Şn04202024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar QEYBƏTİN FƏRDİ VƏ İCTİMAİ TƏSİRLƏRİ

Ədəbi yazılar

QEYBƏTİN FƏRDİ VƏ İCTİMAİ TƏSİRLƏRİ

 Qeybətin artdığı cəmiyyətdə səfa-səmimiyyət, birlik, qardaşlıq və dostluq kimi ən böyük mədəni dəyərlər itir, həmkarlığın ilkin şərti sayılan “hüsn-zənn” (nikbinlik) və qarşılıqlı etimad aradan gedir. Qeybətin yayılması ilə hamı bir-birinin nöqsanlarından agah olur, cəmiyyətdə “sui-zənn” (bədbinlik) artır, həmkarlıq ruhiyyəsi isə azalır, birgə amal və ideyalar unudulur və nəhayət, insanlar özlərini kütlədən təcrid edirlər.

Peyğəmbəri-Əkrəm (s) bir hədisdə buyurmuşdur:

لا تَحاسَدُوا وَلا تَباغَضُوا وَلا يَغْتَبْ بَعْضُكُمْ بَعْضاً وَكُونُوا عِبادَاللهِ اِخْواناً

“Bir-birinizə qarşı paxıllıq etməyin, ədavət saxlamayın, bir-birinizin qeybətini qırmayın. Ey Allahın bəndələri, bir-birinizlə qardaş olun!” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 9-cu cild, səh.118.)

Bu hədisin son cümləsindən belə nəticə alırıq ki, Allaha bəndəlik və islami qardaşlıq həsəd, kin-küdurət, ədavət və qeybətlə qarşı-qarşıya durur. Bir də ki, qeybət qardaşlıqdakı məhəbbət və səfa-səmimiyyətə ziddir. Bəlkə də hədisdəki iki xislətin – paxıllıq və ədavətin xüsusi qeyd edilməsi onların qeybətlə əlaqəsindən irəli gəlir. Çünki paxıllıq, adətən, ədavət və kin-küdurətə, ədavət və kin-küdurət isə qeybətə səbəb olur. Həmçinin qeybət də bir çox hallarda fitnə-fəsadı, ədavət və kin-küdurət alovunu şölələndirir. İnsanların gizli eyibləri açıldıqda, bəzən ətrafındakılara da aid ola bilir və yaxud hər hansı yolla qisas almaq, kimlərinsə abır-həyasını aparmaq istəyənlərə dəstək verir. Bu da ki, onların arasında ədavət toxumunu səpir.

Qeybətlə şəxsiyyət və hörmətini itirən insanın günahdan qorxusu azalır. Adətən, insanlar abır-heysiyyətlərini qoruyub-saxlamaq üçün nalayiq və çirkin işlərdən çəkinir, yaxud belə işlərə gizli əl atırlar. Lakin qeybətlə günah və gizli eyibləri aşkar olduqda, artıq, insan abır-heysiyyətinin aradan getməsindən qorxmur. Bu özü cəmiyyətdə fitnə-fəsadın yayılması üçün bir amil olur.

Bir hədisdə imam Sadiq (ə) buyurmuşdur:

مَنْ قالَ فِي مُؤْمِنٍ ما رَاَتْهُ عَيْناهُ وَ سَمِعَتْهُ اُذُناهُ فَهُوَ مِنَ الَّذِينَ قالَ اللهُ عَزَّ وَجَلَّ: {اِنَّ الَّذِينَ يُحِبُّونَ اَنْ تَشِيعَ الْفاحِشَةُ فِي الَّذِينَ آمَنُوا لَهُمْ عَذابٌ اَلِيمٌ}

“Möminin haqqında görüb-eşitdiklərini deyənlərə Allah-Taalanın “İman gətirən camaatın içərisində çirkinliklərin yayılmasını istəyən kəsi ağır əzab gözləyir!” – buyruğu şamil olacaq.” (“Biharul-ənvar”, 75-ci cild, səh.240.)

Məlumdur ki, camaatın sirlərini, gizli eyiblərini faş etmək – bu eyiblər əksər hallarda dinlə bağlı olduğundan – başqalarını məsiyət və günaha cürətləndirir, nəticə etibarı ilə pislik və çirkinliklərin yayılmasına səbəb olur.

Qeybət qazanc baxımından da cəmiyyətə zərərlidir. Çünki maddi və iqtisadi yönlərdə insanların etibarı, bir-birinə inam və etimadı maddi sərmayələrdən daha önəmlidir və onsuz ticari əlaqələrin durumu azalacaq, yaxud tamamilə dayanacaqdır...

Qeybət subyektivliyinə görə də zülm, haqsızlıq və başqalarının hüquqlarına aşkar təcavüz sayılır. Demək, burada zülm nəticəsində yaranan bütün əxlaqi qüsurlar qeybətlə əlaqədar olur. Bundan əlavə, qeybət bir sıra yaramaz hisslərdən qaynaqlandığı üçün onun təkrarı ilə bu pis sifət daha da kök salır.

Beləliklə, qeybət dəyərlər baxımından həm fərdi, həm də ictimai əsasları laxladır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə