Bz.er10222018

Son yeniləməBz.er, 03 İyul 2017 4pm

Burdasız: Əsas səhİfə Hədİs Məqalə Tərs, qara ləkəli və geniş ürəklər

Tərs, qara ləkəli və geniş ürəklər

İnsan Allah Təalaya qarşı mərifəti və tanımanı qəlbi ilə əldə edir. Bu, qəlbdir ki, Allahın varlığını dərk edir. Qəlb Allaha tərəf can atar və Onun yanında olanları kəşf etməyə çalışar. Qalan bədən üzvləri isə qəlbin xadimləridir və ona itaət edərlər.
Nə zaman qəlb Allahdan qeyrisindən boş olar – o deməkdir ki, sağlam və Allahın bəyəndiyi və qəbul etdiyi qəlbdir. Əgər Allahdan qeyrisi də orada olarsa, Allah qarşısında xəcalətli olar. Əslində bəndədən istənilənlər – qəlbdən istənilmişdir. Bu, qəlbdir ki, insanı rəzil sifətlərdən paklayır və onu qürb məqamına yaxınlaşdırır. Əgər pisliklərə bulaşarsa, eyb və nöqsan quyusuna düşər. Allahın rəhmətindən məhrum olar. (Erfan)
Bu, qəlbdir ki, ibadətin nurunu başqa bədən üzvlərinə ötürür və eyni zamanda, Allaha üsyan edən də odur.
Əgər insan qəlbin həqiqətini dərk edə bilərsə, qəlb özünü tanıdar. Əgər qəlb özünü tanıyarsa, Allahı da tanımış olar. Əgər insan qəlbinə qarşı cahil olarsa – nə özünü tanıyar, nə də Allahı.
Əgər insan qəlbini tanımazsa, ona nəzarət etməz və onu pis sifətlərdən çəkindirməz. Mələkut aləmindən zahir olan həqiqətləri görməz. İnsan əgər xəstəliyini unudarsa, ən pis xəstəyə düçar olmuş olar. Necə ki, Allah Təala buyurur: “Allahı unutduqlarına görə, Allahın da onları özlərinə unutdurduğu kəslər kimi olmayın!”. (“Həşr” 19).
İmam Sadiq (ə) buyurur: “Qəlbin iki qulağı vardır. O zaman ki, insan günah etmək istəyər iman ruhu ona deyər ki, etmə. Şeytan ona deyər ki, günah et. Günaha bulaşan zaman iman ruhu ondan qopardılar”.
Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın bir parça əti vardır ki, sağlam və düzgün olarsa, bədənin başqa üzvləri onun sağlamlığı kölgəsində sağlam olarlar. Nə zaman ki, xəstə olar – ona xatir bədənin başqa üzvləri də xəstə və fasid olar. O ət parçası – qəlbdir”.
Həzrət başqa yerdə buyurur: “Nə zaman insanın ürəyi pak və pakizə olar – cisim və bədəni də pak olar. Qəlbi çirklənmiş olarsa, cəsədi də çirklənmiş olar”.
İmam Baqir (ə) buyurur: “Qəlblər üç növdür;  tərs o qəlb ki,  xeyirdən olan heç bir şeyi dərk etməz, bu qəlb – kafirin qəlbidir. Qara nöqtəsi (red: ləkəsi) olan qəlb vardır ki, xeyir ilə şər onda təlatümdədir. Şər və xeyirdən hər hansı güclü olsa, o birisinə hakim olar. Geniş qəlb ki, onda parlayan çıraq var və nuru Qiyamətə qədər sönməz – o, möminin qəlbidir”.
Həzrət Peyğəmbər (s) buyurur: “Gözün bədbəxtliyinin nişanəsi – göz yaşsız və daşürəkli olmasıdır”.
Əmirəl-möminin (ə) buyurur: “Dörd sifət bədbəxtlikdəndir: göz yaşı olmayan göz, daş ürək, əldə oluna bilməyən arzular və dünyada qalmaq eşqi”.
İmam Sadiq (ə) bir nəfərə buyurur: “Agah ol ki, qəlbin bədənə nisbəti İmamın (ə) insanlara nisbəti kimidir. İnsanların İmama (ə) itaət etməsi vacibdir. Məgər görmürsənmi ki, bütün üzvləri qəlb üçün ordudur? Onun vəziyyətinin tərcüməçisi və istəklərini yerinə yetirəndir”.
Nə zaman insan eşitmək istəsə - iki qulağını da təmərküzləşdirər və nə zaman görmək istəsə - iki gözünü də açar. Nə zaman iyləmək istəsə - burnu ilə iyləyər. Nə zaman danışmağı iradə etsə - dili ilə danışar. Hərəkət etmək üçün niyyət edəndə - ayaqları hərəkətə gələr. Bütün bu bədən üzvləri qəlb tərəfindən idarə olunar. Ona görə də yaxşı olar ki, bədən üzvləri öz rəhbərlərinə itaət etsinlər.
İmam Səccad (ə) buyurur: “İnsanın dörd gözü vardır. İki gözü vardır ki, onunla din və dünya işlərinə nəzər salar. İki gözü vardır ki, axirət işlərini o ikisi ilə müşahidə edər. Nə zaman Allah bəndəsi üçün xeyir istəyər - iki qəlb gözünü açar və o iki gözü ilə qeybi və axirəti görər”.
Əhli-Beytdən (ə) buyurulur: “Allah Musaya (ə) vəhy edir: “Ey Musa! Sərvətin çoxluğuna sevinmə və yadımı heç bir halda tərk etmə. Sərvətin çoxluğu – günahları yaddan çıxardar, Məni yada salmağı tərk etmək – ürəkləri qəsavətə düçar edər””.
Əmirəl-möminin (ə) buyurur: “Gözlərin yaşı qurumaz – məgər qəlbin daşlaşmasına görə. Qəlblər qara və sərt olmaz – məgər günahlara görə”.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə