Çr09202017

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Əhlİ-beyt (ə) Səhabə Səhabə və müqəddəs şəxslər Kərbəla qəhrəmanı- Müslim ibn Övsəcə

Kərbəla qəhrəmanı- Müslim ibn Övsəcə

Müslim ibn Övsəcə Bəni-Əsəd qəbiləsinin böyüklərindən idi. Tarix kitablarında onu Həzrət Muhəmməd peyğəmbərin (s) səhabəsi olaraq göstərirlər. Müslim Həzrət Əlinin (ə) yaxın silah-daşı olmuş, onun qoşununun tərkibində bütün müharibələrdə iştirak etmişdir.

Müslim dövrünün insanları arasında öz şücaəti ilə seçilirdi.

Müslim ibn Əqil Kufədə gizli fəaliyyətə başlayanda, Müslim ibn Övsəcə Kufədə gələcək üsyan üçün silah tədarükü görürdü. Kufədə vəziyyət dəyişdikdən sonra Müslim ibn Övsəcə köhnə dostu Həbib ibn Məzahirlə birlikdə şəhəri tərk edir və Kərbəlaya gəlib, İmam Hüseynə (ə) qoşulur.

Müslim ibn Övsəcə deyəndə, hər kəs imanlı, Allahdan qorxub çəkinən bir adamı, həm də qəlbi Əli (ə) eşqi ilə yanan bir kəsi xatırlayırdı. Qəlbində olan Allah sevgisi onu İmam Hüseynin (ə) yanına gətirdi. Bildiyimiz kimi, Kərbəlada döyüş əvvəl təkbətək olurdu. Düsmən qoşunu ilə İmamın (ə) qoşunu təkbətək vuruşurdu.

Təkbətək döyüşdə çox itki verdiyini başa düşən düşmən qoşununun başçısı Əmr ibn Həccac Zibeydinin məsləhəti ilə Ömər ibn Səd əsgərlərinə təkbətək döyüşə getməyi qadağan etdi. Çünki, düşmən əsgərləri İmam Hüseynin (ə) səhabələrinin şücaətini görüb, qorxuya düşmüşdülər ki, əgər döyüş bu gedişlə davam etsə, Ömər ibn Sədin qoşunundan əsər-əlamət qalmaz. Əsgərlərə tapşırıldı ki, bundan sonra qarşı tərəfi uzaqdan-uzağa oxa və daşa tutsunlar. Döyüş meydanına çıxan hər səhabəni mühasirəyə alıb qətlə yetirsinlər.

Bu əmrdən sonra Əmr ibn Həccac tabeliyində olan qoşunu toplayıb İmam Hüseynin (ə) dəstəsinin sağ cinahı üzərinə şiddətli hücuma keçdi. Haqq qoşunu mərdliklə müdafiə olunub, düşmənin xeyli qoşununu məhv etdilər. Axırda düşmən əsgərləri öz itkilərini hiss edib, bu yolla qələbə qazanmaqdan naümid oldular və tələsik geri çəkildilər.

Döyüş meydanında toz-duman yatandan sonra məlum oldu ki, İmamın (ə) cəsur silahdaşı Müslim ibn Övsəcə ölümcül yaralanıb. Müslimin ölüm ayağında olduğunu eşidən İmam Hüseyn (ə), Həbib ibn Məzahiri də götürüb, şəxsən onun başı üstünə gəldi və belə söylədi: “Ey Müslim, Allahın rəhməti olsun sənə!”. Sonra İmam (ə) bu ayəni oxudu: “Onlardan kimisi şəhid olmuş, kimisi də şəhid olmasını gözləyir. Onlar verdikləri sözü əsla dəyişməzlər”.

Sonra Həbib ibn Məzahir Müslimə xitab edərək söylədi: “Müslim, sənin ölümün mənə çox ağırdır, amma səni cənnətlə müjdələyirəm”. Müslim zəif səslə cavab verdi: “Allah səni sevindirsin”. Sonra Həbib dedi: “Əgər az sonra özümün də öləcəyimi yəqin bilməsəydim, çox istərdim ki, sənin son vəsiyyətini eşidib ona əməl edim” . Müslim isə əli ilə İmama (ə) işarə edərək belə söylədi: “Sənə bunu vəsiyyət edirəm ki, onu ölüncəyə kimi qoru”. Həbib cavab verdi: “Arxayın ol, vəsiyyətinə əməl edəcəm”.

Rəvayətə görə, Aşura axşamı İmam Hüseyn (ə): “Mən sizdən beyətimi götürdüm, gedə bilərsiniz”, – dedikdə o, cavab verir: “Ey Peyğəmbər övladı, səndən ayrılıb gedək?! Xeyr, Allaha and olsun ki, mən səndən ayrılmaram alova atsalar, yenə də səndən dönmərəm!”.

Bu şüarı əlində tutan Müslim ibn Övsəcə şəhadətə qovuşdu.

Uca Rəbbimiz bizləri də Müslim ibn Övsəcənin cərgəsində olanlardan qərar versin, inşəallah.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə