Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar İSLAM VƏ İCTİMAİ MƏSƏLƏLƏR

Ədəbi yazılar

İSLAM VƏ İCTİMAİ MƏSƏLƏLƏR

 Şübhəsiz, heç bir din İslam qədər fərdi və ictimai ölçüləri möhtərəm saymayıb. Bu onu göstərir ki, insanın təkamülü, istedadlarının çiçəklənməsi onun ali məqsədidir. İslam nöqteyi-nəzərindən ictimai məsələlərin əhəmiyyətini dərk etmək üçün aşağıdakı göstərişlərə nəzər salmaq kifayətdir:

1. İslamın bünövrə göstərişləri içərisində elə fərdi göstəriş yoxdur ki, ictimai əhəmiyyət daşımasın. Onlar “ibadətlər”, “alış-verişlər” və “siyasətlər”dən ibarət İslam fiqhi və hüquqlarını təşkil edir. Əksəriyyəti özünə həsr edən ikinci və üçüncü qisimlərin ictimailiyi bəllidir. Məxluqla Xaliq arasında əlaqə yaradan birinci qismə də ictimai əhval-ruhiyyə hakimdir.

İslamda ibadətlərin mühüm bir hissəsini təşkil edən gündəlik vacib əməllər ictimai reallıqlarla elə qarışmışdır ki, onları bir-birindən ayırmaq çətindir və fərdi şəkildə, sanki öz məfhumunu itirir. Məsələn, vacib namazlara giriş sayılan “azan və iqamə” müsəlmanları bir yerə toplaşmağa, onu kütləvi şəkildə yerinə yetirməyə dəvət edir. Bu əməl fərdi şəkildə həmin vacib sünnəni qoruyub-saxlamaq və ona bir növ ruhi hazırlıqdan başqa bir məfhum daşımır.

Namazın həqiqi dua və raz-niyaz sayılan “Həmd” surəsinin “nə`budu” (ibadət edirik), “nəstəin” (kömək diləyirik), “ihdina” (bizi hidayət et) və namazın sonunda “cəm” formasında işlənən “salamlar”ın ibarələri fərdi icra olunduqda, demək olar, öz əsl məfhumlarını əldən verir. Bunlar bütünlükdə həmin vacib əməlin mahiyyətinin kütlə üzərində qurulduğunu göstərir. Bundan əlavə, onun camaatla qılınması haqda hədsiz tövsiyələr vardır. İslam ibadətləri içərisində “həcc”in ictimai əhəmiyyəti digər əməllərdən üstün, “keçirilmə forması” və təsirləri bütün ibadətlərdən güclüdür.

2. İslamda ictimai əlaqələr qiymətləndirilərək Allah-Taalanın ayələri və tövhid nişanələrindən sayılır. Qurani-Kərimdə buyurulur:

{وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَاجًا لِّتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُم مَّوَدَّةً وَرَحْمَةً}

“Sizin ünsiyyət yaratmağınız üçün öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir!” (“Rum” surəsi, ayə 21.)

3. Qurani-Kərimdə aydın göstərilir ki, Peyğəmbəri-Əkrəmin (s) qeyri-adi işlərindən biri insanlar arasında ülfət və mehribanlıq yaratmasıdır:

{وَإِن يُرِيدُواْ أَن يَخْدَعُوكَ فَإِنَّ حَسْبَكَ اللّهُ هُوَ الَّذِيَ أَيَّدَكَ بِنَصْرِهِ وَبِالْمُؤْمِنِينَ وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ}

“O Allah səni Öz köməyi və möminlər ilə müdafiə edib möhkəmlətdi, onların ürəklərini ülfət, dostluqla birləşdirdi.” (“Ənfal” surəsi, ayə 62-63.)

Ayədə göstərilir ki, sərvət və dünya malı ürəklər arasında ülfət və dostluq yarada bilməz və hətta onun özü ixtilaf və təfriqə, ədavət və kin-küdurət amilinə çevrilir. İman və mənəviyyat isə belə deyildir. Diqqəti cəlb edən digər məsələ odur ki, bu ayədə möminlərin müdafiəsi fasiləsiz olaraq Allahın köməyindən sonra qeyd edilir. Bu da həmin məsələyə bir daha əhəmiyyət verir.

4. Qurani-Kərimdə ixtilaf, nifaq və ayrılıq səmavi əzaba bais olan amil sayılır:

{قُلْ هُوَ الْقَادِرُ عَلَى أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعاً وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍ}

“De: Allah başınızın üstündən və ayaqlarınızın altından sizə əzab göndərməyə, yaxud sizi dəstələr halında qarışdırmağa və birinizə digərinin qorxusunu (müharibəni sizin hər birinizə) daddırmağa qadirdir!” (“Ənam” surəsi, ayə 65.)

5. Camaat arasında ədavət, ixtilaf və təfriqə İslamda böyük günahlardan, onların arasında ülfət və mehribanlıq isə ən yaxşı əməllərdən sayılır. “Ehticac” kitabında imam Sadiqdən (ə) belə nəql olunur:

اِنَّ مِنْ اَكْبَرِ السِّحْرِ النَّمِيمَةُ يُفَرَّقُ بِها بَيْنَ الْمُتَحابِّينَ وَ يُجْلَبُ الْعَداوَةُ عَلَى الْمُتَصافِينَ وَيُسْفَكُ بِهَا الدِّماءُ وَيُهْدَمُ بِهَا الدُّورُ وَيُكْشَفُ بِهَا السُّتُورُ، وَالنَّمَّامُ اَشَرُّ مَنْ وَطِىءَ الْاَرْضَ بِقَدَمٍ

“Xəbərçilik, həqiqətən, dostlar arasında təfriqə və ədavət yaradan ən böyük sehrdir. Onunla qanlar axıdılır, evlər dağılır, camaatın sirləri faş edilir. Xəbərçi yer üzündə addım atan ən pis adamdır!” (“Ehticac”, Təbərsi, c.2, səh.82.)

6. Qurani-Kərim möminlər arasında əlaqəni “qardaşlıq” kimi yad edir və beləliklə, onları sıx vəhdətə dəvət edir.

7. İslam müstəsna hallardan başqa müsəlmanların bir-birilə küsülü qalmalarına, aralarında ülfət və sevginin azalmasına və dostluqda soyuqluğa icazə vermir. Bir çox hədislərdə bunlar şiddətlə qadağan edilmiş və çarəsiz qarşıya çıxan hallarda isə üç gündən artıq küsülü qalmağa icazə verilməmişdir. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

لا يَحِلُّ لِمُسْلِمٍ اَنْ يَهْجُرَ اَخاهُ فَوْقَ ثَلاثَةِ اَيّامٍ

“Müsəlmanın din qardaşı ilə üç gündən artıq küsülü qalması caiz deyil!” (“Biharul-ənvar”, c.75, səh.189.)

Başqa bir hədisdə isə belə buyurmuşdur:

نُهِيَ عَنِ الْهِجْرانِ، فَمَنْ كانَ لابُدَّ فاعِلاً فَلا يَهْجُر اَخاهُ اَكْثَرَ مِنْ ثَلاثَةِ اَيّامٍ، فَمَنْ كانَ هاجِراً لِاَخِيِهِ اَكْثَرَ مِنْ ذالِكَ كانَتِ النّارُ اَوْلى بِهِ

“(Başqasından) küsmək qadağan olunub. Çarəsizlikdən bu işi görənlər üç gündən artıq öz qardaşından küsülü qalmasın. Ondan çox küsülü qalana isə cəhənnəm odu layiqdir!” (“Vəsailüş-şiə”, Hürr Amuli, c.8, səh.586, hədis 8.)

Bu hədislərdə küsülülüyü davam etdirənin İslamdan çıxmasının və barışığa razılıq verənin isə behiştə daxil olması da qeydə alınıb.

8. İslamda məhəbbət, dostluq, ülfət, həmkarlıq və yardım hər müsəlmanın qəti vəzifəsi və hamının bu üsullara riayəti vacib sayılır. İmam Sadiq (ə) bir hədisdə buyurur:

يَحِقُّ عَلَى الْمُسْلِمِينَ الْاِجْتِهادُ فِي التَّواصُلِ، وَالتَّعاوُنُ عَلَى التَّعاطُفِ، وَالْمُواساةُ لِاَهْلِ الْحاجَةِ، وَتَعاطُفُ بَعْضِهِمْ عَلى بَعْضٍ، حَتّى تَكُونُوا كَما اَمَرَكُمُ اللهُ عَزَّ وَجَلَّ رُحَماءُ بَيْنَهُمْ

“Müsəlmanların öz aralarında xoş münasibətlərin qurulması üçün çalışmaları, məhəbbətlə davranmaları, möhtaclarla mehriban dolanmaları, bir-birinə qarşı səmimi olmaları lazımdır ki, Allah-Taalanın (Quranda) “Bir-birinə qarşı mehribandırlar!” – buyruğunu qazana bilsinlər.” (“Vəsailüş-şiə”, Hürr Amuli, c.8, səh.552, hədis 2.)

9. İslam dostluq, məhəbbət, ictimai həmkarlıq və bərabərliyi yalnız bir vəzifə hesab etmir və onların gerçəkliyi üçün də tədbirlər nəzərdə tutur. Bir tərəfdən qeybət, xəbərçilik, qürur, haqqı geri almaqda qarşı tərəfi sıxıntıya salmaq, bədbinlik, insanları pis ləqəblərlə səsləmək, zarafatda ifrata varmaq və s. kimi təfriqə, nifaq və ayrılıq salan amilləri qadağan edirsə, digər tərəfdən isə salam vermək, görüşmək, “sileyi-rəhm” (qohumlara yaxşılıq), yaxşı güman, dostluq münasibətlərini bildirmək, bir-birinin heysiyyətini müdafiə etmək, iki nəfərin arasında sülh yaratmaq, bir-birinin hacət və istəklərini yerinə yetirmək və bu kimi ülfət, məhəbbət və qarşılıqlı etimadı möhkəmləndirən amilləri tərifləyir, insanların ictimai rabitələrinin mehr-məhəbbət üzərində qurulmasını istəyir və bu məsələyə yüksək əhəmiyyət verərək onları həyatın zəruri dayaqları hesab edir. Peyğəmbəri-Əkrəm (s) buyurur:

اِنَّ الْمُؤْمِنَ لَيَسْكُنُ اِلَى الْمُؤْمِنِ كَما يَسْكُنُ الْقَلْبُ الظَّمآنُ اِلَى الْماءِ الْبارِدِ

“Susuzlar sərin su ilə rahatlaşdıqları kimi, möminlər də əlaqə saxladıqda dincəlirlər!” (“Biharul-ənvar”, c.74, səh.280.)

Bu ibarədən, yeri gəlmişkən, bəşərin ictimai həyata ehtiyacının təbii-fitriliyi, birgə həyatın zəruriliyi başa düşülür.

10. Diqqəti cəlb edən məsələ odur ki, İslamda ictimai əlaqələrə əsla hədd qoyulmur və onların daha da möhkəm və yaxınlığı irəli sürülür. Məsələn, buyurulur ki, möminlər arasında mənəvi bağlılıq hətta onların cisminə belə təsir göstərməlidir! Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَلا وَاِنَّ وُدَّ الْمُؤْمِنِ مِنْ اَعْظَمِ سَبَبِ الْاِيمانِ... اَلا وَاِنَّ الْمُؤْمِنَيْنِ اِذا تَحابّا فِي اللهِ عَزَّ وَجَلَّ وَتَصافَيا فِي اللهِ كانا كَالْجَسَدِ الْواحِدِ اِذَا اشْتَكى اَحَدُهُما مِنْ جَسَدِهِ مَوْضِعاً وَجَدَ الْآخَرُ اَلَمَ ذالِكَ الْمَوْضِعِ

“Agah olun ki, mömini sevmək imanın ən böyük səbəblərindən biridir!... Agah olun ki, Allaha xatir bir-birinə məhəbbət bəsləyən iki mömin bir bədənə çevrilir! Belə ki, əgər biri bədəninin bir hissəsində narahatlıq keçirsə, digəri də həmin ağrını hiss edər!” (“Biharul-ənvar”, c.74, səh.281.)

Bu hədisdən başa düşülür ki, möminlər arasında dostluq möhkəm olmalı, bədənləri bir bədən kimi sayılmalı, biri öz əzalarında narahatlıq hiss etdikdə, o biri də bunu öz bədənində hiss etməlidir. Yəni onlar mənən bir-birinə elə bağlanmalıdırlar ki, bir ruh və bir bədənə çevrilsinlər. (“Əxlaq sayəsində sağlam həyat”, Ayətullah Məkarim Şirazi, səh. 107-113.)

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə