Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Öyüd-Nəsihət-Rəvayət ƏXLAQIN GİGİYENASI – ƏTRAF MÜHİTİ İSLAH ETMƏK (2)

Öyüd-Nəsihət-Rəvayət

ƏXLAQIN GİGİYENASI – ƏTRAF MÜHİTİ İSLAH ETMƏK (2)

 Mühit, xüsusilə aşkar günah və fitnə-fəsada şərait yaradan cəmiyyətdə əxlaqi pozğunluqlara düşmə təhlükəsi çoxdur və bu da inkaredilməz bir həqiqətdir. Demək, əxlaqın gigiyenası üçün ən əhəmiyyətli məsələ ətraf mühiti pozan amillərlə mübarizə aparmaq, günah və fəsadın qarşısını almaqdır.

Ümumiyyətlə, günah, pis adət və rəftarların qarşısını alan ən mühüm amillərdən biri insan nəzərində günah və fəsadın böyüklüyü, qəbahəti, eləcə də ona qarşı nifrət hissidir. Belə ki, onun nəzərində aşkar günah və pis işlərin qəbahəti kiçildiyi zaman ona qarşı nifrət hissi də azalır və hər bir əyri yol üçün zəmin yaranır. Buna görə də, İslamda bir sıra günahkarların cəzası, məhz cəmiyyət qarşısında təşkil olunur ki, vaxtaşırı, günahın qəbahəti vicdanlarda canlansın. Necə ki, Qurani-Kərimdə buyurulur:

{وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِّنَ الْمُؤْمِنِينَ}

“Möminlərdən bir dəstə də o iki nəfərin (zinakar kişi və qadının) əzabına şahid olsun.” (“Nur” surəsi, ayə 2.)

Belə tədbirlər onlarda günaha qarşı nifrət hissini daim yüksəldir, əyri fikir və rəftarların təsiri yenidən bərpa edilir.

İslam dini aşkar günah və fəsadı qadağan edərkən, ictimai pərdələri yırtan bu amilin günahkar şəxsin ehtiramının aradan getdiyinə bais olduğunu da açıqlayır. İmam Sadiq (ə) buyurur:

اِذا جاهَرَ الْفاسِقُ بِفِسْقِهِ فَلا حُرْمَةَ لَهُ

“Aşkar günah edən kəsə ehtiram yoxdur.” (“Vəsailüş-şiə”, 8-ci cild, səh.604.)

İmam Mühəmməd Baqir (ə) buyurur:

ثَلاثَةُ لَيْسَ لَهُمْ حُرْمَةٌ: صاحِبُ هَوىً مُبْتَدَعٌ وَالْاِمامُ الْجائِرُ وَ الْفاسِقُ مُعْلِنُ بِالْفِسْقِ

“Üç nəfərə ehtiram düşmür: “Bidət qoyana, zülmkar rəhbərə və açıq-aşkar günah edənə!” (“Vəsailüş-şiə”, 8-ci cild, səh.605.)

Hətta cəmiyyət arasında fikirləri bulandıran, ətrafdakılara əyri və pis yolları aşılaya bilən hər hansı bihudə və nalayiq söz danışmaq da İslam baxımından qadağandır. Peyğəmbəri-Əkrəm (s) buyurur:

مَنْ سَمِعَ فاحِشَةً فَاَفْشاها كانَ كَمَنْ اَتاها، وَمَنْ سَمِعَ خَيْراً فَاَفْشاهُ كانَ كَمَنْ عَمِلَهُ

“Pis bir sözü eşidib faş edən onu yerinə yetirən kimi və yaxşı bir söz eşidib onu faş edən də onu yerinə yetirən kimidir.” (“Vəsailüş-şiə”, 8-ci cild, səh.609.)

Bir sözlə, çirkin və xəstə mühiti islah etmək, fitnə-fəsadın yayılmasının qarşısını almaq əxlaqi dəyərləri qoruyan mühüm amillərdən biridir və bunsuz insan özü və başqalarının əxlaqında tam dəyişiklik yarada bilməz. Demək, xəstəliklərlə mübarizə zamanı mikrobların aradan qaldırılmasına əhəmiyyət verildiyi kimi, ictimai mühiti də qorumaq üçün onun gigiyenasına əhəmiyyət vermək lazımdır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə