Cm.ax11142019

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə İslamİ aylar Məhərrəm Məhərrəm yazıları Ərdəbildə Məhərrəm əzadarlığı 600 il keçmişə malikdir

Məhərrəm yazıları

Ərdəbildə Məhərrəm əzadarlığı 600 il keçmişə malikdir

Əzadarlıq tarixinə nəzər saldıqda, Ərdəbildə əzadarlıq mədəniyyətinin xüsusi yeri olduğunu görürük. Ərdəbilin əhalisi qədimdən şəhidlər ağası Hüseynə (ə) və onun vəfalı dostlarına xüsusi hörmət bəsləyiblər. Qafqaz Mədəniyyət Mərkəzinin məlumatına görə Məhərrəm əzadarlığı hər il Ərdəbildə yüksək səviyyədə keçirilir. Zilhəccə ayının 27-sindən başlayan və üç gün davam edən “teştqoyma” mərasimindən sonra məhərrəmin ilk günlərindən şəhərin hər bir guşəsində şəhidlər ağasına keçirilən əzadarlıq mərasimlərinə şahid oluruq.

Əzadarlıq araşdırmaçılarından biri ərdəbillilərin Səfəvi dövrünə qayıdan Hüseyn əzadarlığı tarixcəsinə və bu əzadarlıqlardakı nizam-intizama işarə edərək bildirir: Ərdəbil 6 əsas məhəllədən ibarətdir; Sərçeşmə, Aliqapu, Pir Əbdulməlik və… Bu məhəllələrin hər birinin tərkibində onlarla kiçik məhəllələr yerləşir. Bütün bu məhəllələrdə dəqiq əzadarlıq proqramı hazırlanır. Bu proqramlar ötən əsrlərdən indiyədək davam etdirilir. Bu tədqiqatçı bildirir ki, bu məhəllələrdən hər birinin özlərinə məxsus qədim bayraqları var. Qazran məhəlləsindəki bayraqlar Nadir şahın hədiyyəsi olub.

O bildirdi: 6 məhəllədə əzadarlıq məclisləri başa çatdıqdan sonra əzadarlıq qrupları ümumi olaraq şəhər səviyyəsində Tasua gecəsi səhərədək məscidlərdə əzadarlıq edirlər. Tasua günü günortadan başlayaraq əzadarlar şamgəzdirmə mərasiminə başlayırlar. Əzadarlar Həzrət Əbəlfəzl Əbbasa (ə) məxsus olan günün niyyətinə şəhərin 41 qədim məscidində 41 ədəd şamı gəzdirirlər və bu hərəkətləri ilə Babul-həvaic Həzrət Əbbasa (ə) olan eşqlərini göstərirlər. 41 məsciddə şam gəzdirməyin fəlsəfəsi Kərbəlada İmam Hüseynin (ə) 41 xeyməsi olmasındadır.

Bu tədqiqatçı bildirir: Şəhərin müxtəlif guşələrində əzadarlar qanlı Kərbəla hadisəsini şəbeh çıxararaq əzadarlara canlandırırlar. Xalq mərasimlərdə iştirak etməklə Hüseyn Aşurasını dirçəldirlər. Əzadar qruplar xiyabanlardan ötərkən şəhidlər ailəsi və digər şəxslər tərəfindən çay və şərbətə dəvət olunurlar. Mədəni Miras idarəsinin əl sənayesi şöbəsinin müdiri məhərrəmliyə aid mədəni və tarixi əşyaların qorunması üçün ən yaxşı yolun sənədləşdirmə olduğunu bildirdi. O uyğun dini ənənənin qorunması üçün insanların yaratdığı əzadarlıq qruplarını himayə etməyin lazım olduğunu dedi.

Dəbbağ Əbdullahi bildirdi: Əzadarlıq əsərlərinin sənədləşdirilməsi, mərasimlərin keçirilməsi üçün mühüm məkanların alınması, məhərrəmliyə aid əl işlərini və tarixi əşyaları almaq və qorumaq şiənin bu uca sünnəsinin qorunmasına səbəb olacaq. O qeyd etdiki: Ərdəbil məscidlərində saxlanan ələmlər, bayraqlar, Səfəvilər, Qacar dövrünə aid olan teştlər və digər əşyalar mövzuya aid mühüm əşyalardandır. “Ərdəbildə əzadarlıq” kitabının müəllifi Bülbüli yazır: İranda Səfəvilərin hakimiyyətə gəlməsindən və şiəliyin rəsmi məzhəb elan olunmasından sonra Səfəvi şahları həmin dövrün dini, mədəni və incəsənət imkanlarından faydalanaraq İmam Hüseyn (ə) əzadarlığının daha əzəmətli keçməsinə çalışdılar.

O belə əlavə edir: Səfəvilər dövründə İmam Hüseyn (ə) barəsində yüksək həddə şeir və mərsiyyələr yazılmasına, sinə vurmaq, zəncir, şəbeh çıxarmaq kimi yeni əzadarlıq metodlarının yaranmasına şahid oluruq. Hər məhəllənin əzadarlıq dəstələri təyin olunmuş zaman və məkanda məhəlləyə məxsus bayraq ilə şəhərdə yürüş keçirirlər. Dəstələrin qarşısında şeypur qrupları hərəkət edir. Onlar əzadarlığa məxsus musiqilər ifa edərək hərəkət edirlər. Bu qruplar digər məhəllələrin məscidinə çatdıqda həmin məhəllənin ağsaqqalları tərəfindən qarşılanırlar.

Universitet müəllimi və məddah Amili Ərdəbil məddahlığı və mərsiyyə sənəti barəsində deyir: Aşura ədəbiyyatında Ərdəbilin böyük və bərəkətli payı var. Ölkənin müxtəlif bölgələrində ədəbiyyatın xüsusi bölməsinə diqqət göstərilir. Ərdəbil ədəbiyyatının əsas xüsusiyyəti isə Aşura ədəbiyyatı olmasıdır. Ərdəbil Mədəni Miras idarəsinin müdiri deyir: Ərdəbil mədəniyyətində məhərrəmlik insanların fərdi və ictimai həyatlarına təsir etməsindən əlavə keçmişdə və bu gün memarlıq sahəsində də Əhli-beytə (ə) xas sənət nümunələrinin yaranmasına səbəb olub.

Həmid Xudapənahi deyir: Şəhərin qədim məscidlərinin ətrafında məhərrəm mərasimlərinin keçirilməsi üçün xüsusi meydanların hazırlanması, Ərdəbil məscidlərində teştxana adlı yeni memarlıq ünsürünün yaranması və mis, gümüş, bürüncdən hazırlanan teşt və camlarda dini incəsənətin nümayiş olunması Ərdəbildə məhərrəmliyin mühüm təsir və bərəkətlərindəndir. Bu şəhərin əhalisinin Hüseynə (ə) olan eşqi elə bir həddədir ki, tarix boyu bu şəhər Hüseyn şəhəri kimi tanınıb. Yaxından və uzaqdan, hətta qonşu ölkələrdən bir çox Hüseyn (ə) aşiqləri əzadarlıq üçün Ərdəbil şəhərinə səfər edirlər.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə