Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə Ədəbi yazılar DİL VƏ DANIŞĞIN ƏHƏMİYYƏTİ

Ədəbi yazılar

DİL VƏ DANIŞĞIN ƏHƏMİYYƏTİ

 

 Allahın insana bəxş etdiyi dil və danışıq neməti faydalı və dəyərli olduğu kimi, dildən çıxan günahlar da olduqca zərərli və xoşagəlməzdir; “haqq söz” demək böyük ibadət olduğu kimi, “batil söz” demək də böyük günahdır. Odur ki, ağıllı və mömin insanların nişanələrindən biri də fikirləşdikdən sonra danışmaq və yersiz sözlərdən uzaq olmaqdır. İmam Əli (ə) buyurur: “Ağıllı adamın dili qəlbində, axmaq adamın qəlbi isə dilindədir.” (“Nəhcül-bəlağə”, Sübhi Saleh, səh.476.)

Yəni ağıllı insan düşünmədən danışmaz və danışmaq istədikdə, dilindən çıxacağı sözün haqq və yaxud batil söz olduğu haqda fikirləşər, haqq olarsa dilinə gətirər, əks-təqdirdə dilinə gətirməkdən çəkinər. Axmaq adam isə tamamilə bunun əksini icra edər. Başqa sözlə, ağıllı adamın dili qəlbinə, axmaq adamın isə qəlbi dilinə tabe olar.

İmam Əli (ə) başqa bir hədisdə belə buyurur: “Nə qədər ki, danışmamısan, söz sənin əsirindir. Elə ki, dilə gətirdin sən onun əsirisən. (Əvvəlcə sən ona hakim idin, indi isə o sənə hakimdir və istəsə sənə xeyir, istəsə də ziyan gətirər.) Buna görə də qızıl və gümüşü xəzinədə saxladığın kimi, dilini də (ağız xəzinəsində) saxla. Çünki ola bilər ki, bir kəlmə, neməti əldən çıxarsın, əzab və çətinliyə səbəb olsun.” (“Nəhcül-bəlağə”, Sübhi Saleh, qısa kəlamlar 381.)

Şair də o həzrətin bu kəlamına istinad edərək gözəl demişdir:

Nökər olma sən dilə, ol ağası,

Əksərinə gəlir ondan bəlası!

İmam Sadiq (ə) də uzun bir hədisdə sükutun faydaları haqda danışdıqdan sonra buyurmuşdur: “İnsanların məhvinə və qurtuluşuna səbəb danışmaq və ya susmaqdır. Xoş o adamın halına ki, yaxşı ilə pis sözü bir-birindən seçib ayırsın... Əgər bir kəs sözün qədrini bilərsə yersiz danışmaz və sükutu özünə peşə seçər.... Belə bir insanın həm danışığı, həm də sükutu ibadət sayılar...” (“Misbahuş-şəriə”, fəsil 27.)

Qeyd etmək lazımdır ki, sükut və onun faydaları barədə nəql olunan hədislərdə insanın həmişə susub danışmaması, hətta özü və başqalarının hüququnu müdafiə etməkdən çəkinməsi deyil, əksinə yersiz söz demək, boş-boş danışmaq, uzunçuluğa yol vermək, boşboğazlıq etmək, yalan danışmaq, qeybət qırmaq, iftira yaxmaq və bu kimi batil sözlərdən çəkinməsi nəzərdə tutulur. Yoxsa İslamda fitnə-fəsad törədənlərin pozğunçuluğu və zülmkarların zülmü qarşısında susmaq və etiraz səsini ucaltmamaq böyük günahdır. Belə hallarda sükuta önəm verənlər “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (çirkinlikdən çəkindirmək) kimi ilahi bir vəzifəni görməməzlikdən keçirlər. İslamda bu müqəddəs vəzifənin icrası ilə bağlı çoxlu təkidlər olunmuş, onun icrasından boyun qaçıranlar isə tənqid və məzəmmət atəşinə tutulmuşlar.

Demək, hədislərdə sükutun fəziləti ilə bağlı söz açılırsa, əsas məqsəd dil günahlarından çəkinməkdir və hətta bəzi hədislərdə danışmağın sükutdan üstün və faydalı olması haqda da söz açılmışdır. İmam Zeynəlabidindən (ə) “Danışmaq və sükut etməyin hansı üstün və faydalıdır?” – deyə soruşulduqda, o həzrət belə buyurdu: “Onların hər birinin özünəməxsus mənfi cəhətləri var və əgər insan bu mənfi cəhətlərdən qurtula bilərsə, danışmaq susmaqdan üstün və faydalıdır.” Sonra o həzrət buyurdu: “Allah-Taala peyğəmbərlər və onların canişinlərini susmaq üçün yox, insanlara haqq sözü demək üçün göndərmişdir...” (“Buharul-ənvar”, c.68, səh.274.)

Bir sözlə, danışıq neməti müsbət və mənfi cəhətlərə malikdir. Amma özünüislah mərhələsinin ilk mərhələsində onun mənfi cəhətinə daha çox diqqət yetirilməlidir. İnsan bu mərhələni aşaraq dilinə sahib çıxmağı bacararsa, artıq, sükutdan söz gedə bilməz.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə