Çr.ax04162024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar ƏXLAQIN ÜSULLARI

Ədəbi yazılar

ƏXLAQIN ÜSULLARI

 Əxlaq alimləri əxlaqi fəzilətləri dörd üsul üzərində yekunlaşdırırlar: 1. hikmət (zəka); 2. iffət; 3. şücaət; 4. ədalət.

Onlar bu üsulları qərizə və hiss üzvlərinin ifrat və təfrit dərəcələri arasındakı orta hədd sayır və hər bir fəzilətin müqabilində iki rəzil və mənfi sifəti də qeyd edirlər:

1. Hikmət – əşyaları olduğu kimi ayırd və dərk etmək, şüurda mötədillik deməkdir. Onun ifrat tərəfi bir növ “sofizm”, yəni hər şeyə həddən artıq tərəddüdlə yanaşmaq, ehtimallara əsaslanmaq, şəkk-şübhə yaratmaq, düzgün nəzəriyyələrdən yayınmaq, təfrit tərəfi isə nadanlıqdır.

2. İffət – ehtirasları normal saxlamaq, qərizə və meyillərdən düzgün bəhrələnmək deməkdir. Onun ifrat tərəfi hərislik, təfrit tərəfi isə sönüklük və reaksiyasızlıq adlanır.

3. Şücaət – qəzəb qüvvəsini normal saxlamağa, qorxulu şeylərdən qorxmağa və qorxulu olmayanlardan qorxmamağa deyilir. Onun ifrat tərəfi, ümumiyyətlə, qorxmazlıq, təfrit tərəfi isə qorxaqlıqdır.

4. Ədalət – ehtiras və əsəb qüvvəsinin əqlə tabe olması, səadət və islah uğrunda onların düzgün idarəsindən ibarətdir. Onun ifrat tərəfi zülm, təfrit tərəfi isə köləlik, zülmə tabe olmaqdır.

Həmin alimlər mənfi və rəzil sifətləri saysız-hesabsız bilsələr də, orta hədd olan əxlaqi fəzilətləri bir zolaq hesab edərək, onu yalnız dairənin mərkəzi nöqtəsinə, rəzil sifətləri isə dairənin ətrafındakı saysız-hesabsız nöqtələrə bənzətmiş, bəzən də onu sonsuz əyri xətlər içərisindəki iki nöqtəni birləşdirən vahid düz xəttə oxşatmışlar.

Xacə Nəsrəddin Tusi və digər alimlərə görə, dində adı çəkilən tükdən nazik və qılıncdan iti olan “Sirat” körpüsündə məqsəd də həmin “əxlaq normalar”ıdır. Bəzi əxlaq alimləri bunu belə izah etmişlər: “Axirət aləmi həqiqətdə dünya həyatının təcəssümü olduğu üçün çox ehtimal ki, “Sirat” körpüsü bu aləmdə əxlaq normalarına riayət deməkdir.”

İndi isə görək, bu üsullar haradan yaranmışdır?

Əxlaq alimləri insan “nəfs”ini üç qüvvəyə ayırırlar: 1. idrak qüvvəsi; 2. mənafe hissi və ehtiras qüvvəsi (geniş mənada); 3. zərəri dəfetmə hissi, yaxud dafiə, başqa sözlə, qəzəb qüvvəsi.

Bu qüvvələrin hər birinin normallığı əxlaqi fəzilətlərdən birini təşkil edir ki, tərtiblə “hikmət”, “iffət” və “şücaət” adlanır.

Ehtiras və qəzəb qüvvələrinin idrak qüvvəsinə tabe olduğu zaman isə “ədalət” hasil olur. Başqa sözlə, bu qüvvələrin hər birinin mötədilliyi ayrılıqda bir fəzilət sayılır. Amma nə çox ola bilər ki, təcavüzyönlü müharibə meydanında qorxu hissi keçirməyən şücaətli insan zülmkar olsun. Burada şücaət hissi zülmə qulluq etdiyindən belə şəxs ədalətdən uzaq düşür.

TƏHQİQ VƏ TƏNQİD

Yuxarıda qeyd etdiyimiz kimi, üsullara bir sıra iradlar tutulmuşdur:

1. Bəzi əxlaqi səciyyələri həmin dörd üsuldan birinə aid etmək çətindir. Misal üçün, insansevərlik və fədakarlıq xüsusiyyətlərini “iffət”lə uyğunlaşdırmaq olmur. Məsələn, mümkündür, bir şəxs ehtiras hissləri mötədil olduğu halda, insansevər və ya fədakar olmasın. Belə ki, başqalarının hüquqlarına təcavüz etməsə və ya onların zərər çəkməsinə razı olmasa da, fədakar olmaya bilər. Həmçinin nikbinliyi də “hikmət”ə aid etmək olmaz, çünki nikbinlik iki şeyin müqayisəsindən yaranır.

Bəlkə də bu dörd üsul forması antik təfəkkür tərzindən doğmuşdur ki, onlar əksər hadisələrin həmin üsullar üzərində qurulduğunu güman etmiş, maddənin dörd elementdən, bədənin tərkib hissələrinin dörddən, xasiyyətin dörddən və nəhayət, xəstəliklərin əsasının dörddən ibarət olduğunu demiş, eləcə də, bütün dərmanları dörd xassədən birinə malik bilmişlər. İndiki zamanda bizə bəllidir ki, bu dörd bölgünün heç biri düzgün deyil və əxlaq üsullarının dörd hissəyə bölgüsü də elə həmin qəbildən olduğu nəzərə çarpır.

2. Hikməti əxlaq üsullarından bilmək və ya rəziləti ona qarşı qoymaq düzgün deyildir. Çünki əxlaqi səciyyələr də idrak qüvvəsi ilə yanaşı meyil, qərizə və emosional hisslər də özünü büruzə verir ki, bu da zəkalılığı “hüsni-əxlaq”dan (yaxşı əxlaqdan) hesab etməyə imkan vermir.

3. Bütün fəzilət və əxlaqi səciyyələri ifrat və təfrit arasında mötədil və orta hədd bilmək də əsassızdır. Çünki bu məsələ bəzən düzgün olsa da, çox vaxt yanlışdır. Məsələn, hikmətin düşüncənin normal forması olduğunu demək düzgün deyildir. Çünki (onun antoniminin ifrat tərəfi olan) “sofizm” şüur və düşüncənin çoxluğundan doğmur. Ona görə də, adətən, elmdə ifratın mənası yoxdur. Əksinə olaraq “sofizm” əxlaq alimlərinə görə, bir növ fikri nasazlıq, zehni azğınlıq deməkdir. Həmçinin ədalətin ifrat tərəfini zülm saymaq olmaz, çünki ədalətdə ifratın mənası yoxdur. Əgər zülmə tabe olmaq tənbəllik və süstlükdən doğursa, onda “iffət”ə qarşı olacaq və əgər haqqı tələb etməyin qorxusundan yaranırsa, onda qəzəb qüvvəsinin təfrit dərəcəsi olacaqdır. Ümumiyyətlə, ədalətdə ifratın mənası yoxdur, xüsusilə də onların ədaləti qəzəb və ehtiras qüvvəsinin əqlə tabeliyi ilə əlaqələndirmələri əsassızdır. Şübhəsiz, bu zaman ifrata varmaq mənasızdır.

Buradan belə nəticə alırıq ki, əxlaqi fəzilət və səciyyələrdə orta hədd məsələsi şücaət və iffət kimi bir sıra hallara şamil olsa da, həmişə ümumi yönə malik olmayıb, bəzən ədalət və hikmətlə uyğun gəlmir. Həm də yaxşı və pis sifətlərin dörd üsula bölünməsinin də elə bir dəlili yoxdur və çox vaxt iradla yanaşıdır.

Beləliklə, əxlaqi fəzilətləri dörd üsula həsr etməyə bir əsas qalmır. Əksinə insanın vücudundakı istək və hisslərin sayı qədər yaxşı və pis əxlaqi yön ola bilər ki, onların hər birinin inkişaf və mötədilliyi fərd və cəmiyyətin təkamülünə faydalı və müsbəttəsirli olduğu zaman “fəzilət”, zərbə vurduğu zaman isə “rəzilət” sayılsın. Demək, orqanizmə uyğun xəstəliklərin sayı qədər də ruha uyğun mənəvi fəzilət və rəzilətlər mövcuddur.

Əhli-beytin (ə) hədis və rəvayətlərində də çoxsaylı əxlaqi fəzilətlər qeyd edilmişdir ki, onları dörd üsul əsasında toplamaq mümkün deyil. Məsələn, “Üsuli-kafi” kitabının “əql və cəhl qoşunları” bölümündə imam Sadiqdən (s) nəql olunan məşhur bir hədisdə əql və cəhlin hər birinin yetmiş beş qoşunu olduğu deyilir ki, onların əsas hissəsi əxlaqi fəzilət və rəzilətlərə aiddir. Yeri gəlmişkən, hədisdə qeyd olunan “qoşun” ifadəsi dərin mənaya malikdir. Yəni əslində qərizə və instinktiv hisslər insanın vücuduna hakim olmayıb, əql və şüur qüvvəsinin sayəsində ehtiyacların təmini və ya aradan qaldırılmasında mühüm rol oynayır.

YAXŞI VƏ PİS RƏFTARIN ƏXLAQİ MEYARI

Bütün əxlaq və rəftarlar tam aşkar və aydın deyildir. Əlbəttə, şücaət, səxavət və fədakarlıq kimi bəzi dəyərlər o qədər aydındır ki, heç kim onların fəzilət və yaxşı xislət olduğuna şübhə etmir və onların qorxu, paxıllıq və xudbinlik kimi əks tərəflərini də açıq-aydın rəzilət bilir. Lakin bir sıra xislətlər də vardır ki, insan onların yaxşı, yaxud pis olduğunu ayırd edə bilmir. Buna əsasən, dəqiq meyar olmadan əxlaqi ölçüləri araşdırmaq olmaz. Məsələn, müasir dövrdə Bertrand Rassel kimi bəzi materialistlərin əqidəsinə görə, hər hansı bir əməlin başqalarına zərəri dəyməyincə, onun yerinə yetirilməsini məhkum etməyə bir dəlil yoxdur. Məsələn, elə deyil ki, “tabu” (bir sıra antik adət-ənənələrdə mövcud olan səbəbsiz qadağalar) kimi qədim bir təfəkkürün çirkin adlandırdığı bir əməli hökmən biz də rədd etməliyik və mütləq onun xeyir və zərərini nəzərə almaq lazımdır. (“Cəhani ki, mən mi-şenasəm!”, səh.68.) Hətta Rassel bir çox pis əməllərə başqalarına zərər yetirmədiyi təqdirdə icazə verir. (O cümlədən, hər iki tərəfin razılığı ilə müxalif və ya həmcinslə iffətsizliyi təbii sayır.)

Sosialist materializmi isə, bir çox ənənəvi-əxlaqi üsulların varlı sinfin mənafeyinə xidmət etdiyini yürütdüyündən, onlar yalnız fəhlə hərəkatının inkişaf və davamına kömək edən qaydaları etik sayırdılar. Həmçinin müəyyən bir məktəb və təfəkkürə tabe olmayan qruplar tərəfindən (həya və iffət kimi) bir sıra məsələlər barəsində yürüdülən fikirlərin artması da, şübhəsiz, əxlaqi bəhslərdə aydın bir meyara ehtiyac duyulduğunu göstərir.

Belə isə, ümumi rəftarlarda əxlaqi meyar nədir və ya necə ayırd etmək olar ki, filan əməl əxlaqidir, yoxsa əxlaqa zidd; başqa sözlə, fəzilətdir, yoxsa rəzilət? Əgər bunu dini-məzhəbi baxımdan araşdırmaq istəsək, vəzifəmiz tamamilə aydındır. Çünki İslam dininin haqq olduğunu bildikdən sonra əxlaqi fəzilət və rəzilətlərin üsullarını ayırd etmək üçün Quran və sünnədə mövcud olan qəti sənədlərə müraciət edəcəyik. Hər halda, bunu nəzərə almalıyıq ki, insanın təkamülünə şərait yaradan amillər “fəzilət”, onu azğınlığa və geriyə salan amillər isə “rəzilət” sayılır. İnsan yalnız maddi və dünyəvi ehtiyacları baxımından diqqət mərkəzində olmamalı, onun mövcudatdan xüsusi fərqləndirən mənəvi yönlərinə də əhəmiyyət verilməlidir. Hətta müəyyən bir əməl başqalarının əzab-əziyyətinə səbəb olmasa da, onu yerinə yetirən şəxsi mənəvi qiymətdən sala bilir və şübhəsiz, həmin əməl rəzil və çirkin iş sayılır.

Təkcə maddi yönləri nəzərə alanlar həqiqətdə insanı yarımçıq (bəlkə də çox az) tanımışlar. Halbuki əxlaqi üsullar insan vücudunun bütün yönləri – həm cismi, həm də ruhu əsasında araşdırılmalıdır. Bundan da pisi insanın mənəvi yönlərinə əsla diqqət yetirməyən və maddi yönlərdə də yalnız bir qismə (insan əməyinə) göz dikən sovet əxlaqıdır.

Məlum olduğu kimi, belə məktəblər insanın varlığını düzgün işıqlandıra bilmədiyindən düzgün nəticələr də çıxara bilməz və sözsüz, əxlaqi fəzilət və rəzilətlərin təyinində böyük səhvlərə düçar olacaq. Buna əsasən, əxlaqi üsulların düzgün əql və məntiqə uyğun təyinində öncə qeyd etdiklərimiz mütləq nəzərə alınmalıdır: insan təkamülünün bütün yönlərinə diqqət yetirilməli, ona kömək edən amillər ayırd edilməli, onların əsasında fəzilət və rəzilətlər müəyyənləşdirilməlidir. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh.31-37.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə