Cümə04192024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Şiə məqalələri ƏXLAQIN FƏRDİ VƏ GUŞƏNİŞİN HƏYAT TƏRZİNƏ BAXIŞI

Şiə məqalələri

ƏXLAQIN FƏRDİ VƏ GUŞƏNİŞİN HƏYAT TƏRZİNƏ BAXIŞI

 Görəsən, mənəvi saflaşma və əxlaqi fəzilətlərin kəsbi cəmiyyət arasında daha yaxşı mümkündür, yoxsa cəmiyyətdən uzaq guşənişin həyat tərzində? Təbii olaraq bu sual çoxlarını düşündürür. Bəzi mütəfəkkirlərin nəzərinə görə, adətən, cəmiyyətdən uzaq düşən insanda fərdi və əxlaqi səciyyələr daha sağlam formalaşır. Çünki əyri rəftar və hisslərin bəzisi və ya əksəriyyəti cəmiyyətin məhsuludur. İnsanda həsəd, paxıllıq, təkəbbür, yalan, qeybət, böhtan, riya, kin-küdurət və bu kimi xüsusiyyətlər başqaları ilə əlaqədə yaranır. Camaatla birgə yaşamayan şəxs nə qeybət edir, nə qeybət eşidir, nə o başqasına, nə başqası ona paxıllıq edir, nə riyakarlığa düçar olur, nə yalan danışır, nə kin-küdurət bəsləyir, nə də pis gümanlara düşür. Cəmiyyətdən ayrılıb fərdi, guşənişin həyat tərzi keçirməyin tərəfdarları içərisində bəzi əxlaq alimləri, zahid və abidlər qeyd edilən fikrə dair onun fəzilət və əxlaqın inkişafına təsiri haqda digər dəlil və sübutlar da irəli sürürlər. Onlar deyirlər ki, guşənişin insan Allaha daha yaxşı ibadət edə bilir, münacat və raz-niyaz zamanı Onun dərgahına tam hüzuri-qəlblə üz tutur, yaradılışın sirlərini, digər elm və fənləri daha yaxşı qavrayır, həqiqətləri başqalarından yaxşı ayırd edir və düzgün nəticə çıxarmağa mane olan təəssübkeşlik, kin-küdurət, dava-dalaş və çəkişmələr fərdi və guşənişin həyat tərzində çox azdır. Bu səbəblərə görə də bir çox böyük mütəfəkkirlər fərdi, guşənişin həyat tərzi keçirmiş, ona xüsusi üstünlük vermişlər.

Bundan əlavə, cəmiyyətdə yaşayan insanın üzərinə, adətən, bir çox ağır vəzifə və məsuliyyətlər düşür ki, çox vaxt onların öhdəsindən gələ bilmir və ya səhlənkarlığa yol verir və nəhayət, haqq yolunu azır. Məsələn, insan ictimai həyatda bir sıra çirkin və yaramaz işlərlə üzləşir ki, “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (pislikdən çəkindirmək) vəzifəsi onu mübarizəyə çağırdığı halda, vəzifəsinin faydasız olduğunu görüb cəmiyyətdən ayrılır, fərdi və guşənişin həyat tərzinə üz gətirir. Hələ bir sıra ayə və rəvayətlərdə də cəmiyyətdən uzaq düşməyin və guşənişinliyin tərifləndiyini, müsbət olduğunu görürük. Burada nümunə üçün bir neçə ayə və rəvayəti qeyd etməklə kifayətlənirik:

{فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِن دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ وَكُلًّا جَعَلْنَا نَبِيًّا}

1. “Onlardan və onların Allahdan başqasına ibadət etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqla Yəqubu bəxş etdik və onların hər birini (böyük) peyğəmbər etdik!” (“Məryəm” surəsi, ayə 49.)

Bu ayədə İbrahim peyğəmbərin cəmiyyətdən ayrılıb, bir tərəfə çəkildiyi zaman peyğəmbər seçilən övladlara sahib olduğu göstərilir.

{وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنشُرْ لَكُمْ رَبُّكُم مِّن رَّحمته}

2. “(Onlara dedik:) Onlardan və Allahdan başqasına ibadət etdiklərindən uzaqlaşdığınız zaman mağaraya sığının ki, Rəbbiniz sizə Öz rəhmətindən əta etsin!” (“Kəhf” surəsi, ayə 16.)

Bu ayə də “Əshabi-kəhf”in cəmiyyətdən uzaqlaşıb, bir guşəyə – mağaraya üz tutduqları zaman ilahi lütf və mərhəmətə şamil olduqlarına dəlalət edir.

قِيلَ لِرَسُولِ اللهِ|: اَيُّ النّاسِ اَفْضَلُ؟ قالَ: مُؤْمِنٌ مُجاهِدٌ بِنَفْسِهِ وَ فِي سَبِيلِ اللهِ تَعالى. قِيلَ: ثُمَّ مَنْ؟ قالَ: رَجُلٌ مُعْتَزِلٌ فِي شِعْبٍ مِنَ الشِّعابِ يَعْبُدُ ربَّهُ وَ يَدَعُ النّاسَ فِي شَرِّهِ

3. “Peyğəmbəri-Əkrəmdən (s) “İnsanların ən fəzilətlisi kimdir?” – deyə soruşulduqda, o həzrət buyurdu: “Mal və canı ilə Allah yolunda cihad edən mömin şəxs!” Soruşdular: “Ondan sonra (fəzilətli şəxs) kimdir?” Həzrət buyurdu: “Cəmiyyətdən ayrılıb, bir dağ yamacında Allaha ibadət edən və camaatın da onun şərindən amanda qalan şəxs!” (“Məhəccətül-beyza”, 4-cü cild, səh.9. Bu hədisin ravisi Əbu Səid Xudridir və “Ehyaül-ülum” kitabının haşiyəsində də nəql olunmuşdur.)

Bu hədisə görə də “cihad”dan sonra bir tərəfə çəkilib fərdi və guşənişin həyat tərzi keçirmək xüsusi qiymətləndirilir.
MƏDƏNİ-İCTİMAİ TƏFƏKKÜRÜN TƏRƏFDARLARININ DƏLİLLƏRİ

Yuxarıdakı guşənişin həyat üçün qeyd edilən fayda və müsbət təsirlərin müqabilində belə həyat tərzinin müxtəlif zərərləri də vardır ki, ictimai əlaqələrin faydaları kənarında onları ictimai həyatın üstünlüyü dəlillərindən hesab etmək olar:

1. İctimai həyatın dəyər və əhəmiyyətini bildirən ilk məsələ odur ki, əxlaqi fəzilət və səciyyələrin çoxunu yalnız ünsiyyətdə qazanmaq olur və bu da fərdi həyat tərzində mümkün deyil. Çünki bu səciyyələrin çoxu – təvazökarlıq, məhəbbət, fədakarlıq, əfv və güzəşt, səxavət, səbir, qəzəbə qalib gəlmək, şəfqət, mehribanlıq, nəfsi ələ almaq və s. xüsusiyyətlər digər insanlarla əlaqə və münasibətlər zamanı tapılır ki, onları qazanmaq üçün insanlarla birgə yaşamaq lazımdır. Bir də ki, cəmiyyətdən uzaq olan fərdi həyat tərzində həsəd və paxıllıq, təkəbbür, yalan, qeybət və bu kimi hallardan kənar qalmaq həqiqətdə fəzilət deyil və artıq burada onların mənası da yoxdur. Bu, eynilə bir şəxsin iffət və paklığa zidd əməldən xilas olması üçün özünü bir sıra əzalarından məhrum etməsinə bənzəyir. O şəxs müəyyən çirkinliklərdən amanda qalsa da, onun paklığı burada fəzilət yox, bir növ qorunmaqdır. Fəzilət isə odur ki, insan cəmiyyətdə yaşadığı halda, Yusif peyğəmbər kimi, həssas mövqelərdə öz nəfsinə hakim kəsilib, iffətə zidd rəftar etməsin. Bu da göstərir ki, bir çox dəyər və əxlaqi fəzilətləri qazanması üçün birgə yaşayış və camaatla ünsiyyətdən başqa yolu yoxdur. Başqa sözlə, bu səciyyəvi xüsusiyyətlər ehtiras və fitnə-fəsadla mübarizə zamanı kəsb edilir. Necə ki, ağaclar küləklər vasitəsilə möhkəmlənir, inkişaf edir və ucalır. Əgər onlar bağlı mühitdə becərilsə, həmin möhkəmliyi itirəcək. Eləcə də, bir tərəfə çəkilib fərdi həyat tərzi keçirənlər tədricən bir çox ruhi-əxlaqi keyfiyyətləri əldən verirlər. Bəlkə də aşağıdakı hədis elə bu həqiqətə toxunur:

Peyğəmbəri-Əkrəmin (s) dövründə müsəlmanlardan biri ibadət məqsədilə camaatdan ayrılıb, bir dağa çəkildi. Onu Peyğəmbəri-Əkrəmin (s) yanına gətirdikdə, Həzrət buyurdu:

لا تَفْعَلْ اَنْتَ وَ لا اَحَدٌ مِنْكُمْ، لَصَبْرُ اَحَدِكُمْ فِي بَعْضِ مَواطِنِ الْاِسْلامِ خَيْرٌ مِنْ عِبادَةِ اَحَدِكُمْ اَرْبَعِينَ عاماً

“Nə sən, nə də sizdən (müsəlmanlar) heç biriniz belə bir iş görməsin. Çünki bəzən İslama görə sizdən birinizin dözüm və səbri qırx ilin ibadətindən yaxşıdır!”

Bu hədislə fərdi və guşənişin həyat tərzinin tərəfdarlarının birinci dəlilinin cavabı aydınlaşır.

2. Cəmiyyətdən uzaq fərdi həyat tərzində bir sıra fikri azğınlıqlar yaranır ki, insan nə qədər ağıllı olsa da, yenə səhvlərdən yaxa qurtara bilmir. Bu səhvlər yalnız başqaları ilə ünsiyyətdə üzə çıxır və insan onları başa düşür. Cəmiyyətdən ayrılıb fərdi həyat sürən insan isə islahdan yayınıb öz azğın yoluna davam edir və bir o qədər də haqq yoldan uzaqlaşır. Bəzən azğın düşüncələri onu tamamilə səhv nəticələrə yuvarlayır. Demək, cəmiyyətdən uzaq düşüb fərdi həyat tərzi tərəfdarlarının “İnsan tək və guşənişin olduqda, yaxşı təfəkkür edir, düşünür!” – fikri tam səhvdir. Çünki təklikdə azğınlığın təhlükəsi daha çoxdur.

3. Fərdi və guşənişin həyat tərzində insanın düçar olduğu böyük eyiblərdən biri də xudbinliyi və özünüsevməsidir. İnsanın özünə rəğbəti hissi, adətən, onu özünə və öz xasiyyətlərinə həddən artıq bağlayır, bu hiss həqiqətdə bir mikroskop kimi onun elm və bacarığını olduğundan daha böyük, eyiblərini isə olduğundan daha kiçik göstərir. Beləliklə, bu hisslər onda özünüsevmə və xudbinlik xüsusiyyətlərini dirçəldir.

Buna əks olaraq, insan ictimai həyat və başqaları ilə birgə yaşayışda özünü olduğu kimi tanıyır, öz kamal və bacarığından, eləcə də, eyib və nöqsanlarından xəbərdar olur, ondan üstün və fəzilətli olanlarla üzləşdiyi zaman öz eyib və nöqsanlarını başa düşür. Bu isə xudbinliyin kökünü qırır, yaxud azaldır. Halbuki cəmiyyətdən ayrılıb bir guşəyə çəkilənlərin çoxları bəzən qəribə iddialara düşürlər ki, bu da onların sərt xudbinliyini göstərir.

Yeri gəlmişkən, buradan aydınlaşır ki, ictimai əlaqələrin böyük faydalarından biri də insanın öz eyiblərini sezə bilməsidir. Xalq, xüsusilə insanı bəyənməyənlər, yaxud düşmənləri onun eyibləri üçün gözəl ayna sayılır, bəlkə də onlar olmadıqda, bir çox eyibləri həmişəlik gizli qalır, bir guşədə tək-tənha həyat sürməklə bu aynanı sındırmış olur və getdikcə ruhi surəti aynaya əsla baxmayanların çirkin surətinə düşür!

4. Ətrafdakılara qarşı bədbinlik: Cəmiyyətdən ayrılıb bir tərəfə çəkilməyin, guşənişin həyat tərzi keçirməyin eyib və nöqsanlarından biri də xalqa qarşı bədbinlikdir ki, həqiqətdə bu xislət də xudbinlikdən mənşələnir. Çünki xudbin insan əksər hallarda xalq tərəfindən özünə qarşı münasib rəftarı (təvəqqesi qədər təşəkkür və minnətdarlığı) müşahidə etmədikdə, onda müxtəlif fikirlər baş qaldırır. Elə güman edir ki, camaatın ona qarşı mövqeyi səhvdir və qərəzli surətdə dəyərə qarşı etinasızlıq edirlər. Nəticə etibarı ilə belə xalq hüquq və fəzilətləri gözləmir, cəhalətdədir və onlarla əlaqə saxlamağın da mənası yoxdur.

Bunlar göstərir ki, guşənişinliyin özü bu səhv fikrə zəmin yaradır, cəmiyyətə qarşı bədbinliyi artırır.

5. Sərtlik və əsəbilik: Cəmiyyətdən uzaqlaşıb tək yaşayanlar adətən, əsəbi, qaş-qabaqlı və sərt olurlar. Onlar meyilləri ilə uyğun olmayan bir söz eşitdikdə, yaxud bir hadisə gördükdə, tez narahat olur, necə deyərlər, özlərindən çıxırlar. Əlbəttə, bu nəzər ümumi yönə malik olmasa da, bir çox hallarda müşahidə edilir.

Lakin buna əks olaraq, camaatla birgə yaşayanlar, adətən, mülayim, mehriban və xoşəxlaq olur, hər şeyə əsəbiləşmirlər. Bunun da səbəbi aydındır. Çünki onlar belə hallarla çox üzləşdiyi üçün əhval-ruhiyyələri tarazlaşır, onlarda hövsələ, səbir və dözüm artır. Təbiidir ki, ictimai həyat bir sıra narahatedici hadisələrlə yanaşı olduğundan, insan da tədricən təmkinli olmağa çalışır. Bundan əlavə, fərdi həyat tərzi keçirənlər, adətən, az gülür, az zarafat edir, düzgün istirahət etmir, həyat tərzləri eyni və yorucu olur. Bu isə onlarda ruhi normaları dəyişdirir. Onlar daxili gərginliklərini açmaq və aradan qaldırmaq fikrinə düşmədiyindən həmişə ruhi-psixoloji nasazlıq və narahatlıq içərisində qalırlar. Bu da getdikcə sərt rəftar və əsəblərini artırır.

6. Elm və təcrübədən məhrum olmaq: Bir çox bilik və təcrübələri yalnız mədəni həyatda öyrənmək mümkündür. Bu da həqiqətdir ki, birgə həyatın nəticəsi müsbət və faydalı təcrübələrdən başqa bir şey deyildir.

Yuxarıda qeyd edilən mədəni və ya guşənişin həyat tərzinin fayda və zərərlərinə diqqət yetirdikdə, birinci qrupun tərəfdarlarının məntiqli nəzər və dəlillərinin üstünlüyü tamamilə aydınlaşır.
TƏRKİ-DÜNYALIĞIN MÜSTƏSNA HALLARI

Burada neçə məsələni qeyd etməyi lazım görürük. Bəzən insanın ictimai həyatında müstəsna hallar qarşıya çıxır ki, cəmiyyətdən ayrılmaq, guşənişinliyə çəkilmək, yaxud heç olmazsa, ictimai əlaqələri azaltmaqdan başqa bir yolu qalmır. Bu o zamandır ki, çirkin və azğın mühitdə yaşadığından ictimai əlaqələrin ona yalnız zərəri vardır. Keçici xəstəliklər yayılan ərazilərdən uzaqlaşmaq vacib olduğu kimi, belə cəmiyyət və mühitlərdən də mütləq uzaqlaşmaq lazımdır. Peyğəmbərlərin sərgüzəştlərində həzrət İbrahimin (ə), yaxud “Əshabi-kəhf”in cəmiyyətdən uzaqlaşması da məhz bu qəbildəndir; yaxud imam Sadiqin (ə) Süfyan Suriyə buyurduğu məsləhət də elə bu həqiqətə toxunur. Belə ki, o həzrət buyurmuşdur:

فَسَدَ الزَّمانُ وَ تَغَيَّرَ الاْخْوانُ فَرَاَيْتُ الْاِنْفِرادَ اَسْكَنَ لِلْفُؤادِ

“Zaman korlanmış, dostlar isə dəyişilmişdir. Odur ki, təklik və guşənişinliyi qəlbə rahatlıq bəxş edən gördüm.” (“Biharul-ənvar”, 47-ci cild, səh.60.)

Elə bu hədislə guşənişinlik və cəmiyyətdən uzaq düşməyin tərəfdarlarının bir çox dəlillərinin cavabı aydınlaşır.

Həmçinin pis rəftar və əxlaqa malik olan və onu əsla tərk edə bilməyən insanın da camaatın onun pis rəftarından amanda qalması üçün guşənişinliyə çəkilməsi bəyənilmiş iş sayılır.

Qeyd edilməsi lazım olan başqa bir incə məsələ də odur ki, insanın ictimai əlaqələrlə yanaşı, hər gün dərindən düşünməsi, riya və Allaha qarşı şəkk-şübhədən uzaq ibadət və itaətlə məşğul olması üçün bir neçə saat tək-tənha qalması və guşənişinliyə çəkilməsi zəruridir. Bir çox böyük alim və ariflər gündəlik həyat proqramlarında belə işlərə vaxt ayırmışlar. Mümkündür, guşənişinliyi tövsiyə edən rəvayətlərin bir qismi elə bunu nəzərdə tutmuş olsun!

Demək, insanın həyatında dönüş yaradan əsas amil ictimai əlaqələrə, cəmiyyətdən uzaq düşmək isə xüsusi zamanlara aiddir. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh. 37-45.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə