Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə "Surə"lər haqqında qısa məlumat QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “HİCR” SURƏSİ

"Surə"lər haqqında qısa məlumat

QURAN SURƏLƏRİ İLƏ QISA TANIŞLIQ – “HİCR” SURƏSİ

 “Hicr” surəsi 99 ayədən ibarətdir və Qurani-Kərimin “İbrahim” surəsindən sonra 15-ci surəsində yer tutsa da, məşhur təfsirə görə, hicrətdən öncə Məkkədə, “Yusif” surəsindən sonra və “Ənam” surəsindən öncə Peyğəmbərə (s) nazil olmuş 52-ci surədir.

“HİCR” SURƏSİNİN MÖHTƏVASI

Surə “müqəttəə hərfləri” – “Əlif, Lam, Ra” ilə başlayır və müqəttəə hərfləri ilə başlanılan surələrdə Quranın əzəməti və vəsfindən danışıldığından, bu surənin də ilk ayəsində Quran vəsf edilir və buyurulur:

الَرَ تِلْكَ آيَاتُ الْكِتَابِ وَقُرْآنٍ مُّبِينٍ

“Əlif, Lam, Ra! Bu, kitabın və açıq-aydın Quranın ayələridir.”

Surənin 6-cı ayəsinə əsasən, kafirlər Peyğəmbəri (s) divanə hesab edir və ona nazil olan kitabın qaynağının məlum olmadığını deyirdilər. Surənin 9-cu ayəsində Allah-Taala onlara cavab verir və buyurur

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

“Həqiqətən, Biz Özümüz Quranı nazil etdik və şübhəsiz, Biz onu qoruyarıq.”

Əgər kafirlər Peyğəmbəri (s) təkidlə divanə sayırdılarsa, Allah-Taala daha artıq təkidlə Quranın nazil olmasını və qorunmasını Öz müqəddəs zatına aid edir. Ayədə bildirilir ki, Quranda heç bir dəyişiklik və təhrif olunmamışdır. Bu müddəa “Fussilət” surəsinin 42-ci ayəsində də gözə dəyir:

لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ

“Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. (Heç bir batilin Qurana yolu yoxdur). O, hikmət sahibi, tərifə layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir.”

Bəli, Allah Quranı qoruyacağını vəd etmişdir. Müsəlmanlar da ilk gündən Quranı qorumuş, onun yazıya alınması və hifzində ciddilik göstərmişlər. Hətta tarixdə Quran təlimi qadınlar üçün mehriyyə təyin olunmuş və müxtəlif insanlar vəhyi qələmə almaqla məşğul olmuşlar. Onlardan biri də Əmirəlmöminin Əlidir (ə). “Səqəleyn” hədisində də Peyğəmbərin (s) belə buyurduğunu oxuyuruq: “Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm: biri Allahın kitabı Quran, digəri isə Əhli-beytim...”

Sözügedən surənin 9-cu ayəsində buyurulduğu kimi, Quran “zikr”dir və qəlblər yalnız Allahı zikr etməklə və Quran oxumaqla aramlıq tapar.

Ümumiyyətlə, “Hicr” surəsi aşağıdakı mətləblərdən bəhs edir:

–Qurani-Kərimin əzəmət və əhəmiyyəti, onun təhrifdən, əskilib-artırılmaqdan qorunması;

–Peyğəmbərə (s) yaxılan iftira və töhmətlər;

–Yaradılış sirlərini mütaliə etməklə varlıq aləminin Rəbinə iman gətirmək;

–Məad, ölümdən sonrakı həyat və azğınların əzabı;

–Həzrət Adəmin (ə) yaradılış dastanı və İblisin üsyankarlığı;

–Keçmiş qövmlərin, o cümlədən, İbrahim, Lut, Saleh və Şüeyb peyğəmbərlərin qövmlərinin sərgüzəştləri;

–Təsiredici xəbərdarlıqlar, təşviqlər, qorxutma və müjdələr;

–Müsəlmanların müxaliflər müqabilində müqavimət göstərməsi.

SALEH PEYĞƏMBƏR VƏ SƏMUD QÖVMÜ

“Hicr” ifadəsi surənin Saleh peyğəmbərin qövmündən, yəni “Səmud” qövmündən danışan 80-cı ayəsindən götürülmüş və Mədinə ilə Şam arasında yerləşən bir şəhərin adıdır.

Surənin 80-83-cü ayələrində buyurulur:

وَلَقَدْ كَذَّبَ أَصْحَابُ الحِجْرِ الْمُرْسَلِينَ وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُواْ عَنْهَا مُعْرِضِينَ  وَكَانُواْ يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ

“Həqiqətən, Hicr əhalisi (Səmud qövmü) peyğəmbərləri təkzib etdilər. Biz Öz nişanələrimizi onlara göstərdik, amma onlar Bizim nişanələrimizdən üz çevirdilər. Onlar dağları yonub (özlərinə) əmin-aman evlər düzəltdilər. (Amma sonda) səhər çağı dəhşətli (ölümcül) səs onları yaxaladı.”

Bəzi alimlər sözügedən surənin 82-ci ayəsinə əsaslanaraq, belə qeyd etmişlər: “Hicr “daş” mənasını verir və Səmud qövmü dağlardan özlərinə evlər yonduqları, həmin evlər daşla örtüldüyü üşün, onlara “Hicr” (Daş) əhalisi deyilirdi. (“Əl-mufrədatu fi qəribil-Quran”, Rağib İsfahani, səh.220, “hicr” sözü; “Qamuse-Quran”, Seyid Əliəkbər Qurəşi, 2-ci cild, səh.108.)

Səmud qövmü “Hicr” şəhərində rifah, eyş-işrət, fitnə-fəşad və qəflət içində yaşadıqları üçün Allah-Taala onların islah və hidayəti üçün Saleh peyğəmbəri göndərdi. Lakin onlar var-dövlətləri ilə qürrələnərək Saleh peyğəmbərin dəvətinə qarşı çıxdılar və ilahi ayələri masqaraya tutdular. Nəticədə, Allahın qəzəbinə tuş gəldilər. Dəhşətli və ölümcül səmavi nida ilə cansız bədənə çevrildilər. (Şenaxte surehaye Quran”, səh.219-220.)

Göründüyü kimi, Qurani-Kərim Səmud qövmünü peyğəmbərləri təkzib edən xalqlar sırasında tanıtdırır. Bir halda ki, onlar həzrət Salehin (ə) dönəmində yaşamış və o həzrəti təkzib etmişdilər. Saleh peyğəmbəri təkzib etməklə bütün peyğəmbərlərin təkzibinin də həmin qövmə nisbət verilməsində səbəb budur ki, bütün peyğəmbərlərin dəvəti bir məqsədi izləyirdi. Buna əsasən, hər kim ilahi peyğəmbərlərdən birini təkzib edərsə, sanki bütün peyğəmbərləri təkzib etmişdir. Əlbəttə, bu təfsir bəzi alimlərin fikridir. (“Məcməül-bəyan”, 6-cı cild, səh.6; “Əl-mizan”, 12-ci cild, səh.185.) Bəzi alimlər də qeyd edirlər ki, Hicr əhalisinə həzrət Salehdən öncə peyğəmbərlər göndərilmiş və onlar həmin peyğəmbərləri təkzib etmiş, yalançı saymışdılar. (“Təfsiri-nümunə”, Ayətullah Məkarim Şirazi, 11-ci cild, “Hicr” surəsinin təfsiri; “Nur təfsiri”, Ustad Qəraəti, 6-cı cild, “Hicr” surəsinin təfsiri; “Ruhul-bəyan” təfsiri, 4-cü cild, səh.482.)

“HİCR” SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

1. Peyğəmbəri-Əkrəm (ə) buyurmuşdur:

من قرأ سورة إبراهيم عليه السلام و الحجر أعطي من الأجر عشر حسنات بعدد من عبد الأصنام و بعدد من لم يعبدها

“Hər kim “İbrahim (ə) və “Hicr” surələrini oxusa, bütə pərəstiş edən və pərəstiş etməyənlərin sayından on dəfə çox ona savab verilər.” (“Məcməül-bəyan”, 4-cü cild, səh. 193.)

2. Peyğəmbəri-Əkrəm (ə) buyurmuşdur:

من قرأ هذه السورة اعطی من الحسنات بعدد المهاجرین و الانصار.

“Hər kəs bu surəni (“Hicr” surəsini) oxusa, ona mühacir və ənsar zümrələrinin sayı qədər savab əta olunar.” (“Əl-burhan fi təfsiril-Quran”, 8-ci cild, səh.42.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə