eşitcək, imam Əlidən (ə) yardım istədi. İmam Əli (ə) onun məktubuna cavab göndərdi, istədiyini çatdıracağını vəd etdi və bu bu məqsədlə Malik Əştəri Misirə ezam etdi. Lakin Malik Əştər Misirə çatmamış Müaviyənin muzdurları tərəfindən zəhərlənib şəhadətə yetdi. (“Əl-ğarat”, İbrahim ibn Məhəmməd ibn Səid ibn Hilal Səqəfi, c.1, səh.259-260.)

Digər tərəfdən, Məhəmməd ibn Əbu Bəkr, Əmr ibn Asın qoşunu ilə döyüşmək üçün Kənanə ibn Bişrin başçılığı ilə iki min nəfərlik qoşun göndərdi. Özü isə iki min nəfər qoşunla qaldı. Kənanə igidlik göstərib yoldaşları ilə birlikdə şəhadətə yetənə qədər Əmr ibn Asın qoşunu ilə döyüşdü.

Onların ölüm xəbəri Məhəmmədin qoşununa çatdıqda, qoşun onun ətrafından dağıldı. Məhəmməd yalqız qaldığını gördükdə qaçıb, Misirin xarabalıqlarının birində gizləndi. Əmr ibn As Misirə daxil oldu və öz sərkərdələrindən İbn Xüdeyc Kindini Məhəmmədi axtarıb tapmaq üçün məmur etdi. İbn Xüdeyc çox axtarışdan sonra Məhəmmədi tapıb, başını bədənindən ayırdı və bədənini də yandırdı. Məhəmməd ibn Əbu Bəkr 38-ci hicri-qəməri ilində 28 yaşında ikən şəhadətə yetdi.

İmam Əli (ə) onun şəhadət xəbərini eşitdikdə, narahat oldu və buyurdu: “Bizim Məhəmmədin matəmindəki kədərimiz Müaviyənin sevincindən də çoxdur... Həqiqətən, o, mənə bir övlad, mən də ona ata idim. Onu özümə övlad bilirdim.” (“Tətimmətül-müntəha”, Şeyx Abbas Qummi, səh.57.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə