Ədəbi yazılar

İNSANIN İCTİMAİ HƏYATINDAKI MƏZİYYƏTLƏRİ

 Bildiyimiz kimi, insan ictimai həyat tərzi keçirir və şübhəsiz, “icma” onun tərəqqi və ya irticasında mühüm rol oynayır. Sosioloqlara görə, cəmiyyətdən kənar düşən insan hər şeyi – elmi, şəfqəti, ruhi təkamülü, hətta danışığını və s. – əldən verir. Buna müəyyən səbəblər üzündən “meşə” kimi vəhşi mühitə düşən və yırtıcı heyvanların ətrafında yaşayan insanı misal göstərirlər. Tarixdə belə həyat tərzi keçirənlər az olmayıb. Belələri dildən, insani düşüncə və bəşəri səciyyələrdən uzaq ikən rəftar və davranışları da eynilə vəhşi heyvan kimi olur. Səhralıqda və ya köçəri həyat sürən, kiçik qəbilə formalarında yaşayanların vəziyyəti məlum olduqdan sonra cəmiyyətdən ayrı düşən fərdin taleyi aydındır! Bu və bu kimi digər faktlar sosioloqların “Cəmiyyət fərddən irəlidir!” – ideyasını çox gözəl təsdiq edir. Əlbəttə, fərd “bir canlı” kimi cəmiyyətdən əvvəl təsəvvür olunsa da, lakin bir “insan” kimi ondan geridir. Bu baxımdan ictimai əlaqələr genişləndikcə, sivilizasiya da – hər hansı yöndə – tərəqqi edir.

Çağdaş dünyamızda insanların bir-birilə geniş əlaqələrinə şərait yaradan vəsaitlər müasir sivilizasiyanı doğruldan əsas amillərdəndir. Bu bizə dünya ölkələri arasında sivil səviyyələri ayırd etməyə imkan verir.

Əlbəttə, ictimai həyat tərzi təkcə insana xas deyil. Bal arısı və qarışqa kimi kütləvi formada yaşayan həşəratlar və ya quşlar, yaxud bir sıra heyvanlar da ictimai həyat tərzi keçirirlər. Bəzən onların arasındakı bir çox qanunauyğunluqlar hətta insanların ictimai həyatını da ötüb-keçir. Məsələn, bal arılarının yuvasında hətta bir işsizin, yaxud birinin ac qalması mümkün deyil. Halbuki bunu dünyanın ən mütərəqqi və inkişaf etmiş ölkələrində belə görə bilərik. Onların arasındakı hər işin bölünmə və qazanc tərzinin qəribəlikləri insani mühitlərdə müşahidə olunmur. Bununla belə, onların ictimai yaşayışında iki əsas cəhət var ki, onları bəşərin ictimai həyatından ayırır:

1. Heyvanlarda kütləvi yaşayış nə qədər biçimli olsa da, belə yaşayış tərzi yalnız yuva, azuqə yığımı, törəmə və bu kimi ölçülərlə məhdudlaşır. Halbuki insanın ictimai həyatı daha əhatəli, bəlkə də naməhduddur.

2. Heyvanların ictimai həyatında heç bir dəyişiklik baş vermir. Başqa sözlə, onlarda tərəqqi, keçmiş nəsillə yeni nəsil arasında fərq olmur. Məsələn, bugünkü bal arılarının yuvası kəşflərdən məlum olan neçə milyon il əvvəlki bal arılarının yuvasından fərqlənmir. Bu onu göstərir ki, neçə milyon il keçsə də, onlarda yaşayış tərzi əsla dəyişilmir! Amma bəzən bir əsr və yaxud ondan da az müddət ərzində insanın ictimai həyatında böyük dəyişikliklər baş verir. Demək, insanın ictimai həyatını başqa canlılardan ayıran bu iki fərq əsaslı yönə malikdir.

Bir sözlə, insanın fikri, əməli-əxlaqi, iqtisadi-texnoloji və s. yönlərdə təkamül və tərəqqisi qarşılıqlı ünsiyyətsiz mümkün deyil. İctimai həyatsız mədəniyyət, insanlıq, sivilizasiya və digər səciyyələr heç bir məna daşımır.

İslam göstəriş verir ki, insanlar cəmiyyətdən ayrılmasınlar. İmam Əmirəlmöminin Əli (ə) ixtilaf və təfriqə salan “xəvaric” qrupunun fikirlərini məhkum edərək belə buyurur:

وَالْزَمُوا السَّوادَ الْاَعْظَمَ فَاِنَّ يَدَاللهِ مَعَ الْجَماعَةِ وَاِيّاكُمْ وَالْفُرْقَةَ فَاِنَّ الشّاذَّ مِنَ النّاسِ لِلشّيْطانِ كَما اَنَّ الشّاذَّ مِنَ الْغَنَمِ لِلذِّئِبِ... وَاِنَّما حُكِّمَ الْحَكَمانِ لِيُحْيِيا ما اَحْيَا الْقُرآنُ وَ يُمِيتا ما أماتَ الْقُرآنُ، وَاِحْياؤُهُ الْاِجْتِماعُ عَلَيْهِ وَاِماتَتُهُ الْاِفْتِراقُ عَنْهُ

“Həmişə (haqqın tərəfini saxlamaq üçün) cəmiyyətə bağlanın ki, Allahın əli cəmiyyətlədir. İxtilaf və ayrılıqdan çəkinin ki, tək qalan qoyun qurda yem olduğu kimi, camaatdan ayrılan kəs də şeytana qismət olar... Və o iki nəfərə də ona görə hökmkəsmə ixtiyarı verilmişdi ki, onlar Quranın diriltdiyini diriltməli, öldürdüyünü (məhkum etdiyini) də dəfn etməliydilər. Diriltmək dedikdə birlik, öldürmək dedikdə isə ayrılıq nəzərdə tutulur.” (“Nəhcül-bəlağə”, xütbə 127.)

Tarixə əsasən, həmişə kiçik tayfa və qəbilələr mədəni baxımdan geri qalmış, böyük sivilizasiyalar isə böyük cəmiyyətlərdə görünmüşdür. İmam Əli (ə) də burada cəmiyyətin əhəmiyyətini nəzərə alaraq Allahın əlinin onun üzərində olduğuna toxunur. Bunun əksinə olaraq isə cəmiyyətdən uzaq düşənlər də şeytanın ovuna tuş gəlir və ilahi himayədən məhrum qalırlar. Sözün davamında buyurulan bənzətmələr göstərir ki, cəmiyyətin problemlərinin həlli və qurdların caynaqlarından xilas olmaq yalnız kütləvi formada mümkündür. Demək, cəmiyyətin birliyi və fərdlərin sıx əlaqələri onları hər hansı hadisə və çətinliklər müqabilində davamlı və qalib edir. Daha sonra buyurulur ki, Quranı diriltmək vəhdət və birlik yaratmaq, cəmiyyətin ətrafına toplaşmaq, onu öldürmək isə cəmiyyətdən ayrılmaq, təfriqə və ixtilaflardır.

İslamın cəmiyyətə böyük əhəmiyyət verməsini aşağıdakı iki məsələ ilə də başa düşmək olar:

1. İslam baxımından camaat namazının əhəmiyyəti və savabı namazda iştirak edənlərin sayı ilə əlaqədardır. Məsələn, məscidlərin savabına gəldikdə, bazar əhli üçün tikilən və ya müəyyən bir tayfa və məntəqənin məscidlərindən tutmuş, şəhərin böyük məscidlərinə qədər və nəhayət, bütün müsəlmanlara məxsus ən böyük ibadət mərkəzi sayılan “Məscidül-Həram”ın (Kəbə evi) ictimai mövqeyinə görə özünəməxsusdur.

2. İslam nəsil və cəmiyyətin artımını bəyənir. Məsələn, Peyğəmbəri-Əkrəm (s) bir hədisdə buyurur:

اُطْلُبُوا الْوَلَدَ فَاِنِّي مُكاثِرٌ بِكُمُ الْاُمَمَ غَداً

“Övlad istəyin ki, mən qiyamət günü sizin çoxluğunuzla öyünəcəyəm!” (“Vəsailüş-şiə”, 14-cü cild, səh.3, hədis 6.)

Burada diqqət yetirmək lazımdır ki, bir sıra hallarda cəmiyyətin çoxluğu azuqə və məişət problemlərini doğura bilsə də, lakin müvəqqəti çətinliklər cəmiyyətə mənsub olan fayda və dəyərləri itirə bilməz. Əlbəttə, belə hallarla yeraltı və yerüstü sərvətlərə malik olmayan xalqlar daha çox üzləşir.

BİRGƏ YAŞAYIŞDA DƏYƏR

Sonda mövzu ilə bağlı bir məsələnin də qeyd edilməsini zəruri görürük. Belə ki, ictimai hüquq baxımından insanların qanun qarşısında bərabərliyi məsələsi onların eyni dəyərə malik olduqları ilə deyil, həqiqətdə nizam-intizamı qorumaq, ədalətə riayət, şəxsi mənafenin qarşısını almaq, bəşəri istismarla mübarizə və s. üçündür. Yoxsa, insanların ictimai dəyər və bacarıqları arasında fərq olduqca çoxdur. Məsələn, zəhmətkeş, ləyaqətli və xeyirxah alimin dəyəri savadsız və fitnəkar bir kəslə eyni deyil. Lakin ictimai hüquq bərabərliyində insanlar arasında fərq qoyularsa, onun fəsad və zərərləri ictimai dəyərləri gözləməkdən artıq olar. İslamda insanların ictimai dəyərləri xalqın onlardan aldığı bəhrə ilə ölçülür. Peyğəmbəri-Əkrəm (s) buyurur:

خَيْرُ النّاسِ اَنْفَعُهُمْ لِلنّاسِ

“Camaata ən çox fayda və xeyir verən insanların ən yaxşısıdır!” (“Nəhcül-fəsahə”, səh.315; “Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh. 103-105 və 113-114.)