Şiə məqalələri

Məşhəd ziyarəti

"Məşhəd" sözü "şühud", "hüzur" və "şəhadətgah" (şəhid olunan yer) mənasındadır, və bu "məşahid" məşhəd sözünün cəmidir.  Məşhəd və məşahid sözləri hicri-qəməri təqvimi ilə üçüncü yüzillikdə imamların (ə), övliyaların və tanınmış şəxslərin məzarlarına aid edilirdi.  Məsələn, o dövrdə belə deyilirdi: Morğabın Məşhədi (Fars əyalətində), Mihənənin Məşhədi (Əbu Səid Əbülxeyrin məzarı) və Tus Məşhədi,  yaxud Rəzəvi Məşhəd (Xorasanda imam Əli ibn Musanın (ə) türbəsi).

"Surətul-ərz" kitabının müəllifi ibn Həvqəl (367-ci h.q) yazır: "Əgər Tus da Nişapur vilayətinə aid olsa, o zaman onun şəhərləri Raykan, Təbəran və Noğandan (Toroğuz) ibarət olacaq. Əli ibn Musa ər-Rzanın (ə) qəbri Noğan şəhərinin yaxınlığında Sənabad kəndində yerləşir."

202-ci (h.q.) ildə  Həzrət Rza (ə) Məmun Abbasinin əli ilə şəhadətə yetirildikdən sonra Sənabadda Harunun məqbərəsində torpağa tapşırıldı. Bundan sonra Noğanın Sənabadı "məşhəd" adı ilə tanındı və zaman keçdikcə şəhər genişlənməyə başladı. Xüsusilə, Şah Təhmasib Səfəvinin dövründə şəhər bir az da vüsət aldı və Tus əhalisi də Məşhədə köçürülməyə başladı. Tus Xorasanın şimal nahiyəsində Kəşfrud çayının yuxarısındakı yolda yerləşir və onun məşhur şəhərləri bunlardır: Noğan, Tabran, Radkan. Noğan üçüncü (h.q) yüzilliyin sonlarına qədər çox əhəmiyyət və etibara malik idi. Onun viranələri Məşhədin qərb hissəsində Hüseynabad və Mehrabad kəndləri yaxınlığında yerləşirdi. Ondan sonra Tabəran şəhəri əhəmiyyət və vüsət tapdı və sonralar Tus adı ilə tanındı. Nəhayət,  öncə Sənabadda yerləşən bir məzara şamil edilən Məşhəd şəhəri yavaş-yavaş genişlənməyə başladı.  830-cu (h.q) ildən başlayaraq Noğan adı unuduldu və Tus (əslində Tabəran) şəhəri viran oldu. Onun yerini Məşhəd tutdu. Nəhayət, Səfəvilərin dövründə Tus əyalətinin və Xorasanın mərkəzinə çevrildi.

Məşhədin və Tusun fəthi 31 və 32-ci (h.q.) ildə Osmanın xilafəti zamanı müsəlmanlara nəsib oldu və Əbdülməlik Mərvanın (65-86 h.q.) xilafəti zamanı Bəni Təmim ərəbləri Tus qalasını ələ keçirdilər və 125-ci (h.q.) ilə qədər əldə saxladılar. 192-ci (h.q.) ildə Harun ər-Rəşid  bu diyara səfər etdi və Tusda xəstələnərək öldü. Onu imam Rzanın (ə) dəfn olunduğu yerdə basdırdılar.

Bu şəhər Səlcuqilərin, İran Elxanlarının, monqolların və başqa qarətçilərin hücumlarına məruz qalmış və bir neçə dəfə viran edilmişdir.  Yalnız Səfəvilərin dövründə Məşhəd şəhəri xüsusi rövnəq tapmış və öz abadlığını bərpa etmişdir.

Məşhədin məşhur ziyarətgahları

Şəhərin ən mühüm ziyarətgahları və tarixi abidələri bunlardır: Həzrət imam Rzanın (ə) pak hərəmini, Gövhərşad məscidini, Pirizad mədrəsəsini, Balasər mədrəsəsini, Şeyx Bəhainin məqbərəsini, Balasər məscidini, Zərrin Səqqaxanasını və s.-ni əhatə edən Astani-qüds-Rəzəvi, Şah məscidi, Xacə Rəbi, Qonbəde-Səbz (yaşıl günbəz), Nadir şahın məqbərəsi və s.

 

İMAM RZANI (Ə) ZİYARƏT ETMƏYİN  FƏZİLƏTİ

İmam Rzanı (ə) ziyarətin savabı, fəziləti barədə Peyğəmbəri-Əkrəm (s) və məsum imamlardan (ə) bir çox hədislər nəql olunmuşdur ki, bir neçəsini nümunə üçün qeyd edirik:

1. Şeyx Səduq öz "Uyunul-əxbar" və "Əmali" kitablarında Peyğəmbəri-Əkrəmdən (s)  belə nəql edir ki,həzrət buyurmuşdur:

"Tezliklə mənim bədənimin bir parası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Onu ziyarət edən hər bir möminə Allah Cənnəti vacib edər, bədənini isə Cəhənnəm oduna haram edər."

2. Yenə də Şeyx Səduq qeyd olunmuş kitablarında Peyğəmbəri-Əkrəmdən(s) belə nəql edir ki, o həzrət buyurmuşdur:

"Tezliklə mənim bədənimin bir parası (övladlarımın biri) Xorasan torpağında dəfn olacaq. Allah onu ziyarət edən və çətinliyi olan şəxsin çətinliyini aradan qaldırar və onu ziyarət edən günahkarın günahını bağışlayar."

3. Şeyx Səduq həzrət Əlidən (ə) nəql edir ki, o həzrət buyurmuşdur:

"Tezliklə mənim övladlarımdan olan bir kişi zülmkarlıqla zəhərləndiriləcəkdir. Onun adı mənim adım, atasının adı isə İmran oğlu Musanın adıdır”.

4. Şeyx Səduqdan nəql olunmuş başqa bir hədis belədir: "İmam Rza (ə) Məmunun əli ilə özünün necə öldürülməsini bəyan etdikdən sonra buyurur:

"Hər kim məni qürbətdə, uzaqdan məzarımı ziyarət etsə, Qiyamət günü üç yerdə onun yanına gəlib onu nigarançılıqdan və iztirabdan  xilas edərəm; birincisi, insanların əməl kitabları sağdan və soldan onlara verilən zaman, ikincisi, insanlar Sirat körpüsündən keçən zaman, üçüncüsü isə əməlləri tərəziyə qoyulan zaman.

5. Uyun ul-əxbarda İmam Cavaddan (ə) nəql olunmuşdur ki, o həzrət buyurmuşdur:

"Atamın imamətinin həqiqiliyinə əqidəsi olduğu halda Tus vilayətini (Xorasan) ziyarət edən şəxs üçün Allah yanında Cənnətə zaminəm".

Allah bizi o həzrətin imamlıq haqqına arif olan zəvvarlardan etsin! Amin!