Cümə03292024

Son yeniləməÇr.ax, 29 Dek 2020 3pm

Burdasız: Əsas səhİfə İman-Təqva SÜKUT – NƏFSİN SAFLAŞMASINDA İLK ADDIM

İman-Təqva

SÜKUT – NƏFSİN SAFLAŞMASINDA İLK ADDIM

 

Hər zaman insanlar bir-birilə istər zəruri, istərsə də qeyri-zəruri olaraq ünsiyyət yaradır, fikirlərini bölüşürlər. Məlumdur ki, ünsiyyət prosesi dil vasitəsilə reallaşdığından, insanlar özləri belə bilmədən qeybət, yalan, töhmət və digər bu kimi günahlara mübtəla olurlar. Odur ki, əxlaq ustadları dilin azad buraxılması nəticəsində üz verən təhlükələri nəzərə alıb, danışmağın zəruri olduğu yerləri müstəsna etməklə sükutu böyük və ağır təhlükələrin qarşısını alan amil saymışlar. Peyğəmbəri-Əkrəm (s) və Əhli-beyt imamlarından (ə) nəql olunan bir çox rəvayətlərdə sükutun əhəmiyyəti haqda gözəl məsləhətlər verilir. Məhz bəzi ariflər də nəfsin saflaşdırılmasına elə buradan başlamışlar. Bir də ki, sükut insanı təfəkkürə, mənəviyyata və daxili saflığa sövq edir. Allahın böyük peyğəmbəri Zəkəriyyanın sərgüzəştində oxuyuruq ki, üç gün sükut orucu tutmaqla Allah dərgahında duası qəbul olur. Quranda belə buyurulur:

{قَالَ رَبِّ اجْعَل لِّي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا}

“Zəkəriyya dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət müəyyən et!” Allah buyurdu: “Əlamətin odur ki, sağlam ikən üç gün-üç gecə insanlarla danışa bilməzsən.” (“Məryəm” surəsi, ayə 10.)

Biz başqa bir ayədə də xanım Məryəmə sükut orucu tutmaq göstərişi verildiyinin şahidiyik. Belə ki, buyurulur:

{فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّا}

“De: “Mən rəhman Allah üçün oruc (sükut orucu) tutmağı nəzir etmişəm və bu gün heç kimlə danışmayacağam.” (“Məryəm” surəsi, ayə 26.)

İslam Peyğəmbəri (ə) də hər dəfə vəhy nazil olmazdan qabaq neçə gün ardıcıl “Hira” dağında sükuta qərq olar və yaradılışın sirləri haqda düşünərdi.

Sükutun faydalarına dair qısa şəkildə aşağıdakıları misal göstərmək olar:

1. Sükut insanı bir çox günahlardan qoruyur. Peyğəmbəri-Əkrəm (s) qısa və mənalı bir cümlədə belə buyurur:

مَنْ صَمَتَ نَجا

“Sükut edən nicat tapar. (Başqa sözlə, qurtuluş susanındır).” (“Biharul-ənvar”, c.77, səh.88 və “Məhəccətül-beyza”, c.5, səh.192.)

Bunun səbəbi aydındır. Çünki xəta və günahların çoxu dil vasitəsilə baş verir. Necə ki, Peyğəmbəri-Əkrəm (ə) buyurur:

اِنَّ اَكْثَرَ خَطايَا ابْنِ آدَمَ فِي لِسانِهِ

“İnsanın əksər xəta və səhvləri dilindədir.” (“Məhəccətül-beyza”, c.5, səh.194.)

Başqa bir hədisdə də belə buyurulur:

اُخْزُنْ لِسانَكَ اِلّا مِنَ الْخَيْرِ فَاِنَّكَ بِذالِكَ تَغْلِبُ الشَّيْطانَ

“Dilini xeyir söyləməkdən başqa yerlərdə qoru ki, bununla şeytana qalib gələrsən.” (“Məhəccətül-beyza”, c.5, səh.195.)

2. Sükut insanı mənəvi həyat mənbəyi olan təfəkkür və düşüncəyə sövq edir. Adətən, şüur və təfəkkür sahibləri əməl meydanında olur, çox danışanlar isə işdən yayınmağa çalışırlar. Peyğəmbəri-Əkrəm (s) başqa bir hədisdə belə buyurur:

اِذا رَأيْتُمُ الْمُؤْمِنَ صَمُوتاً وَ قُوراً فَادْنُوا مِنْهُ فَاِنَّهُ يُلْقِي الْحِكْمَةَ

“Sükut içində olan vüqarlı mömini gördükdə, onunla əlaqə saxlayın ki, dilindən hikmət yağar!” (“Məhəccətül-beyza”, c.5, səh.195.)

İmam Əli (ə) buyurur:

اِذا تَمَّ الْعَقْلُ نَقَصَ الْكَلامُ

“Ağıl kamilləşdikdə, söz də azalar.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 71.)

Qeyd olunan hədislərdən məlum olur ki, sükut təfəkkür qüvvəsini dirildən ən gözəl amildir. İnsan bihudə danışarkən düşüncə qabiliyyətini itirir. Əgər bu enerjini toplaya bilsə, həqiqi təfəkkürə nail olacaq. Bir də ki, sükut ruha aramlıq, duyğulara mötədillik bəxş edir.

3. Çox danışmaq insanı dəyərdən salır, səhvləri artırır, həyanı azaldır və xətalara yol açan həya pərdəsi yırtıldıqda da, əyri və çirkin əməllər adiləşir. İmam Əmirəlmöminin Əli (ə) buyurur:

 مَنْ كَثُرَ كَلامُهُ كَثُرَ خَطَاُهُ، وَ مَنْ كَثُرَ خَطَاُهُ قَلَّ حَياؤُهُ وَ مَنْ قَلَّ حياؤُهُ قَلَّ وَرَعُهُ، وَ مَنْ قَلَّ وَرَعُهُ ماتَ قَلْبُهُ، وَ مَنْ ماتَ قَلْبُهُ دَخَلَ النّارَ

“Çox danışanın səhvi çox olar, səhvi çox olanın həyası azalar, həyası azalanın təqvası azalar, təqvası azalanın qəlbi ölər, qəlbi ölən isə cəhənnəmə daxil olar.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 349.)

Buradan belə qənaətə gəlirik ki, sükut ibadətdə də böyük rol oynayır. Bir hədisdə buyurulur:

 اَلْعِبادَةُ عَشَرَةُ اَجْزاءٍ تسْعَةٌ مِنْها فِي الصَّمْتِ

“İbadət on qisimdir, onun doqquzu sükutdadır.” (“Məhəccətül-beyza”, c.5, səh.196.)

Qeyd etməliyik ki, burada sükut heç kimlə danışmamaq, bir guşəyə çəkilib fərdi həyat tərzi keçirmək yox, əksinə qeybət, yalan, töhmət və bu kimi günahlardan qorunmaqdır. İnsan bu günahlardan çəkinməklə, sağlam əhval-ruhiyyə ilə yanaşı fəzilət də qazanmış olur. Amma danışmağın zəruri olduğu yerlərdə sükut ən böyük eyib sayılır və insanın zəifliyini, gücsüzlüyünü, Allahdan başqasından qorxusunu göstərir. Bütün bunlara rəğmən, yaxşı əməllərin mühüm bir qismi, o cümlədən, Allahı yad etmək, camaatı doğru yola yönəltmək, “əmr be məruf” (yaxşılığa dəvət) və “nəhy əz münkər” (pislikdən çəkindirmək), təlim-tərbiyə və s. dilin imkanlarındandır.

ŞƏRHLƏR

Ehtiyat şifrəsi
Yeniləmə