Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət Möminlərin sevinc və xoşbəxtlikləri

Öyüd-Nəsihət-Rəvayət

Möminlərin sevinc və xoşbəxtlikləri

 Möminlər Allahın halallarından belə çox faydalanmırlarsa, yaxşı bunların sevincləri və xoşbəxtlikləri nədədir? Bu suala Allah belə cavab verir:
"...dünyadakı sevincləri mənim zikrim, sevgim və onlardan razı olmağımdır..."
Allah dostları xoşbəxtliyi keçici və boş şeylərdə axtarmırlar, onlar gerçək xoşbəxtlik arxasındadırlar, gerçək xoşbəxtlik isə, aləmlərin rəbbinin buyurduğu bu üç şeydədir:
 
1- Allahı xatırlamaq
Allahı sevən, davamlı olaraq Onu düşünəcək, hər şeydə Onu xatırlayacaq. Təbii olaraq bu xatırlama sevən üçün ən böyük xoşbəxtlik mənbəyidir. İmam Səccad (ə) səhər duasında belə deyir:
"Davamlı sənin zikrin və xatırlanmağınla ürəyim canlıdır."
 
Yəni, yaşamaq sevincim, ürəyimə rahatlıq, aramlıq bəxş edən yalnız səni xatırlamaqdır, əgər qəlbim səni xatırlamayacaqsa yaşaya bilməz. Çünki səndən başqa mənim yaşamaq ümidim və sevincim yoxdur. Allaha imanı olan şəxs əsla kədərli deyil əksinə, hamıdan xoşbəxtdir, çünki Allahı yad edir. Dünyanın boş və müvəqqəti olan yalan xoşbəxtlikləriylə özünü aldatmır.
Allah dostu dünyada Allahı xatırlayaraq xoşbəxt olur, amma cənnətdə artıq bu şəkildə xatırlamaq lazım deyil, çünki dünya ayrılıq və hicran yeridir, cənnət isə qovuşmaq. Mömin insan ölümlə birlikdə, Allaha çatacaq. O zaman isə davamlı olaraq qəlb gözüylə Allahı görəcək.
 
Zikr və Allah eşqi arasındakı əlaqə
 
Allahı zikr edib, xatırlama Ona olan sevgidən qaynaqlanır. Sevgi çoxaldıqca zikr də çoxalacaq. Bunu insanlarla olan normal həyatda da görmək mümkündür. Kim birini çox sevib ona aşiq olursa, sevgisi ölçüsündə hər vaxt sevdiyini düşünəcək, əgər eşqləri lap çoxdursa bir-birlərini düşünmək də çox olacaq. Amma insan unutmağa başlarsa, saatlar keçmiş və hələ sevdiyini düşünməmişdirsə bax o zaman sevgiləri də azalmaya başlayıb. Buna görə Allahı sevənlər və onun eşqinə çatmaq istəyənlər, Haqq-təalanı daha çox düşünürlər, çünki bu sevginin çoxalıb dərinləşməsinə səbəb olur.
 
2- Allahı Sevmək
Allah Qurani-Kərimdə belə buyurur:
"İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir." (“Bəqərə” surəsi, ayə 165)
Allah dostları ürəklərində hiss etdikləri ilahi eşq sayəsində həmişə aramdırlar. Allaha olan sevgiləri onların xoşbəxtliyidir. Allah sevgisi onların yaşamaq qayəsidir. Bunun üçün də Allah sevgisini artıracaq əməlləri yerinə yetirmək və bu sevgini azaldacaq işlərdən də uzaq olmağa çalışarlar.
 
3- Allahın razılığı
Sevən üçün ən gözəl şey sevdiyinin də ona məhəbbət bəslədiyini bilməsidir. Allahı sevənlərin ən böyük hədəfi onun razılığını qazanmaqdır, nə vaxt ki, razılığının və sevgisinin azaldığının fərqinə varsalar dərhal narahatlığa qapılarlar, ruhları sanki böyük bir əzaba uğrayar, tez bir zamanda onun sevgisini yenidən qazanmaq üçün çaışarlar. Ancaq bu şəkildə çəkdikləri ağrıdan xilas ola bilərlər.
 
Qeyd: Zikrdə məqsəd, davamlı olaraq Allahı "subhənallah", "lailahəilləllah" deyərək zikr etmək deyil, bu yalnız bir növüdür. İnsanın hər yerdə və hər işdə Allahı xatırlaması, onun razılığı istiqamətində hərəkət etməsi, heç bir zaman ondan qafil olmaması da Allahı zikr etməkdir.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə